Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qərbin islamofob və müstəmləkəçi siyasəti müstəqil milli dövlətlərə qarşı yönəlib

Qərbin islamofob və müstəmləkəçi siyasəti müstəqil milli dövlətlərə qarşı yönəlib

17.09.2015 [10:03]

Prezident İlham Əliyev: Biz ölkəmizi qoruyacağıq və Azərbaycan xalqının seçimini müdafiə edəcəyik. Bizim seçimimiz isə inkişaf, tərəqqi, sabitlik, xoş niyyət, xeyirxahlıqdır
Son zamanlar yerləşdiyi coğrafi məkana və sahib olduğu resurslara görə dünya siyasətində müəyyən əhəmiyyətə malik olan bir sıra ölkələrdə baş verən dağıdıcı olaylar bəzi məqamlara yenidən aydınlıq gətirdi. Xüsusilə də çevrilişlər və qarşıdurmaların “demokratiya”, “insan hüquqları” pərdəsi arxasında aparılması bu dəyərlərin, əslində, hegemon güclərin maraqlarına xidmət etdiyini növbəti dəfə göstərdi. Və bir daha bəlli oldu ki, milli dəyərlər və maraqlardan uzaq olan “demokratiya” ssenariləri yalnız xaos və anarxiya mənbəyidir.
Ümumiyyətlə, bir sıra müstəqil milli dövlətlərin müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməsi, yaxud iqtisadi inkişaf tempinə malik olması hegemon güclər tərəfindən müsbət qarşılanmır. Məhz buna görə də həmin güc mərkəzləri, ilk növbədə, müstəqil milli dövlətlərə qarşı “qara piar” kampaniyası aparır, illeqal vasitələrə istinad edir, daha sonra isə “idarə edilən xaos” yaratmaqla həmin dövlətlərdə nəzarəti tamamilə ələ keçirməyə çalışırlar. Bu sırada daha çox ölkə daxilində fəaliyyət göstərən, vətəndaş cəmiyyətinin inkişafına dəstək verdiyi iddia edilən, lakin sözün əsl mənasında, təzyiq qrupu kimi çıxış edən təşkilatların fəaliyyəti, xidmətləri xüsusi yer tutur.
Qərbdən müsəlman coğrafiyasına geosiyasi baxış: “idarəedilən xaos”, anarxiya və “demokratiya nəğmələri”
Beləliklə, müasir reallıqlar və geosiyasi tendensiyalar, öz növbəsində, bir sıra məqamları ortaya çıxarır. Məhz bu kontekstdə “demokratiya” məfhumunu faktiki təsir və təzyiq vasitəsinə çevirən Qərbin mövqeyi və siyasətinə ayrıca nəzər yetirmək gərəkdir. Belə ki, nəhəng geosiyasi vahid olan SSRİ-nin süqutundan sonra yeni strategiya ilə çıxış edən ABŞ və Qərb dövlətləri islam dünyasına və müsəlman ölkələrinə qarşı düşmən münasibəti göstərməyə başladı, “terrorla mübarizə” və “demokratik standartların tətbiqi” adı altında onların daxili işlərinə müdaxilələri gücləndirdi. Xüsusilə də dini-etnik amillərdən istifadə edilməklə “parçala, hökmranlıq et” taktikasına istinad olundu, müxtəlif coğrafi regionlarda və ölkələrdə xaotk proseslərə rəvac verildi. Və hazırkı reallıq ondan ibarətdir ki, Qərbin daxili işlərinə müdaxilə etdiyi ölkələr xaos, vətəndaş müharibəsi, iqtisadiyyatın dağılması, ərazi bütövlüyünün sual altına düşməsi, qaçqınlar problemi və s. ilə üz-üzə qalıblar.
Bu kontekstdə faktlara nəzər yetirdikdə aydın olur ki, Qərbin qeyri-standart və geosiyasi ambisiyalara söykənən maraqları Avrasiyada ciddi regional və qlobal təhdidlər yaratmaqla yanaşı, bir çox ölkələri faktiki xaos meydanına çevirib. Məsələn, Avropa İttifaqı ilə yaxın qonşuluq haqqında ilk sazişi imzalamış ölkələrdən olan Mərakeş “ərəb baharı” təhlükəsi yaşayıb, ölkədəki azlıqlar açıq şəkildə Avropa tərəfindən separatizmə təşviq edilib. İndiyədək Qərb və onun nəzarətindəki beynəlxalq strukturlar Mərakeşin Qərbi Böyük Səhra üzərində tarixi suveren hüquqlarını tanımır, bu regionun təmsilçisi kimi separatçı qurum qəbul edilir. Bununla yanaşı, Qərblə sıx əlaqələr Əlcəzair üçün üçüncü onillikdir ki, gah latent, gah qızğın şəkildə davam edən vətəndaş müharibəsi, Tunis üçün isə daxili münaqişə və xaosla nəticələnib. Eyni hal Liviya, Suriya, Livan, İraq və Misirdə də yaşanır. Bu ölkələrin hər biri dini, etnik zəmində ərazi bütövlüyünün pozulması təhdidi ilə qarşılaşıblar.
Qərbin dağıdıcı geosiyasi ambisiyalara söykənən ekspansionalist siyasəti miqyas etibarilə olduqca genişdir
Qərbin yanaşmasında özünü göstərən başlıca tendensiyalardan biri də ikili standartlara əsaslanan mövqedir. Bu, daha çox eyni xarakteristikaya malik olan məsələlərə fərqli münasibət sərgiləməkdə özünü göstərir. Buna paralel olaraq ikili standartlar həm də müxtəlif ölkələrə qarşı riyakar mövqe ilə təzahür olunur. Məsələn, daim müttəfiqlik və əməkdaşlıqdan bəhs edən Avropa İttifaqı Türkiyə ilə müəyyən əməkdaşlıq və müzakirələr aparır, lakin indiyədək bu qurum Türkiyəni öz sıralarına qəbul etmir. Eyni zamanda, NATO-ya üzvlük, vaxtilə antisosialist cəbhənin avanqard ölkəsi olmaq, ABŞ-la sıx siyasi-hərbi-iqtisadi münasibətlər Türkiyəni heç bir təhdiddən sığortalamayıb, ölkə çoxmilyonluq qaçqın böhranı, Avropadan dəstək görən etnik separatizmlə baş-başa buraxılıb.
Bu kontekstdə bir sıra məqamlara da toxunmaq gərəkdir. Qərbin dağıdıcı geosiyasi ambisiyalara söykənən ekspansionalist siyasəti miqyas etibarilə olduqca genişdir. Məsələn, Cənub-Şərqi Asiyada yerləşən müsəlman ölkələri Malayziya və İndoneziya belə “parçala, hökmranlıq et” siyasətindən qurtula bilməyib. Malayziya hələ 1960-cı illərdə Sinqapurun müstəqilliyini tanımağa, İndoneziya isə XXl əsrə Şərqi Timor problemi ilə qədəm qoymağa məcbur edilib. Bu ölkələrdə indi Sabax-Saravak, Açex kimi separatizm ocaqları hələ də qalır.
Şərq-müsəlman sivilizasiyasına mənsub xalq və dövlətlərə yanaşmada açıq-aşkar hiss olunan islamofob və neomüstəmləkəçi meyillər artmaqdadır
O da xüsusilə vurğulanmalıdır ki, Qərbin siyasətində Şərq-müsəlman sivilizasiyasına mənsub xalq və dövlətlərə yanaşmada açıq-aşkar hiss olunan islamofob və neomüstəmləkəçi meyillər artmaqdadır. Xüsusilə də, hegemon güclərin müsəlman dünyasına qarşı ekspansionalist siyasəti kontekstində işğal və ya birbaşa müdaxilədən öncə ölkə daxilindəki ayrı-ayrı milli-etnik qrupları və məzhəbləri təxribata sövq etmək, mövcud hakimiyyətlərlə vətəndaşlar arasında qarşıdurma yaratmaqdır. Bununla yanaşı, muzdlu terrorçulardan həmin ölkələrin “narazı vətəndaşlar”ı adı ilə istifadə edilərək tamamilə xaos mühiti formalaşdırılır. Ən əsası budur ki, Qərbin ifa etdiyi “demokratiya nəğməsi”nin sivil insanların qətli, ölkələrin xaosa və anarxiyaya sürüklənməsi ilə nəticələnməsi faktı növbəti dəfə sübuta yetirir ki, nəhəng güc mərkəzləri “demokratiya”, “insan haqları” kimi formal institusional məfhumlardan özlərinin geosiyasi maraqlarını təmin etmək üçün təsir vasitəsi kimi istifadə etməkdədirlər. Bu siyasət çərçivəsində mövcud olan başlıca məqsədlərdən biri müsəlman coğrafiyasında təhlükəsizlik balansını pozmaqla idarə edilən xaosun formalaşdırılmasıdır. Milli-etnik strukturların dağıdılması, milli, dini zəmində konfrantasiyaların yaradılması Qərbin hegemonluğa söykənən xaos fəlsəfəsinə xidmət edir. Buradan çıxış edərək, eyni zamanda, İslam dininə yönəlmiş anti-təbliğata xidmət edən imic formalaşdırmağa çalışılır. Müxtəlif texnoloji vasitələrdən, həmçinin, transmilli mediadan istifadə edilərək müsəlman dünyasına qarşı “qara piar” kampaniyası aparılır. Bu zaman əsas götürülən strateji məqam müsəlmanların barbar obrazında təsvir edilməsi, dolayısıyla, İslam dininə yönələn və rəğbət bəsləyən insanlar arasında ictimai şüurun manipulyasiya edilməsidir. Və bu çərçivədə Qərbin müsəlman xalqlar və dövlətlərə qarşı irticaçı, islamofob mövqeyi güclənməkdədir.
Azərbaycanın rasional və səmimi siyasəti Qərb tərəfindən adekvat dəyərləndirilmir
O da bəllidir ki, Azərbaycan müstəqilliyinin ilk günlərindən Qərblə tərəfdaşlıq, bərabərhüquqluluq, qarşılıqlı etimad prinsiplərinə əsaslanan əlaqələr qurmaq üçün davamlı cəhdlər edib. Lakin təəssüf ki, bu səmimi siyasət Qərb tərəfindən lazımınca qiymətləndirilməyib.
Bu kontekstdə digər bir məsələyə nəzər salmaq məqsədəmüvafiqdir. Qərbdəki müstəqil ekspertlərin qənaəti ondan ibarətdir ki, Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlıq Qərb üçün strateji əhəmiyyət kəsb edir. Müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Regional güc mərkəzi kimi səciyyələndirilən ölkəmiz həm də beynəlxalq miqyasda etibarlı strateji tərəfdaş kimi tanınır və Azərbaycanla əməkdaşlıq siyasi, iqtisadi, geopolitik nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya edir, beynəlxalq əməkdaşlıq və təhlükəsizlik platformalarının formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Çünki reallaşdırılan uğurlu daxili və xarici siyasətin fonunda Azərbaycanın dinamik inkişaf strategiyası rasional səciyyə daşıyır, eləcə də ölkəmiz heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir. Yəni Azərbaycanda həyata keçirilən siyasət sırf ölkənin milli maraqlarına söykənir və əsas strateji hədəf uzunmüddətli inkişafın təmin olunması, beynəlxalq mövqelərin daha da möhkəmləndirilməsidir. Məhz buna paralel olaraq ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Rasional inkişaf strategiyasının həyata keçirilməsi bütün sahə və sektorların inkişafını təmin etməklə yanaşı, Azərbaycan iqtisadiyyatının beynəlxalq iqtisadi sistemə uğurlu inteqrasiyasına da təkan verir. Ölkə iqtisadiyyatı dünyanın rəqabətqabiliyyətli iqtisadiyyatları pilləsində davamlı surətdə irəliləyir.
Ümumiyyətlə, regionda, bütövlükdə Avrasiya geosiyasi məkanında baş verən son mürəkkəb geosiyasi hadisələrin nəticələri bir daha göstərdi ki, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları və özünün milli maraqları əsasında davam etdirir.
Dolayısıyla, əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan 148 nömrəli tam orta məktəbin açılış mərasimindəki çıxşı zamanı qeyd edib ki, bu gün Azərbaycan etibarlı əllərdədir: “Heç bir kənar qüvvə bizim iradəmizə, müstəqilliyimizə təsir edə bilməz. Nə qədər çalışsalar da, bunun heç bir əhəmiyyəti yoxdur. Bizə qarşı yönələn təzyiqlər, təhdidlər, hücumlar da müstəqil siyasətimizə görədir. Bəzi qüvvələr istəyirlər Azərbaycanı özlərinə tabe etsinlər ki, biz başqalarının iradəsi ilə yaşayaq, hərəkət edək. Bu, mümkün deyil. Çünki bizim uğurlu inkişafımız ancaq müstəqil siyasətdədir. Müstəqil siyasət xalqımızın iradəsinə, milli dəyərlərimizə və maraqlarımıza əsaslanır. Bizim üçün ilk növbədə Azərbaycanın maraqlarıdır, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, rifahıdır”.
Bunlarla yanaşı, Azərbaycanın xarici siyasət kursunda Qərb dövlətləri ilə ikitərəfli əməkdaşlıq münasibətləri xüsusi çəkiyə malikdir. Azərbaycan Qərb dövlətləri ilə siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrə malikdir. Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, azad bazar iqtisadiyyatına malik olması, xarici investorların fəaliyyətinə geniş şərait yaratması, beynəlxalq siyasi nüfuzunun güclənməsi və digər amillər region dövlətlərini respublikamızla əməkdaşlığa cəlb edən başlıca amillərdir.
Lakin təəssüflər olsun ki, Qərbin siyasəti beynəlxalq hüquqa deyil, əksər hallarda güc prinsipinə əsaslanır. Azərbaycan müstəqil siyasət yürütmək haqqına, beynəlxalq hüquqa, milli dəyərlərə və digər bu kimi prinsiplərə etinasız münasibət bəsləyən, öz fəaliyyətini tabeçilik, diktat və “böyük-kiçik” prinsipləri, sivilizasiyaların toqquşması ideologiyası üzərində quran Qərb strukturlarına inteqrasiyanın mümkünsüzlüyünü görür və bunun zərərli olduğunun fərqindədir.
Azərbaycanın xarici siyasəti milli maraqlara, suverenlik prinsipinə və qarşılıqlı-faydalı əməkdaşlığa söykənir
Məsələ kontekstində o da məlumdur ki, Qərbdəki bir sıra bəzi dairələr Azərbaycanın müstəqil xarici siyasətini narahatlıqla qarşılayır, öz məhdud geosiyasi maraqları naminə ölkəmizin daxili və xarici siyasət kursuna müdaxilə etməyə çalışırlar. Azərbaycan dövlətinin milli-suveren siyasi iradəsi onu tələb edir ki, ikitərəfli münasibətlər sırf qarşılıqlı hörmət əsasında davam və inkişaf etdirilsin, milli maraqlar əsas strateji prinsip kimi qəbul edilsin.
Xüsusilə də, mötəbər beynəlxalq tədbirlər ərəfəsində ölkəmizin imicinə - nüfuzuna zərbə vurmaq istəyən qüvvələr “qara piar” kampaniyasına istinad edirlər. Bununla yanaşı, Azərbaycana qarşı təxribatçı və dağıdıcı geosiyasi planlar hazırlanır, qeyri-müəyyən ssenarilərin tətbiqi sayəsində ölkəmizdə xaos mühiti yaratmağa çalışılır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, görəndə ki, bu təzyiqlər və şər-böhtan kampaniyaları səmərə vermir, başqa üsullara əl atırlar: “Biz buna hazırıq, layiqli cavabımızı veririk və verəcəyik. Elə etməliyik ki, bizim uğurlu inkişafımıza heç bir kənar qüvvə mane olmasın. Əminəm ki, belə də olacaq. Çünki bu gün Azərbaycan dövləti möhkəm əsaslar üzərində qurulub, kifayət qədər güclü potensiala malikdir və biz ölkəmizi inamla idarə edirik”.
Bütün bunlara rəğmən, həmin dairələr də yaxşı bilirlər ki, Azərbaycan dövlətinin son hədəfi öz müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, vətəndaşlarının təhlükəsizliyini və cəmiyyətin layiqli inkişafını təmin etməkdir. Bu hədəfləri təmin etmək üçün Azərbaycan öz xarici siyasətinin prinsiplərinə dönmədən riayət edir, bir çox ənənəvi tərəfdaş ölkələrlə əlaqələrini daha da inkişaf etdirir, yeni vektorlar müəyyənləşdirir, əməkdaşlığa açıq və səmimi olan Latın Amerikası, Avrasiya, Uzaq Şərq, Cənubi Asiya, Afrika, MDB və Şərqi Avropa ölkələri ilə ikitərəfli əməkdaşlığını sıxlaşdırır.
Bununla yanaşı, Azərbaycan son hədəfi müstəmləkəçilik, xalqları istismar etmək olan qurumlar və dövlətlərlə əməkdaşlığın perspektivini görmür. Azərbaycanın daxili və xarici siyasəti müstəqillik prinsipi ilə yanaşı, ali dəyərlərə söykənir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Milli dəyərlər, mənəviyyat, vətənpərvərlik, ləyaqət, milli qürur - budur bizim dəyərlərimiz. Biz bu dəyərləri qoruyacağıq və bizə qarşı aparılan kampaniyalara layiqli cavabımızı veririk və verəcəyik. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə, bizi müstəqillik, azadlıq yolundan döndərə bilməz... Biz ölkəmizi qoruyacağıq və Azərbaycan xalqının seçimini müdafiə edəcəyik. Bizim seçimimiz isə inkişaf, tərəqqi, sabitlik, xoş niyyət, xeyirxahlıqdır. Budur Azərbaycan dəyərləri - bəyan etdiyimiz və həyatda gördüyümüz dəyərlər”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 567 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31