Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclası keçirilib

28.05.2021 [10:27]

İclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib
Mayın 27-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Əvvəlcə Milli Məclisin sədri Sahibə Qafarova iclasın gündəliyi haqqında məlumat verib, millət vəkilləri gündəliyi təsdiqləyiblər.
İclasda ilk olaraq “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Sənədi təqdim edən parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, 2020-ci il Azərbaycan xalqı üçün tarixi ədalətin bərpa olunduğu Zəfər, Qələbə və Qürur ili kimi tarixin qızıl səhifəsinə yazıldı. Qeyd edib ki, Şuşa işğaldan azad olunduqdan sonra ən qısa müddətdə şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin inventarizasiyası aparılıb, bərpa işlərinə başlanılıb.
Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə ünvanladığı qanun layihəsini dövlət-xalq birliyinin təntənəsindən qaynaqlanan fundamental hüquqi sənəd kimi dəyərləndirən Qənirə Paşayeva bildirib ki, bu Qanun Şuşa şəhərində tarixi-mədəni irsin bərpasına və qorunub saxlanılmasına xidmət etməklə yanaşı, onun davamlı inkişafına da münbit şərait yaradacaq.
Deputatların nəzərinə çatdırılıb ki, bu sənəd 4 komitənin birgə iclasında əlaqədar dövlət orqanları rəhbərlərinin və publik hüquqi şəxslərin iştirakı ilə geniş müzakirə olunub və yüksək qiymətləndirilib. Layihəyə əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır. Qanun layihəsi Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətlərini, Şuşa ərazisində və onun mühafizə zonasında hüquqi tənzimləməni, abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliğini, ətraf mühitin mühafizəsini, Şuşa ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətini, nəqliyyatın təşkilini, sahibkarlıq, reklam, turizm kimi fəaliyyətləri, həmçinin Şuşada beynəlxalq səviyyəli tədbirlərin keçirilməsini və digər bir sıra mühüm məsələləri tənzimləyəcək.
Müzakirələr zamanı millət vəkilləri fikir və təkliflərini bildirib, qanunun əhəmiyyətini vurğulayıblar. Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli və komitə sədri Qənirə Paşayeva deputatların təkliflərinə münasibət bildirdikdən sonra sənəd ikinci oxunuşda qəbul olunub. Sonra Spiker Sahibə Qafarova bildirib ki, növbəti məsələ “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin birinci oxunuşda müzakirəsidir. Əvvəlcə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, dövlət büdcəsinin gəlirləri gözləniləndən 2,3 faiz çox, xərcləri isə 3,9 faiz az icra olunub. Komitə sədri bu göstəriciləri şərtləndirən amillərdən danışaraq 2020-ci ilin Azərbaycan xalqının tarixində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı Zəfəri ilə yadda qaldığını deyib. Bildirib ki, ötən il Azərbaycanın paralel olaraq 3 cəbhədə - pandemiya, qlobal iqtisadi böhran və erməni işğalçıları ilə mübarizədə Qələbə əldə etməsində dövlət büdcəsinin icrasında çevikliyin, maliyyə intizamının, iqtisadi resurslardan səmərəli istifadənin təmin olunması öz xüsusi rolunu oynayıb.
Tahir Mirkişili 2020-ci ilin çağırışları fonunda dövlətimiz tərəfindən preventiv və çevik addımların atılmasından, həyata keçirilən iqtisadi dəstək proqramlarından, iqtisadiyyatın və əhalinin qorunması üçün sərf olunan vəsaitlərdən, əldə olunan nailiyyətlərdən danışıb. O, qeyd edib ki, aparılmış qabaqlayıcı tədbirlər sayəsində iqtisadiyyatda geriləmənin qarşısını tam almaq mümkün olmasa da, bəzi sektorlarda artım əldə olunub. Belə ki, kənd təsərrüfatında, qeyri-neft sənayesində, informasiya texnologiyaları, nəqliyyat kimi sektorlarda nail olunmuş yüksəliş Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.
Sonra maliyyə naziri Samir Şərifov 2020-ci ilin dövlət büdcəsinin icrasından ətraflı danışaraq əvvəlcə büdcənin icra edildiyi makroiqtisadi mühiti xarakterizə edib. Bildirib ki, ötən il də pandemiya şəraiti dünya ölkələrinin iqtisadiyyatına mənfi təsirini davam etdirib, nəticədə, iqtisadi fəallıqda həm keyfiyyət, həm də kəmiyyət nöqteyi-nəzərindən azalmalar müşahidə olunub.
Nazirin sözlərinə görə, pandemiyaya, 44 günlük müharibəyə, qlobal böhrana və neftin qiymətinin, neftə tələbatın kəskin aşağı düşməsinə baxmayaraq, Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də apardığı uzaqgörən siyasəti və atdığı çevik addımları nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, dövrün çağırışlarına operativ şəkildə adekvat reaksiya verilib. Operativ tədbirlər sayəsində ölkəmiz 2020-ci ilin şoklarından mətinliklə çıxıb, iqtisadiyyatda dərin tənəzzülün qarşısı alınıb, manatın sabitliyi qorunub, hətta bir sıra sahələrdə irəliləyiş əldə edilib. Samir Şərifov çıxışında dövlət büdcəsindən pandemiya ilə mübarizəyə xərclənən vəsaitlərin həcmi və istiqamətləri barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, hesabat ilində qarşıya qoyulan öhdəliklər yerinə yetirilib. Pandemiyadan zərər çəkən sahələrə xeyli miqdarda vəsait ayrılıb. Səhiyyə, ordu quruculuğu, təhlükəsizlik sahələri diqqətdə saxlanılıb. Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası üzrə gəlirləri 24 681 734,6 min manat, xərcləri isə 26 416 297,5 min manat məbləğində müəyyən edilib. 2020-ci il dövlət büdcəsinin xərclərinin 27492,2 milyon manat proqnoza qarşı 26416,3 milyon manat icra edilib ki, bu da 1990,4 milyon manat (8,1 faiz) çoxdur.
Samir Şərifov deyib ki, 2020-ci ildə iqtisadiyyatda 72,4 milyard manat dəyərində və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz az ÜDM istehsal edilib. Pandemiyanın təsirləri nəticəsində iqtisadiyyatın bir çox sahələrində, o cümlədən, qeyri-neft sektoru üzrə əlavə dəyər istehsalı 2,6 faiz, neft sektorunda isə 7,0 faiz geriləmə qeydə alınsa da, kənd təsərrüfatı üzrə 1,9 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 4,6 faiz, informasiya-rabitə sektoru üzrə 0,6 faiz, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı üzrə 12,5 faiz artım müşahidə olunub.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, 2020-ci ilin büdcəsi əvvəlki illərin büdcəsindən tamamilə fərqlənir. Çünki keçən il COVID-19 pandemiyasının törətdiyi fəsadlar, qlobal iqtisadi böhranla əlaqədar olaraq dünya bazarında neftin qiymətinin aşağı düşməsi iqtisadiyyata mənfi təsirini göstərib. Buna baxmayaraq, hökumət tərəfindən pandemiya ilə mübarizə tədbirləri çərçivəsində çevik addımlar atılıb.
Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, Hesablama Palatası 2020-ci il üçün dövlət büdcəsinin icrası ilə bağlı 4 istiqamətdə qiymətləndirmə aparıb. O, deyib ki, bunlar büdcənin icrasının mövcud qanunvericiliyin tələblərinə uyğunluğu, büdcə parametrlərinin doğruluğu və tamlığı, icra olunmuş büdcə parametrlərinin təsdiq olunmuş göstəricilərə uyğunluğu, həmçinin büdcə vəsaitlərinin xəzinə hesabına vaxtında daxil olmasıdır.
Müzakirələr zamanı çıxış edən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi “Büdcə sistemi haqqında” qanunun tələblərinə uyğun, dərin iqtisadi-siyasi, elmi təhlilə əsaslanan mükəmməl sənəddir: “Qanun layihəsi ilə tanış olarkən, layihə ilə bağlı təqdimatları dinləyərkən ilk gəldiyimiz qənaət ondan ibarətdir ki, ötən ilin büdcəsi ekstremal, gərgin, iqtisadi, sosial, psixoloji basqı altında kifayət qədər uğurla icra olunub. Ötən ili xalqımız və dövlətimiz iki bəşəri bəla - ilin əvvəlindən başlayan və hələ də davam edən koronavirus pandemiyası və erməni faşizmi ilə mübarizədə keçirib və hər iki cəbhədə də qalibiyyətlə başa vurub. 2020-ci il dövlətçilik tariximizdə zəfər ili kimi qalacaq. Məhz bu ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun 44 günlük zəfər yürüşü ilə torpaqlarımız 30 illik işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Cənab İlham Əliyev Öz xalqı ilə birlikdə bu tarixi uğura imza atdı, torpaqları işğaldan azad edən və ərazi bütövlüyünü təmin edən sərkərdə kimi Öz şərəfli adını qızıl hərflərlə tarixə yazdırdı”.
Komitə sədrinin sözlərinə görə, epidemiya, karantin və hərbi vəziyyət rejimində çalışmasına, ağır sosial, iqtisadi, hərbi şokların təsirinə baxmayaraq, Azərbaycan hökuməti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün vəzifələrin layiqincə icrasına nail ola bilib: “Makroiqtisadi sabitlik qorunub saxlanılıb, infilyasiya həddi cəmi 2,8 faiz təşkil edib, bütün sosial və investisiya proqramları icra olunub. Ötən ilin büdcə gəlirləri proqnozdan 2,3 faiz çox icra olunub. Müharibə və pandemiya şəraitində bu, olduqca uğurlu bir nəticədir və bu uğura cənab Prezidentin rəhbərliyi ilə aparılan ardıcıl sosial iqtisadi islahatlar, kölgə iqtisadiyyatının və qeyri-formal məşğulluğun azaldılması, şəffaflığın artırılması, maliyyə nəzarətinin və intizamının gücləndirilməsi hesabına nail olmuşuq. Hesabat bir daha göstərir ki, Azərbaycan şaxələnmiş iqtisadiyyata malik, dinamik inkişaf edən sosial dövlətdir və bu dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır”.
M.Quliyev qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə və postmüharibə dövründə ordunun maddi texniki təminatı, hərbçilərin maaşı və maaşına əlavələrin vaxtında verilməsi, şəhid ailələrinə və qəhrəman qazilərimizə sığorta da daxil olmaqla hərtərəfli maliyyə dəstəyinin göstərilməsi, erməni terroru nəticəsində zərər çəkən vətəndaşlarımızın sosial müdafiəsinin təmin olunması xərcləri ötən ilin büdcəsinin sosialyönümlülüyünün və dövlətimizin sosial mahiyyətinin bariz nümunəsidir. Məhz cənab Prezidentin göstərişi ilə ötən il müharibədən zərər çəkən 11 min nəfərdən çox şəxsi əhatə edən sosial dəstək proqramı həyata keçirilmişdir, bu proqram cari ildə də daha geniş formada davam etdirilir.
“Bu gün ölkəmizdə uğurla həyata keçirilən səhiyyə islahatları tibbi xidmətlər sahəsində çox mühüm dəyişikliklərə səbəb olur. İcbari tibbi sığorta sisteminin tətbiqi səhiyyənin yeni maliyyələşmə mexanizmini yaratmaqla yanaşı, tibbi xidmətlərin keyfiyyətinin artırılması, əlçatanlığının təmin olunmasına və əhatə dairəsinin genişlənməsinə stimul verir. Bu, əslində, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən strateji əhəmiyyətə malik mühüm prosesdir”. Bu fikirləri isə Milli Məclisin deputatı Soltan Məmmədov çıxışı zamanı bildirib.
Deputat deyib: “Şübhəsiz ki, sosial müdafiə tədbirlərinin gücləndirilməsində, xüsusi ilə səhiyyə sahəsində həyata keçirilən dövlət proqramlarının əhəmiyyəti olduqca yüksəkdir. Bu baxımdan dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həm proqnozlaşdırılması, həm də icrasının nəzarətdə saxlanılması çox vacibdir. Mən 2021-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi ilə bağlı çıxışımda da bildirmişdim ki, bəzi hallarda səhiyyə sahəsində dövlət proqramlarının icrası üçün nəzərdə tutulan vəsait istifadə olunmadan dövlət büdcəsinə qaytarılır. Məsələn, “Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması” proqramı üzrə Dövlət Proqramı çərçivəsində 2 milyon manat büdcə ayrıldığı halda bunun yalnız 15 faizi xərclənib. Bu və digər faktlar, Dövlət proqramlarının layihəsi hazırlanarkən ehtimal olunan xərclərin kifayət qədər dəqiq proqnozlaşdırılmadığını göstərir. Xərclərin düzgün proqnozlaşdırılması ehtiyac duyulan digər sahələrə vəsait ayrılması baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Bu baxımdan Hesablama Palatasının da rəyində qeyd olunduğu kimi, Dövlət proqramlarının gözlənilən nəticələri və effektivlik göstəriciləri mümkün qədər daha dəqiq hesablanmalıdır. Eyni zamanda, həyata keçiriləcək tədbirlər üzrə potensial risklər də dövlət proqramlarında mütləq öz əksini tapmalıdır. Bəzi Dövlət proqramlarında nəzərdə tutulan məqsədlərin ümumi şəkildə əks olunması da hesab edirəm ki, bu sahədə nəzərə çarpan əsas boşluqlardan biridir. Yəni Dövlət proqramları hazırlanır, lakin sənəddə əksini tapmış hədəflərə nə dərəcədə nail olunduğu sualına təqdim edilmiş hesabatlarda əhatəli cavab verilmir.
Bundan başqa, Dövlət proqramlarında müəyyən edilən hədəflərin illər üzrə göstərilməsi, onların icrasına dair hesabatlarda dövrilik məsələsinə xüsusi diqqət yetirmək zəruridir. Fikrimcə, Hesablama Palatasının rəyində də əksini tapmış bəzi qeydlər gələcəkdə Dövlət proqramlarının hazırlanması və icrası, hesabatlılığın təmin olunması prosesində nəzərə alınmalıdır. Dövlət proqramları üzrə xərclərin məbləği dövlət büdcəsi ilə bağlı məlumatlarda əks etdirilməlidir ki, bu vəsaitlər başqa istiqamətlərə xərclənməsin, müəyyən edilmiş hədəflərə çatmaq mümkün olsun. Bu, həm dövlət büdcəsinin daha səmərəli istifadəsi, həm də qarşıya qoyulan hədəflərin uğurla icra olunması baxımından olduqca vacibdir”.
Müzakirələrdən sonra sənəd birinci oxunuşda qəbul edilib.
İclasda gündəlikdə olan digər məsələlər də müzakirə olunaraq qəbul edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 545 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31