Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın postmüharibə gündəliyi

Azərbaycanın postmüharibə gündəliyi

07.10.2022 [10:01]

Prezident İlham Əliyev: ...Bir milyondan çox vətəndaşımızın çəkdiyi zülmlərə baxmayaraq, biz düşmənçiliyə, qarşılıqlı nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyirik

Mübariz ABDULLAYEV

Qalib Azərbaycan postmüharibə dövründə bütün platformalardan bəhrələnməklə öz gündəliyinin aktual məsələlərini və yeni reallıqlar nəzərə alınmaqla müəyyənləşdirdiyi hədəflərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bu baxımdan oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu da istisna təşkil etmədi. Prezident İlham Əliyev forumdakı çıxışında müharibədən ölkəmizə qalan kədərli miras, mövcud reallıqlar və yeni mərhələdə fəaliyyət planlarımız, o cümlədən sülhyaratma prosesi barədə ətraflı danışaraq hələ də revanşist mövqeyindən geri çəkilməyən Ermənistana bir sıra ciddi mesajlarını ünvanladı.

Ağdam işğal dövründə dağıdılıb

Azərbaycan özlərini hər yerdə “mədəni xalq” kimi təqdim edən ermənilərin üç onilliyi əhatə edən işğal dövründə nəzarətlərində saxladıqları Azərbaycan ərazilərində törətdikləri vandalizm əməllərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdan ötrü məqsədyönlü fəaliyyət həyata keçirir. Müharibənin başa çatmasından sonra ötən iki ildə işğaldan azad olunmuş ərazilərə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun, beynəlxalq təşkilatların təmsilçilərinin, transmilli mediada çalışan jurnalistlərin çoxsaylı səfərləri təşkil edilib. Qonaqlar ermənilərin torpaqlarımızda törətdikləri dağıntıların, tarixi dini-mədəni irsimizə, ekologiyamıza vurduqları ölçüyəgəlməz ziyanın canlı şahidləri olublar. Forumun Ağdamda təşkil olunması da təsadüfi deyil. Bir vaxtlar dağlıq və aran Qarabağın ən abad yaşayış məntəqələrindən biri kimi inkişaf edən Ağdam indi xarabalıqları xatırladır. Vəziyyət o qədər acınacaqlıdır ki, üçtərəfli Bəyanata əsasən 2020-ci il 20 noyabr tarixində Ağdam Azərbaycana döyüşsüz təhvil veriləndə burada bayrağımızı ucaltmağa hər hansı bir salamat bina tapılmadı.  Bu şəhər tamamilə dağıdılıb. Prezident İlham Əliyev forum iştirakçılarının diqqətini Ağdamın müharibə zamanı deyil, işğal illərində məqsədli şəkildə viran qoyulduğuna diqqət çəkib. “Qeyd etdiyim kimi, Ağdam işğal illərində dağıdılıb. O, Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. O, sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Görə bilərsiniz ki, yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər. Lakin bizdə Ağdam məscidinin təhqir olunmasına dair foto və video sübutlar var. Ermənilər məsciddə donuz və inək saxlayıblar. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Onlardan 2-si - biri burada, digəri Şuşada yarımçıq sökülüb və təhqir olunub”, - deyə dövlətimizin başçısı vurğulayıb.

 Oxşar ürəkağrıdan vəziyyəti Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda da görmək mümkündür. İşğal illərində erməni vandalları 10 min kvadratkilometrdən çox ərazidə daşı-daş üstə qoymayıblar - evləri sökərək yararlı materiallarını Ermənistana daşıyıblar. Meşələrimiz qırılaraq qiymətli ağaclardan mebel sənayesində istifadə olunub. Təbii sərvətlərimiz, kənd təsərrüfatına yararlı torpaqlarımız qeyri-qanuni yollarla istismar edilib. İşğal illərində bütün binaların dağıdılmadığı  yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun səbəbi odur ki, Ermənistan bəhs olunan bölgələrdə qanunsuz məskunlaşma aparıb ki, bu da beynəlxalq konvensiyalarla qadağan olunan müharibə cinayətidir. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzün kədərli mirasını görür və şahidi olduğu mənzərədən heyrətə gəlir.

Azərbaycan xalqı humanitar böhran yaşayıb

Prezident İlham Əliyev forumdakı çıxışında Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində Azərbaycan xalqının humanitar böhranla üz-üzə qaldığına diqqət çəkib. Bu xüsusda fikirlərini bölüşən dövlətimizin başçısı “Millətimiz ciddi humanitar böhrandan əziyyət çəkib. Çünki Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb”, - deyə vurğulayıb.

Ermənistan ötən əsrin əvvəllərində torpaqlarımızı işğal altına alanda Azərbaycanın 8 milyon əhalisi var idi ki, onun da 1 milyonu erməni təcavüzü nəticəsində doğma ev-eşiklərini tərk etmək, qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamaq məcburiyyətində qalmışdı. İnsanların illər boyunca qurub yaratdıqları evlərini tərk etmək və çadırlarda, vaqonlarda, necəgəldi tikililərdə yaşamaq məcburiyyətində qalmaları əsl faciə idi. Azərbaycan, xüsusilə müstəqilliyinin ilk vaxtlarında ölkədə yaranan humanitar böhranın fəsadlarının müəyyən qədər yumşaldılmasına dəstək verən bütün beynəlxalq qurumlara, o cümlədən də BMT təsisatlarına minnətdarlığını ifadə edir. Sonradan inkişaf edən Azərbaycan dövləti 300 min məcburi köçkünün mənzil şəraitini öz gücünə yaxşılaşdırmağa nail oldu. Qaçqın və məcburi köçkün soydaşlarımız üç onillik ərzində doğma yurd yerlərinə qayıtmaq arzusu ilə yaşayıblar. Həmin gün 44 günlük müharibədən sonra gəldi. Ancaq xüsusi icazə ilə öz kəndlərini, yurd yerlərini görməyə gedən insanlar yenə də acı reallıqla üzləşdilər - onların 30 il əvvəl qoyub getdikləri qurulu evlərdən, abad şəhər və qəsəbələrdən əsər-əlamət qalmamışdı. Yurd yerlərinin əvəzində xarabalıqları, əzizlərinin uyuduqları dağıdılmış qəbiristanlıqları görən soydaşlarımızın cəkdikləri mənəvi iztirabları xatırladan Prezident İlham Əliyev deyib: “Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Siz bizim, azərbaycanlıların, xüsusilə Ağdam, Füzuli, Azərbaycanın işğal altında olmuş digər ərazilərində yaşamış insanların buraya gələndə nə hiss etdiklərini təsəvvürünüzə gətirə bilərsiniz. Onlar, hətta evlərinin yerləşdiyi yeri belə tapa bilmirlər, çünki hər şey tamamilə dağıdılıb”.

Beynəlxalq təşkilatların, Minsk qrupunun fəaliyyətsizliyi

İşğalçı Ermənistan üç onillik ərzində daim sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirir, əsassız, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan tələblər irəli sürür və daim keçmiş təmas xətti boyunca təxribatlara əl atırdı. Bu kimi davranışlarla Ermənistan, əslində işğal nəticəsində yaranan keçmiş status kvonu sonsuzluğadək uzatmağa çalışırdı. Məhz bu səbəbə görə də 28 il davam edən danışıqlar prosesi heç bir səmərə vermirdi. Nəticə faktiki olaraq sıfır idi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının demək olar ki, 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə baxmayaraq, Ermənistanın mövqeyində hansısa bir dəyişiklik baş vermirdi. İş o yerə çatmışdı ki, təcavüzkar dövlət “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları səsləndirməkdən belə çəkinmirdi. Bunun yeganə səbəbi isə işğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırılmaması idi. Azərbaycanın təcavüzkarın cilovlanması, ona qarşı sanksiyaların tətbiq edilməsi çağırışları cavabsız qalırdı. Sanki beynəlxalq ictimaiyyət  Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar vermişdi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin Azərbaycan torpaqlarının qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. 28 illik belə dırnaqarası fəaliyyəti dövründə Minsk qrupu tərəfindən Ermənistanı qınamaq üçün bir söz belə deyilməyib. Bütün bunların müqabilində indi müəyyən dairələrdə Minsk qrupunun fəaliyyətinin yenidən bərpasına cəhdlər göstərilməsinə Azərbaycanın münasibəti necə olmalıdır? Təbii ki, mənfi! Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “İndi biz bu Minsk qrupunu yenidən canlandırmaq istiqamətində bəzi səyləri görəndə, əlbəttə ki, bunu dəstəkləyə bilmərik, çünki onlar öz mandatlarını həyata keçirmək üçün heç nə etmədilər, onların gördüyü yeganə iş faktiki surətdə ondan ibarət olub ki, müəyyən mənada erməni təcavüzünü legitimləşdirməyə çalışıblar. Onlar təcavüzkar və təcavüz qurbanı arasında balans yaratmağa çalışıblar. Ona görə də bu gün Azərbaycan özü beynəlxalq hüququ bərpa edib, BMT qətnamələrini icra edib, BMT-nin Nizamnaməsini, xüsusilə də onun özünümüdafiə ilə bağlı müddəasından istifadə edərək bizim milli ləyaqətimizi bərpa edib”, - deyə bildirib.

Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar

Ayrı-ayrı beynəlxalq təşkilatların, Minsk qrupunun təcavüzkarın başını sığallamaq, onu təcavüzə məruz qalan tərəflə eyniləşdirmək və beləliklə də işğal faktını legitimləşdirmək cəhdlərinə baxmayaraq, Azərbaycan bütün təzyiqləri dəf edərək ərazi bütövlüyünün pozulması ilə barışmadı. Ölkəmiz ərazi bütövlüyünü və beynəlxalq hüququ 44 günlük müharibədə öz gücünə təmin etdi. Artıq münaqişə həllini tapıb. Bununla belə, həm Ermənistandakı qüvvələr, həm də bu ölkənin xaricdəki havadarları Qarabağda yaşayan erməni əhalisinə ayrıca bir status verilməsi tələbini irəli sürürlər. Hansı haqla və hansı məntiqlə? Azərbaycan unitar dövlət modelinə malikdir və bu modeli də dəyişmək niyyətində deyil. Eyni zamanda, Azərbaycan dövləti ölkə ərazisində yaşayan bütün fərqli etnik mənşəyə və etiqada malik insanlara bərabər hüquqları təmin edir. Azərbaycan elə bir məmləkətdir ki, burada tarixən müxtəlif xalqların nümayəndələri azad və bərabər şəkildə yaşayaraq öz gələcəklərini qurublar. Qarabağda yaşayan müəyyən sayda ermənilərə də hansısa imtiyazlar və yaxud üstünlüklər verilə bilməz. Dövlətimiz özünün bütün digər vətəndaşları kimi, onların da hüquqlarının qorunmasına tam təminat verir. Bundan artığını gözləmək və yaxud tələb etmək isə absurddur. Belə tələblərlə Azərbaycan dövlətinə təzyiqlər göstərmək əsla mümkün deyil!  Hələ də “status” xülyasında olanlara Azərbaycanın birmənalı mövqeyini bir daha xatırladan Prezident İlham Əliyev deyib: “Hələ də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinə gəlincə, onlar bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik. Qarabağ Azərbaycandır! İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi. İşğal dövründə dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu qondarma qurumu tanımadı. Ona görə də daxili işlərimizlə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik”.

Qalib Azərbaycanın sülh istəyi

Üç onillik ərzində sülh danışıqlarında daim konstruktivlik göstərən Azərbaycan postmüharibə dövründə  sülh gündəliyinə malikdir. Əslində qalib Azərbaycanın müharibə başa çatandan sonra regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün nümayiş etdirdiyi davranışların dünya tarixində analoqu yoxdur. Döyüş meydanında düşməni diz çökdürən, onu kapitulyasiya sənədini imzalamağa məcbur edən respublikamız qarşısına bundan hansısa imtiyazlar qazanmaq məqsədi qoymayıb. Prezident İlham Əliyev forum iştirakçılarına xitab edərək  deyib ki, Ağdamda gördüklərinizə, 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik. Postmüharibə dövründə respublikamız qarşı tərəfə beş bənddən ibarət sülh paketi təqdim edib. Bu paket hansısa subyektiv istəklər nəzərə alınmaqla hazırlanmayıb, əksinə sırf beynəlxalq normalara istinad olunub. Sənəddə  beynəlxalq hüququn beş əsas prinsipi,  xüsusən də ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması müddəaları öz əksini tapıb. Bunlar iki ölkə arasında sülh sazişinin imzalanması və sərhədlərin müəyyənləşdirilməsi üçün baza prinsipləri kimi əsas götürülə bilər. Prezident İlham Əliyev sülh prosesinin nəticə verəcəyinə əminliyini də ifadə edib: “Sülh prosesi ilə bağlı bizdə müəyyən nikbinlik var. Çünki bu yaxınlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü, xüsusilə də sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı ilk belə görüş keçirilib. Ümid edirik ki, bu, çox vaxt aparmayacaq. Biz bilirik ki, ermənilər 28 ildir Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparmaq kimi razılığa gəlmək istəmədikdə adətən hansı taktikalardan istifadə edirlər. Belə davam edərsə, biz də sülh əldə edə bilməyəcəyik. Əgər bu, Ermənistanın seçimidirsə, bu, o deməkdir ki, onlar növbəti ciddi səhvə yol verəcəklər. Onlar bizi düzgün qiymətləndirmədilər, onlar bizim iradəmizi, Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını düzgün qiymətləndirmədilər və bunun əvəzini ödəməli oldular. İki il bundan əvvəl baş verən müharibə Azərbaycan ərazisində aparılıb. Bu, bir daha bizim mövqeyimizi sübut edir və göstərir ki, bütün bunlara, bir milyondan çox vətəndaşımızın çəkdiyi zülmlərə baxmayaraq, biz düşmənçiliyə, qarşılıqlı nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyirik”.

Sərhədlər tarixi sənədlər və xəritələr əsasında müəyyənləşdirilməlidir

Regionda davamlı sülhün bərqərar olması üçün Ermənistan qonşu dövlətlərə, o cümlədən də Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsinə əngəllər törətməməlidir. Məsələ burasındadır ki, üç onillik ərzində Ermənistan Azərbaycanla olan sərhədlərə təkbaşına nəzarət edib və orada, necə deyərlər özfəaliyyətlə məşğul olub - birtərəfli qaydada sərhədləri Azərbaycan ərazilərinə doğru irəli çəkib. Sonradan isə zəbt olunan həmin ərazilərdə qanunsuz məskunlaşma aparılıb, kəndlər salınıb, torpaqlarımız mal-heyvanın örüş-otlaq yeri kimi istifadə olunub. İndi məğlub Ermənistan iddia edir ki, sərhədlər irəli çəkilmiş xətlər boyunca delimitasiya və demarkasiya olunmalıdır. Halbuki, belə yanaşmanın heç bir hüquqi və tarixi əsaslandırması yoxdur. Arxivlərdə sənədlər və xəritələr var. Sərhədlər də sivil qaydada, həmin xəritələr əsas götürülməklə müəyyənləşdirilməlidir. Bunu bir daha vurğulayan Prezident İlham Əliyev “Eyni zamanda, ümid edirik ki, sərhədlərin delimitasiyası üzrə iki müvafiq komissiya - Azərbaycan və Ermənistan komissiyaları da vaxt itirməyəcək və iki ölkə arasında faktiki mövcud olmayan sərhədin müəyyənləşdirilməsi üzərində fəal işləyəcəklər. Demək olar ki, 30 ilə yaxın davam edən işğal illəri ərzində bu sərhəd tamamilə Ermənistanın nəzarəti altında olub. İşğal bitdikdən sonra biz sərhəd hesab etdiyimiz bu sərhədə gəldik və burada qərarlaşdıq. Ona görə də 400 kilometrdən çox olan bu sərhədi müəyyənləşdirmək üçün tarixi sənədlərə, tarixi xəritələrə, beynəlxalq təcrübə və metodologiyaya əsaslanaraq fəal şəkildə işləməliyik. Beləliklə, bu proses artıq gedir. Ancaq yenə də deyirəm, bunun nə qədər uğurlu olacağını demək çətindir”, - deyə vurğulayıb.

Paylaş:
Baxılıb: 793 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31