Gəncə terroru...
12.10.2022 [10:10]
İki il öncə törədilmiş bu cinayət günahsız insanların həyatına son qoydu
44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini, mülki insanları atəşə tutmaqla xeyli sayda hərbi cinayətlər törədib. Belə qanlı cinayətlərdən biri də 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində Gəncə şəhərinin əhalisinə qarşı törədilib. Belə ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib. Ermənistan qədim şəhər olan Gəncədə dinc sakinləri növbəti dəfə hədəf alıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasının ikinci ildönümü ilə bağlı paylaşım edib. Hikmət Hacıyev bu barədə tvitterdə yazıb ki, həmin hadisə müharibə cinayətidir: “2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistanın hərbi rəhbərliyi mülki əhali arasında maksimum itki vermək məqsədi ilə Gəncə, Bərdə, Tərtər, Azərbaycanın digər şəhərlərini qəsdən və ayrı-seçkilik etmədən ballistik raket zərbələri ilə bombalamağı əmr etdi”.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva da bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğalı dövründə çoxsaylı müharibə cinayətləri törədilib. İki il əvvəl Gəncədə törədilən terror hadisəsindən danışan Leyla Abdullayeva raket hücumlarının məqsədli şəkildə törədildiyini diqqətə çatdırıb. O deyib ki, raket hücumları daha çox insana ziyan vurmaq məqsədilə bilərəkdən məhz gecə vaxtlarında həyata keçirilib: “Bu, birmənalı şəkildə müharibə cinayətidir, Ermənistanın özünün də üzvü olduğu Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Konvensiyanın maddələrinə əsasən, Gəncəyə edilən məqsədli raket hücumları Azərbaycan xalqına nifrət zəminində törədildiyi üçün beynəlxalq təşkilatlar bu məsələyə ədalətli münasibət bildirməli və Ermənistana təzyiq etməlidirlər. Gəncə terrorunu törədənlər ədalət qarşısında cavab verməlidirlər”.
Erməni terroruna qarşı ölkəmizdə fəaliyyət göstərən diplomatik korpuslardan da reaksiya verilib. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auld də özünün tvitter hesabında Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi terror aktının ikinci ildönümü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Dünən Prezident İlham Əliyevə dediyim kimi, iki il əvvəl Gəncə şəhərinə dəhşətli raket hücumları zamanı həlak olanların hamısının ailələrinə başsağlığı vermək istərdim. Yanvar ayında öz gözlərimlə məhvi gördüm”.
Azərbaycan Respublikasının Baş Prokurorluğu isə iki il öncə Gəncə şəhərinə edilmiş raket hücumları ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir ki, Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin gedişatında əldə olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə və cəbhə zonasından uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini atəşə tutub. Belə ki, erməni hərbi birləşmələri yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçib, müxtəlif növ silahlarla, ballistik raketlərlə, eyni zamanda, qadağan olunmuş artilleriya silahları ilə atəşə tutaraq insanlıq və sülh əleyhinə, habelə müharibə cinayətləri törədib, müharibəyə hər hansı aidiyyəti olmayan, gündəlik qayğıları ilə yaşayan mülki şəxsləri vəhşicəsinə qətlə yetirib, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurublar.
Qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin 44 gün sürən Vətən müharibəsinin gedişatında bir neçə iri şəhəri, o cümlədən yarım milyondan çox əhali yaşamaqla Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni hədəf alması 1988-ci ildən bu günədək davam etdirilən təcavüzkar siyasətin tərkib hissəsidir: “Belə ki, müharibə ərazisindən kənarda yerləşən Gəncə şəhərinin 2020-ci il oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 10 qadın, 6 azyaşlı olmaqla 26 nəfər şəxs həlak olub, 57 qadın, 32 azyaşlı olmaqla 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Erməni silahlı qüvvələrinin bu hücumları təşkil edərkən əsas məqsədləri daha çox insanın həyatına son qoymaq olduğundan, məhz şəhərin mülki şəxslərin kompakt yaşadığı hissələri, xüsusən də gecə saatlarında hədəfə alınıb. Gəncə şəhərinə edilən raket hücumları ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunda 3 cinayət işi başlanaraq istintaq aparılır və təqsirli şəxslərin Azərbaycan qanunları qarşısında cavab vermələri üçün zəruri bütün tədbirlər görülür. Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək onların qətli ilə nəticələnən sülh və insanlıq, eləcə də müharibə cinayətləri törətmiş Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş hüquqi məsuliyyət tədbirlərini görməyə çağırır”.
Ermənistanın Gəncədə törətdiyi terrorun ikinci ildönümü ilə bağlı dünən keçirilən dəyirmi masada isə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov bildirib ki, Gəncə terrorunda zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə 4 959 000 manat kompensasiya ödənilib. Onun sözlərinə görə, istintaq tərəfindən Gəncə şəhəri üzrə 113 dağılmış və ya qəzalı, 522 təmir və ya bərpa olunmalı evə, 73 nəqliyyat vasitəsinə, eləcə də 1 fermer təsərrüfatına baxış keçirilib, ümumilikdə 669 nəfər əmlak üzrə zərərçəkmiş şəxs qismində tanınıb. “Həmçinin müəyyən edilib ki, əmlakına zərər dəymiş şəxslərə Azərbaycan Prezidentinin 14.12.2020-ci il tarixli Sərəncamı əsasında Ermənistan silahlı qüvvələrinin cinayətləri nəticəsində mülki şəxslərə dəymiş ziyanla bağlı ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə 4 959 000 manat kompensasiya ödənilib”, - deyə İ.Səfərov qeyd edib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

