Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Astana görüşü nə vəd edir?

Astana görüşü nə vəd edir?

13.10.2022 [10:36]

Ərdoğan-Putin görüşü vəziyyəti dəyişə bilər

Türkiyə Qərb-Rusiya danışıqlarının təşəbbüskarı qismində çıxış edəcək

Oktyabrın 12-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstanın paytaxtı Astanada görüşü gözlənilir.

Türkiyənin “Milliyyət” qəzetinin məlumatına görə, oktyabrın 13-də ikitərəfli görüşlər baş tutacaq. Ərdoğan əvvəlcə Belarus prezidenti Aleksandr Lukaşenko, daha sonra isə Rusiya prezidenti Putinlə görüşəcək. Tədbirdən öncə Kremlin mətbuat katibi Dmitri Peskov da iki ölkə prezidentinin görüşünün keçirilməsini istisna etməmişdi. Kreml rəsmisi onu da bildirmişdi ki, rəsmi Moskva Türkiyə ərazisində Fransa, Böyük Britaniya, Almaniya və ABŞ-la mümkün ola biləcək danışıqlar barədə konkret təkliflər almayıb, amma bu məsələ Astanada Ərdoğanla görüş zamanı müzakirə oluna bilər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalında çıxışı zamanı bildirib ki, Rusiya danışıqlara dair istənilən təklifi dinləməyə hazırdır. Nazirin sözlərinə görə, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Astanada baş tutacaq görüşündə onların Türkiyə tərəfinin təklif etdiyi Rusiya-Qərb danışıqlarını müzakirə etmək imkanı olacaq.

S.Lavrov onu da bildirib ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının məqsədləri dəyişməyib. Onun sözlərinə görə, Moskva öz təhlükəsizliyinə qarşı təhdidlərə, o cümlədən Ukraynanın NATO-ya üzv olmasına və ərazisində silahlar yerləşdirməsinə dözməyəcək.

Vurğulanmalıdır ki, Türkiyə danışıqlar mərhələsinə keçidlə bağlı mütəmadi olaraq çağırışlar edib. Hətta bu ilin əvvəlində Ukrayna, Rusiya, Türkiyə rəsmilərinin iştirakı ilə keçirilən görüş də bu mənada müəyyən ümidlər yaratmışdı. Sonradan prosesin gedişi danışıqların baş tutmamasına yol açmışdı. İndiki halda isə, hadisələrin böyük miqyas almaması, genişlənməməsi üçün Türkiyənin irəli sürdüyü təşəbbüslərin dəstəklənməsi vacib şərt kimi görünür. Məsələnin digər maraqlı xüsusiyyəti isə, Rusiyanın Ukrayna ilə deyil, Qərb ilə danışıqlar masasına oturmasıdır. Bu da özlüyündə bəzi məqamlardan xəbər verir. Rusiya XİN rəhbərinin “Ukraynanın NATO-ya üzv olmasına və ərazisində silahlar yerləşdirməsinə dözməyəcək” fikri isə, Rusiyanın danışıqlardan qabaq öz mövqeyini açıqlaması kimi izah oluna bilər.

Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, Türkiyə regionda sülhün bərqərar olması ilə bağlı ən praqmatik siyasətin müəllifdir. Hazırki məqamda Türkiyə həm Qərb dünyası ilə, həm də Rusiya və Ukrayna ilə yaxın və sıx əlaqələrə malik yeganə dövlətdir. Politoloqun fikrincə, münaqişə bu münasibətləri pozmayıb, əksinə daha da sıxlaşdırıb: “Türkiyə Rusiyanın hərbi siyasi rəhbərliyinin məntiqini anlayır. Başa düşür ki, münaqişə davam etsə, Rusiya Ukraynada qazandıqlarını itirməmək üçün bütün mümkün vasitələrə əl atacaq. Rusiya ötən aylarda əldə etdiyi torpaqları asan şəkildə itirmək fikrində deyil. Bütün vasitələrə əl atmaq isə o deməkdir ki, taktiki də olsa nüvə silahından istifadə istisna deyil. Bu faktı “blef etmirəm” - deyə Putin də istisna etməyib, hətta ABŞ prezidenti Bayden də belə bir təhlükənin olmasını təsdiqləyib. Türkiyənin praqmatik yanaşması isə münaqişənin dərhal dayandırılmasına istiqamətlənib. Yəni, qarşıdakı mərhələdə tərəflər danışıqlar masasına oturmalı, nüvə təhlükəsi ehtimalı isə sıfıra enməlidir. O cümlədən, bu addım qarşılıqlı şəkildə tələfatların sayının da azalmasına təsir göstərəcək. İndiki halda tərəflərin mümkün aralıq sazişə imza atması istiqamətində iş aparıla bilər. Bununla bağlı işlər getməlidir, danışıqlar aparılmalıdır, mümkün atəşkəs çərçivəsində ekspert qrupları çalışmalıdır. Bütün səylər bu cür aralıq sazişin ərsəyə gəlməsi üçün səfərbər edilməlidir”.

O ki qaldı Rusiyanın indiki halda Ukrayna ilə deyil, Qərblə danışıqlar masasına oturmasına, İ.Vəlizadə bildirib ki, Ukraynada vəziyyət günü-gündən çətinləşir. Ukrayna büdcəsi demək olar ki, yoxdur. Bu ölkənin büdcəsini, o cümlədən hərbi büdcəsini Qərb təmin edir. “Bu mənada Ukrayna demək olar ki, tamamilə Qərbdən asılı olan bir ölkə vəziyyətinə düşüb. Düşünürəm ki, Rusiyanın da Qərblə masa arxasına oturmasının məntiqi izahı buradadır. Rusiya tərəfi düşünür ki, Ukraynanın siyasi və iqtisadi sponsorları Qərb ölkələridirsə, danışıqları da elə Qərblə aparmaq lazımdır. Mənim fikrimcə isə, son nəticədə Ukraynanın prezidenti məsuliyyəti öz üzərinə götürüb danışıqlarda iştirak etməlidir. Onun iştirakı olmadan bu danışıqlar gedə bilməz. Türkiyə tərəfi də israrla məhz Ukrayna-Rusiya prezidentlərinin görüşünü təşkil etmək niyyətində idi. Qərb də müəyyən mənada vasitəçi rolunu da oynaya bilər. Düşünmək olar ki, bu danışıqlardan sonra Qərb Zelenskiyə müəyyən təsirlər və ya təzyiqlər göstərə bilər”, - deyən politoloq onu da əlavə edib ki, Lavrovun Rusiyanın öz mövqeyindən geri çəkilməməsini bildirməsi də işləri çətinə salır. İ.Vəlizadənin fikrincə, Rusiya Ukraynanın tərk-silah olunmasını istəyir: “Belə olan halda, hansısa ölkə Ukraynaya təhlükəsizliklə bağlı zəmanət verməlidir. Tərəflərin təkliflərində ziddiyyətlər var. Bu ziddiyyətlərin aradan qaldırılması üçün də danışıqlar aparılmalıdır. Bir analogiya aparaq: iki il əvvəl 44 günlük müharibə dövründə aktiv döyüşlər getdiyi zaman Azərbaycan ilə Ermənistanın XİN rəhbərləri arasında danışıqlar aparılırdı, görüşlər keçirilirdi. Azərbaycan öz şərtlərini ortaya qoyurdu. Nəticədə Azərbaycanın şərtləri qəbul olundu və Ermənistan kapitulyasiyaya imza atdı. Yəni, danışıqlar vacib şərtdir. Biz demədik ki, ermənilər illərdir bizim torpaqlarımızı işğal altında saxlayıblar, əksinə, danışıqlara getdik. Beləliklə, biz tələfatların sayının, müharibənin miqyasının böyüməsinin qarşısını aldıq. Bu çox müdrik bir qərar idi. Hazırki situasiyada da Rusiya və Ukrayna vəziyyəti anlamalıdır, hadisələrin gedişatına, inkişafına bir daha nəzər salmalıdır. Orada hər gün insanlar ölür, öldürülür. Tələfatların sayı on minlərlədir. Kiyevə və digər şəhərlərə raket zərbələri endirilir. Bütün bunlar isə acınacaqlı nəticələrə yol açır. Qarşıdan qış ayları gəlir. Ukrayna enerjisiz qalsa, insanlar evlərində dona bilər. Bunların hamısı nəzərə alınmalıdır. Düşünürəm ki, Türkiyə prezidentinin bu təşəbbüsü təqdirəlayiqdir”.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 625 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31