Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Neftə, qaza satılmayan Fransa dəyərləri lobbi maraqlarına necə satılır?

Neftə, qaza satılmayan Fransa dəyərləri lobbi maraqlarına necə satılır?

14.10.2022 [10:38]

Mübariz ABDULLAYEV

Reuters agentliyinin yaydığı məlumata görə, Fransa prezidenti Emmanuel Makron Azərbaycanla Ermənistan arasındakı şərti sərhədlər boyunca sentyabr ayında baş verən hərbi toqquşmalardan bəhs edərək hadisələri Rusiyanın “Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaq səyləri çərçivəsində törədilən məqsədli təxribat” kimi dəyərləndirib. E.Makron əminliklə bildirib ki, Fransa Ermənistanı tək qoymayacaq. “Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəd boyu bir neçə yerdən Ermənistana qarşı hücuma keçib. Biz buna görə onları qınadıq. Biz erməniləri tək buraxmayacağıq”.

“Avropa İttifaqı qaz tədarükü ilə bağlı saziş imzaladığına görə, bu qurumun Azərbaycana qarşı hansısa formada tolerantlığı varmı” sualına cavabında Makron qeyd edib ki, Fransa Azərbaycandan qaz almır: “Əlbəttə, bir neçə Avropa ölkəsi ilə qaz sazişləri var. Amma mən sizə Fransa və Avropanın səsi haqqında danışıram və deyirəm ki, bizim dəyərlərimiz və prinsiplərimiz nə qazla, nə də neftlə alına bilməz”.

Emmanuel Makronun bu açıqlaması suallar yaradır və mülahizələrə yol açır. Görəsən, neftə, qaza satılmayan Fransa dəyərləri niyə lobbi maraqlarına satılır? Bu qənaətə gəlməyə hər cür əsas var. Belə görünür ki, E.Makron da sələflərinin yolunu davam etdirərək Ermənistanı hər vəchlə dəstəkləməyi özünə borc sanır. Həm də bunu yalnız mənəvi öhdəlik kimi dəyərləndirmək olmaz. Ortada Fransanın digər siyasiləri kimi, E.Makronu da qayğılandıran başqa səbəblər var. Söhbət seçkilərdə Fransadakı güclü maliyyə imkanlarına malik böyük erməni icmasının dəstəyini qazanmaq istəyindən, bu qəbildən olan digər bağlılıqlardan, asılılıqdan və korporativ maraqlardan gedir. Verilən məlumatlara görə, Fransada 700 mindən çox erməni yaşayır. Bildirilir ki, burada ermənilər özlərini Ermənistandakından daha rahat hiss edirlər. Onların ana dilində təhsil almalarına, öz dillərində qəzet-jurnal buraxmalarına, təşkilatlanmalarına, Ermənistana dəstək fondları yaratmalarına, biznes fəali­yyətlərinə “yaşıl işıq” yandırılır. Fransanın siyasi rəhbərliyinin, hökumət rəsmilərinin bir əli daim erməni icmasının başını tumarlamaqdadır ki, bunun da səbəbləri bəllidir: Fransanın erməni əsilli vətəndaşlarının səsini almaq, lobbinin maliyyə imkanlarından bəhrələnmək. Digər siyasilər kimi, E.Makron da bu məqamın fərqindədir. Onu da ilgiləndirən əsas məsələ seçki marafonlarında öz arxasında ermənilərin etimadını, səsini  və ən başlıcası maliyyə dəstəyini hiss etməkdir.

Demokratik ənənələrdən qərəzçiliyə doğru

Tarixən böyük inqilablar yaşayan Fransa dünyaya bu gün də aktual olan bir sıra demokratik dəyərlər gətirən ölkədir. Bunu heç kəs inkar edə bilməz. Ancaq Emmanuel Makronun və onun sələflərinin  Ermənistana olan aşırı rəğbətləri fonunda deyə bilərik ki, ən azından bu ölkənin siyasi rəhbərliyi  demokratik ənənələrdən qərəzçiliyə doğru yuvarlanmaqdadır. Bir sıra hallarda Fransanı təmsil edən parlament nümayəndələri, hökumət rəsmiləri, Emmanuel Makron da daxil olmaqla prezidentlər ermənilərə büruzə vermək istədikləri rəğbətlərində o qədər qabağa gedirlər ki, istər-istəməz demokratiya tarixində ənənələr yaratmış bu ölkənin milli maraqlarının belə Ermənistan naminə güzəştə gedildiyini və yaxud qurban verildiyini düşünürsən. Hər halda son 30 ildə təcavüzkar Ermənistanın havadarlarının köməyi ilə Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə bu ölkə rəsmilərinin sərgilədikləri birtərəfli mövqe, hazırda isə E.Makronun  murdar ənənəni daha eybəcər və çılpaq formada davam etdirməsi belə qənaətə gəlməyə tam əsas verir. Fransanı necə “demokratiya beşiyi” kimi qəbul edə bilərik ki, bu ölkənin prezidentləri keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məqsədilə yaradılmış Minsk qrupunda Fransanın həmsədr statusunu yaddan çıxardaraq qərəzli mövqe tutur, təcavüzkar dövlətin əli günahsız insanların qanına bulaşmış rəhbərlərinə Yelisey Sarayında qucaq açır, onlarla badə qaldırır, “selfie” çəkdirirlər? Bu necə “demokratik” ölkədir ki, burada təcavüzkara yeri, həddi göstərilmir, əksinə işğala, məhrumiyyətlərə, dağıntılara, saysız-hesabsız müharibə cinayətlərinə məruz qalan tərəf qınanılır? Emmanuel Makronu necə demokratik ölkənin prezidenti saymaq olar ki, o, sərhədlərdə baş verən sentyabr təxribatlarının günahkarlarının əsl ünvanını göstərmək istəmir və yaxud buna cəsarət etmir? Suallar çoxdur. Onların cavabını isə E.Makronun vicdanına buraxmaq istərdik. Sərhəddə baş verənlərin bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycanın özgə ərazilərini zəbt etmək kimi bir niyyəti yoxdur, ancaq öz torpaqlarını qorumağa, düşmənin təxribatlarına cavab verməyə də qadir dövlətdir. Təxribatlara əl atan tərəf isə məhz 44 günlük müharibədə uğradığı acınacaqlı məğlubiyyəti həzm edə bilməyən Ermənistandır. E.Makronun günahkarın ünvanını gizlətməyə çalışması, burada digər bir dövlətin təxribat izini axtarması elə izləri məqsədli şəkildə qarışdırmaq və beləliklə də, təcavüzkarı növbəti dəfə müdafiə etmək cəhdi kimi dəyərləndirilməlidir.

Qərəzçilik Fransa prezidentinin  “Rusiya Azərbaycan tərəfindən çıxış edir, Ermənistanı zəiflətməyə çalışır” səslənməsində də özünü açıq-aydın büruzə verir. Yəqin E.Makron da bilməmiş deyil ki, bu gün kasıb, resursları olmayan, dalan ölkə sayılan Ermənistan ayaqda qalmağına görə məhz Rusiyaya borcludur. Sirr deyil ki, Rusiya Ermənistana böyük həcmlərdə investisiya yatırıb. Forpost dövlətin bir sıra strateji əhmiyyətli infrastruktur obyektlərinin idarəçiliyi, enerji məhsulları ilə təminatı birbaşa Rusiyaya bağlıdır. Digər tərəfdən, imkanları məhdud olan Ermənistan Türkiyə və İranla olan sərhədlərinin qorunmasını da Rusiyaya həvalə edib. Bütün bunların fonunda Fransa kimi bir dövlətin rəhbəri heç bir əsası olmayan iddialar səsləndirməyi özünə necə rəva görür?

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin alovlanmasında Fransa izi

“Azərbaycanda yaşanan işğal faktorunun arxasında Fransa da var”. Bu fikri zamanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ifadə edib. Həqiqətən də, keçmiş Dağlıq Qarabağ münaqişəsinin alovlanmasında izlər, həm də Fransaya gedib çıxır. Xatırlayaq: Odun üstünə yağ 1988-ci ildə Fransada atıldı. Həmin ildə keçmiş İttifaqın nümayəndə heyətinin tərkibində Fransaya gələn A.Aqanbekyan soyadlı sovet akademiki Parisdə “Ümanite” qəzetinə müsahibəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyini “əsaslandırdı”. Bundan sonra isə ermənilər “miatsum”un zor gücünə açıq müstəvidə reallaşdırılmasına başladılar. Elə 30 il davam edən faciənin ideoloji əsası da “demokratiya beşiyi”ndə qoyulmuşdu. 1985-ci il dekabrın 11-də Fransada erməni dilində nəşr olunan “Qamk” qəzeti “Daşnaksütyun partiyasının siyasi manifesti”ni dərc edib. Həmin manifestdə “Naxçıvan, Axalkalaki və Qarabağdan ibarət erməni əraziləri”nin daxil olduğu sərhədlər çərçivəsində “azad və birləşmiş Ermənistan”ın qurulması uğrunda mübarizə aparmaq niyyəti ortaya atılmışdı.

Bu yerdə artıq tarixdə qalan Minsk qrupunda Fransanın müəmmalı şəkildə həmsədr kimi müəyyənləşdirilməsini də xatırlamamaq olmur. Əslində, başlanğıcda Minsk qrupunda bu ölkənin həmsədrliyi nəzərdə tutulmamışdı. Sonradan Fransa adının siyahıya salınmasına hansısa yolla nail oldu. Bu barədə keçmiş dövlət müşaviri Vəfa Quluzadə xatirələrində danışıb: “Parisdə prezident Jak Şirakla görüşündə Azərbaycanın dövlət başçısı Heydər Əliyev olduqca sərt və açıq şəkildə bildirdi ki, Bakı Fransanı həmsədr kimi görmək istəmir. Şirakın “nə üçün” sualının cavabında Heydər Əliyev dedi ki, Fransa xalqına heç bir iradı yoxdur, lakin bu ölkədə erməni diasporu güclüdür və bir çox məmurlar, parlament üzvləri və siyasətçilər erməni mənşəlidir və ya onlarla əlaqəsi var. Bu, o deməkdir ki, Parisin nizamlanma ilə bağlı mövqeyi qeyri-obyektiv olacaq. Şirak Heydər Əliyevi Fransanın qərəzsizliyinə əmin etməyə çalışsa da, Azərbaycan Prezidenti onun fikirlərini qəbul etmədi və razılaşmadı”.

Ulu öndər Heydər Əliyevin daha bir görüşü Fransanın digər prezidenti Fransua Mitteranla olub. Vəfa Quluzadə xatırlayırdı ki, Heydər Əliyev ermənilərin işğal altına aldıqları ərazilərin qeyd edildiyi Azərbaycan xəritəsini Fransua Mitterana göstərərək orada törədilmiş dəhşətli etnik təmizləmələr barədə məlumat verib. F. Mitteran hər şeyi anladığını, lakin “ermənilər Fransaya yaxın xalq olduqları” üçün heç bir tədbir görə bilməyəcəyini etiraf edib.

Paylaş:
Baxılıb: 614 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31