Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İki il əvvəl baş tutan qayıdış

İki il əvvəl baş tutan qayıdış

20.10.2022 [10:24]

MÜBARİZ

Təqvimin oktyabr ayı. İş elə gətirib ki, Azərbaycanın dilbər guşələrindən biri olan Zəngilan rayonunun işğal altına düşməsi də, işğaldan azad olunması da məhz oktyabr ayına təsadüf edir. Rayonun mənfur düşmən tərəfindən işğalı 29 il bundan əvvəl - 1993-cü il 29 oktyabr tarixində baş vermişdi. İki il bundan əvvəl - 2020-ci il oktyabrın 20-də isə rayon işğaldan azad edildi.

Zəngilan işğaldan əvvəl

Zəngilan rayonu inzibati ərazi vahidi kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, Cənubdan İran İslam Respublikası, Qərbdən Ermənistan ilə həmsərhəddir. Bakı-Culfa-Naxçıvan dəmir yolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Rayonun ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox idi. İqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edirdi.

İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 34 ümumtəhsil məktəbi, texniki peşə və musiqi məktəbləri, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu fəaliyyət göstərirdi. Rayonun iqtisadi potensialı kifayət qədər güclü idi. Belə ki, işğala qədər rayonda sənaye əhəmiyyətli ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vejnəli qızıl, ehtiyatları 6618 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 milyon ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min kubmetr təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min kubmetr olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min kubmetr olan Zəngilan qum-çınqıl qarışığı yataqları olub. Məşhur Çinar meşələri də Zəngilan rayonunun ərazisində yerləşirdi.

27 illik işğal dövründə mənfur düşmən digər yaşayış məntəqələrimizdə olduğu kimi, Zəngilanda da bütün abidələri, evləri, mülki infrastrukturu dağıdıb, sərvətlərimizi vəhşicəsinə talan edib. Ermənilərin vandalizm əməlləri Çinar meşələrindən də Bəsitçay Dövlət Təbiət Qoruğundan da yan ötməyib. Buradakı qiymətli ağaclar qırılaraq Ermənistana daşınıb və mebel sənayesində istifadə olunub.

Ulu Öndər Heydər Əliyev olmasaydı...

1988-ci ildən 1993-cü ilin oktyabrınadək düşmənin aramsız hücumlarına sinə gərən Zəngilan işğala məruz qalan sonuncu rayonumuzdur. Rayonun sakinləri bir neçə il ərzində doğma yurd yerlərini bir növ əliyalın qorudular. Respublikanın o vaxtkı rəhbərliyi rayonun müdafiəsini lazımi səviyyədə təşkil etmədi. İnsanların əlində yalnız gizlətdikləri kiçik silahlar, ov tüfəngləri var idi. Buna görə də qeyri-bərabər döyüşlərdə rayonun kəndləri bir-birinin ardınca işğal altına düşürdü.  1993-cü il oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olundu, bununla da Zəngilan tam mühasirə vəziyyətində qaldı.

Təxminən 34 min əhali İran sərhədinə - Araz çayının kənarına toplaşmışdı. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyev İran hökuməti ilə danışıqlar apardıqdan sonra Araz çayı üzərindəki bənddə su bağlandı və əhali çayı keçib xilas oldu. Ulu Öndər öz nüfuzundan istifadə edərək İran hökumətinin razılığını almasaydı, Zəngilan əhalisi ya düşmənə əsir düşməli, ya da Arazın sularına qərq olmalıydı. Döyüşlərdə 200-dək şəhid verən Zəngilan rayonunun 44 sakini itkin düşmüş sayılır. Zəngilanın məcburi köçkün vəziyyətinə düşən sakinləri respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıblar.

Bərpa və quruculuq dövrü

44 günlük müharibə başa çatandan sonra isə işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Zəngilan rayonunun da yeni dövrü başlayıb - bərpa və quruculuq dövrü. Zəngilan rayonunda da bərpa layihələri bir neçə istiqamətdə aparılır. Əsas istiqamətlərdən biri zəruri infrastruktur yaradılmasını əhatə edir. Postmüharibə dövründə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir neçə dəfə Zəngilana səfərə gələrək burada ayrı-ayrı layihələrin icrasına başlanılması mərasimlərinə qatılıblar. Elə bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna növbəti səfərləri çərçivəsində burada çoxsaylı tədbirlərə qatılıblar və inşası tamamlanan beynəlxalq səviyyəli hava limanında yaradılan şəraitlə tanış olublar. Rayonun ərazisində infrastruktur obyektlərinin tikintisi ilə yanaşı, tarixi abidələrin bərpasını əhatə edən layihələrin də icrasına start verilib. Ermənilərin törətdikləri vandalizm əməllərini kəskin qınayan Prezident İlham Əliyev bildirib ki, burada dağıdılmış bütün abidələr bərpa olunacaq.

 Zəngilan rayonunun əsrarəngiz təbiətinə vurulan ziyanın aradan qaldırılması, xüsusilə də buradakı Bəsitçay qoruğunun bərpası dövlət başçısının diqqət mərkəzində saxladığı məsələdir. Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfərləri çərçivəsində Bəsitçay qoruğunda çinar ağacları əkmələri və Bəsitçaya balıq buraxmaları bu istiqamətdə atılan ilk addım oldu. 20 oktyabr 2021-ci il tarixində isə Prezident İlham Əliyev Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sənədə əsasən, qoruğun fəaliyyətinin təşkil edilməsi üçün bir sıra zəruri tədbirlərin görülməsi nəzərdə tutulur. Xatırladaq ki, Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılıb. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Qoruğun ərazisində ermənilərin kəsib doğradıqları ağacların yaşı təqribən 200-300 ilə bərabər idi.

Əlamətdar haldır ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa məhz Zəngilan rayonunda start verilib. Rayonun Ağalı kəndində müasir yanaşmalar əsasında inşa olunan ilk “Ağıllı kənd”ə artıq bir neçə mərhələdə sakinlərin köçürülməsi təmin olunub. Burada 27 il ərzində ağır məcburi köçkünlük taleyi yaşayan sakinlər üçün hər cür şərait yaradılıb. Qeyd edək ki, işğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1 504 nəfər). Doğma yerlərə qayıdan ağalılar bunu həyatlarının ən xoşbəxt anları kimi dəyərləndirirlər.

Paylaş:
Baxılıb: 551 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31