Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Cümhuriyyətiniz Cümhuriyyətimizdir!

Cümhuriyyətiniz Cümhuriyyətimizdir!

29.10.2022 [10:20]

99 il əvvəl əfəndilərin elan etdiyi Türkiyə Cümhuriyyəti

Günel ABBASOVA

Cümhuriyyət cəmiyyəti ümmətdən millətə, fərdləri quldan vətəndaşa yüksəldən bir Maarifçilik İnqilabıdır. Bu gün Türkiyə Cümhuriyyətinin yaradılmasından 99 il ötür. Türkiyə Cümhuriyyəti Böyük Öndər Qazi Mustafa Kamal Atatürkün liderliyi ilə qazanılan Qurtuluş Savaşından sonra - 29 oktyabr 1923-cü ildə “Suverenlik qeyd-şərtsiz millətindir” prinsipi ilə qurulub. Oktyabrın 29-u türk millətinin doğumunun, inqilabının, bir sözlə, möcüzəsinin ildönümüdür. Cümhuriyyət həm də bir ölkənin damarıdır. Mustafa Kamal Atatürkün də dediyi kimi, Cümhuriyyət düşünüldüyü qədər zəif deyil, çünki onu almaq üçün qan tökülüb. Məhz bu səbəbdən türk milləti üçün Cümhuriyyətin elan olunuğu gün çox önəmli və dəyərli bir gündür.

“Türk millətinin yaranması və yaşaması üçün ən uyğun idarə forması Cümhuriyyətdir” deyən Atatürk bu açıqlama ilə türk millətinə yaraşan hökumətin Cümhuriyyət olduğunu bildirmişdi. Çünki Cümhuriyyət müstəqillik, azadlıq, bərabərlik kimi anlayışları ehtiva edir. Müstəqillik, azadlıq və bərabərlik türk millətinin önəm verdiyi amillər olduğundan, türk milləti ancaq cümhuriyyət idarəçiliyi ilə idarə oluna bilər. Təbii ki, Cümhuriyyətə çatmaq türk milləti üçün asan olmadı. Cümhuriyyət Türkiyə Qurtuluş Savaşında qalib gəldikdən sonra quruldu. Atatürk və onun dostları, övliya şəhidləri, qazilər mübarizə və zəfərləri ilə Cümhuriyyəti türk millətinə bəxş etdilər. Şəhidlərin, qazilərin bəxş etdiyi Cümhuriyyətlə türk milləti müstəqil, azad və təhlükəsiz həyata qovuşdu.

Cümhuriyyət necə elan edildi?

Mustafa Kamal Paşa artıq Ərzurum qurultayında qələbədən sonra idarə formasının cümhuriyyət olacağını demişdi. 1920-ci il aprelin 23-dən Türkiyəyə rəhbərlik edən Türkiyə Böyük Millət Məclisi Hökuməti milli suverenlik prinsipinə əsaslanırdı. Bu, adı tam qoyulmamış Cümhuriyyət hökuməti idi.

Cümhuriyyətin elan edilməsinə ən böyük maneə isə sultanlıq idi. 1922-ci il noyabrın 1-də sultanlığın ləğvi ilə bu maneə də aradan qaldırıldı. Milli Mübarizənin zəfər çalmasında tarixi rol oynamış Türkiyə Böyük Millət Məclisinin birinci dövr üzvləri yeni seçki qərarı verərək (1 aprel 1923) buraxıldılar. Yeni seçkilərin keçirilməsindən sonra TBMM ikinci müddətə fəaliyyətə başladı. Yeni qurulan parlament Lozanna Sülh Müqaviləsini ratifikasiya etdi. Beləliklə, milli müstəqillik tam şəkildə reallaşdı.

1920-ci il aprelin 23-də Türkiyə Böyük Millət Məclisi açılanda yeni türk dövlətinin adı hələ də qoyulmamışdı. Hökumət Türkiyə Böyük Millət Məclisinin Hökuməti adlanır, parlamentin sədri isə həm də hökumətin başçısı idi. Bu sistemdə prezidentlik boş görünürdü. Bu zaman mövcud siyasi rejimə uyğun dövlət formasını tapmaq lazım gəlirdi. Milli Mübarizə Dövründə fövqəladə şəraitin məhsulu olan parlament idarəetmə sistemi artıq fəaliyyət göstərmirdi. Bu sistemdə səsvermə Nazirlər Şurasının hər bir üzvü üçün ayrıca həyata keçirilirdi. Belə olduqda hökumətin qurulması çətinləşirdi.

25 oktyabr 1923-cü ildə hökumətin istefası ilə böhran yarandı. Bu hadisə Mustafa Kamal Paşaya cümhuriyyəti elan etmək üçün çoxdan gözlədiyi fürsəti verdi. 1923-cü il oktyabrın 28-i axşama qədər hökuməti qurmaq mümkün olmayandan sonra Mustafa Kamal Paşa Çankaya Köşkündə dostlarına “Sabah cümhuriyyəti elan edəcəyik”, - dedi. Həmin gecə İsmət Paşa ilə birlikdə 1921-ci il Konstitusiyasının bəzi maddələrini dəyişdirən qanun layihəsini hazırladı. Türkiyə Böyük Millət Məclisində “Türkiyə dövlətinin idarə forması cümhuriyyətdir” müddəasını ehtiva edən qanun layihəsi ilə bağlı çıxışlardan sonra Cümhuriyyətin elan edilməsi təsdiqləndi. “Yaşasın Cümhuriyyət!” səsləri arasında alqışlarla Cümhuriyyət elan edildi.

Bundan sonra prezident seçkiləri keçirildi. Gizli səsvermədə 158 millət vəkilinin hamısının səsini toplayan Qazi Mustafa Kamal Paşa Türkiyə Böyük Millət Məclisi tərəfindən yeni Türk dövlətinin ilk prezidenti seçildi. Bu münasibətlə kürsüyə çıxan Mustafa Kamal “Türkiyə Cümhuriyyəti xoşbəxt, uğurlu və müzəffər olacaqdır” ifadəsiylə sözünü bitirdi. Bununla da dövlətin adı və rejimi ilə bağlı müzakirələrə son qoyuldu. Prezidentlik məsələsi həll olundu. Hökumətin formalaşdırılması yolu yenidən təşkil olundu. Yeni qaydalara görə Prezident Baş naziri təyin edəcək, Baş nazir isə öz nazirlərini seçib təsdiq üçün Prezidentə təqdim edəcəkdi. Bu təcrübə ilə Parlament idarəçiliyi yerinə Parlamentli rejimə keçildi. İlk hökuməti qurmaq İsmət Paşaya həvalə edildi. Beləliklə, Türk Millətinin tarixində yeni bir dövr açıldı. Türk millətinin quruluşuna ən uyğun idarə forması olan Cümhuriyyət rejimini qorumaq və saxlamaq bu gün türklərin əsas vətəndaşlıq borcudur.

Sevincimiz birdir bizim

Atatürk həm də Azərbaycanı çox sevirdi. Atatürkün Azərbaycan sevgisi qədər ümummilli liderimiz Heydər Əliyevin də Atatürk sevgisi var idi. Türkiyə dövləti də bunu bilir, Liderimizi öz Liderləri hesab edirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cəbrayılda çıxışı zamanı Heydər Əliyevdən Ümum­milli Liderimiz deyə bəhs etməsi də bunu tam təsdiqləyir. O bildirmişdi ki, Türkiyədə Cümhuriyyətin 100-cü ilinin qeyd ediləcəyi 2023-cü ilin Azərbaycanda da “Heydər Əliyev İli” olaraq qəbul edilməsindən məmnunluq duyur və Türkiyə ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini birlikdə yaşatmağa davam edəcək.

Bu gün qardaş Türkiyə ilə əlaqələrimiz Atatürkün “Azəbaycanın sevinci sevincimizdir, kədəri kədərimizdir” prinsipi ilə davam etdirilir. Bu ifadəyə dayanaraq biz də qardaş Türkiyənin sevincini onunla birgə yaşayır və “Cümhuriyyətiniz Cümhuriyyətimizdir!” deyirik. Heç şübhəsiz, hər sevincini bölüşdüyümüz Türkiyə Cümhuriyyətinin 100 illiyini də 2023-cü ildə qardaş ölkə ilə bir yerdə qeyd edəcəyik.

Paylaş:
Baxılıb: 672 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31