Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusudur

Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusudur

18.05.2018 [09:26]

Dövlətimiz hərbi qulluqçuların, Qarabağ müharibəsində fiziki sağlamlığını itirən şəxslərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əsaslı tədbirlər görməkdədir
Bu il Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyidir. Ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edilib. Bununla yanaşı, bu il həm də Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü tamam olur. Ötən 100 il ərzində Azərbaycan Ordusu böyük bir yol qət edib. Düzdür, 1918-ci ildə müstəqillik əldə edən Azərbaycan Xalq Cümhuriyyətinin az müddət sonra Rusiya tərəfindən işğalı və Sovet İttifaqına ilhaqı o dövrdə başlanan ordu quruculuğu prosesini yarıda qoysa da, 1969-cu ildə Azərbaycanın rəhbəri seçilən Ulu öndər Heydər Əliyev milli hərbi kadrların yetişdirilməsinin, Azərbaycan Ordusunun təkmilləşdirilməsinin əsasını qoydu. Ümummilli lider Heydər Əliyevin səyi ilə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbin yaradılması respublikamızın hərbi təhsil tarixində yeni bir səhifə açdı. Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması ilə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olan azərbaycanlıların sayında da nəzərəçarpacaq dərəcədə artım müşahidə olundu. Həmin dövrdə Ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə keçmiş ittifaqın ayrı-ayrı hərbi məktəblərinə oxumaq üçün azərbaycanlı gənclərin göndərilməsinə başlanıldı. 1972-ci ildən etibarən hər il 300-400, 1970-ci illərin axırlarına doğru isə hər il ittifaqın müxtəlif şəhərlərində yerləşən təxminən 45-dən artıq hərbi məktəbə təhsil almaq üçün ümumən 800-900 gənc kadr göndərilirdi.
1991-ci ildə öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətlə üzləşdi. Ordu səriştəsiz insanların fəaliyyəti nəticəsində səhv istiqamətə yönləndirildi, daxili siyasi mübarizəyə cəlb olundu, ayrı-ayrı şəxslərə və siyasi qruplara xidmət edən silahlı dəstələrə çevrildi. Bunun nəticəsində də Azərbaycanın 20 faiz torpağı ermənilər tərəfindən işğal edildi, 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. İşğalçı Ermənistan torpaqlarımızı zəbt etdiyi bir zamanda Azərbaycanın Müdafiə Nazirliyinə təsadüfi, hərb sənətindən konkret anlayışı olmayan insanlar başçılıq edirdi.
1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ordu quruculuğu siyasətini yenidən aktuallaşdırdı. Ulu öndər Heydər Əliyevin səyi ilə qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdı. Möhkəm nizam-intizama malik ordunun yaradılması, Silahlı Qüvvələrdə vahid komandanlığın təmin edilməsi sahəsində görülmüş məqsədyönlü tədbirlər nəticəsində 1994-cü ilin may ayında atəşkəsə nail olundu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi birləşmə və hərbi hissələrin maddi-texniki, tibbi və digər vasitələrlə təmin edilməsi təşkil olundu, maliyyə təsərrüfat fəaliyyəti nizama salındı. Silahlı Qüvvələrin ehtiyaclarının təminatı istiqamətində Azərbaycanın müxtəlif müəssisələrində məqsədyönlü iş aparıldı. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi. 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması barədə Prezident Fərmanı imzalandı. Azərbaycan Silahlı Qüvvələri üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Heydər Əliyevin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Müasir, müstəqil Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən Ulu öndər Heydər Əliyev 26 iyunu Silahlı Qüvvələr Günü kimi rəsmiləşdirdi.
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Silahlı Qüvvələrin ayrı-ayrı bölmələrinin daim gücləndirilməsi, döyüş qabiliyyətinin getdikcə daha da artırılması və bu məqsədlə yeni, müasir hərbi-sənaye güclərinin yaradılması, texniki təchizatın mükəmməl səviyyəyə qaldırılması dövlətimizin əsas prioritetlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilməklə yanaşı, bütün dünyada ən müasir silahlı qüvvələrdən sayılır. Həyata keçirilən hərbi təlimlər bunu bir daha sübut edir ki, Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Bu gün beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan ordusu regionun ən hazırlıqlı və ən müasir strukturu sayılır. Müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlərin və təşkilatların hesablamalarına görə, bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir. Vurğulanmalıdır ki, Azərbaycan Ordusunun gücü 2016-cı ilin aprel ayında erməni təxribatlarına verilən uğurlu cavabla bir daha hər kəsə əyani şəkildə göstərildi.
Eləcə də bu gün əsgər və zabitlərin, müharibə veteranlarının, şəhid ailələrinin və əlillərin sosial müdafiəsinin ən yüksək səviyyədə təmin olunması yönündə mühüm iş aparılır. İstər hərbi qulluqçuların maaşları, istərsə də şəhid ailələrinin, əlillərin pensiyaları mütəmadi şəkildə artırılır, onların sosial problemləri diqqət mərkəzində saxlanılır. Belə şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması, evlə, avtomobillə təmin edilməsi istiqamətində əsaslı tədbirlər görülür.
Məsələ ilə bağlı fikirlərini bölüşən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində çox böyük işlər görüb. 2016-cı ilin aprelində işğalçı Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlara verilən cavab, işğal altında olan bir sıra ərazilərimizin azad edilməsi, Lələtəpəyə Azərbaycan bayrağının sancılması Azərbaycan Ordusunun gücünü həm düşmən ölkəyə, həm də bütün dünyaya göstərdi. Prezident İlham Əliyev hər zaman vurğulayır ki, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. 2016-cı ilin aprel döyüşləri bu faktı düşmən ölkəyə əyani şəkildə nümayiş etdirdi. Azərbaycan bu gün regionun ən nizami və texniki cəhətdən təchiz olunmuş ordusu sayılır. Bütün bu üstünlüklər isə məhz Prezidentimizin yürütdüyü dövlət siyasətinin uğurlu nəticələridir: “Ümumiyyətlə, Silahlı Qüvvələrin bütün qoşun növlərində həyata keçirilən genişmiqyaslı hərbi islahatlar ordunun döyüş qabiliyyətini, texniki təchizatını artırıb. Müasir texnologiyaların tətbiqi ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış komanda idarəetmə məntəqələri Silahlı Qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ, gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb. Hərbi hissələrin, əsasən də cəbhə xəttindəki bölmələrin yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz edilməsi onların əməliyyat imkanlarını, manevr qabiliyyətini artıraraq düşmən üzərindəki üstünlüyü təmin edib. Silahlı Qüvvələrin ayrı-ayrı bölmələrinin arsenalında olan müasir silah kompleksləri və idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib. Eləcə də bu gün dağıdıcı gücə və uzaq məsafədən yüksək dəqiqliklə zərbə endirmək xüsusiyyətinə malik sistemlər müvafiq bölmələrin istənilən vaxt effektiv fəaliyyətinin tətbiqini mümkün edir. Bir sözlə, Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti və texniki təminatı ən müasir standartlara əsaslanır”.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev isə bildirib ki, Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də sosial müdafiə məsələsidir: “Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə şəhid olanların ailə üzvlərinin, fiziki sağlamlığını itirmiş vətəndaşların, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, müharibə əlillərinə avtomobillər verilir, hər iki statusa malik olanların övladları ali təhsil müəssisələrində dövlət hesabına təhsil alırlar. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bu il aprelin 19-da imzalanmış “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin müvafiq Fərmanı isə xüsusi əhəmiyyətə malikdir. Fərmana əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir. Bir fakta diqqət çəkmək istəyirəm ki, Prezident İlham Əliyevin müharibə əlillərinə, şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı proqramı çərçivəsində ötən il bu təbəqələrdən olan 315 nəfərə mənzillər təqdim edilib. Bu evlərin 148-i yeni inşa olunmuş binalardan mənzillər olub, 167 nəfərə isə fərdi yaşayış evi verilib. Bununla da indiyədək mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı 6 mindən çoxdur. Vurğulanmalıdır ki, bu gün zabitlərimizin də yeni mənzillərlə təmin edilməsi istiqamətində əsaslı addımlar atılır. Cəmisi bir neçə il ərzində artıq yüzlərlə zabit yeni, müasir mənzillərlə təmin edilib. Bütün bunlar dövlətimizin ordu sıralarında xidmət edən, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda öz fiziki sağlamlığını itirmiş şəxslərə, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan xəbər verir”.
Pərviz SADAYOĞLU
Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir

Paylaş:
Baxılıb: 512 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31