Bizim yolka dərdimiz başqa idi, qızım...
23.12.2022 [11:03]
Mandarinin (narıngi yazmıram, ona görə ki, uşaqlığımızda onu belə tanımışıq) ətri mənə həmişə yeni il bayramlarını xatırladır. Bayramlara ürəkdən sevinə bildiyim uşaqlığımı, o vaxtkı yeni il axşamlarını, onun həyəcanını, ağ-qara rəngli ekrandakı şaxta babanın, bər-bəzəkli yolkanın sehrli cazibəsini... O qoxuda bir az da soyuğun, şaxtanın, qar dənəciklərinin şəkli var, məncə.
Bunun səbəbini çox sonralar anladım: o vaxtlar bizim kəndin dükanlarına mandarin ancaq yeni il qabağıgələrdi. Bu bayramda bir illik mandarin həsrətimizə son verərdik...
Sən demə, rəfiqəm də eyni duyğuları yaşayırmış. Bəlkə də, çoxları... Bəlkə də, o vaxtkı kənd uşaqlarının yaddaşına yeni il bayramları elə mandarin qoxusuyla həkk olunub...
Dünən yenə mandarin almışdım...
Ətri indiyə kimi içimdə yığılıb qalan xatirələrimi çözdü.
Həm də yeni il qabağı...
...Bir yolkamın olması mənə o vaxtkı hind filmlərindəki həyat qədər cazibəli, Hindistan qədər də əlçatmazıydı. İndi qızımın yolka sevgisi mənə qəribə gəlsə də, onun heç bitməyəcək kimi görünən bu həvəsi keçmişimə güzgü tutur. Plasmas küknar ağacından ötrü nə qədər ağlamışdım! O vaxt kənd dükanlarında belə şeylər satılmırdı. Ondan ötrü gərək ya kimsə paytaxta yola düşəydi, ya da Bakıya tez-tez gedib - gələn birinə pul verəydin ki, alıb gətirsin.
Amma hər ailənin də belə “gərəksiz” şeylərə xərcləməyə pulu yoxuydu. Hər iki səbəbdən mənim yolka həsrətim heç bitmirdi. Buna görə atama, anama çox qəzəbliydim, onları cəzalandırmaqdan ötrü ağlıma nə gəlirdisə eləyirdim: yemək yemirdim, saatlarla ağlayırdım, saçlarımı pırtlaşdırıb özümü pis günə qoyurdum... Bu, mənim onlara üsyanım, xəbərdarlığım, görüntülü mesajımıydı: görün, sizin qəddarlığınızdan nə günə düşmüşəm, yolka almasanız, həmişə bu gündə olacağam!!!
Əslində, kənddə yolkası olmayan təkcə mən deyildim. Sinfimizdə tək bir qızın evində vardı. Bir dəfə sinif yoldaşlarımızla yığışıb onların yolkasına baxmağa getmişdik...
Gümüşü, zərli budaqlardan rəngbərək, şüşə oyuncaqlar, bəzəklər asılmışdı. Hər şey o qədər maraqlı, cazibəli, parıltılıydı ki! Hamımız ağzımızı açıb yolkaya tamaşa eləyirdik. Sonra lap yaxına gəldik, əlimizi parıldıyan budaqlara toxundurduq, oyuncaqlara sığal çəkdik. Qızları bilmirəm, bu mənim gördüyüm ilk “canlı” yolka idi. O qızsa gözümdə dünyanın ən xoşbəxt uşağı kimi görünürdü. Amma bircə şeyi anlamırdım, axı o niyə xoşbəxtliyinə sevinmir, niyə bu qədər səssizdir?!
Həmin il də mənə yolka almadılar. Amma atam “yolka xəstəliyimin” təbii yollarla müalicəsini fikirləşib tapmışdı. Hardansa küknar ağacının bir budağını qırıb gətirmişdi:
- Bax, əsl yolka budu?! Neynirsən, o plastmas oyuncaqları?
Əvvəl mısmırığımı salladım. Sonra ortaya çıxan bir sürü iş başımı elə qatdı, məni elə xoşbəxt elədi ki..! Küknar ağacının budağını dibçəyə basdırdım. Konfetlərlə, şəkil dəftərimin vərəqlərindən düzətdiyim rəngbərəng fiqurlarla bəzəyib-düzədim...
Atam mənə baxıb gülə-gülə başını bulayırdı:
- Ay qızım, yeni ildi, yolkadı... bunlar hamısı xristianların, ruslarındır. Bizim yeni il bayramımız martda olacaq. Onda boşqablarda səməni cücərdərsən.
Bir uşaq üçün nə fərqi vardı axı özgəsinin bayramıdır, ya özümüzün. Əsas oydu ki, xoşbəxt olmağa, sevinməyə, oynamağa səbəb tapmışdım.
Bir il sonrakı yeni bayramısa mənimçün əsl möcüzə hazırladı. Gəncədə institutda oxuyan qardaşım imtahanlarını verib bayram tətilinə gəlmişdi.
Təqaüdündən 3 manat ayırıb məni yaşlanmış arzuma çatdırmışdı - boyu yarım metr olan yolka alıb gətirmişdi...
Bax onda meymunla mənim aramdakı fərq sıfıra enmişdi.
Onun kimi qışqırmışdım, atılıb düşmüşdüm. Sözün bütün mənalarında meymunluq eləmişdim.
Onunla - sevimli yolkamla çox illəri yola saldıq. Bayramları birgə qarşıladıq, birlikdə bəzənib-düzəndik...
...O səhər...
Musiqi adamın canında soyuq cərəyan kimi dolaşırdı.
Radio dərd yağdırırdı ruhumuza. Çaşqınıydıq...
...Sonra ədəbiyyat müəllimimiz Bakıda baş verənlərdən, Sovet ordusunun xəyanətindən, rusların öldürdüyü insanlardan danışdı. Elə danışa-danışa kişinin səsi titrədi, gözlərimizin önündə ağladı. Onun həm bir müəllim, həm də bir kişi olaraq qarşımızda ağlamağı, belə üzülməyi hamımızı çaşdırmışdı. Bakıda dəhşətli bir gecə yaşandığının fərqindəydik.
Çaşqınlığımızın nifrətə çevrilməsi yaman oldu. Qarşımıza çıxan hər şeyi-SSRİ-nin qardaşlığını “sübut” edən plakatları söküb cırdıq, rus dili otaqlarını darmadağın elədik, bu lisanda olan kitablardan tonqal çatdıq.
(Ağlımızca bu yolla düşməndən qisas alırdıq) Yenə hirsimiz-hikkəmiz soyumadı...
...Bilmirəm illər əvvəl atamın o vaxt heç önəmsəmədiyim o sözü haradan düşdü yadıma. “...Yeni ildi, yolkadı...bunlar hamısı xristianların, ruslarındır...”
...Ağlıma gələn fikirdən bədənim əsirdi. Amma qərarlıydım.
Həyətimizdəki qocaman ağacın altında çöməlib oturmuşdum. Kibriti necə yandırdığım yadımda deyil.
Amma bunu çox yaxşı xatırlayıram: yolkam əridikcə budaqları əyri-üyrü, qəribə formalara düşür, sonra damcı- damcı yoxa çıxırdı. İçimdəki yolka sevgim də onunla birgə əriyib gözlərimdən yanağıma damırdı. Damıb, damıb, axırda qurudu sevgim...
İndi bütün bunlar mənə, yəqin, elə sizə də gülməli, mənasız görünür. Amma bu, kitablardan oxuduğumuz, inandığımız yalanlara, müəllimimizi ağladan o səbəbə, “20 Yanvar” qırğınına bir uşağın üsyanı idi...
O vaxtdan bir də yolkam olmadı. Mənimçün əvvəlki sehrini, cazibəsini itirdi. Bəlkə də, böyümüşdüm deyə...
Qızımsa hələ çox balacadı...
- Ana, bəs yolkamızı nə vaxt bəzəyəcəyik?!
- Elə bu gün!
- Urraaaa!!!
Səfurə Çərkəzqızı
Xəbər lenti
Hamısına baxHadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39

