Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Bi-Bi-Si” 23 noyabr 1982-ci il...

“Bi-Bi-Si” 23 noyabr 1982-ci il...

10.02.2023 [10:11]

“Heydər Əliyev Siyasi Büroya seçilib. İran Heydər Əliyevin Azərbaycan haqqında dediyi sözləri diqqətlə izləyir”

“Əliyev - iki Azərbaycanın birləşməsi tərəfdarıdır və bu barədə açıq söyləyir.

Diplomatlarla görüşdə o qeyd etmişdir ki, Sovet Azərbaycanının 6 milyon əhalisi vardır. İrandakı 10-15 milyon azərbaycanlı dözülməz şəraitdə yaşayırlar”

“Əliyev diplomatlara demişdir ki, iki Azərbaycan birləşməlidir. Bu birləşmə hansı formada baş verəcək bunu Azərbaycan xalqı özü müəyyən etməlidir”

Martın 31-də H.Əliyev Azərbaycan Demokrat Firqəsi (ADF) MK İcraiyyə Bürosunun üzvləri Q.Daneşyan, Ə.Lahrudi, M.Muciri, L.Ərdəbilyan, Q.Rəhmani, S.Əfmiyyət, Q.Xəyyami və digərlərini qəbul etdi.

O, ADF-in mühacirət dövrü tarixini yada saldı, partiyanın həyatında müxtəlif vəziyyətlərin olmasını qeyd etdi, məsələn, ADF ile İXP arasında kəskin fikir ayrılığı olan dövrləri. Əliyev xatırladı ki, “1974-cü ildə İsgəndəri mənim qəbulumda olarkən qəti surətdə ADF-nin ləğv olunmasını tələb edirdi. Onda mən soruşdum ki, bu nə ilə bağlıdır, niyə bu təşkilatı dağıtmaq istəyirsiniz?

İsgəndəri cavab verdi: 

- Qoy İranda hamı bilsin ki, bundan belə ADF mövcud deyil.

Bu düşünülməmiş qərar idi və əgər biz partiyanın buraxılmasını elan etsəydik belə İranda buna inanan olmayacaqdı.

O vaxt mən İsgəndəri ilə ciddi danışdım və qəti şəkildə bildirdim ki, ADF qalmalıdır”.

H.Əliyev söyləyir ki, mühacirət illərində ADF böyük yol keçmişdir, xeyli sayda ixtisaslı mütəxəssis hazırlamışdır və indi İranda vəziyyət fəal təşkilati-partiya işini və kütləvi-siyasi işi genişləndirməyə imkan verəndə “bütün partiya aktivini, bütün iranlı yoldaşları İrana kütləvi repatriasiyaya istiqamətləndirmək lazımdır”.

H.Əliyev İran Azərbaycanındakı vəziyyətlə maraqlanır, ADF-nin işdə hansı problemlərlə üzləşdiyini soruşur.

Lahrudi Milli məsələnin kəskinləşdiyindən danışır, Kürdüstanda və İran Türkmənistanında milli məsələnin olduqca kəskin şəkil almasını, Ərdəbildə və Salmasda da yerli əhali ilə hökumət qoşunları arasında toqquşma hallarının olmasını qeyd edir.

Din xadimləri və İranın Müvəqqəti hökumətinin üzvləri milli məsələyə fərqli yanaşırlar. Lahrudinin dediklərindən məlum olur ki, Xomeyni ilk vaxtlar qeyri-titul millətləri öz tərəfinə çəkmək üçün xeyli çevik hərəkət edirdi. O deyirdi ki, İranın bütün xalqları ana dilində oxumaq və təhsil almaq, qəzet və jurnal nəşr etmək, öz ostanları daxilində iqtisadi və sosial məsələləri idarə etmək hüququna malik olmalıdırlar. Eyni vaxtda Tələqani milli azlıqlara tam muxtariyyət verilməsinin əleyhinə çıxış edirdi.

Lahrudi H.Əliyevdən məsləhət istəyir:

“ADF-nin rəhbərliyində milli məsələni necə, hansı formada qoymaq haqqında dəqiq təsəvvür yoxdur. Biz bu gün yoldaşlarımızı milli muxtariyyətə istiqamətləndirməliyik, yoxsa diqqəti bütövlükdə, İrana qayıtmaq məsələsi üzərində cəmləşdirməliyik?”.

ADF MK İcraiyyə Bürosunun üzvü A.Rəhmani hesab edir ki, “öz milli hüquqları uğrunda dəfələrlə silahlı mübarizəyə qalxan Azərbaycan xalqına indiki şəraitdə islam respublikası çərçivəsində muxtariyyət məsələsinə biganə qalmaq yaraşmaz”.

Daneşyan söyləyir ki, adamların Vətənə qayıtmasını təşkil etmək lazımdır. Partiyanın rəhbərliyini, MK üzvlərindən çoxunu, qəzeti və “Azərbaycan” jurnalını Təbrizə köçürmək lazımdır.

M.Müciri açıq şəkildə boynuna alır: “Biz gərək öz təbliğat işimizə yenidən baxaq. Açıq söyləsək, islamın məğzi marksist-leninçi dünyagörüşünə ziddir, lakin, aydın məsələdir ki, biz gərək təmas nöqtələri axtarıb tapaq, geniş xalq kütlələrini öz tərəfimizə çəkmək üçün islam və elmi kommunizm arasında bizə xeyirli olan paralellər gətirək”.

İcraiyyə Bürosu üzvlərini dinlədikdən sonra Heydər Əliyev olduqca xeyirli məsləhət və tövsiyələrin səsləndiyi proqram xarakterli nitqlə çıxış edir. Bu nitqdən geniş sitatlar gətiririk, çünki bu çıxış Azərbaycan kommunistləri liderinin İranda baş verənlərə, xüsusən də milli məsələyə münasibətini aydın göstərir.

“İrandakı yeni quruluş şahı xalqın düşməni elan etdi. Siz bunu 32 il bundan qabaq etdiniz və bu səbəbdən də təqiblərdən qaçmağa məcbur oldunuz. Buna görə də sizin repatriasiya məsələsini qaldırmağa və müsbət həll olunmasına nail olmağa qanuni əsasınız vardır.

Şəxsən mənə elə gəlir ki, siz iki istiqamətdə hərəkət edə bilərsiniz. Birincisi, Moskvadakı İran səfirliyi və Bakıdakı Baş konsulluq vasitəsilə tələblərinizin fəallaşmasını nəzərdə tutan rəsmi yoldur... Hər gün Xomeyniyə, Bazarqana, qəzet və jurnal redaksiyalarına ünvanlanmış məktublar, teleqramlarla müraciət etmək, İranın diplomatik nümayəndəliklərinin qapısını döymək lazımdır... Siz tərəfdən gedən nə qədər çox olarsa, İran Azərbaycanında mövqelərinizi möhkəmləndirməyə imkanınız bir o qədər artacaqdır.

İkinci yolun rəsmiliyi daha azdır: öz tanışlarınızdan, qohumluq əlaqələrinizdən istifadə edin, İran ictimaiyyətini onların vasitəsilə mübarizəyə qaldırmağa çalışın, mətbuatı, radionu, televiziyanı bu işə qoşun. İctimai rəyin təzyiqi altında hakimiyyət bu məsələni həll etməyə məcbur olacaqdır.

Çox güman ki, iki-üç aydan sonra sizlərdən bir çoxunuz Vətənə qayıda biləcəkdir. Hər şey ora gedir ki, hökumət repatriasiyaya razılıq verəcəkdir.

ADF İranda öz adı altında fəaliyyət göstərməlidir, bu sizin tərəfinizə daha çox adam cəlb edər, ancaq bununla belə yaddan çıxarmayın ki, siz İXP-nin tərkib hissəsisiniz... Biz İranın vahid müstəqil dövlət kimi formalaşmasının tərəfdarıyıq (burada və sonra seçmə bizimdir - E.A), İXP-nin Xorasan və Mazandaranı, Azərbaycan və Kürdistanı, İranın digər əyalətlərini birləşdirən vahid Marksist-leninçi partiya kimi çıxış etməsinin tərəfdarıyıq. Ona görə də insanların beynəlmiləlçi əhval-ruhiyyəsini möhkəmləndirmək, öz aktivini İXP-yə hörmət ruhunda tərbiyə etmək lazımdır.

Siz gərək bundan sonra da bu meyli gücləndirəsiniz, İXP rəhbərliyinə inam və hörmətə nail olmalı, farslar və azərbaycanlılar arasında birliyi möhkəmləndirməlisiniz... İndi, TUDƏ-nin fəaliyyəti praktik olaraq rəsmiləşəndə, birliyin, həmrəylik və yekdilliyin möhkəmləndirilməsi məsələləri mühüm siyasi əhəmiyyət kəsb edir. Yadınızda saxlayın, birlik İranda müvəffəqiyyəti təmin etmək üçün ən mühüm şərtdir. Burada siz bizim himayəmiz altında yaşayırdınız, İXP ilə münaqişələrdə, mübahisəli hallarda hakim rolunda çıxış etməyə kimsə var idi. İranda bu olmayacaq.

İndi ölkə miqyasındakı məsələlər barədə. Kürdlər həqiqətən milli muxtariyyətə nail olmaq istəyirlər, türkmənlər də əldə silah hakimiyyətə qarşı çıxış edirlər. Azərbaycanda hələlik sakitlikdir. Bu nə ilə izah olunur?

1946-cı ildə milli-demokratik hərəkat yatırılandan sonra İran şahı İran Azərbaycanında böyük işlər apardı, bu rayonu SAVAK-in ona daha sadiq olan inanılmış işçiləri ilə gücləndirdi. Ona görə də xalq tərpənə bilmirdi, gözü qorxmuşdu, çünki inqilab alovlarında əlini yandırması birinci dəfə deyildi. Şəxsən mənə elə gəlir ki, Azərbaycan xalqı hələ oyanmayıb, gözləyir.

Təbrizdə çıxış edərkən Bazarqan boynuna aldı ki, pis azərbaycanlıdır, çünki ana dilini bilmir. Məgər əsas məsələ budur? Əsas xalqa mənsub olduğunu başa düşməkdir, milli ruhunu qoruyub-saxlamaqdır. Bilirsiniz ki, son on ildə respublikada sosial-iqtisadi və mədəni inkişafda olan geriliyin aradan qaldırılması üçün böyük işlər görülüb. Respublikanın ölkədə nüfuzunu qaldırmağa yönəlmiş xeyli tədbir həyata keçirdik. Doqquz ildir ki, biz Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ-in, ÜİLKGİ MK-nın keçici Qırmızı bayrağını alırıq. Bu yaxınlarda Sov.İKP MK Baş katibi, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri L.İ.Brejnev yoldaş Bakıya Lenin ordenini təqdim etmişdir. Sov.İKP MK tərəfinən belə yüksək qiymət Azərbaycan xalqını ruhlandırır, onun milli qürur hissini yüksəldir. İndi hər yerdə Azərbaycan haqqında danışırlar. Bununla yanaşı, Azərbaycan xalqı Sovet İttifaqının ən beynəlmiləlçi xalqlarından biridir.

Digər tərəfdən, bəlkə elə yaxşıdır ki, İran Azərbaycanında hələ muxtariyyət uğrunda hərəkat yoxdur. Nəzərə almaq lazımdır ki, Xomeyni və Bazarqan Azərbaycan xalqının ayağa qalxmasından qorxurlar. Ona görə bu gün gərək onları qorxutmayaq, daha yaxın məqsədlərə nail olmaq lazımdır.

Mən hesab edirəm ki, inqilabın bu mərhələsində siz milli muxtariyyət verilməsini tələb etməməlisiniz, xüsusən də silaha sarılmamalısınız. Bunun xeyri olmayacaq, yalnız İrandakı şahpərəst qüvvələri qıcıqlandıracaqdır. Azərbaycan vahid islam dövləti çərçivəsində inkişaf etməlidir. Bununla yanaşı, Azərbaycan özünü bildirməlidir. Mətbuatda çıxış etmək, əhali arasında iş aparmaqla nümayiş etdirmək lazımdır ki, Azərbaycan da ana dilində məktəblərin olmasını, özünəməxsus mədəniyyətini inkişaf etdirmək istəyir.

İndiki rejimin ömrü uzun ola bilməz. Ona görə də indi İranda baş verən təmizləmə prosesində olduqca fəal iştirak etmək, mümkün qədər çox üstünlük qazanmaq üçün ölkədə olan boşluq və qeyri-müəyyənlikdən istifadə etmək lazımdır, həmişə və hər işdə hadisələrin önündə olmağa can atmaq lazımdır.

Şəxsən mən hesab edirəm ki, İran federativ dövlət kimi inkişaf edə bilər. Təlaqaninin Azərbaycan xalqı 2500 il ana dilindən məhrum olmuşdur deməsi ümid verir ki, Xomeyni insanların milli müstəqilliyə can atmalarını nəzərə alacaqdır.

Sovet və İran Azərbaycanının birləşməsi haqqında heç bir söhbət ola bilməz. Bu, ziyanlı fikirdir, bizim bütün niyyətlərimizi beşikdəcə boğa bilər. Zavod, fabrik, qəzet, mədəni-maarif müəssisələrinin sahibləri ilə əlaqə yaradın, onlarda milli qürur oyadın, dəstəklərini qazanın”.

Cavabında iranlı yoldaşlar H.Əliyevə qiymətli məsləhətlər üçün təşəkkürlərini bildirdilər, Lahrudi isə xüsusi qeyd etdi:

“Biz sizə Azərbaycan xalqı üçün və biz, İran siyasi mühacirləri üçün bütün etdiklərinizə görə xüsusi minnətdarlığımızı bildirmək istəyirik, çünki sizin burada etdikləriniz Arazın o tayında əks-səda verir, zəhmət adamlarının arzu və ümidlərini, azərbaycanlıların milli qürurunu möhkəmləndirir. Arxayın ola bilərsiniz ki, biz, sizin məktəbinizi keçmiş İran kommunistləri, öz xalqımıza sədaqətlə xidmət edəcəyik”.

D.Müciri: “Biz heç zaman unutmayacağıq ki, ADF öz varlığı ilə şəxsən sizə borcludur, Heydər Əliyeviç”.

Heydər Əliyevin İran kommunistləri qarşısında proqram xarakterli çıxışı - təcrübəli siyasətçinin, dərindən düşünən və uzaqgörən dövlət xadiminin nitqidir. Bir tərəfdən bu xalqın övladı kimi o, Cənubi Azərbaycanın müstəqillik, heç olmasa milli-mədəni muxtariyyət qazanmasını ürəkdən istəyir, ona görə də İranın federativ dövlət şəklində mövcud ola bilməsindən danışır. Digər tərəfdən,1946-cı ilin acı təcrübəsini, muxtariyyət arzularının onminlərlə insanın qanında boğulmasını yada salaraq o, ADF liderlərini ehtiyatsız addımlardan, xüsusilə, silahlı mübarizədən çəkindirir. Eyni zamanda, Heydər Əliyev İran siyasi mühacirlərini silkinməyə, onların tarixi Vətənində gedən proseslərə fəal qoşulmağa, Azərbaycan xalqını öz  hüquqları uğrunda, hər şeydən öncə ana dilində oxumaq, mədəniyyətini inkişaf etdirmək hüququ uğrunda mübarizəyə qaldırmağa çağırır.

Elmira Axundovanın “Şəxsiyyət və zaman” kitabından

Paylaş:
Baxılıb: 470 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31