Hidayətin “Burdan min atlı keçdi” kitabından
03.08.2023 [10:10]
Həsən Musayev
(1933-1999)
Nüvədi kəndinin əhalisi, 1991-ci il avqust ayının 7-də Ermənistandan çıxan sonuncu azərbaycanlılar idi. Hidayətin “Burdan min atlı keçdi” kitabında Nüvədinin daha bir ziyalısı Həsən Musayev haqqında dərc edilmiş yazını bu ildönmü ərəfəsində təqdim edirik:
Həsən Musayevdən söz açılanda, ilk öncə, yadıma nüvədililərin indi də unutmadığı bir deyimi düşür. Kəndin mərkəzində Məscid düzü deyilən bir yer var. Camaat həmişə ora yığışar, müxtəlif mövzular ətrafında söhbətləşər, elin-obanın, kolxozun həyatı ilə bağlı aktual məsələləri götür-qoy edərmişlər. Nüvədinin söz və nüfuz sahiblərindən olan Əli dayı da-Həsən müəllimin atası-həmin məclislərin fəal iştirakçılarından biri imiş.
Həsən müəllim 1973-cü ildə Mığrı Rayon Partiya Komitəsinin üçüncü katibi seçiləndən bir neçə gün sonra bu fakt Məscid düzündə, təbii ki, yeni müzakirənin predmeti olur. Kəndlilərindən biri soruşur ki, ay Əli dayı, Rayon Partiya Komitəsində birinci, ikinci və üçüncü katib vəzifəsi var. Həsən müəllimin işinin adı nə olacaq, nə iş görəcək, bu üçüncü katibin vəzifəsi nə olacaq? Əli dayı da dərhal qayıdıb cavab verir; “Biləsiniz, birinci katib də, ikinci katib də elə-belədir, əsas üçüncü katibdir”.
Aradan iki ildən bir az artıq müddət keçir, 1975-ci ildə Həsən Musayev Mığrı Rayon Partiya təşkilatının ikinci katibi seçilir. Və yenə Məscid düzündə “çək-çevir” başlayır, yenə bir nəfər soruşur ki, ay Əli dayı, bəs bu ikinci katib nə deməkdir. Həsən müəllim nə işlə məşğul olacaq? Əli dayı da o saat çox konkret və çox əminliklə cavab verir: “Birinci katib də, üçüncü katib də elə-belədir, ikinci katibdir”.
Əli dayının bu cür qeyri-standart və sərrast cavabına istinad etməyim heç də təsadüfi deyil: çünki atasının belə özünəməxsus izahı Həsən Musayevi bir şəxsiyyət, partiya, dövlət adamı, rəhbər işçi kimi xarakterizə edən ən dəqiq və etibarlı mənbədir. Əslində, ata belə deməklə oğlunun əsl obrazını yaratmışdı. Təbii ki, Əli dayı dünyanın get-gəlini dərindən dərk edən, hər şeyin yerini-yatağını bilən, məsul vəzifənin nə demək olduğunu, idarəçilik subardinasiyasının sərhədlərini ayırd edən çevik adam idi. O, öz lakonik və ibrətamiz cavabıyla demək istəyirdi ki, mən öz şəxsiyyətinə dəyər vərən, hər yerdə, həmişə öz mövqeyi, öz sözü olan bir övlad yetişdirmişəm. Bu o demək idi ki, Həsən Musayev harada olsa, özünü təsdiqləyəcək, heç kimin təsiri altına düşməyəcək.
Əli kişi yanılmamışdı...
Həsən Musayevin ömür yolunu izləyib, onunla bağlı ayrı-ayrı xatirələri dinləyərkən hər addımda atasının dediklərinin praktik təsdiqi ilə rastlaşırsan: ötkəmlik, prinsipiallıq, şəxsi ləyaqət nümunəsi həyatının bütün mərhələlərində Həsən Musayevin xarakter cizgiləri kimi dəyişməz olaraq qalır...
O, mənim uşaqlıq, yeniyetməlik və gənclik hafizəmdə özünə elə məhz bu cür - ötkəm prinsipial, nöqsanlara qarşı barışmaz, müzakirəyə getməyən bir ziyalı, partiya xadimi kimi yer eləmişdi. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra Mığrı Rayon Xalq Maarif Şöbəsində müfəttiş kimi fəaliyyətə başlamışdı. Tez-tez rayonun təhsil müəssisələrinə baş çəkmək, təlim-tərbiyə işinin səmərəliliyi üçün bütün faydalı üsullardan istifadə edirdi. Mən Lök yeddiillik məktəbində oxuyanda bizim dərsləri dinləməsini də xoş təəssüratla xatırlayıram. Maralzəmiyə yolu düşəndə həmişə bizə gələr, ona verdiyim sualları da, aldığım cavabları da (suallarım əsasən Səməd Vurğunla bağlı olurdu, başqa yazıçılardan, tələbə ikən onları görməsindən söhbətləri-ni maraqla dinləyirdim). Bir ildən sonra o, Rayon Partiya Komitəsinin təlimatçısı idi.
Həsən müəllim partiya aparatında çox sürətlə püxtələşdi. Həmin illərdə mən Lök və Aldərə kənd orta məktəbində təhsilimi davam etdirirdim. O dövrü yaxşı xatırlayanlardan biri kimi deyə bilərəm ki, o, fəaliyyəti ilə rayonun ictimai-siyasi həyatında öz yerini tuta bilmişdi. Bunu görməmək, hiss etməmək mümkün deyildi.
1960-1963-cü illərdə Nikita Xruşşov Sovet-Partiya idarəçiliyinə yeni ab-hava gətirmişdi. Kənd təsərrüfatına nəzarəti gücləndirmək üçün rayon partiya komitələrinin potensialı birbaşa aqrar sahəyə yönəldilirdi. Bu məqsədlə partiya komitələrinin nəzdində partiya təşkilatları qrupu formalaşdırılmışdı. Həsən Musayev də həmin qrupun üzvü idi. Burada da özünün xüsusi təşkilatçılıq bacarığı ilə fərqlənirdi.
Həsən müəllim Qırmızı Sərhəd adına Nüvədi kolxozunda partiya təşkilatının katibi işləyəndə kənd camaatının ümid-pənah yerinə çevrilmişdi. Hamı onu kristal iradəli bir rəhbər ki-mi qəbul edirdi. Ondan söz düşəndə “təşkilat belə dedi”, “təşkilat belə göstəriş verdi” kimi ifadələr işlədirdilər. “Təşkilat” deyəndə hamı o saat başa düşürdü ki, söhbət kimdən gedir.
O vaxt bütün rayonda səs-küyə səbəb olan bir əhvalat baş vermişdi... Nüvədi rayonda meyvəçilik üzrə birinci yeri tuturdu. Bu kənd Qərbi Azərbaycanda narçılıq üzrə yeganə kənd idi. Rayonun meyvəçilik planının yetmiş faizini Nüvədi kəndi ödəyirdi. Neçə illər idi ki, partiya komitəsindən tutmuş adi idarə rəhbərlərinə qədər əksəriyyət maşınlarını göndərər, meyvə “paylarını” öz atalarının malı kimi götürərdilər. Bir gün “gizli” millətçi, rayon təhlükəsizlik şöbəsinin rəisi kəndə gəlir, kolxozun bağından bir neçə yeşik nar-üzüm yığır, aparmaq istəyəndə Həsən Musayev onun başının üstünü kəsir, görüşürlər,- “İrəvana gedirəm, dedim bir az Nüvədi narı aparım”, - deyir. Həsən müəllim də “çox yaxşı, ardımca gəlin” - deyə göstəriş verir. Maşını Nüvədinin kolxoz anbarına sürdürür, meyvələri çəkib hesablatdırır və akt tərtib olunur. Bundan sonra İrəvana Dövlət Təhlükəsizlik Komitəsinin sədrinə teleqram vurur ki, sizin yerli şöbənin rəisi işinin öhdəsindən gələ bilmir, mənimsəmə ilə məşğuldur. Həmin gün Nüvədi camaatı arasında bir gərginlik yaşanır, ehtiyat edirmişlər ki, Həsən müəllimi işdən kənarlaşdırıb həbs edəcəklər. Ancaq əksinə olmuşdu: iki gündən sonra Mığrı Rayon Təhlükəsizlik Şöbəsinin rəisi rütbəsi kiçildilərək vəzifəsindən azad edilmişdi.
Gənc partiya işçisinin yüksək idarəçilik qabiliyyəti, sağlam enerjisi diqqətdən kənarda qalmadı. O, 1965-ci ildə Bakı Ali Partiya Məktəbinə göndərildi, həmin məktəbi fərqlənmə diplomu ilə bitirdi.
Bu məktəbdə də rəhbərliyin diqqətini cəlb edə bilmişdi. Ali Partiya Məktəbinin rektoru Daniel Quliyev Həsən Musayevə məktəbdə qalıb işləməyi təkidlə təklif edir, hətta o, Mığrıya qayıtdıqdan sonra bir neçə dəfə məktub yazıb, Bakıya gəlməsini istəyir. Onun üçün hər cür şəraitin yaradılacağını, qısa müddətdə mənzillə təmin ediləcəyini deyir. Həsən müəllim isə bütün bunlarla razılaşmır. Çünki onun öz kəndi ilə bağlı həyata keçirmək istədiyi arzuları vardı.
Uzun müddət “Sovet Ermənistanı” qəzetinin Zəngəzur üzrə xüsusi müxbiri kimi tanınmış jurnalist Abdulla İbrahimov “Mənalı ömrün akkordları” adlı məqaləsində Həsən müəllim haqqında diqqətəlayiq məqamlara toxunub. Həmin yazıdan bəzi parçaları oxuculara olduğu kimi çatdırmağı çox vacib sayıram.
Abdulla müəllim yazır: “Yenə də Mığrıda idim. Həsən müəllimlə görüşə tələsdim. Onunla iş otağında qısa söhbətimiz oldu:
-Yaxşı vaxtında gəlmisən, saat 11-də büro başlayır. İştira kın pis olmazdı, - dedi.
Adətən büro iclaslarında partiyaya qəbul birinci olaraq müzakirə edilir. Qəbul prosesi başladı. Gənclər bir-bir daxil olur, sorğu-sual olunur, sonda birinci katib, - təklif var qəbul edilir, - deyə yeni qəbul olunanları təbrik edirdi.
Otağa bir qız daxil oldu. Birinci katib Yurik Arakelyan onu büro üzvlərinə təqdim etdi:
- Bizim Ofiqin qızıdır. Atasını da yaxşı tanıyırsınız.
Siyasi suallar verən olmadı. Arakelyan dedi ki, təklif var- qəbul olunsun. Elə bu anda,- yox, - deyə Həsən Musayev ayağa qalxdı: “Gəncləri ətraflı yoxlamadan partiyaya qəbul etmək olmaz. Emma Hayrapetyan, Kommunist partiyası nə vaxt yaranıb?”. Emma cavab verə bilmədi. Həsən müəllim “Təklif edirəm-getsin hazırlaşsın, sonra müzakirə edərik” dedi. Qəribə paradoks: Büro üzvlərinin hamısı Həsən müəllimin təklifini müdafiə etdi.
Sonradan öyrəndim ki, Ofiqin qızı Emma ikinci dəfə də Həsən müəllimin təklifi ilə geri qaytarılıb. Söhbət zamanı o mənə dedi ki, Ofiqin atası daşnak partiyasının üzvüdür, tez-tez Stepanakertdə olur, orada fəaliyyət göstərən “Qrunk” erməni millətçi təşkilatının proqram və nizamnaməsini Mığrıda həyata keçirir. Mığrıda keçirilən bütün tədbirlərdə, konfranslarda Həsən müəllim öz çıxışı ilə həmişə birinci katibi kölgədə buraxırdı. Mən də görür və qürurlanırdım: “Kaş Ermənistanda rəhbər vəzifələrdə çalışan belə cəsarətli, heç bir şeydən çəkinməyən kadrlarımız çox olaydı”.
Ofiqi rayonda hamı tanıyırdı. Əri Jora Hayrapetyan Mığrının əsas qatar dayanacağı olan Kürədüzü stansiyasının rəisi idi. Nüfuzlu, Azərbaycan dəmir yolu sistemində (Mığrı stansiyası Azərbaycan Dəmir Yolu İdarəsinin tabeliyində idi) ən yüksək vəzifələri tutan adamlarla ünsiyyət qurmağı, özünə hörmət qazanmağı bacaran çoxbilmiş adam idi. Ofiqin pasportunda adı yazılmış atasının o illərdə yaşadığı, kimliyi haqqında məlumatım olmayıb, bu barədə ilk dəfə Abdulla İbrahimovun yazısında oxudum. Amma hələ mən məktəblikən Mığrıda çox ciddi adamlar deyirdilər ki, Ofiq Nijdenin kəbindən kənar qızıdır.
Nijde- məlumdur, 1918-ci ildə Zəngəzurda və o sırada Mığrıda qırğınlar, saysız-hesabsız qətllər törətmiş “məşhur” cani idi.
Üstəlik, Ofiqin türklərin qatili olan babasını Qaçaq Nəbinin öldürdüyü (qisas aldığı!) barədə də danışırdılar.
Abdulla İbrahimov həmin yazısında bir çox məsələlərə aydınlıq gətirir: “Həsən müəllimlə dostluq və yoldaşlığımın qırx ili ərzində sanki böyük bir həyat məktəbində yetkinləşmişəm, onunla olan görüşlərim rəngarəng epizodlarla doludur. Belə epizodlardan biri heç vaxt yaddaşımdan silinmir. Yenə Mığrıda ezamiyyətdə idim. Həmin vaxt “Sovetakan Hayastan” qəzetinin Voskanyan adlı müxbiri də ora gəlmişdi. Biz Həsən müəllimlə birgə həyətə düşdük, maşına oturmuşduq ki, Voskanyan bizə yaxınlaşdı. O, hiss etmişdi ki, harayasa səfərimiz var. Həsən müəllim onu da dəvət etdi. Biz Lehvaz kəndini ötüb, Lökün altındakı bir bulağın başında oturduq. Başqa qonaqlar da vardı. Bir az keçmişdi ki, Voskanyan ayağa qalxdı. Spirt onun başını dumanlandırmışdı. Ağzını açan kimi erməni xəstəliyindən uzağa gedə bilmədi, türklərdən, “erməni genosidindən”, “Vanın erməni torpağı” olması barədə sayıqlamağa başladı. Burada Həsən müəllim dözmədi: “Siz mənim qonağımsınız, gəl uzaqlara getmə və olmayan şeylərdən danışma”. Həsən müəllim bütün normaları kənara qoyaraq, erməni jurnalistin dərsini verdi. Bu hadisədən sonra Həsən müəllimə münasibət xeyli dəyişildi. Elə bu ərəfədə raykomun birinci katibini Telman Dilayandan əvəzlədi. Əslən Sisyandan olan bu adam şovinist idi. Cəmi iki həftə sonra Mığrı-Kacaran şosse yolunun aparıcı hissəsinin başa çatması münasibəti ilə Taşdun kəndinin ətəyindəki Qızıl Bulaq kənarında ziyafət verilirdi. Dilanyan bir an məclisi tərk edib, böyük qayanın yanına çəkildi. Voskanyan girəvəni əldən verməyib katibə yan aldı. Onlar öz aralarında danışdıqca Telman Dilanyan dönüb kinli-kinli Həsən müəllimə baxırdı. Ziyafət başa çatdı. Biz ermeni jurnalisti ilə Qərcivan mehmanxanasına gəldik. Ziyafətlə bağlı təəssüratımızı bölüşürkən Voskanyan mənə sevinə-sevinə dedi: “Dilanyan Həsən müəllimlə işləməyəcək, onun barəsində mənfi fikirdədir, bir o deyil, elə yuxarılar da onun haqqında yaxşı fikirdə deyillər”.
Abdulla İbrahimov hadisələrə çox dəqiqliklə təsnifat verir. Onun nəql etdikləri ötən əsrin səksəninci illərinin əvvəlinə aiddir. Ermənilərin Azərbaycan türklərinə qarşı hazırladıqları total hücumun konturları getdikcə daha qabarıq üzə çıxırdı: partiya aparatındakı azərbaycanlılar bir-bir məsul vəzifələrdən azad edilirdilər. Şübhəsiz, Telman Dilanyan da Mığrı rayonuna xüsusi missiya ilə göndərilmişdi. Ona görə Həsən Musayev Nüvədi kolxozu geridə qalıb deyə ikinci katib vəzifəsindən azad edilib Nüvədi kəndinə sədr göndərildi. Çox təəssüf ki, səhhətində yaranan ciddi problemlər ona bu vəzifədə uzun müddətə işləməyə imkan vermədi.
Həsən müəllimin oğlu, tanınmış publisist Alqış onun ədəbiyyatımıza münasibəti, dünyagörüşü ilə bağlı çox maraqlı detallar açıqlayır: “Mütaliə etməyi çox sevirdi. Səməd Vurğuna xüsusi sevgisi vardı. Dəqiq yadımdadır, Aldərə kənd orta məktəbində böyük şairin büstü qoyuldu. Abidənin açılışı mərasiminə Bakıdan Hidayət Orucovun təşəbbüsü və təşkilatçılığı ilə Səməd Vurğunun övladları - Yusif Səmədoğlu və Aybəniz xanım da daxil olmaqla, bir ziyalı qrupu gəlmişdi. Bu tədbir Mığrının ictimai-siyasi, mədəni həyatında geniş rezonans doğurmuşdu. O tədbirin əks-sədasını mən həmin günün axşamı öz evimizdə hiss elədim. Xeyli qonağımız var idi. Səməd Vurğunun ədəbiyyat tarixində yeri, mövqeyi təhlil olunurdu. Qonaqlardan biri, “Vurğun hayıf ki, partiya şairi çərçivəsindən kənara çıxa bilmədi”- deyə söyləndi. Atam isə - “Elə deyil, Səməd təkcə partiyaya şeir yazmaqla kifayətlənməyib” - deyib kitab rəfinə tərəf getdi. Şairin cildlərindən birini əlinə götürüb dedi: - “Səməd böyük kişidir. Mən onun “Üsyan” poemasını sizə oxuyacağam. Bu kiçik hıcmli bir əsərdir, taqiqatçıların da diqqətini cəlb etməyib. Yaxşı ki, nəzər-diqqətdən kənarda qalıb, yoxsa çapına qadağa qoyardılar”.
O poemanı oxuyandan sonra ayrı-ayrı misralar üzərində dayandı: “Üçrəngli bayrağı doqqazdan asmış...” şair bu misranı üç dəfə təkrarlayır, o demək istəyir ki, ay xalq, sənin milli dövlətin, üçrəngli bayrağın olub. Bəs “parlaman möhürlü pulemyotlar nə deməkdir?”. Səməd demək istəyir ki, ay xalq, sənin milli dövlətin parlamentli respublika olub. Beləliklə, Səməd Vurğun bu poemada dolayısı yolla tarixi keçmişimizin siyasi obrazını cızır, lazım olan informasiyaları bizə ötürür. Onu da unutmayın ki, bu poema elə o dövr üçün unikal informasiyaları yaşadan yeganə əsərdir. Səməd Vurğun bundan artıq nə eləməliydi ki?
Atamın bu çıxışı evdəkilərin hamısına təsir elədi. Bu həm də gözlənilməz və cəsarətli bir çıxış idi. Görünür, elə o səbəbdən əmim Həzi Musayev atamdan sonra üzünü qonaqlara tutub: “İnanıram ki, bu söhbət burada, öz aramızda qalacaq”,- deyə söhbətə yekun vurdu. Onda hələ 1984-cü il idi, mən səkkizinci sinifdə oxuyurdum. Atamın xoşuna gələn ayrı-ayrı bədii parçalar vardı: məsələn, Puşkinin “xranite qordoe terpeniə” “məğrur səbrinizi hifz eləyin siz” - misrası dilindən düşmürdü. Deyirdi: “Puşkin bunu şair kimi yox, peyğəmbər kimi qələmə alıb”. Səməd Vurğunun “Biz gəldi-gedərik, sən yaşa dünya” misrasını həmişə pəsdən oxuyurdu. Bu poetik misralar onun tək bədii zövqünə yox, həm də onun xarakterinə, həyat tərzinə uyğun gələn tezislər idi.
Bir dəfə 20 Yanvar müsibətinin ədəbiyyatımızda əksi barədə danışırdıq. Mənə dedi ki, bu mövzuda ən təsirli, ən gözəl sözü Hidayət yazıb. Mənə bloknotuna qeyd etdiyi iki misranı oxudu: “Saçım da qalmadı bir əlçim yolum, səpim şəhidlərin məzarı üstə”. Və əlavə etdi: “Ədəbiyyatımızda heç bir əsər bu müsibətin və əzabın dərinliyini bu iki misra qədər dəqiq ifadə edə bilmir. Kişinin saç yolub ağlamağı dəhşətdir, əlbəttə ki, başa düşənlər üçün...”
Atam təmtəraqdan, dəbdəbədən uzaq sadə bir həyat yaşayırdı, mənə həmişə nəsihət edirdi ki, dünya malına heç vaxt aludə olma. Mığrıda işləyəndə onu üçotaqlı mənzillə təmin etmişdilər. 14 ildən çox o mənzildə yaşamışdı. İşdən çıxanda mənzili dövlətə təhvil verdi. Tamah hissi onda yox idi. Həmişə vurğulayırdı ki, aztamahlı adamlar ən zəngin kəslərdir...”
Həsən müəllimin mənim haqqımda sözünü nə üçün öz kitabıma saldım? Mən dördüncü-beşinci siniflərdə oxuyandan başlamış Həsən müəllimlə saysız-hesabsız səmimi söhbətlərimizdə o bircə dəfə də olsun, mənə tərifli söz deməmişdi. Bu, onun prinsipi idi. Adamın üzünə xoş söz demirdi, xoş sözü başqa adamlar içində deyirdi, o sırada öz oğluna da.
Bütün nüvədililər kimi, Həsən müəllim də doğma kəndini heç cür tərk etmək istəmirdi. Nüvədililər öz kəndlərini Namus- Qeyrət qalasına çevirmişdilər. Erməni yaraqlılarının hücumunu mərdliklə dəf edirdilər. Heç bir hissəsiz ki, kəndin müdafiəsinin təşkilində Nüvə kolxozunun rəhbəri Mayıl Amanovla, məktəbin direktoru Cəlal Əliyevlə birlikdə Həsən Musayevin müstəsna xidmətləri var idi. Nüvədi düşmənə qarşı təkbaşına mübarizə aparırdı. Təəssüf ki, Viktor Polyanickonun qurduğu məkrli oyun nüvədililəri kəndi tərk etmək məcburiyyətində qoydu. Deportasiya həyatı nüvədililərin də taleyinə tuş oldu...
Ulu öndərimiz Heydər Əliyev nüvədililərin 1988-1991-ci illərdə göstərdikləri müqaviməti dəyərləndirərək demişdi: “Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır”. Bu sözlər, eyni zamanda, Həsən Musayevin fəaliyyətinə, şəxsiyyətinə verilən yüksək bir dəyərdir.
Həsən Musayev kristal iradəli partiya xadimi, böyük ziyalı dəyanətli insan idi...
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

