Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycan qlobal həmrəyliyə və əməkdaşlığa mühüm töhfələr verir

Azərbaycan qlobal həmrəyliyə və əməkdaşlığa mühüm töhfələr verir

24.09.2020 [08:36]

Beynəlxalq təşkilatlarda uğurla təmsil olunan ölkəmiz dünya miqyasında sülh və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu aktorlarındandır. Regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən ölkəmiz, eyni zamanda, qlobal həmrəyliyin və əməkdaşlığın gücləndirilməsində vacib rol oynayır. Təmsil olunduğu beynəlxalq təşkilatlarda sülhün qorunması, əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində uğurlu fəaliyyəti ilə seçilən Azərbaycanın qlobal təşəbbüsləri olduqca yüksək dəyərləndirilir.
Yeri gəlmişkən, dünyanı təhdid edən koronavirus pandemiyasına (COVID-19) qarşı Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə mübarizədə də beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Məhz COVID-19 pandemiyası şəraitində özünütəcrid və fraqmentar xarakterli tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac duyulduğu bir zamanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sədri statusunda Prezident İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirildi. Türk Şurası ilk beynəlxalq təşkilat idi ki, COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirdi. Bunun ardınca Qoşulmama Hərəkatının Sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Məlum olduğu kimi, bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. Qısa zaman ərzində 130-dan çox ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırdı. Bütün bunlar ölkəmizin beynəlxalq münasibətləor sistemində oynadığı fəal roldan xəbər verir. Yeri gəlmişkən, sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib. İclasda videoformatda çıxış edən Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev bildirib ki, BMT, onun nizamnaməsi və beynəlxalq hüquq dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında və beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm və əvəzolunmaz alətlərdir. Dövlət başçısı qeyd edib ki, məhdudiyyətlərinə baxmayaraq, BMT hazırda bütün ölkələrin qarşılaşdığı qlobal məsələlərin və çağırışların müzakirəsi üçün çoxtərəfli mərkəzi forum olmaqda davam edir. Prezident İlham Əliyev vurğulayıb ki, insan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam edir. Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Eyni zamanda, Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev bildirib ki, bu gün davam edən COVİD-19 pandemiyası multilateralizmin əhəmiyyətini bir daha nümayiş etdirir.
BMT ilə Azərbaycan arasında çoxşaxəli əlaqələr mövcuddur
Yeri gəlmişkən, Azərbaycanın beynəlxalq əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələrdən danışan Milli Məclisin deputatı Ramil Həsən qeyd edib ki, ölkəmizin çoxşaxəli fəaliyyəti qlobal həmrəyliyin təmin olunmasından vacib amildir. Bildirib ki, Azərbaycanın dünyanın ən böyük siyasi təşkilatı olan BMT-də uğurla təmsil olunması bu baxımdan xüsusi qeyd edilməlidir. Azərbaycanın BMT-nin əsas orqanları, ixtisaslaşmış və digər qurumları ilə yaxından əməkdaşlıq etdiyini bildirən millət vəkili qeyd edib ki, BMT-nin seçkili orqanlarında iştirak etməklə ölkəmiz BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin yerinə yetirilməsinə öz töhfəsini verir. Millət vəkili BMT-nin fəaliyyətinin əsas istiqamətlərindən sayılan beynəlxalq sülh və təhlükəsizlik məsələsinin Azərbaycan dövləti üçün də mühüm prioritetlərdən olduğun deyib. O qeyd edib ki, Azərbaycan BMT TŞ-ya qeyri-daimi üzv olmaqla yanaşı, bu quruma iki dönəm rəhbərlik edib. Millət vəkili deyib ki, dünyada rifahın və əməkdaşlığın artmasının müharibələrin önlənməsində, sülh və təhlükəsizliyin möhkəmlənməsində rolu nəzərə alınaraq, BMT çərçivəsində inkişaf və əməkdaşlığa dair əhəmiyyətli ölçüdə praktiki əməkdaşlıq imkanları formalaşdırılıb: “Artıq iyirmi ildir ki, inkişaf məsələləri BMT-nin yüksək səviyyəli müzakirələrində ən əsas vəzifə kimi qarşıya qoyulub və bu istiqamətdə konkret zaman çərçivələrində müəyyən hədəflərə nail olunması qərarlaşdırılıb. 2015-ci il BMT sammitində 2000-ci il sammitində başladılmış bu səylərin növbəti 15 il ərzində, yəni 2030-cu ilə qədər davam etdirilməsi qərara alınıb və qlobal inkişafa dair bır sıra konkret hədəflər-17 “Dayanıqlı İnkişaf Məqsədi” üzrə 169 hədəf müəyyən edilib. Azərbaycanın bu istiqamətdə BMT ilə əməkdaşlığı iqtisadi artım, yoxsulluğun aradan qaldırılması, ərzaq təminatı, təhsil, ətraf mühit, gender bərabərliyi və s. kimi mühüm inkişaf məsələlərini əhatə edir. Ölkəmiz humanitar həmrəylik prinsiplərinə sadiq olaraq, bir sıra ölkələrə yardımlar edir, bir sıra sosial layihələrin fəal tərəfdaşı qismində çıxış edir”.
Qoşulmama Hərəkatında da müvəffəqiyyətlə təmsil olunan Azərbaycanın qlobal təşəbbüsləri beynəlxalq səviyyədə olduqca yüksək qiymətləndirilir
BMT ilə yanaşı, üzv dövlətlərin sayına görə Azərbaycan dünyanın ikinci siyasi təsisatı olan Qoşulmama Hərəkatında da uğurla təmsil olunur. Qeyd etmək lazımdır ki, əsas məqsəd və prinsipləri BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etməklə tövsif olunan Qoşulmama Hərəkatı böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək və bu kimi prinsipləri özünün əsas meyarları hesab edir. Azərbaycannın Qoşulmama Hərəkatındakı fəaliyyətinə toxunan Milli Məclisin deputatı Anar Məmmədov bildirib ki, Azərbaycan Respublikası müstəqillik qazandığı ilk vaxtlardan xarici ölkələrlə və nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələr qurmağa başlayıb. Azərbaycanın xarici siyasət kursunun çoxvektorlu və praqmatik xarakter daşıdığını bildirən millət vəkili milli maraqlara söykənən bu kurs nəticəsində ölkəmizin dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən yaxın tərəfdaş qismində qəbul olunduğunu dilə gətirib. Bildirib ki, ölkəmiz üzvü olduğu bütün beynəlxalq təşkilatların, o cümlədən Qoşulmama Hərəkatının fəaliyyətində aktiv iştirak edir, təşkilatdaxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir. 2019-cu ilin 25-26 oktyabrında Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünün keçirildiyini xatırladan A.Məmmədov deyib ki, BMT-yə üzv 120 dövlətin yüksək səviyyəli nümayəndələrinin, o cümlədən 42 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Hərəkata Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçib: “Qoşulmama Hərəkatının Sədri Prezident İlham Əliyev Azərbaycanın sədrlik zamanı öz prioritetlərini və fəaliyyətini bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən tarixi Bandunq prinsipləri üzərində quracağını bildirdi. Prezident Azərbaycanın sədrlik zamanı Hərəkat üzvlərinin maraqlarını müdafiə edəcəyini, digər təsisatlarla dialoq quracağını və inkişaf etdirəcəyini qeyd etdi. Vurğulamaq lazımdır ki, Azərbaycan sədrlik üçün geniş, əhatəli Fəaliyyət Planı hazırlasa da, COVID-19 pandemiyası səbəbindən vəziyyət tamamilə dəyişdi. Buna baxmayaraq Azərbaycan yaranmış vəziyyətə çevik reaksiya verməyi bacardı. Bəlli olduğu kimi, möhtərəm Prezidentimizin Qoşulmama Hərəkatının Sədri qismində COVID-19 pandemiyasına qarşı qlobal mübarizə ilə bağlı çağırışları dünyanın əksər dövlətləri tərəfindən müsbət qarşılandı. Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında Qoşulmama Hərəkatının Sədri qismində çıxış edən Prezident İlham Əliyev bir daha qlobal sülhün və əməkdaşlığın qorunmasının vacibliyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Yaranmasının 75-ci ildönümündə BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması və beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırış edən dövlətimizin başçısının fikirləri böyük maraqla qarşılandı. Təsadüfi deyil ki, beynəlxalq mətbuat Prezident İlham Əliyevin müvafiq çağırışını mühüm təşəbbüs kimi xarakterizə edərək dövlət başçısının fikirlərinə geniş yer verib”.
“Bununla yanaşı, Azərbaycan qlobal pandemiya dövründə Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə Qoşulmma Hərəkatına üzv olan bir sıra dövlətə maddi yardımlar etdi, oraya tibbi ləvazimatlar göndərdi. Bütün bu faktlar ölkəmizin müasir beynəlxaq münasibətlər sitemindəki uğurlu fəaliyyətinin və əhəmiyyətli yerinin göstəricisi olmaqla yanaşı, Azərbaycanın qlobal əməkdaşlığın gücləndirilməsində vacib rol oynadığını göstərir”, - deyə millət vəkili əlavə edib.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 709 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30