Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkəmizdə 2025-ci ilədək sitrus meyvələri istehsalının 100 min tona çatdırılması nəzərdə tutulur

Ölkəmizdə 2025-ci ilədək sitrus meyvələri istehsalının 100 min tona çatdırılması nəzərdə tutulur

13.03.2021 [09:27]

Yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malik olan bu sahənin inkişafı üçün regionlarda məqsədyönlü tədbirlər həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son 17 ildə apardığı uğurlu siyasət sayəsində bütün sahələrdə olduğu kimi, regionların sosial-iqtisadi inkişafında da ciddi irəliləyişlər əldə olunub. Xüsusilə də regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsi ölkə iqtisadiyyatının mühüm sahələrindən olan kənd təsərrüfatının şaxələndirilməsinə, eyni zamanda, aqrar sektorun inkişafına mühüm töhfələr verib.

Vurğulamaq yerinə düşər ki, ölkəmizin aqrar sektorunda sürətli inkişaf edən sahələrdən biri də sitrus meyvəçiliyidir. Belə ki, “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Sərəncamı sitrus meyvə təsərrüfatlarının genişləndirilməsi baxımından əhəmiyyətli olub. Həmin Sərəncamın imzalanması, həmçinin 13 fevral 2018-ci il tarixində “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahənin inkişafına dövlət dəstəyinin gücləndirilməsinə və sözügedən sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə təkan verib.

Azərbaycanın cənub bölgəsi sitrusçuluğun inkişafı üçün böyük imkanlara malikdir

Məlum olduğu kimi, Azərbaycanın cənub bölgəsində sitrusçuluğun inkişafı üçün imkanlar böyükdür. Belə ki, bu bölgə portağal, limon, naringi, qreypfrut, hallabonq və digər sitrus meyvələrin becərilməsi üçün əlverişli təbii iqlim şəraitinə malikdir. Xüsusilə Astara, Lənkəran və Masallı rayonlarında yaşayan əhalinin əsas məşğuliyyəti məhz sitrusçuluqdur və bu regionda yetişdirilən naringi, portağal və limona xaricdə də böyük tələbat var. Bu baxımdan birmənalı şəkildə, demək olar ki, sitrus meyvəçiliyi Azərbaycanda da yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malikdir.

Lənkəran Regional Elmi Mərkəzi də bu istiqamətdə fəaliyyətini genişləndirmək üçün müxtəlif metodlardan istifadə edir. Bu tədbirlərin nəticəsidir ki, çayçılığın və sitrusçuluğun elmi zəmində inkişafı sahəsində bir sıra uğurlu nəticələr əldə edilib. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə AMEA Lənkəran Regional Elmi Mərkəzi arasında elmi-tədqiqat işlərinin birgə aparılması üçün müqavilə imzalanıb. 2015-ci ildə imzalanmış həmin müqaviləyə əsasən, “Çay və sitrus bitkisinin sort və formalarının toplanması, Lənkəran-Astara bölgəsi şəraitində introduksiya olunması, öyrənilməsi, ən qiymətlilərinin seçilməsi, yeni sortların yaradılması” mövzuları üzrə tədqiqat işləri aparılıb.

Qeyd etmək yerinə düşər ki, birgə fəaliyyətin nəticəsi olaraq sitrus bitkiləri üzərində aparılan elmi tədqiqatlar zamanı yeni limon və naringi sortu əldə olunub. “Lənkəran meyeri” və yeni naringi “Karlik tezyetişən” sortu yüksək məhsuldarlığına, şaxtaya, xəstəlik və zərərvericilərə qarşı davamlılığına görə fərqlənir. Məlumat üçün bildirək ki, yüksək məhsuldarlığa malik olan yeni limon və naringi sortu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən sınaq üçün qəbul edilib. İkitərəfli əməkdaşlığın sonuncu uğurlu nəticəsi kimi isə Lənkəran-Astara subtropik bölgəsi üçün yeni olan tropik-subtropik psidium quayava bitkisinin regionda normal inkişafı və yüksək məhsulvermə qabiliyyətinə malik olması sübut edilib.

Ölkəmizdə sitrus meyvəçiliyinin inkişafına dövlət dəstəyi gücləndirilir

Qeyd edildiyi kimi, aqrar sənaye kompleksinin inkişafı ilə bağlı həyata keçirilən uğurlu siyasət nəticəsində regionlarda digər subtropik bitkilərlə yanaşı, sitrus bitkilərinin sahələri də əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2009-cu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin daha da gücləndirilməsi sitrus meyvə bağlarının da sürətlə genişlənməsinə səbəb olub. Eyni zamanda, yeni bağların salınmasını stimullaşdırmaq üçün dövlət tərəfindən subsidiya ayrılması bu sahəyə marağın daha da artmasına səbəb olub.

Yeri gəlmişkən, məlum olduğu kimi, 2021-ci ildə intensiv üsulla salınması nəzərdə tutulan 6 növ meyvə bitkisi arasında portağal, naringi və limon da var. İntensiv sitrus meyvə bağlarına görə birdəfəlik subsidiya ödəniləcək fermerlər bağ salındığı vaxtdan 4 il ərzində hər hektara görə yüksək əmsallı (3,5) əkin subsidiyaları da alacaqlar. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yeni intensiv bağların salınması üçün xərcləri qismən kompensasiya etmək məqsədilə bu il salınacaq limon bağlarının hər hektarına 11000 manat, portağal və naringi bağlarının hər hektarına 9000 manat birdəfəlik əkin subsidiyası ödəniləcək. Bu məbləğlərdən əlavə, bağ sahiblərinə hər hektara görə 700 manat əkin subsidiyası veriləcək. Yeni bağların salınmasını stimullaşdırmaq üçün bu subsidiya məbləği bağ salındığı ilk 4 il ərzində ayrılır.

Onu da qeyd edək ki, birdəfəlik subsidiya üçün fermerlər fevralın 1-dən mayın 31-dək müraciət edə bilərlər. Bağ salacaq fermer əkin subsidiyasına edilən müraciət qaydasında istifadə hüququna dair torpaq sənədi ilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməlidir. Fermerin ərazisinin koordinatları bəyan zamanı EKTİS-ə daxil ediləcək və coğrafi informasiya sistemi (CİS) vasitəsilə monitorinqi aparılacaq. Subsidiyanı ala bilmək üçün əsas şərt bağın 2021-ci ildə salınması, monitorinq dövründə tinglərin intensiv bağ qaydalarına uyğun əkilməsi və damcı suvarma sisteminin qurulmasıdır.

Qeyd edək ki, sözügedən Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin reallaşdırılması üçün sitrus meyvəçiliyi üzrə institusional tədbirlərin həyata keçirilməsi, infrastruktur təminatı, innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi, yerli və xarici investisiyaların cəlb edilməsi, ailə-kəndli və fermer təsərrüfatlarının təşviqi nəzərdə tutulur. Eyni zamanda, Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək sitrus meyvələri istehsalının 100 min tona çatdırılması qarşıya əsas məqsəd kimi qoyulub.

Bu məqamda qeyd etmək yerinə düşər ki, son illər göstərilən dövlət dəstəyi ilə Astara, Lənkəran və Masallı rayonlarında da sitrus meyvəçiliyinin inkişafında yüksək nəticələr əldə etməyə imkan yaradıb. Belə ki, kənd təsərrüfatında özünəməxsus yeri olan sitrus meyvə bitkilərinin becərilməsi üçün Astarada əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu rayonda sitrusçuluğun inkişaf etdirilməsini zəruri edir. Astara Rayon Statistika İdarəsindən verilən məlumata əsasən, ötən il rayonun bağbanları becərdikləri 4501,4 hektar sitrus meyvə bağlarından 47 min 662,9 ton məhsul tədarük ediblər. Bu, əvvəlki il sahələrdən yığılan meyvədən 2230,6 ton çoxdur. Hər hektarın məhsuldarlığı isə 190,5 sentner olub.

Masallı rayonu ölkəmizin subtropik zonasına daxil olduğu üçün burada meyvəçiliyin əsasını sitrus meyvələrinin istehsalı təşkil edir. Masallı Rayon Statistika İdarəsindən verilən məlumata əsasən, ötən il rayonun 123,4 hektar sitrus bağlarından 5 min 11,6 ton məhsul tədarük olunub. Hər hektarın məhsuldarlığı 50,7 sentner təşkil edib.

Xatırladaq ki, bir neçə il əvvəl cənub bölgəsində əkininə başlanan sitrus meyvəsi olan hallabonqun yetişdirilməsi sahəsində Lənkəranda ciddi uğurlar əldə edilib. Belə ki, Cənubi Koreyadan gətirilmiş hollabonq meyvəsi Lənkəranda artıq 5 ildir yetişdirilir. Portağal və naringinin hibridi olan hallabonq məhsuldarlığına görə digər sitrus meyvələrindən fərqlənir. İkinci ildən məhsul verməyə başlayan meyvə qış fəslində dərilir.

Qeyd edək ki, ilk dəfə Lənkəran rayonun Sütəmurdov kəndi ərazisində 15 hektar sahədə əkilən tinglərdən yaxşı nəticə əldə olunduğundan meyvə bağları ilbəil genişləndirilərək 78 hektara çatdırılıb. Təsərrüfatın baş nəzarətçisi Rahab Əmirli deyib ki, rayonun Vel kəndi ərazisində də 5 hektar sahədə bağ salınıb. Onu sözlərinə görə, hallobonq bağlarında məhsuldarlıq gözləniləndən də yüksək olub.

Onu da vurğulamaq lazımdır ki, hər birinin çəkisi 350-400, bəzən 500 qram olan meyvənin qiyməti irili-xırdalı olmağından asılı olaraq, kiloqramı 2-2,5 manat arasında dəyişir. Hallabonq bağlarda naringi, portağal qurtardıqdan xeyli sonra, yəni bazarlarda sitrus meyvələrinə ehtiyac olan dövrdə yetişir. Aqronom Xaliq Talıbovun sözlərinə görə, bu meyvə yanvarın sonu, fevralın əvvəli tam yetişir: “3-4 dərəcə şaxtaya dözümlüdür. Hallabonqun üstünlüyü xəstəliklər və zərərvericilərə qarşı çox davamlı olmasıdır. Ağaclara vaxtında qulluq göstərildiyi üçün meyvə bağlarımızda məhsuldarlıq bol olur”.

O da qeyd edilib ki, ilboyu böyük zəhmət və qulluq tələb edən hallabonq bağlarında 100-150 nəfər işçi çalışır. Bu da regionda yaşayan əhalinin məşğulluğunun təmini baxımından əhəmiyyətlidir. Lənkəranın Sütəmurdov, Şürük, Vel, Siyavar, Tükəvilə kəndlərində yetişdirilən hallabonq bağlarının daha da genişləndirilməsi nəzərdə tutulur.

Vurğuladığımız kimi, ölkədə sitrus meyvəçiliyinin inkişafında uğurlu nəticələr əldə edilsə də, dövlətin dəstəyi ilə yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malik olan sitrus meyvələri istehsalının daha da artırılması nəzərdə tutulur. Eyni zamanda, ölkəmizdə sitrusçuluğun inkişaf etdirilməsi sitrus meyvələrinə tələbatın ödənilməsi, məhsul ixracının artırılması, regionlarda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Q.RAMAZANOV

 
Paylaş:
Baxılıb: 808 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30