Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunub

Azərbaycanda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunub

19.03.2015 [10:22]

Keçmiş Qarabağ döyüşçüsü, mərhum Zaur Həsənovun anası: Torpaqlarımız azad olunandan sonra hər şey daha da yaxşı olacaq
Məlum olduğu kimi, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyevin 1994-cü il avqust ayının 26-da imzaladığı “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım olub. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verilib.
Bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlətimizin başçısının bu istiqamətdə müvafiq Fərman və sərəncamlar imzalaması əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Biz də həmin diqqət və qayğını daim öz üzərində hiss edən keçmiş Qarabağ döyüşçüsü, mərhum Zaur Həsənovun ailəsində olduq. Xalqımızın ən gözəl bayramlarından biri olan Novruz bayramı ərəfəsində ziyarət etdiyimiz ailədə Zaurun anası Mahizər xanım ilə görüşüb oğlunun döyüş yoluna nəzər saldıq, onların hal-hazırdakı yaşayış şəraiti ilə maraqlandıq.
Zaur döyüşçü dostları ilə nəfəs alırdı...
Bizimlə söhbəti zamanı Mahizər Həsənova oğlunun vətənpərvər bir övlad olduğunu bildirdi. O, qeyd etdi ki, Zaur Həsənov hər zaman Qarabağ müharibəsində iştirak edən döyüşçü dostları ilə nəfəs alırdı: “Zaur vətənpərvər, ürəyi dosta sədaqət hissi ilə çırpınan bir oğul idi. Onun yoxluğunun çətinliyini, onun faciəsini qəbul edirəm. Mən oğlumla fəxr edirəm. Mən o faciə baş verəndə elə düşünürdüm ki, onun bütün vətənpərvərliyinə kölgə düşdü. Onun Vətənin bütövlüyü uğrunda apardığı mübarizə puç oldu. Amma yox, o, mənim üçün dünyasını dəyişəndən sonra daha çox anlaşılmağa başladı. Anladım ki, onu nə qədər çox sevirlərmiş. Həm döyüşçü dostları, həm tanışları, dostları onun dəyərli bir oğul olduğunu indi də kövrək hisslərlə xatırlayırlar”.
Zauru Qarabağa Salatın Əsgərova apardı
Həmsöhbətimiz bildirdi ki, hərbi xidmətini Almaniya Demokratik Respublikasında keçən Zaur əsgərliyini başa vurub gələndən sonra könüllü olaraq Qarabağa döyüşə yollanmışdı: “Onda hələ Qarabağ hadisələri təzə-təzə başlamışdı. Mən özüm geoloqam. O zaman Geologiya Tədqiqatları İnstitutunda Vətənimizin igid qızı Salatın Əsgərovanın anası ilə bir yerdə çalışırdım. Salatın o zamanlar bir yaşlı oğlu Ceyhunu anasının yanında qoyub Qarabağa yola düşmüşdü. Zaur da mən işdən çıxanda həmişə məni gəlib aparırdı. Əsgərlikdən yeni qayıtmışdı. Salatın anasının yanına gələndə Zaur deyib ki, mən sürücüyəm, məni də özünüzlə aparın. Salatın da razılaşdı və Zaur onun sürücüsü kimi döyüş bölgəsinə yola düşdü. Bəzən olurdu ki, aylarla evə gəlmirdi, hərbi əməliyyatlarda iştirak edirdi”.
Bir gün ana eşidir ki, indiki Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına helikopterlə üç nəfər yaralı gətiriblər. Onlardan birinə dördüncü qrup qan lazım imiş. Lakin ana qana ehtiyacı olan yaralının elə onun öz oğlu olduğunu bilmirmiş: “O zaman evdə idim. Xəstəxanaya getdim. Gördüm ki, hamı xəstələrə qan vermək üçün növbəyə düzülüb. Dördüncü qan qrupu isə az tapılan qan qrupudur. Həkimlərə deyəndə ki, dördüncü qan qrupuyam, məni yoxlamadan keçirmədən bir başa qanköçürmə palatasına apardılar. Mən hardan bilərdim ki, öz oğluma qan verməyə gedirəm?! Amma bir həftə əvvəl qonşum Zauru televizorda görmüşdü. Dedi ki, “Mahizər xala, Zauru televizorda gördüm. Yaralıları daşıyırdılar”. Mənim heç ağlıma da gəlməzdi ki, həmin yaralı Zaur ola bilər.
Həmin vaxt Zaurun ayağını kəsmək istəyirdilər. Sonradan bu fikirdən daşınıblar. Onun ayağına beş illik xüsusi bir tıxac qoydular. Həmin tıxac sayəsində ayağının kəsilməsinin qarşısı alındı. Axır vaxtlar çəliyə keçmişdi. Çox vaxt heç çəlik götürmürdü. Deyirdi ki, “ana, mənə nə olub ki, hələ bir çəliklə gəzəm”?!”.
Gültəkin adlı qızdan bir dəfə soruşdum ki...
Mahizər Həsənova dedi ki, Zaur ən ağır döyüşlərdə iştirak edib: “Allah qəni-qəni rəhmət eləsin, Salatın Əsgərova və Çingiz Mustafayevlə bir yerdə elə yerlərdə olublar ki?! Bəlkə də çoxları bilmir ki, Zaur 26 fevral 1992-ci ildə baş verən Xocalı soyqırımından sonra mərhum Milli qəhrəmanımız Çingiz Mustafayevlə bir yerdə meyitlərin helikopterə daşınmasında iştirak edib. Düzdür, çəkilişdə üzü göstərilmir, amma səsindən bilmək olur ki, bu danışan Zaurdur”.
Narahat olan ana ürəyi yalnız bircə şeylə təskinlik tapırdı: oğlu Vətən torpaqlarının bütövlüyü uğrunda döyüşür. “Narahat olsam da, bilirdim ki, Vətəni qoruyurlar. Qətiyyən qorxmurdu. Olduqca cəsur insan idi. Bir dəstə düzəltmişdi. Həmin dəstədə olan uşaqlara dərslər keçirdi, onlara döyüşün sirlərini öyrədirdi. Bax, Zaur belə oğul idi.
Zaurla döyüşən döyüşçülərin hamısında bambaşqa bir ruh var idi. Aralarında Gültəkin adlı bir qızdan bir dəfə soruşdum ki, ay qızım, siz qızsınız, cəbhədə sizin nə işiniz var? Deyəsən, bir az xətrinə də dəydi. Çünki onlarda Vətənə, torpağa məhəbbət o qədər güclü idi ki, indi bu məhəbbəti sözlə ifadə etmək qeyri-mümkündür”.
Ağır və şərəfli döyüş yolu
Bərabər mərhum Qarabağ döyüşçüsü Zaur Həsənovun ömür yoluna nəzər salırıq. Xatirələr çözələnir: “İlkim Zaur idi. Olduqca dözümlü, çətinlikdən qorxmayan uşaq idi. Hərdən deyirdi ki, ana, yenə müharibə olsa, çağırsalar yenə də gedəcəyəm. Qurub-yaratmağı çox sevirdi. Həmişə nəsə təşəbbüslə çıxış edirdi. İştirak etdiyi döyüşlərdən çox danışmazdı. Xoşlamırdı. Deyirdi: “danışıb səni niyə üzüm?!” Amma bilirdim ki, ağır, eyni zamanda, şərəfli döyüş yolu keçib. Sonradan eşidirdim ki, bəzən olub uzun müddət mühasirədə qalıblar. Son 4 -5 il olardı ki, dövlətimiz ona yer vermişdi və balaca bir kafe açmışdı. O, həmin kafedə qazandıqları ilə bütün döyüşçü dostlarına da yardım edirdi. Çox ailəcanlı idi. Özünü oda-közə vururdu. Ağır təbiətli, zəhmli oğul idi”.
Bu evi bizə 2011-ci ildə dövlət verib
Mahizər ana dövlətin onlara göstərdiyi diqqət və qayğıdan da razılıqla danışdı: “Bu evi bizə dövlət 2011-ci ildə verib. O, evi alana kimi öz növbəsini bir neçə dəfə başqasına vermişdi. Deyirdi: “ana, eybi yox, biz sənin yanında yaşayırıq, amma elə döyüşçü yoldaşlarımız var ki, çox çətin şəraitdə yaşayırlar”. Mən məhz bu xüsusiyyətlərinə görə oğlumla fəxr edirəm. Bir az uşaqlar balacadırlar, ona görə də, atalarının yoxluğu ilə barışa bilmirlər. Belə baxanda, ümumilikdə hər şey yaxşıdır. Vətənimiz inkişaf edir, Azərbaycanımızda əmin-amanlıqdır. Dövlətimiz şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət və qayğı göstərir. Bircə nisgilimiz var, istəyirik tezliklə torpaqlarımız işğaldan azad olunsun. Hərbi xidmətdə, səngərdə olanlarımız sağ-salamat evlərinə - eşiklərinə qayıtsınlar. Məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarına geri dönsunlər. Yurdsuz-yuvasız yaşamaq çox böyük əziyyətdir. Torpaqlarımız azad olunandan sonra hər şey daha da yaxşı olacaq”.
Həmsöhbətimiz bildirdi ki, yeni gələn gənc nəslə Vətəni sevdirmək lazımdır: “Gənc nəsli maarifləndirmək lazımdır. Maarifləndirmək lazımdır ki, onlar dostunu - düşmənini tanısın. Dostu-düşməni evdəkilər də uşaqlara tanıtdırmalıdırlar. Gənclərə qəhrəmanları tanıtdırmaq lazımdır. Tanıtdırmaq lazımdır ki, onlar da böyüyüb həmin qəhrəmanlara bənzəsinlər. Oğlum həmişə böyük nəvəm İsmayıla öyüd-nəsihət verərdi. Vətənini, torpağını, bayrağını sevməyi tapşırardı. Deyərdi ki, Vətən, millət, bayraq sevgisini ürəyində daşıyan insan hər şeyə qadirdir. Yoxsa, həmin insan natamamdır”.
Atam həmişə evimizdə, maşınında üçrəngli bayrağımızı gəzdirərdi
Bu yerdə Zaur Həsənovun oğul yadigarı İsmayıl Həsənov da söhbətə qoşulur: “Atamla çox maraqlı söhbətlərimiz olurdu. Onun söhbətlərindən doymurdum. Mənə daim yaxşılıq etməyi, insanlara yaxşı davranmağı, Vətənimi sevməyi tapşırırdı. Həmişə evimizdə, maşınında üçrəngli bayrağımızı gəzdirərdi. Bu bayraq sevgisi mənə də keçib. Mən də atam kimi əzmli, vüqarlı bir insan olacağam”.
OKTAY

Paylaş:
Baxılıb: 824 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30