Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yumşalmalara gedilməsi pandemiyanın başa çatdığı anlamına gəlməməlidir

Yumşalmalara gedilməsi pandemiyanın başa çatdığı anlamına gəlməməlidir

28.05.2021 [10:04]

Yüksək yoluxuculuq qabiliyyətinə malik, eyni zamanda, atipik pnevmoniya ilə müşahidə olunan COVID-19 xəstəliyinə qarşı Azərbaycanda sistemli şəkildə mübarizə aparılır. İnfeksiyanın məhdudlaşdırılması yönündə əks-epidemik tədbirlər yüksək səviyyədə idarə olunur. Məhz buna görə də pandemiyanın ölkə iqtisadiyyatına, ilk növbədə isə, əhalinin sağlamlığına mənfi təsirlərinin qarşısı xeyli dərəcədə alınıb”.
Bu fikirləri akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə rəhbəri, professor Tofiq Cahangirov bildirib.
Professorun sözlərinə görə, Azərbaycan qabaqcıl ölkələrlə eyni vaxtda vaksinasiya prosesinə başlayıb. Bu isə ölkədə karantin rejimində yumşalmalara və vaksinasiyanın əhatə dairəsinin genişlənməsinə şərait yaradıb: “Dünyanın bir çox ölkələrində hələ də pandemiya ilə əlaqədar vəziyyəti idarə edə bilmirlər. Yoluxma və ölüm sayı artmaqda davam edir. Bu səbəbdən həmin ölkələrdə karantin rejiminin yumşaldılmasına getmək mümkün deyil, tam qapanma şəraiti davam edir, Azərbaycanda isə vaxtında görülmüş əks-epidemik tədbirlər sayəsində bu günlərdə yeni yumşalma addımları atıldı. Artıq əhali qismən də olsa, normal həyat fəaliyyətinə qayıda bilir”.

Tofiq Cahangirov bildirib ki, Azərbaycanda immunoprofilaktika sahəsində dövlət siyasəti COVID-19 kimi yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılması və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilib: “Ölkədə vaksin ehtiyatları kifayət həcmdə toplanıb və geniş vaksin seçimi imkanları yaradılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş vaksinlərin hər biri Azərbaycanda əlçatandır. Çox sevindirici hallardan biri də odur ki, əhalinin COVID-19 əleyhinə vaksinasiya prosesi müvafiq səhiyyə müəssələrində yüksək səviyyədə təşkil olunub”.
Mütəxəssis hesab edir ki, metronun, ibadət yerlərinin, iri ticarət mərkəzlərinin açılması, açıq məkanlarda tibbi maska məcburiyyətinin götürülməsi pandemiyanın başa çatdığı anlamına gəlməməlidir: “Hamı təhlükəsizlik tədbirlərinə riayət etməli, vətəndaş məsuliyyəti daha güclü olmalı, hər kəs ümumi işə öz töhfəsini verməlidir. COVID-19 pandemiyasını aradan qaldırmaq üçün vətəndaşlarımız da yardımçı olmalıdırlar. Onlar karantin yumşalmalarına arxayınlaşıb gigiyenik, əks-epidemik qaydaları pozmamalıdırlar. Pandemiya tam aradan qaldırılmadığı üçün müvafiq əks-epidemik qaydalara riayət olunması çox vacibdir”.
“Covid pasportu” məsələsinə toxunan Tofiq Cahangirov bildirib ki, bu, həm vaksinasiya prosesini sürətləndirəcək, həm də əhalinin normal həyat rejiminə qayıtmasına və məhdudiyyətlərin tezliklə götürülməsinə şərait yaradacaq.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 623 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31