Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda ixrac potensialı yüksək olan baramaçılığın inkişafı diqqət mərkəzindədir

Regionlarda ixrac potensialı yüksək olan baramaçılığın inkişafı diqqət mərkəzindədir

21.05.2020 [13:34]

Bölgələrdə bu sahəyə böyük maraq göstərilir və barama istehsalı ildən-ilə artır

Azərbaycanın tərəqqisini şərtləndirən əsas faktorlardan biri də ölkəmizin regionlarının dinamik inkişafıdır. 2004-cü ildən icrasına başlanılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsidir ki, hazırda bütün şəhər və rayonlarımızda müasir standartlara cavab verən güclü infrastruktur formalaşdırılıb, əhalinin sosial müdafiəsinin təşkili istiqamətində effektiv tədbirlər görülüb, o cümlədən kənd təsərrüfatı daha sürətlə inkişaf edib.

Ölkəmizin regionlarında aqrar sahənin inkişafından bəhs edərkən kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı istiqamətində atılan mühüm addımları, həyata keçirilən işləri də qeyd etmək yerinə düşər. Xatırladaq ki, hələ 2017-ci ildə keçirilən "Barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi"ndə çıxış edən Prezident İlham Əliyev bu sahələr üçün dövlətin öz dəstəyini əsirgəmədiyini bildirməklə yanaşı, qarşıya konkret məqsədlər qoymuşdu. Ötən üç ildə dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq regionlarda baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsidir ki, rayonlarda barama istehsalı ildən-ilə artır.  

Ayri-ayrı rayonlarda əldə olunan uğurlara gəlincə, bildirmək yerinə düşər ki, Yevlax rayonunda baramaçılıq 2016-cı ildən başlayaraq mühüm bərpa prosesi keçib. İpəkqurdunun yem bazasının bərpası məqsədilə həmin il rayon ərazisində 95 min ədəd, 2017-ci ildə 53 min ədəd, 2018-ci ildə 35 min ədəd, 2019-cu ildə isə 39 min 200 ədəd tut tingi əkilib. 2017-ci ildə rayonda 5,5 ton, 2018-ci ildə isə 11 ton, 2019-cu ildə 7,54 ton barama istehsal olunub. Cari ildə isə Yevlaxda yaş barama istehsalının əvvəlki illərlə müqayisədə artırılaraq 26 tona çatdırılması qarşıya hədəf qoyulub. Bu məqsədlə 600 qutu (11 min 400 qram) ipəkqurdu toxumu gətirilərək 300-dən çox kümçüyə paylanılıb. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir.

Kürdəmir rayonunda da baramaçılığın inkişafı diqqət mərkəzindədir. Vurğulanmalıdır ki, baramaçılıq rayonda ənənəvi sahədir və 2016-cı ildən bu gəlirli sahə ilə məşğul olan ailələrin sayı artır. Nəticədə barama tədarükü də intensiv olaraq çoxalır. Verilən məlumata əsasən, 2016-cı ildə bölgədə 3,6 ton, 2017-ci ildə 11,5 ton, 2018-ci ildə 20,4 ton, ötən il isə 22,6 ton barama istehsal olunub. Cari ildə isə daha yüksək məhsul gözlənilir. Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilən 800 qutu ipəkqurdu toxumu baramaçılıqla məşğul olan 320-dən çox kürdəmirli ailəyə paylanılıb. Qeyd edək ki, rayonda baramaqurdunun bəslənilməsi üçün möhkəm yem bazası da yaradılıb. Bunun üçün 2016-2019-cu illərdə rayon ərazisində 260 mindən çox tut tingi əkilib. Bu da baramaçılara ipəkqurdunun normal bəslənməsinə imkan verir.

Prezident İlham Əliyevin respublikada baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Sabirabad rayonunda da uğurla həyata keçirlir. Ötən il rayonda 14 ton 593 kiloqram barama istehsal olunub. Cari mövsümdə isə 18 ton barama istehsal etmək nəzərdə tutulub və bunun üçün 450 qutu (8650 qram) ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanılıb. Dövlətin bu sahənin inkişafı üçün göstədiyi qayğı və hər kiloqram məhsul üçün verdiyi əlavə subsidiyalar rayonda u sahəyə olan marağı ilbəil artırır. Ötən il rayon üzrə 193 ailə barama istehsalı ilə məşğul olmuşdursa, bu mövsüm 249 kümçü ilə müqavilə bağlanılıb və onlara ödənişsiz olaraq ipəkqurdu toxumu paylanılıb.

Rayonda ipəkqurdunun yem bazasının möhkəmləndirilməsi üçün son 5 ildə 150 min tut tingi gətirilərək ayrı-ayrı yaşayış məntəqələrində əkilib.

Mərkəzi Aran regionunda yerləşən Hacıqabul rayonunda da bu il barama istehsalında artım nəzərdə tutulub. Vurğulanmalıdır ki, artıq dördüncü ildir,  Hacıqabulda ipəkqurdu bəslənilir. Ölkədə bu ənənəvi sahənin inkişafına yenidən önəm verilməsi hacıqabullu kümçülər tərəfindən sevinclə qarşılanıb. İndi onlarla rayon sakini təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olur və yaxşı mənfəət götürüldüyündən onların sayı ilbəil artır. Ötən il rayonda 78 qutu ipəkqurdu toxumu paylanılıb və 1912 kiloqram məhsul istehsal olunub. Bu mövsüm isə 52 ipəkçi ailəsinə 120 qutu (2280 qram) ipəkqurdu toxumu paylanılıb. İpəkçilər mütəxəssislərin məsləhətlərindən yararlanaraq qurdlara aqrozootexniki qaydada qulluq edirlər. Kümçü Şamo Həsənov KİV-ə açıqlamasında bildirib ki, artıq dördüncü ildir ipəkqurdu bəsləyir. O, sovet dönəmində də baramaçılıqla məşğul olub və bu sahədə yaxşı təcrübəyə malikdir. "Rayonda barama istehsalına yenidən başlanılması mənim də ürəyimcə olub. Ötən il 190 qram ipəkqurdu toxumundan 300 kiloqram məhsul istehsal etmişəm. Bu il isə 128 qram ipəkqurdu toxumu götürüb bəsləyirəm. Mütəxəssislərin hesablamalarına görə, bəslədiyim ipəkqurdundan 300 kiloqramdan çox barama əldə olunacaq ki, bunun da mənfəəti 4 min manatdan çoxdur", - deyə o bildirib. Qeyd edək ki, bu il Hacıqabulda 4 tondan çox barama istehsalı nəzərə tutulur.

İsmayıllı rayonunda da rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin və yerli icra hakimiyyətinin təşkilatçılığı ilə 29 inzibati ərazi dairəsində 51 kümçüyə 180 qutu ipəkqurdu toxumu paylanılıb. Vurğulayaq ki, baramaçılığın inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı, dövlətimizin başçısının bu sahənin inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlar İsmayıllıda cəmi bir aylıq zəhmət tələb edən bu gəlirli sahəyə diqqəti artırıb. Təsadüfi deyil ki, kümçülər cari ildə ötən ildəkindən 30 qutu çox ipəkqurdu toxumu götürüblər. Verilən məlumata əsasən, rayonda 2019-cu ildə 150 qutudan 4 ton 205 kiloqram barama istehsal olunub. Cari ildə isə 7 tondan çox məhsul götürüləcəyi proqnozlaşdırılır. Rayonda artıq xeyli təcrübəli kümçü, kifayət qədər yem bazası var. Onu da bildirmək lazımdır ki, son illərdə İsmayıllıda 37 min tut tingi əkilib ki, bu da kümçülərə ipəkqurdlarının normal bəslənilməsinə imkan verir.

Prezident İlham Əliyevin baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu konkret vəzifələrin icrası istiqamətində son illər Qazax rayonunda da ardıcıl tədbirlər həyata keçirilib və uğurlu nəticələr əldə olunub. Belə ki, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi Qazax rayonunda ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz təsirini göstərib. Təsadüfi deyil ki, son illər rayonda təsərrüfatın bu gəlirli sahəsinə maraq göstərənlərin sayı xeyli artıb. Bu il artıq beşinci ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Yeri gəlmişkən, cari ildə kümçülər tərəfindən 6 ton yaş baramanın istehsalı nəzərdə tutulub. Rayonun Alpout, Aşağı Salahlı, Aslanbəyli, Birinci Şıxlı, Çaylı, Cəfərli, Daş Salahlı, Dəmirçilər, Hüseynbəyli, Kəmərli, Kosalar, Orta Salahlı, Qaymaqlı, Xanlıqlar, Yuxarı Salahlı kəndləri üzrə barama yetişdirən kümçülərə 150 qutu ipəkqurdu toxumu paylanılıb. Kümçülər bildiriblər ki, ipəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən lazım olan bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. Hər il məhsulun bəhrəsini görən kümçülər cari ildə də mütəxəssislərin məsləhətindən yararlanaraq daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyduqlarını deyiblər.

Respublikamızda baramaçılığın inkişafı ilə bağlı dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində son illər Zərdab rayonunda da ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, vaxtilə ənənəvi sahə olan baramaçılıq artıq intensiv inkişaf yolundadır. Belə ki, bölgədə 2016-cı ildə 1710 kiloqram, 2017-ci ildə 27 ton 55 kiloqram, 2018-ci ildə 71 ton 539 kiloqram barama tədarük olunub. Cari ildə rayonda daha çox barama tədarükü gözlənilir. Bu ilin məhsulu üçün Qax Damazlıq İpəkçilik Stansiyasından 1700 qutu ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanılıb. Kifayət qədər yem bazası da yaradılıb. Rayonda ildən-ilə kümçülərin sayı da artmaqdadır. Bu kümçülərdən 2 nəfəri 2-ci dərəcəli, 1 nəfəri 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Bu il Bərdə rayonunda da yaş barama istehsalında artım nəzərdə tutulur. Belə ki, rayonda 40 tondan çox yaş barama istehsalı proqnozlaşdırılır. Barama yetişdirilməsi ilə əlaqədar bərdəli kümçülərə 1000 qutu (19 min qram) ipəkqurdu toxumu paylanılıb. Hazırda 250 kümçü tərəfindən ipəkqurduların bəslənməsi davam edir. Qeyd edək ki, Bərdə rayonunun inkişaf edən sahələrindən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. İpəkqurdunun yem bazasının bərpası məqsədilə  2016-2019-cu illərdə rayon ərazisində 400 min ədəddən çox tut tingi əkilib. 2016-cı ildə 4,5 ton, 2017-ci ildə 12,5 ton, 2018-ci ildə 24,5 ton, 2019-cu ildə isə 36,6 ton barama istehsal olunub.

Şimal-Qərb regionunda baramaçılığın inkişafı diqqət mərkəzindədir

Onu da bildirmək yerinə düşər ki, ölkənin şimal-qərb regionunda yerləşən rayonlarda da baramaçılığın inkişafı diqqət mərkəzindədir. Məsələn, builki mövsümdə Qax rayonunda 445 kümçüyə 860 qutu ipəkqurdu paylanılıb. Bunun 620 qutusunu damazlıq elit, 240 qutusunu isə hibrid sənaye ipəkqurdu təşkil edir. Hazırda Qax rayonunda damazlıq elit ipəkqurdunun yemlənməsi ilə 395 kümçü, hibrid sənaye ipəkqurdunun yemlənməsi ilə isə 50 kümçü məşğul olur. Bu il ilk dəfə olaraq stansiyanın özündə yerli istehsal hesabına hazırlanmış damazlıq elit ipəkqurdunun yemlənməsi prosesi də həyata keçirilir. Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev bildirib ki, damazlıq elit ipəkqurdu toxumu bu il stansiyanın özündə hazırlanıb. Toxum inkubasiya olunduqdan sonra ondan nümunələr götürülüb, hər nümunədə olan toxumlar sayılıb və dirilməyə qoyulub. Nəticənin çox yaxşı olduğunu vurğulayan direktor deyib: "Biz ipəkqurdunun yemlənməsinə digər kümçülərdən 10 gün əvvəl başladıq və nəticə çox yaxşıdır. İpəkqurdlarından 98 faiz dirilmə əldə olunub. Hazırda ipəkqurdu barama sarımağa başlayıb. Baramanın ölçüsü, orta çəkisi, ipək faizi çox yüksəkdir. Gələcəkdə kümçülərimizi özümüzün istehsal etdiyimiz yüksək məhsuldar ipəkqurdu toxumu ilə təmin edəcəyik".

(davamı növbəti sayımızda)

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 606 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30