Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Teatrlarımızda tamaşaçı problemi...

Teatrlarımızda tamaşaçı problemi...

23.01.2014 [10:18]

Və ya bilet qiymətlərinin baha olması haqqında fikirlər bu məsələdə nə dərəcədə ciddi arqumentdir?
Əslində, dünya teatr tarixində tamaşaçı qıtlığı həmişə aktual problemlərdən olub. Bu gün isə bir çox ölkələrdə bu məsələdən şikayət edənlərin sıraları daha da genişlənir. Azərbaycan teatrları üçün də xarakterik olan bu problemin həlli yolları ciddi müzakirə mövzusudur. Mütəxəssislər, sənətsevərlər bununla bağlı müxtəlif fikirlər irəli sürür, mövcud durumun aradan qaldırılması ilə bağlı fərqli təkliflər səsləndirilir. Ötən illərin müsbət təcrübəsi isə bu təkliflərin ana xəttini təşkil edir. Yaşlı nəslin nümayəndələri ilə söhbətlər zamanı onlar bildirirlər ki, dəfələrlə insanların teatra bilet almaq üçün növbəyə durmalarının və min bir çətinliklərlə bilet əldə etmələrinin şahidi olublar. Məsələn, o dövrlərdə təzə tamaşaya qoyulduğu vaxtlarda Səməd Vurğunun “Vaqif” pyesinin sözlərini tamaşaçılar aktyorlarla birgə əzbər deyirlərmiş. O vaxt insanlar teatrlara gəlib hansı tamaşada kimin oynayacağını əvvəlcədən öyrənirmişlər. Ya da, axşam Ələsgər Ələkbərov tamaşada çıxış edəcəkdisə, onun pərəstişkarları teatra axışıb gəlirdi. Yəni teatra, aktyorluq sənətinə böyük maraq var idi. Lakin bu gün vəziyyət bir qədər dəyişib.
Azərbaycanda bir tamaşaya baxmaq üçün nə qədər pul xərcləmək lazımdır?
Ölkəmizdə teatrdan söhbət gedərkən hamı tamaşaçı qıtlığından şikayət edir. Bəziləri bunu teatrlarımızda səhnəyə qoyulan tamaşaların keyfiyyəti, bəziləri teatrlarda eyni müəlliflərin əsərlərinin səhnələşdirilməsi, bu üzdən tamaşalarda yeknəsəkliyin olması və müasir elementlərin çatışmaması ilə əlaqələndirirlər. Hətta teatr sənətindən xəbəri olmayan, illərlə teatrların qapısından içəri girməyən insanlar da bununla bağlı fikir yürüdürlər. Gənc nəslin nümayəndələri, xüsusilə tələbələr isə əsas səbəb kimi biletlərin baha olmasından şikayətlənirlər. Yəni, doğrudanmı, Azərbaycanda 1 tamaşaya baxmaq bu qədər bahadır?
Araşdırmalarımız zamanı məlum oldu ki, Opera və Balet Teatrında bir tamaşa üçün minimal qiymətlər 11 manatdan 16 manata qədərdir. Əgər əcnəbilər sözügedən teatrda tamaşa səhnələşdirərlərsə, o zaman həmin tamaşanın qiyməti 33 manat olur. Bu tamaşaların bahalı olmasının əsas səbəbi isə biletin qiymətinin üzərinə qastrola gəlmiş aktyorların yol, hotel, ərzaq xərclərinin də əlavə olunmasıdır. Amma eyni zamanda, Opera və Balet Teatrının hazırladığı tamaşalara xarici vətəndaşlar, diabet xəstəliklərindən əziyyət çəkənlər, imkansızlar, fiziki qüsurlu insanlar pulsuz baxa bilərlər.
Ən ucuz biletlər...
Gənc Tamaşaçılar Teatrı həm uşaqlar, həm də böyüklər üçün maraqlı tamaşalar hazırlayır. Bu teatrda biletlərin qiyməti cəmi 4-5 manatdır. Köklü ənənələrə malik digər teatr - Rus Dram Teatrı isə tamaşaçı baxımından hazırda yüksəliş dövrünü yaşayır desək, yanılmarıq. Çünki bu teatrın demək olar ki, bütün tamaşaları anşlaqla keçir. Teatr həm xarici, həm də yerli dramaturqlarla sıx əməkdaşlıq edir. Mədəniyyət ocağının repertuarı geniş olduğundan tamaşaçı üçün də seçim imkanı böyükdür. Uşaqlar üçün tamaşalara biletlərin qiyməti 4 manat, böyüklər üçün axşam tamaşalarına isə 5 manatdan 10 manata qədər dəyişir. Musiqili Komediya Teatrında isə qiymətlər 5-10 manat civarındadır. Azərbaycan teatrının məbədi sayılan Akademik Milli Dram Teatrında biletlərin qiyməti yerlərə görə dəyişir. Belə ki, qabaq sıralarda oturub tamaşanı seyr etmək istəyənlər 10, arxa cərgələrlə kifayətlənənlər isə 6 manat ödəməli olurlar.
Standart qiymətlər...
Pantomim Teatrında bütün tamaşaların qiyməti 5 manatdır. Teatrın repertuarı sosial şəbəkələrdəki tamaşaçıların sayəsində bəlli olur. Belə ki, təşkilatçı repertuarda olan tamaşaları teatrın “facebook” səhifəsində yerləşdirir və tamaşaçılar bileti sosial şəbəkədə sifariş verirlər. Hansı tamaşanı daha çox seyr etmək istəyən olarsa, həmin tamaşa da bəlli vaxtda oynanılır. Baxmayaraq ki, teatrın 50 nəfərlik yeri var, teatr açıq kassa ilə öz yerlərini doldura bilir.
Abdulla Şaiq adına Dövlət Kukla Teatrı öz zalına 210 nəfər yerləşdirə bilir. Burada həm uşaqlar, həm də böyüklər üçün tamaşalar hazırlanır. Kukla Teatrında da biletlərin qiyməti standartdır - 2 manat.
Bəs xaricdə tamaşaya bilet neçəyədir?
Yazını hazırlayarkən xarici ölkələrin də teatrlarında biletlərin qiyməti ilə maraqlandıq. Araşdırmalarımız nəticəsində məlum oldu ki, Qərbi Avropa və keçmiş Sovet ölkələrinin əksəriyyətində tamaşaçılar bizdən fərqli olaraq, bileti daha çox onlayn (internet vasitəsilə) alırlar. Onlar internet vasitəsi ilə izləyəcəyi tamaşanı, oturacağı yeri öncədən seçib tamaşanı izləməyə gedirlər.
İndi isə ayrı-ayrı ölkələrdə teatr tamaşalarına olan biletlərin qiymətlərinə nəzər yetirək. Rusiyada teatr tamaşalarına biletlərin qiyməti 22 manatdan 76 manatadək dəyişir. Türkiyədə isə bir tamaşaya baxmaq sizə 35-111 manata başa gələ bilər. Ukraynada bu qiymət 2-24 manat, Özbəkistanda 1-6 manat, İngiltərədə isə 15-60 manat arasındadır.
Problem qiymətdə deyilsə...
Göründüyü kimi problem heç də qiymətlə bağlı deyil. O zaman ortada daha ciddi sosiopsixoloji faktorlar var ki, növbəti yazılarımızda bu faktorlara toxunmağa çalışacağıq.
OKTAY

Paylaş:
Baxılıb: 1221 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30