Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qırğızıstanda yaz oyanışları inqilablarla nəticələnir

Qırğızıstanda yaz oyanışları inqilablarla nəticələnir

09.04.2010 [10:21]

Və ya bu yoxsul Orta Asiya ölkəsi böyük güclərin maraq toqquşmalarının girovuna çevrilib
Artıq bir neçə gündür ki, dünyanın diqqəti yenidən Qırğızıstana yönəlib. Buna səbəb isə həmin ölkədə hakimiyyət dəyişikliyi ilə nəticələnən növbəti qanlı toqquşmaların olmasıdır. Sözügedən qanlı toqquşmalara səbəb, (daha doğrusu bəhanə - red.) 2005-ci ildə baş verən inqilabın 5-ci ildönümü ərəfəsində, Bişkekdə keçirilən mitinqdə 20-dən çox müxalifətçinin həbs edilməsi olub. Məlumatlara görə, qırğız müxalifətçiləri işığa görə haqqın endirilməsini və hakimiyyətin hazırladığı konstitusiya islahatının, eləcə də, strateji obyektlərin özəlləşdirilməsinin təxirə salınmasını tələb ediblər. Onlar həmçinin, tələb ediblər ki, Bişkek yaxınlığında “Manas” bazasında Amerikanın Tranzit Mərkəzi bağlansın.
Bunun ardınca isə, hakimiyyətin həyata keçirdiyi siyasətdən narazı olan müxalifətçilər İssık-Kul vilayət administrasiyasının binasına daxil olublar. Ferghana.ru saytının verdiyi məlumata görə, İssık-Kul vilayətinin qubernatoru Kıdıkbek İsayev könüllü olaraq, öz səlahiyyətlərindən imtina edib. Bunun ardınca baş verənlər isə, sonda prezident Kurmanbek Bakiyevin devrilməsi ilə nəticələnib.
Necə gəldisə, elə də getdi
Beləliklə, ötən iki-üç gün ərzində Qırğızıstanda cərəyan edən hadisələri təhlil edən bəzi xarici ekspertlər bunu 5 il əvvəl baş verən bəzən “zambaq”, bəzən isə “lalə inqilabı” adlandırılan olayların təkrarı kimi dəyərləndirirlər. Məhz 5 il əvvəl, 2005-ci il martın 24-də Qırğızıstanın paytaxtında müxalifətin parlament seçkilərinin ləğvi və prezident Əsgər Akayevin istefası tələbilə başladığı etiraz aksiyası günortadan az keçmiş öz kulminasiya nöqtəsinə çatdı. Həmin vaxt müxalifət qüvvələrini özündə birləşdirən Qırğızıstan Xalq Hərəkatının tərəfdarlarının önündə gedənlər Roza Otunbayeva və Kurmanbek Bakiyev idi. Beləliklə, sözügedən inqilab o zamankı Qırğızıstan prezidenti Əsgər Akayevin istefa verərək, ölkədən qaçması ilə nəticələndi.
Yeri gəlmişkən, mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Avrasiya Demokratiya Təşəbbüsü proqramının direktoru Peter Zalmayev də BBS-yə açıqlamasında belə müqayisələrin əsaslı olduğunu deyib: “İndiki olaylar 2005-ci ildə “Lalələr inqilabı” kimi tanınan hadisələrə çox bənzəyir. Onda da vəziyyət qarışıqlığın yüksək səviyyəsi ilə səciyyələnirdi. Müxalifət liderləri bu hadisələrin əvvəlində həbs edilmişdilər. Hazırda qeyri-təşkilatlanmış kütlənin fəaliyyətini görmək olar. Onlar polisə basqın edib, maşınlara od vurub. İnqilab vaxtı da bölgələr aparıcı rol oynayıb. ötən dəfə etirazların aparıcı mərkəzi cənub bölgələr olmuşdu. İndi Şimal təşəbbüsü ələ keçirməyə nail olub”.
Böyük güclər Qırğızıstanı bölüşə bilmir
Beləliklə, baş verənlər və əldə olunan ilkin nəticə 2005-ci ildə inqilab yolu ilə hakimiyyətə gələn Bakiyevin məhz həmin yolla da devrildiyindən xəbər verir. Yəni, Əsgər Akayevin devrilməsi üçün istifadə olunan metodun oxşarı Bakiyevin prezident postundan uzaqlaşdırılması üçün tətbiq edilib. Sadəcə, yuxarıda da qeyd edildiyi kimi, 2005-ci il inqilabının başlanğıc nöqtəsi ölkənin cənub bölgələri olduğu halda, budəfəki inqilab şimal bölgələrindən start götürüb. Daha dəqiq desək, hər iki halda prezidentin devrilməsi ilə sonunclanan Qırğızıstan olaylarında dəyişən yalnız illər və inqilab mərkəzləri olub.
Bütün bunlarla yanaşı, onu da qeyd etmək yerinə düşər ki, Qırğızıstanı öz maraq toqquşmalarının girovu halına çevirən böyük güclərin anlaşa bilməməsi, sonda bu ölkədə çoxsaylı insan tələfatları ilə nəticələndi. Bəli, istər Əsgər Akayevin, istərsə də Kurmanbek Bakiyevin devrilməsi ilə nəticələnən inqilabların arxasında məhz xarici güclərin dayandığı kimsəyə sirr deyil. Xarici ekspertlərin də qeyd etdikləri kimi, Qırğızıstanın geostrateji əhəmiyyəti bu ölkə uğrunda mübarizə aparan böyük güclərin maraq toqquşmalarının artıq silahlı qarşıdurma halına gəldiyindən xəbər verir. Yəni, bu böyük güclər konkret olaraq, Birləşmiş Ştatlar və Rusiya çox gözəl anlayır ki, Qırğızıstana sahib olmaq, ilk növbədə, çinə nəzarət etmək imkanını qazanmaq deməkdir. Digər tərəfdən, Rusiya üçün Qırğızıstan Orta Asiyada daha da möhkəm dayaqlar üzərində durmaq, ticarət yollarına nəzarət etmək deməkdirsə, ABŞ üçün İraq və Əfqanıstan siyasətinin reallaşdırılmasında daha rahat mövqe əldə etməkdir.
Bir sözlə, görünən odur ki, Qırğızıstanın regionda cərəyan edən “böyük oyunun” mərkəzində olması, bu ölkə uğrunda aparılan rəqabət hələlik qırğızlara bədbəxtlik gətirməkdədir. Əslində, bu, İngiltərə və Rusiya imperiyalarının XIX əsrdə Hindistanı nəzarət altına almaq uğrunda apardıqları mübarizəni xatırladır.
Qırğızların başına bəla olan “Manas”
Onu da qeyd etmək yerinə düşər ki, Orta Asiyanın bu yoxsul ölkəsini qiymətə mindirən əsas amil “Manas” hərbi bazasıdır. özbəkistandakı “K2” bazası bağlandıqdan sonra “Manas” Birləşmiş Ştatlar üçün daha mühüm əhəmiyyət kəsb etməyə başlayıb. çünki “Manas” Əfqanıstandakı əməliyyatların aparılmasına yardım edən əsas hərbi mərkəzlərdən biri halına gəlib. 2005-ci ildə hakimiyyətə gələn Kurmanbek Bakiyev bu bazadan istifadə ilə bağlı ABŞ-ın ödədiyi maliyyənin az olduğunu bəyan etdi. 2009-cu ildə Rusiyanın Qırğızıstana ayırdığı böyük miqdarda maliyyə yardımı isə Bakiyevi amerikalılara qarşı daha sərt dildə danışmağa sövq etdi. Məhz bu yardımdan sonra Qırğızıstan prezidentinin “Manas”ın bağlanacağına dair açıqlaması isə birbaşa ABŞ prezidenti Barak Obamanın fəaliyyətə keçməsi ilə nəticələndi. Əldə edilən razılığa əsasən “Manas”ın Tranzit Mərkəzi adlandırılmasına qərar verildi. Təbii ki, bu razılaşma ABŞ-ı regiondan mümkün qədər uzaqlaşdırmağa çalışan Rusiyanı qane edə bilməzdi. Və bu baxımdan da Kremlin Bakiyevi cəzalandıracağına dair informasiyalar dövriyyəyə buraxıldı. Həmin informasiyalarda o da iddia edilirdi ki, Bakiyevin iki il öncə ABŞ tərəfi ilə Qırğızıstan ərazisində amerikalılara məxsus ikinci hərbi bazanın yaradılmasına dair apardığı gizli danışıqların detalları Rusiya tərəfinə məlum olub.
Bütün bunları xatırlatmaqla yanaşı, onu da qeyd etmək lazımdır ki, Rusiyanın Baş naziri Vladimir Putinlə Qırğız Xalq Etimad Hökumətinin rəhbəri Roza Otunbayeva arasında baş tutan telefon danışığı beynəlxalq ekspertlər tərəfindən maraqla qarşılanıb. Rusiya Baş nazirinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Vladimir Putin zorakılıq hallarından çəkinməyə, xarici nümayəndəliklərin təhlükəsizliyini təmin etməyə çağırıb.
Bundan başqa, Rusiyanın Baş naziri Qırğızıstana zəruri humanitar yardım göstərməyə hazır olduqlarını deyib.
Qırğızıstan olaylarına azərbaycanlı ekspertlər necə yanaşır?
Yeri gəlmişkən, azərbaycanlı ekspertlər bütün bu olaylara müxtəlif, eyni zamanda, əhatəli mövqelərdən yanaşırlar. Məsələn, siyasi şərhçi Vəfa Quluzadə hesab edir ki, Qırğızıstanda baş verən son olayların mərkəzində mövcud hakimiyyətin daxili siyasətdə buraxdığı ciddi və kobud nöqsanlar-səhvlər dayanır. V.Quluzadənin qənaətincə, Kurmanbek Bakiyevin yanlış daxili siyasətinin fonunda ortaya çıxan ağır sosial-iqtisadi və siyasi durum bugünkü, qeyri-stabil vəziyyətin təkanvericisidir: “Kurmanbek Bakiyev hakimiyyətə gələrkən, öz üzərinə götürdüyü bütün öhdəlikləri sonradan “unutdu”. Məhz bunun nəticəsi idi, qısa müddətdə daxili sosial-iqtisadi və siyasi proseslər tədricən hakimiyyətin nəzarətindən çıxdı. Və budur, Qırğızıstan növbəti dəfə toqquşmalar meydanına çevrildi. Yəni, bu olayların günahkarı və səbəbkarı mövcud hakimiyyətdir”.
Siyasi şərhçi onu da qeyd edib ki, bu və buna bənzər olayların bütövlükdə regiona yayılması ehtimalı yoxdur: “Regionda hər bir ölkənin özünəməxsus-spesifik daxili durumu mövcuddur. Qırğızıstan hadisələrinin heç bir region ölkəsində təkrarlanması gözlənilmir. O ki qaldı Qırğızıstan daxilindəki hadisələrə, onu qeyd etmək olar ki, vəziyyət tədricən sabitləşəcək”.
Politoloq Elman Nəsirov isə bildirib ki, Qırğızıstanda baş verən bu olayın mərkəzində çox ciddi amillər dayanır: “Hadisələrin əsasında dayanan səbəbləri bir neçə yöndə təsnif edə bilərik: Əvvəla, ilk səbəb kimi Kurmanbek Bakiyevin həyata keçirdiyi siyasi idarəetmədə ortaya çıxan nöqsanlar və boşluqları qeyd etmək lazımdır. 5 il öncə Kurmanbek Bakiyev hakimiyyətə gələrkən, xalqın ondan müəyyən gözləntiləri var idi. Xalq ümid edirdi ki, avtoritar idarəetməyə son qoyulacaq, insan və vətəndaş hüquq və azadlıqları mümkün olan səviyyədə bərpa ediləcək, daxili və xarici siyasi münasibətlər normallaşdırılacaq. Amma bunlar olmadı. Əksinə, avtoritarizmdən neoavtoritarizmə keçid tendensiyası baş verdi. Bunun ardınca ölkə daxilində iqtisadi və sosial vəziyyət olduqca gərginləşdi. Elə bu amilin də təsiri ilə sonuncu olay yaşandı”.
“Qırğızıstan hadisələrinin əsasında, ABŞ-Rusiya strateji maraqlarının toqquşması dayanırmı” sualına cavab olaraq, E.Nəsirov qeyd edib ki, sonuncu hadisələrə zəmin yaradan növbəti əsas amil kimi, K.Bakiyev hakimiyyətinin xarici siyasət kursunda yol verdiyi səhvləri əsas götürmək olar: “Əvvəllər hərbi baza kimi “Manas” ABŞ-ın istifadəsində idi. Hazırki Qırğızıstan hakimiyyəti sonradan bu bazanın ləğvi məsələsini gündəmə gətirməklə geosiyasi balansa incə şəkildə toxundu. Amma Ağ Evin təsir və təzyiqlərindən sonra “Manas” hərbi bazasının ləğvi məsələsi ortadan qaldırıldı, yalnız onun statusu dəyişdirildi. İndi “Manas” hərbi deyil, mülki baza kimi ABŞ-ın istifadəsindədir. Bunun ardınca isə, Rusiyanın Qırğızıstana təsirlərinin səviyyəsi dəyişdi. Bütün bu proseslərin fonunda K.Bakiyev hakimiyyətinin etdiyi dolaşıq manevrlər nəticə etibarilə, Qırğızıstana qarşı xarici təsir və təzyiqləri artırdı. Bu isə Bişkeki geosiyasi maraqların toqquşduğu “episentr”ə çevirdi”.
Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc isə qeyd edib ki, XXI əsr şəraitində bu kimi inqilabi çevrilişlər demokratiyanı bərpa etmək, xalqı azadlığa və rifaha qovuşdurmaq üçün effektiv üsul və ya vasitə deyil. Onun sözlərinə görə, bu vasitə olduqca təhlükəli olmaqla yanaşı, siyasi prosesləri gərginləşdirməkdən başqa heç bir funksiya icra etmir: “Əvvəllər bu vasitədən özlərinin milli maraqlarına uyğun şəkildə istifadə etmək istəyənlər “narıncı inqilab”lar silsiləsini müxtəlif dövlətlər - millətlər üzərində tətbiq edirdilər. Amma müəyyən zaman müddətindən sonra “narıncı inqilablar”ın sonradan istənilməyən acı nəticələrə gətirib çıxarılması faktı praktik səviyyədə öz təsdiqini tapdı”.
Millət vəkili qeyd edib ki, baş verənlər bir daha sübut edir ki, regionun ən güclü aktoru olmaq etibarilə, Azərbaycan hər zaman sabitliklər məkanı-meydanı kimi çıxış edib. Onun sözlərinə görə, Azərbaycan hakimiyyətinin yürütdüyü uğurlu xarici və daxili siyasət nəticəsində ölkəmiz mütəmadi qaydada inkişaf etməkdə və beynəlxalq arenada öz mövqeyini daim gücləndirməkdədir.
Beləliklə, millət vəkilinin də qeyd etdiyi kimi, digər ölkələrdə, son proseslərin fonunda isə konkret olaraq Qırğızıstanda baş verənlər xarici siyasət məsələsində bütün detalların incəliklə nəzərə alınmasının zəruri olduğunu növbəti dəfə təsdiq etdi. Daha dəqiq desək, bu olayları dərin analiz edərkən ortaq bir nəticəyə gələ bilərik. Bakiyevin məlum inqilabla üzləşməsinin əsas səbəblərindən biri onun komandasının xarici siyasət sahəsində buraxdığı kobud səhvlərlə bağlıdır. Yəni, yuxarıda da qeyd edildiyi kimi, Qırğızıstan, əslində, bu gün böyük güclərin, konkret olaraq Birləşmiş Ştatlarla Rusiyanın maraqlarının toqquşduğu məkana çevrilib. Bununla belə, Vaşinqtonla Moskvanın təkcə Qırğızıstana deyil, keçmiş SSRİ məkanına daxil olan digər ölkələrə də tam nəzarəti ələ keçirmək üçün mübarizə apardığı kimsəyə sirr deyil. Bu da bir həqiqətdir ki, istər Birləşmiş Ştatlar, istərsə də Rusiya Qırğızıstandan daha çox Azərbaycanda öz maraqlarının təmin olunmasına cəhd göstərir. Ancaq məhz Azərbaycan hakimiyyətinin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu nəticəsində ölkəmiz Qırğızıstandan fərqli olaraq Vaşinqtonla Moskvanın maraqlarının toqquşduğu deyil, uzlaşdığı bir dövlətə çevrilib.
Nadir AZƏRİ,
Nurlan QƏLƏNDƏROV

Paylaş:
Baxılıb: 1073 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30