Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / NATO-da “qan dəyişikliyi”...

NATO-da “qan dəyişikliyi”...

09.02.2022 [10:15]

Şimali Atlantika Alyansının növbəti baş katibi kim olacaq?

P. İSMAYILOV

Dünyanın aparıcı hərbi ittifaqı sayılan Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi  Yens Stoltenberqin səlahiyyət müddəti başa çatmaqdadır. 2014-cü il oktyabrın 1-dən Avroatlantik Alyansa rəhbərlik edən Stolenberq Norveç nümayəndəsi kimi iki seçki dönəmində - 8 il quruma rəhbərlik edib. Xatırladaq ki, baş katib Şimali Atlantika Müqaviləsi Təşkilatının  ən yüksəkvəzifəli şəxsi sayılır və təşkilatın işinin əlaqələndirilməsini yerinə yetirir, həmçinin Şimali Atlantika Şurasına sədrlik edir. Qurumda baş katib postunu ənənəvi olaraq avropalılar daşıyır. Bu strukturlaşma ABŞ-ın NATO-dakı təsirini balanslaşdırmağa hesablanıb. Belə ki, Alyansda ən yüksək hərbi vəzifə sayılan Avropa Müttəfiq Qüvvələri baş komandanını ABŞ təyin edir. Baş katib NATO-ya üzv ölkələrin konsensusu əsasında 4 il müddətinə seçilir. Lakin üzv ölkələrin razılığı əsasında baş katibdən 1 il və ya daha artıq müddətə vəzifədə qalması da xahiş oluna bilər.

Artıq 8 ildir quruma rəhbərlik edən Stoltenberqi İtaliyadan olan nümayəndə əvəz edə bilər. “La Repubblica” nəşrinin məlumatına görə, bu dəfə Alyansın baş katibi postuna Aralıq dənizi regionu dövlətlərindən birinin nümayəndəsi təyin edilməlidir. İspaniya və Portuqaliya rəqib hesab oluna bilməz, çünki bu ölkələrin nümayəndələri artıq beynəlxalq siyasi iyerarxiyada mühüm mövqeləri tuturlar - ispaniyalı Josep Borrell Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarıdır, portuqaliyalı Antonio Quterreş isə BMT-yə rəhbərlik edir. Eyni zamanda, İtaliya hökuməti hələ iyunda Madriddə keçiriləcək NATO sammitinə qədər təsdiq edilməli olan namizədi ilə bağlı qərar verməyib. Ənənəyə görə, keçmiş baş nazirlər NATO-nun baş katibi vəzifəsinə qəbul olunurlar. Lakin İtaliyada müəyyən siyasi səbəblərdən bu barədə mübahisəli və qeyri-müəyyən məqamlar var. Ona görə də namizədlər arasında keçmiş xarici işlər naziri və Avropa İttifaqının keçmiş xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, keçmiş müdafiə naziri Robertu Pinotti və hazırkı müdafiə naziri Lorenzo Querini var.

Azərbaycanın da NATO ilə yaxın tərəfdaşlıq əlaqələrinin olduğunu və ən yaxın müttəfiqimiz Türkiyənin də qurumda təmsil olunduğunu nəzərə alsaq, bu dəyişiklik ölkəmiz üçün də müəyyən maraq kəsb edir. Bu baxımdan, yaxın perspektivdə İtaliyanın NATO-ya rəhbərliyi qurumda hansı yeniliklərlə müşahidə oluna bilər?

Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli NATO-nun baş katibi Yens Stoltenberqin bu vəzifədə ən çox qalan ikinci şəxs olduğunu deyib. Onun sözlərinə görə, bu vəzifədə ən çox təmsil olunmuş hollandiyalı Yozef Luns 13 il quruma başçılıq edib. 2014-cü ildən NATO baş katibi seçilən Stoltenberq 8 il Alyansa rəhbər olub. E.Həsənli bildirib ki, Stoltenberqin vəzifədə olduğu dövr olduqca gərgin hadisələrlə müşayiət olunub. Bu dövr ərzində istər Yaxın Şərqdə baş verənlər, istərsə də Rusiya ilə NATO arasındakı fikir ayrılıqları, çəkişmələr bunu deməyə əsas verir: “2014-cü ildən bu yana ortaya çıxan Ukrayna problemi NATO-nun əsas prioritetlərindən sayılır. Belə ki, şərqə doğru genişlənmə çərçivəsində “açıq qapı” siyasəti yürüdən NATO Ukrayna ilə Gürcüstanın Alyans üzvlüyü məsələsini gündəmə gətirib. Stol?enberq bu məsələdə qurumun maraqlarına uyğun addımlar atsa da, Rusiya ilə dialoqun davam etdirilməsinin tərəfdarı kimi çıxış edib. Bəlkə də, indiyə qədər hərbi qarşıdurmaların yaşanmamasının bir səbəbi də Stoltenberqin ehtiyatlı və təmkinli siyasəti olub”.

Hərbi ekspert bildirib ki, bu vaxta qədər Alyansa 4 dəfə italiyalı şəxs rəhbərlik etsə də, onların üçü vəzifə icraçısı qismində təmsil olunublar. Yalnız Manila Broziyo 7 il quruma tam səlahiyyətlə başçılıq edə bilib. “NATO-ya hansı dövlətin və ya şəxsin başçılıq etməsi mühüm fərq yaratmır. Çünki bu qurumda bütün qərarlar konsensus, müzakirə nəticəsində qəbul edilir. Ən əsas məqam isə maraqların uzlaşmasıdır. Təbii ki, Azərbaycan ilə İtaliya arasında mühüm əlaqələrin mövcudluğunu nəzərə alsaq, italiyalı nümayəndənin NATO baş katibi seçilməsi bizim üçün də məqbuldur. Eyni zamanda, rəsmi Roma ilə Ankara arasında da hər hansı mübahisəli predmet və ya fikir ayrılığı müşahidə edilmir. İnanmaq istərdim ki, yeni NATO rəhbəri yaxın gələcəkdə əsas problemə çevrilmiş Ukrayna məsələsinin həlli ilə bağlı kompromis yolu tapacaq”, - deyə E.Həsənli əlavə edib.

Paylaş:
Baxılıb: 661 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31