Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir

Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir

17.06.2016 [10:18]

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov gənc nəsil üçün vətənpərvərlik və qəhrəmanlıq nümunəsidir
Bu ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal altında olan torpaqlarında, eləcə də cəbhə xətti boyunca təxribat xarakterli hücumlarının qarşısının Azərbaycanın Silahlı Qüvvələri tərəfindən uğurla alınması xalqımızda qələbə əzmini yüksəltməklə yanaşı, Milli Ordumuzun yüksək peşəkarlığını da bir daha sübuta yetirdi. Azərbaycanın igid oğullarının mərdliklə bu təxribat xarakterli hücumlara sinə gərmələri, düşmənə layiqli cavab vermələri, öz elini, obasını qorumaq üçün canlarından belə keçmələri şərəfli tariximizin qızıl səhifələrindən birinə çevrildi. Təbii ki, bu qələbənin səbəbləri çoxdur - igid oğullarımız, hərbi gücümüzün qüdrəti və hərbi sənayemizin inkişafı. Ən əsası isə, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət kursu bu gün Azərbaycanın iqtisadi yüksəlişini təmin etməklə yanaşı, ölkəmizi Dağlıq Qarabağ münaqişəsinin həllində də söz sahibinə çevirib...
Ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü siyasət uğurlu nəticələr verir
Vurğulamaq lazımdır ki, bu gün bütün sahələrin paralel inkişafı fonunda ordu quruculuğu sahəsində də sistemli və kompleks işlər aparılır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev Azərbaycanda müasir ordu quruculuğu siyasətini uğurla həyata keçirir. Müharibə şəraitində yaşayan bir ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi Milli Ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hər zaman vurğulayır ki, ordu quruculuğu diqqət mərkəzində olan sahədir: “Biz bu sahəyə daim böyük diqqət göstəririk. Bu da təbiidir, çünki Azərbaycan müharibə şəraitində yaşayır, müharibə bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Bunu artıq hamı görür, o cümlədən bu məsələ ilə məşğul olan vasitəçilər”.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində planlı, elmi əsaslarla aparılan ordu quruculuğu sahəsində məqsədyönlü işlər görülüb. Hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədə olub, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Bunlarla yanaşı, aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın təmiri və modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılıb. Aviasiya üzrə yeni kompleks uçuş simulyatorlarının alınması və quraşdırılması nəticəsində uçuş heyətinin hazırlığının keyfiyyəti yüksəlib və aviasiya texnikasının texniki resurslarına qənaət olunub. Zenit-raket qoşunları üzrə zenit-raket komplekslərinin modernləşdirilməsi nəticəsində döyüş texnikasının səmərəliliyi və atəş imkanları artırılıb. Hərbi Hava Qüvvələrinin modernləşdirilmiş döyüş texnikalarında rəqəmsal məlumat mübadiləsinin təmin edilməsi üçün yeni rabitə kanalları yaradılıb. Görülən bütün bu işlər nəticəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığına nail olub və aprel ayında Ali Baş Komandanın qarşıya qoyduğu bütün tapşırıqları uğurla yerinə yetirib.
Vətən qəhrəman övladları ilə fəxr edir!
Azərbaycan Ordusunun döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan olan vətənpərvərlik ruhu da Azərbaycan Silahlı Qüvvələrinin səciyyəvi keyfiyyətlərindəndir. Aprel döyüşləri zamanı bu amilin necə böyük bir əhəmiyyət kəsb etdiyini bir daha gördük. Başqa sözlə, müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri də orduda və vətəndaşlar arasında sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünə inam, vətənpərvərlik hisslərinin hakim olmasıdır. Şəhid olan qəhrəmanlarımızın dəfn mərasimlərində, eləcə də gənclərin baş verənlərə münasibətində cəmiyyətimizdə vətənpərvər əhval-ruhiyyənin hökm sürdüyü bir daha ortaya çıxdı. Xalqımız haqlı olaraq regionda aparıcı güc strukturuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.
Vurğulayaq ki, bu qələbəni təmin edən əsas amillərdən biri də məhz Azərbaycanın qəhrəman, qorxmaz oğulları oldu. Polkovnik-leytenant Raquf Orucov, Murad Mirzəyev, Təbriz Musazadə, Ürfan Vəlizadə, mayor Samit İmanov, eləcə də digər oğulların rəşadəti, mərdliyi düşmənin arzularını üyrəyində qoydu. Vətəninin müdafiəsi üçün canını sipər edən bu oğullar xalqımız tərəfindən hər zaman dərin ehtiramla anılacaq. Eləcə də, dövlətimiz bu igid oğulların qəhrəmanlığına böyük qiymət verdi. Dövlətin yüksək mükafatları, orden və medallarla təltif edilən bu qəhrəman igidlərimiz öz adlarını Azərbaycanın hərb tarixinə yazdırdılar.
Şükür Həmidov kimi oğullarımız gənc nəsil üçün qəhrəmanlıq nümunəsinə çevrilib
Aprelin əvvəllərində erməni işğalçılarının təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdiyi qəhrəmanlıq və igidliyə görə polkovnik-leytenant Həmidov Şükür Nəriman oğlu da Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb. Əslən Qubadlı rayonunun Başarat kəndindən olan Həmidovlar ailəsi 1993-cü ildə erməni qəsbkarlarının işğalı nəticəsində öz doğma el-obalarından didərgin düşüblər. 1993-cü ildə Sumqayıt şəhərində məskunlaşan ailədə 10 uşaq böyüyüb. Ş.Həmidovun atası Nəriman Həmidov bildirib ki, oğlu Şükür Qubadlı rayonunun Başarat kəndində səkkizinci sinfə kimi təhsil alıb, daha sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. Öz taleyini hərbçiliklə bağlayan Şükür Həmidovun həyat yolu sonradan onu Hərbi Akademiyaya gətirib çıxarır...
Qeyd edək ki, bu gün də öz xidmətini düşmən önündə, cəbhə xəttində davam etdirən Milli Qəhrəmanımız böyük bir gənclik ordusunun qəhrəmanlıq nümunəsinə çevrilib. Azərbaycan xalqının fəxri olan Şükür Həmidov kimi igid oğullar Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün hər zaman canlarını fəda etməyə hazır olduqlarını nümayiş etdirirlər.
Azərbaycan istənilən yolla ərazi bütövlüyünü təmin edəcək
Bəli, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu siyasəti sayəsində bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Dövlət başçısının orduya qayğısı, hərbi hissələrə davamlı olaraq baş çəkməsi, cəbhə bölgəsində xidmət göstərən hərbçilərlə görüşməsi onlarda ruh yüksəkliyini daha da artırır. Ümumiyyətlə, güclü ordu həm də müstəqilliyin qarantıdır. Azərbaycan Ordusunun gücü və imkanları müstəqilliyimizin sarsılmazlığına inamı artırır. Ən əsası, ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını tezliklə işğaldan azad edəcəyinə dair optimist qənaət yaradır. Qoşunların təmas xəttində Ermənistanın təxribatlarının qarşısının uğurla alınması Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə əyani surətdə nümayiş etdirdi. Bir daha bəlli oldu ki, Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulmuş istənilən vəzifəni icra etmək gücü və əzmindədir. Ermənistan ordusunun təxribatçı hərəkətlərinə layiqli cavab verilməsi, eyni zamanda, böyük ruh yüksəkliyi yaratmış oldu. Dövlətimizin başçısının bildirdiyi kimi: “Bizə qarşı böyük təxribat hazırlanırdı, çoxsaylı diversantlar artıq təşkil olunmuş və səfərbər edilmişdi ki, Azərbaycanın mövqelərinə hücum çəksinlər. Bizim ordumuz o təxribatın qarşısını aldı. Preventiv zərbə vurmaqla düşmənə çox böyük ziyan yetirdi və bir çox işğalçılar məhv edildi. Əlbəttə ki, Ermənistan tərəfi dərhal, həmişə olduğu kimi, hay-haray qaldırdı. Ancaq burada təbii sual yaranır, işğalçılar hansı ərazidə həlak oldular? Ermənistandamı? Xeyr, bizim torpağımızda. İşğal edilmiş torpaqlarda. Sual olunur, onların orada nə işi var? Özü də orada ölənlərin mütləq əksəriyyəti Ermənistan vətəndaşlarıdır, heç Dağlıq Qarabağ sakinləri deyil. Yəni Ermənistan ordusu bizim torpaqlarımızda işğalçılıq siyasəti aparır. Bu, gün kimi aydın bir məsələdir”.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən son proseslər bir sıra məqamları yenidən aktuallaşdırdı. Birincisi, ermənilərin işğalçılıq siyasəti davam edir. Belə ki, bu zamana qədər işğalçı ritorika ilə çıxış edən Ermənistan rəhbərliyi yeni təcavüzkar davranışlar həvəsində olduğunu nümayiş etdirir. İkincisi, bütün bunlar göstərir ki, işğalçı ölkə beynəlxalq hüquq normalarına biganə yanaşır, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəmir. Başqa sözlə, son hadisələr Ermənistanın rəsmi dövlət siyasətinin təcavüzkar, təxribatçı xarakterə malik olduğunu göstərməklə yanaşı, həm də işğalçı ölkə rəhbərliyinin mövqe və siyasətinin beynəlxalq hüquq normalarına zidd olduğunu sübut edir. Bütün bunlar isə onu deməyə əsas verir ki, diplomatik səylərin səmərə verməyəcəyi son məqamda Azərbaycan işğal olunmuş ərazilərinin qaytarılmasını haqlı olaraq hərbi yolla təmin edəcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz ölkəmizin ərazi bütövlüyünü bərpa etməliyik və edəcəyik. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında öz həllini tapmalıdır. Ölkəmizin ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən əhəmiyyətsiz deyil. Məsələ beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və tapacaq. Biz isə iqtisadiyyatımızı gücləndiririk, ordumuzu gücləndiririk və istənilən vaxtda lazımi tədbirləri də görəcəyik”.
Pərviz SADAYOĞLU
Azərbaycan Mətbuat Şurasının Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə
birlikdə keçirdiyi “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin
Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda
müsabiqəyə təqdim olunur

Paylaş:
Baxılıb: 701 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30