YAP Gənclər Birliyinin “Yay məktəbi” işini uğurla davam etdirir
04.07.2013 [01:50]
Layihə çərçivəsində iyulun 3-də “Seçki kampaniyası və Azərbaycan gəncləri” mövzusunda təqdimat keçirilib
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi “Yay məktəbi”nin Oğuz turu işini uğurla davam etdirir. Layihə çərçivəsində iyulun 3-də “Seçki kampaniyası və Azərbaycan gəncləri” mövzusunda təqdimat keçirilib. Qrup rəhbəri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qonaqları salamladıqdan sonra mövzuya uyğun olaraq ölkəmizin demokratik inkişafından, seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan biri-birindən əhəmiyyətli addımlardan bəhs edib. Bildirib ki, ölkəmizdə seçkilərin demokratikliyini, azad və şəffaflığını təmin edən təkmil seçki qanunvericiliyi mövcuddur, dövlətimiz hər zaman qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsinə və hər bir yeniliyin Seçki Məcəlləsində öz əksini tapmasına maraq göstərir. Demokratik seçkiləri hər bir dövlətin mütərəqqi inkişafının və sabit vətəndaş cəmiyyətinin əsası kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev hər zaman bu fikri önə çəkir ki, ölkədə bütün işlər müasir tələblərə uyğun şəkildə aparılmalıdır.
Tədbirdə çıxış edən YAP-ın İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, ölkədə siyasi mübarizə sivil qaydalarla tənzimlənir. Onun sözlərinə görə, 22 illik müstəqillik tarixinə malik olan Azərbaycanın ötən dövr ərzində müxtəlif sahələrdə həyata keçirilən islahatlar nəticəsində qazandığı uğurlar ölkəmizin seçki sisteminin də təkmilləşməsinə, beynəlxalq standartlara uyğun qurulmasına, eləcə də, seçki qanunvericiliyinin sistemləşdirilməsinə mühüm təsir göstərib: “Sözsüz ki, bu təkmilləşmənin əsası 1995-ci ildə Konstitusiyanın qəbulu ilə qoyulub. Belə ki, sənəddə bu sahədə əsas prioritetlər müəyyən edilib, onları rəhbər tutaraq Azərbaycanda bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərin hüquqi bazası yaradılıb. 1997-ci ildən başlayaraq müasir standartlara cavab verən seçki qanunvericiliyinin təsis edilməsi məqsədilə Azərbaycan hökuməti ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə yaxından əməkdaşlıq edib. 2001-ci ilin yanvarında Azərbaycan demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunduqdan sonra ölkəmizin seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı əməkdaşlıq çərçivəsi daha da genişləndirilib və bu prosesə Avropa Şurasının Venesiya Komissiyası da cəlb edilib. Səmərəli əməkdaşlıq nəticəsində 2003-cü ilin mayında Azərbaycan Respublikasının Seçki Məcəlləsi qəbul edilib. Bu sənəd beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib”.
Siyavuş Novruzov qeyd edib ki, qəbul olunan sənədlərin daim təkmilləşdirilməsinə maraq göstərən dövlətimiz Seçki Məcəlləsində də yeniliklərin öz əksini tapmasına çalışır. 2005 və 2010-cu il parlament, həmçinin, 2008-ci il prezident seçkiləri zamanı Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər, eyni zamanda, 2005-ci ildə seçki praktikasının təkmilləşdirilməsi, seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında sərəncamların imzalanması Azərbaycan dövlətinin demokratik, dünya standartlarına uyğun seçkilərin keçirilməsində necə maraqlı olduğunu ortaya qoyur. Ölkədə keçirilən seçkilərdə yeni təcrübələrin tətbiqi- barmağın gözəgörünməyən mürəkkəbə boyanması, yerli və beynəlxalq təşkilatlar tərəfindən “exit poll”un keçirilməsi, seçki məntəqələrində veb-kameraların quraşdırılması və s. kimi addımlar da bu istəyin göstəricilərindəndir.
YAP-ın İcra katibinin müavini qeyd edib ki, seçkilərin mahiyyətcə bir-birilə qırılmaz surətdə bağlı olan müxtəlif mərhələlərdən ibarət mürəkkəb proses olduğunu nəzərə alsaq, bu mərhələlərin demokratikliyini, şəffaflığını təmin etmək üçün də ciddi addımlar atılır: “Azərbaycan dövlətinin seçkiləri izləmək üçün daha çox xarici müşahidəçilərin iştirakında maraqlı olması, bununla bağlı həmin qurumlara müraciətlər ünvanlaması daim təqdir olunub. Beynəlxalq qurumlar seçki proseslərində uzunmüddətli və qısamüddətli müşahidə missiyaları ilə təmsil olunurlar. Onlar özlərinin ilkin və yekun rəylərində seçkilərin nəticələri ilə bağlı fikirlərini açıqlayırlar. Ümumi rəy bu olur ki, Azərbaycan dövləti seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün ciddi səylər göstərir”.
Ölkəmizin mühüm siyasi kampaniya-prezident seçkiləri ərəfəsində olduğunu qeyd edən S.Novruzov bildirib ki, digər seçki prosesləri kimi bu kampaniyanın da yüksək fəallıq, demokratik şəraitdə keçirilməsi üçün zəruri olan bütün addımlar atılır. Seçki fəallığının artırılmasında gənclərin rolunu xüsusi vurğulayan S.Novruzov qeyd edib ki, yeniliyə, müasirliyə üstünlük verən Azərbaycan gəncləri daim ölkəmizdə bu yeniliyin, inkişafın şahidi olur.
Bildirilib ki, bu gün sıralarında 600 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının üzvlərinin 40 faizini gənclər təşkil edir. Gənclərin seçki proseslərində fəallığı hər zaman yüksək dəyərləndirilir. Gələcəyə böyük inamla irəliləyən Azərbaycan gəncləri cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, həyata keçirilən siyasətə dəstəklərini ölkənin inkişafına, tərəqqisinə töhfələri ilə təsdiqləməyə çalışırlar.
Ölkəmizdəki dağıdıcı ünsürlərin reallıqları inkar cəhdlərinə də münasibətini açıqlayan YAP İcra katibinin müavini bildirib ki, onların fəaliyyətinə diqqət yetirdikdə hər zaman oxşar olan bir məqamın şahidi oluruq. Bu məqamın daha çox hansı ərəfələrdə diqqəti çəkdiyi məlumdur. Ölkəmiz üçün əhəmiyyətli tədbirlərin keçirildiyi zamanlarda göstərilən “canfəşanlıqlar” onların uğurlarımıza qısqanclıq hisslərindən qaynaqlanan addımları kimi dəyərləndirilsə də, seçkilər zamanı “canfəşanlıqları” tamamilə başqa məqsədi daşıyır. Bu baxımdan ki, seçkinin bir sınaq imtahanı olduğunu dərk edən dağıdıcılar nüfuzlarının, sosial bazalarının yoxluğundan narahatlıq hissi keçirdikləri, ən əsası məğlubiyyətlərinin qaçılmaz olduğunu bildikləri üçün yeganə çıxış yolunu əks təbliğat kampaniyasının sürətini artırmaqda görürlər. Amma unudurlar ki, ölkəmizdəki reallıqların fonunda onların fərziyyələri ictimai fikrə həqiqət kimi sırımaları qeyri-mümkündür.
Gənclər qarşısında çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev isə dövlət başçısı İlham Əliyevin “Seçkilərin nəticələri ölkədəki ab-havanı əks etdirir” fikrini önə çəkib. Onun sözlərinə görə, bu günə qədər ölkədə keçirilən seçkilərə diqqət yetirsək, hər zaman yeniliklərin şahidi olarıq: “Beynəlxalq müşahidəçilərin fikirlərində də bu gerçəklik əksini tapır ki, demokratiyanın beşiyi kimi dəyərləndirilən ABŞ-da belə, namizədlərə Azərbaycandakı qədər şərait yaradılmır”.
O da bildirilib ki, seçkilərin elan olunması və namizədlərin irəli sürülməsi, qeydə alınması, seçkiqabağı təşviqat və s. prosedurlar ölkədə yüksək səviyyədə təşkil olunur. Səsvermə mərhələsində seçicilərin öz seçim hüquqlarından sərbəst istifadə etmələri təmin olunur, hər kəs öz seçimində sərbəstdir. Yekun nəticə isə seçicilərin fəallığından, onların səslərindən asılıdır. Bu zaman namizədin nüfuzu, fəaliyyəti ona istəyinin gerçəkləşməsində yardımçı ola bilər.
YAP Siyasi Şurasının üzvü, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov isə bildirib ki, ötən dövrün uğurları irəliyə daha böyük inamla baxmağa əsas verir: “Azərbaycan bu gün ən yüksək zirvələri fəth edir. Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi uğurların davamlılığına əsas yaradır. Cənab İlham Əliyevin son on ildə gördüyü işlər, uğurlu nəticələr Onun növbəti prezident seçkilərində də qələbəsini təmin edəcək. Azərbaycan növbəti beş ildə də cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edəcək, qarşıya qoyulan hədəfə nail olacaq. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək başlıca hədəfdir”.
Daha sonra çıxış edən gənclər “Yay məktəbi”nin onlara verdiyi biliklərdən, təcrübədən, təqdimat üçün seçilən mövzudan məmnunluqlarını ifadə ediblər.
Məsələn, BDU-nun tələbəsi Yavər Məmmədov deyib ki, Azərbaycan gəncliyi dövlətin onlara diqqət və qayğısını yüksək dəyərləndirir: “Dövlət başçısı İlham Əliyevin bu günlərdə imzaladığı “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Fərman da bu diqqət və qayğının əsas tərkib hissəsi kimi dəyərləndirilir. Biz gənclər dövlət başçısı İlham Əliyevin siyasətini dəstəkləyir, Onun ətrafında sıx birləşərək, gələcəyə böyük inamla baxırıq. Ölkə reallıqlarını inkar yolunu tutan, öz şəxsi ambisiyalarını dövlətin, xalqın mənafeyindən, milli maraqlardan üstün tutan dağıdıcı ünsürlərin cəhdlərinin yersizliyi Azərbaycanın uğurları fonunda özünü qabarıq şəkidə büruzə verir”.
Bakı Biznes Universitetinin tələbəsi Cavidan Heydərov deyib ki, ölkə reallıqlarının içərisində olan və bu gerçəklikləri vətəndaşlıq təəssübkeşliyi baxımından dəyərləndirməyi bacaran hər kəs Azərbaycanın uğurlarından qürur duymalıdır: “Təəssüflər olsun ki, “sapı özümüzdən olan baltalar” xarici anti-Azərbaycan qüvvələrin əlində oyuncağa çevrilərək bu reallıqları inkar edir, ölkənin demokratik imicinə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxırlar. Uğurlara qara eynəkdən baxan bu ünsürlər hər zaman ictimai qınaqla üz-üzədirlər. İctimai qınaq ən böyük cəza olsa da, daxili bədxahlarımız hələ də bundan nəticə çıxarmaq barədə düşünmürlər. Bu da onların şəxsi ambisiyalarının quluna çevrilmələrinin sağalmaz xəstəlik olduğunu təsdiqləyir”.
Gənc yazar, Prezident təqaüdçüsü, jurnalist Dünyamin Kazımov bildirib ki, dövlət başçısı İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, siyasət görülən işlər, real məsələlərdir: “Son 10 ildə Azərbaycanın qazandığı uğurların miqyasının genişliyinə diqqət yetirsək, həyata keçirilən siyasətin möhkəm təmələ əsaslandığının bir daha şahidi olarıq. Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizə beynəlxalq baxışın hansı səviyyədə olduğunu ortaya qoyur. Xatırlasaq, işğalçı Ermənistan da namizədliyini irəli sürmüşdü. Təbii ki, ölkəmizin qələbəsinin şəksiz olduğunu, heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmadığını dərk edən işğalçı dövlət bu addımından geri çəkilmək məcburiyyətində qaldı. Azərbaycanın iqtisadi və siyasi uğurları tezliklə yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də ədalətli həllini təmin edəcək”.
Onun sözlərinə görə, bu gün dağıdıcı ünsürlərin öz fərdi mövqelərini xalqın adından təqdim etmələri ikrah doğurur: “Reallıqların içərisində olan xalq bu ünsürlərin bir illik hakimiyyətləri dövründə Azərbaycanı hansı durumla üz-üzə qoyduqlarını yaxşı xatırlayır. Nə Azərbaycan 20 il bundan öncəki Azərbaycandır, nə də xalq həmin dövrdəki xalqdır. 22 illik müstəqillik tarixinə malik olan Azərbaycanın həyatında baş verən yeniliklər, inkişaf xalqın düşüncələrində də öz ifadəsini tapır. Xalq kimin kim olduğunu, hansı məqsədlər uğrunda mübarizə apardıqlarını çox yaxşı bilir. Məlum olduğu kimi, YAP-ın V Qurultayında cənab İlham Əliyevin namizədliyi rəsmi olaraq irəli sürüldü. Bu təkcə partiyanın 600 mindən artıq üzvünün deyil, xalqın böyük əksəriyyətinin istəyinin ifadəsidir. Xalqımız tam əmindir ki, cənab İlham Əliyev növbəti prezident seçkilərində də böyük səs çoxluğu ilə yenidən Prezident seçiləcək, Azərbaycan daha möhtəşəm uğurlara imza atacaq”.
Masallı rayonundan olan gənc fəal Nemət Abdullayev də deyib ki, gənclərin yeganə namizədi cənab İlham Əliyevdir: “Biz dövlətin siyasətini dəstəkləyir, cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ölkəmizin gələcəyinə böyük inamla baxırıq. Bu dəstəyimizi qarşıdan gələn prezident seçkilərində fəallığımızla sübut edəcəyik”.
Ağdaş rayonundan olan gənc fəal Emil Əzizov isə qeyd edib ki, dağıdıcı müxalifətin fərziyyələri reallıqların fonunda sabun köpüyünü xatırladır: “Nə qədər cəhdlər olunsa da, yalanın həqiqət üzərində qələbəsi mümkünsüzdür. Azərbaycan inkişaf yolunda inamla irəliləyir, biz gənclər ölkəmizin uğurları ilə qürur duyuruq”.
Oğuz rayonundan olan gənc fəal Ramiz Mahmudov qeyd edib ki, seçkidən-seçkiyə “biz də varıq” prinsipi üzrə hərəkət edərək özlərini xalqa yaxın göstərməyə çalışan dağıdıcı müxalifət partiyaları bu həqiqəti çox yaxşı bilirlər ki, xalqa deyil, xarici himayədarlarına arxalananların aqibəti siyasi meydanın küncünə sıxılmaqdır: “Bu günədək ölkədə keçirilən və xalqın iradəsinə əsaslanan seçkilərin nəticələri bunun təsdiqidir. 2013-cü il prezident seçkiləri bir daha bu reallığı ortaya qoyacaq”.
ARDNŞ-in mühəndisi Həbib Nəsirov isə vurğulayıb ki, iqtisadiyyatı inkişafın təməl daşı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev gənclərin böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin onlara məxsusluğunu, eyni zamanda, müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək, yüksək ixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyub: “Dövlət başçısı bildirir ki, peşəkar kadrların hazırlanması bu gün nəinki təhsil sahəsində, yaxud da ki, hansısa ayrı bir neft-qaz sahəsində, ümumiyyətlə, ölkə qarşısında duran ən vacib problemlərdən biridir və biz bütün sahələrdə buna nail olmalıyıq. Gənclərə diqqət və qayğı, onların təhsilinin inkişafına yönələn addımlar Azərbaycan Dövlət Neft Şirkətinin də fəaliyyətinin əsas tərkib hissələrindəndir. ARDNŞ-in həyata keçirdiyi “Yay məktəbi” və “Yay təcrübəsi” layihələri də gənc kadrların yetişdirilməsinə xidmət edən addımlardandır.
Bu diqqət və qayğını, ümumiyyətlə, ölkənin hərtərəfli inkişafını inkar etmək siyasi korluq və qərəzdir. Qərəzçiliyi, inkarçılığı fəaliyyətlərinin əsas istiqaməti kimi qəbul edən dağıdıcılar bu günə qədər ölkədə keçirilən seçki proseslərində xalqdan aldıqları “yox” cavabından nəticə çıxarsalar, daha yaxşı olar”.
Diskussiya şəklində davam edən təqdimatda bir daha qeyd olunub ki, ölkəmizin uğurları davamlıdır və bunun şərtləndirən əsas amil düşünülmüuş və məqsədyönlü siyasətdir. Gənclər bu siyasətə dəstəklərini biliklərini artırmaq, təcrübələrini təkmilləşdirmək və çalışdıqları sahələrdə tətbiq etməklə təsdiqləməyə çalışırlar. Azərbaycanın gələcəyi gənclərlə bağlıdır.
Xəbər lenti
Hamısına baxElm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20

