Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP ölkənin alternativsiz siyasi qüvvəsidir

YAP ölkənin alternativsiz siyasi qüvvəsidir

22.11.2013 [09:36]

Nərimanov rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Noyabrın 21-də Nərimanov rayonu ərazisində yerləşən Caspian Line Biznes Mərkəzində Nərimanov rayon İcra Hakimiyyəti və YAP Nərimanov rayon təşkilatı Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21-ci ildönümünə həsr olunmuş birgə tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı: “Olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir”.
A.Fərzəliyev bildirib ki, 2003-cü ildən alternativi olmayan bu siyasəti inamla davam etdirən Prezident İlham Əliyevin ötən 10 ildəki əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, YAP-ın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirib: “YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə şərtlənir. Bu yaxınlarda ölkəmizdə keçirilmiş prezident seçkiləri Azərbaycan vətəndaşlarının cənab İlham Əliyevə böyük etimad bəslədiyini, Onun yürütdüyü siyasi kursu hərtərəfli dəstəklədiyini birmənalı olaraq təsdiqləyib. Prezident seçkilərinin nəticələri göstərdi ki, Azərbaycan cəmiyyəti Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu ölkənin davamlı inkişafının, bundan sonrakı uğurlarının, təminatlı gələcəyinin mühüm şərti hesab edir. Prezident İlham Əliyev YAP İdarə Heyəti üzvləri ilə 11 mart 2004-cü il tarixli görüşündə bildirib ki, hər bir partiya üzvü Ümummilli lider Heydər Əliyevin həyata keçməyən ali ideallarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməlidir. Biz bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində qabarıq görürük” - deyə, A.Fərzəliyev vurğulayıb.
Çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, Azərbaycanı XXI yüzilliyin və üçüncü minilliyin dinamik inkişaf yoluna gətirib çıxarmış, Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan partiyamız siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir: “Bu, bundan sonra da davam edəcək, partiyamız Ulu öndərimiz, Azərbaycan xalqının əbədi lideri Heydər Əliyevin əməllərini yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq. Bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir”.
YAP İdarə Heyətinin üzvü Kərim Kərimov isə çıxışında partiyanın yaranma tarixindən danışıb. YAP-ın yaranmasını şərtləndirən o dövrün mühüm ictimai-siyasi mənzərəsini təhlil edən Kərim Kərimov deyib ki, 1988-ci ildən başlanan iqtisadi, siyasi, xüsusilə dövlət hakimiyyəti böhranı ölkəmizdə vəziyyəti daha da gərginləşdirmişdi. Məhz belə bir ərəfədə xalqın sağlam qüvvələri, həmçinin, ziyalılar böyük tarixi şəxsiyyət Heydər Əliyevə müraciət etdilər. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi: “Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatına yeni nəfəs verməklə, qurtuluş və tərəqqinin, inkişafın simvoluna çevrilib. İnanıram ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın siyasi həyatında öz mütərəqqi missiyasına sadiq qalaraq, dövlətimizin və xalqımızın inkişafı naminə vəzifələrini şərəflə yerinə yetirəcək”.
Kərim Kərimov xatırladıb ki, YAP müxalifət partiyası kimi yaranmışdı. Lakin YAP xalqa qarşı müxalifətdə deyildi, xalqın mənafeyinə uyğun şəkildə addımlar atırdı: “YAP xalqın sevdiyi, etimad göstərdiyi partiyadır. Ona görə də, yarandığı qısa müddətdən sonra partiyamız hakimiyyətə gəldi. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu öndər xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. Əlbəttə ki, bu gün Ulu öndərin əsasını qoyduğu siyasi kurs möhtərəm Prezidentimiz, partiyamızın Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir və YAP cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqına və dövlətinə xidmət edir. Prezidentimizin siyasəti nəticəsində ölkəmizin bütün guşələri, o cümlədən ucqar dağ rayonları da gözəlləşir, inkişaf edir”.
Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib ki, partiyamızın qurucusu Heydər Əliyev tarix yaradan şəxsiyyətdir. 1990-cı illərin əvvəlində qarşıda duran əsas vəzifənin müstəqil dövlət quruculuğu olduğunu xatırladan M.Qurbanlı YAP-ın da bu məsqədlə yaradıldığını qeyd edib: “YAP yaradılanda onun şüarı “Müstəqil Azərbaycan uğrunda” idi. Yəni, partiyamız müstəqil dövlət quruculuğu uğrunda mübarizə aparırdı və buna da nail olub. Bu gün məhz Heydər Əliyev şəxsiyyətinin sayəsində Azərbaycan müstəqilliyinin dönməzliyini təmin edib. Ulu öndər Heydər Əliyevin ideyaları, prinsipləri Azərbaycanda əbədidir. Bu prinsiplərin əsasında isə azərbaycançılıq ideologiyası dayanır. YAP məhz bu ideya və prinsipləri yaşadır, təbliğ edir. Bu mənada partiyamızın mənəvi haqqı çatır ki, hələ çox uzun müddət hakimiyyətdə qalsın. Partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev bu ideyalar əsasında Azərbaycanı inkişaf etdirir”.
“Yeni Azərbaycan Partiyasının milli maraqlarımıza yönələn xidmətini biz hər bir yerdə görməkdəyik. Bəlkə də 20-21 il əvvəl heç kim təsəvvür etməzdi ki, Azərbaycan gəlib belə bir səviyyəyə çata bilər. Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir. Bu gün Prezidentimizin rəhbərliyi ilə biz Azərbaycanın üzləşdiyi bu və ya digər çətinlikləri çox uğurla həll etməkdə, bütün sahələrdə üstünlüklərimizi nümayiş etdirməkdəyik. Bizim iqtisadi qüdrətimiz nüfuzumuzun artmasına gətirib çıxarıb. Və bu gün biz beynəlxalq miqyasda, beynəlxalq təşkilatlarda söz sahibiyik. Bütün bunlar YAP-ın, bu partiyanın qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi yoldur. Nə qədər Azərbaycan xalqı varsa Heydər Əliyev ideyaları var. Nə qədər müstəqil Azərbaycan varsa Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt var. Bu Azərbaycan üçün əbədi müəyyən olunmuş bir siyasi xətdir və bu siyasi xətti heç kəs dəyişdirə bilməz” -deyə, YAP İcra katibinin müavini vurğulayıb.
M.Qurbanlı qeyd edib ki, Yeni Azərbaycan Partiyasının əsas keyfiyyət göstəricilərindən biri ölkəni irəliyə aparan, xalqa söykənən və xalqa xidmət edən siyasi təşkilat olmasıdır: “Heydər Əliyev ideyaları ilə silahlanmış YAP hələ bundan sonra da Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan dövlətçiliyinə, milli tərəqqimizə xidmət edəcəkdir”.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxışında partiyanın tarixi zərurətdən yarandığını bildirib: “21 öncə Azərbaycanın ağır durumu Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə belə bir partiyanın yaradılmasını zəruri edirdi. Xalqımız problemlərdən çıxış yolunu məhz Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Doğrudur, partiya yaradılanda güclü təzyiqlər olurdu, amma buna baxmayaraq biz geri çəkilmədik. 91 ziyalının partiya yaradılması ilə bağlı müraciətinə Ulu öndərimiz müsbət cavab verdi. Bu gün həmin 91-lər partiyamızın qızıl fondu hesab olunurlar”.
S.Novruzov bildirib ki, məhz Ulu öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi nəticəsində Azərbaycan dövlətçiliyi məhvolma təhlükəsindən xilas olub: “Ulu öndərin titanik fəaliyyəti nəticəsində ölkə daxilində ayrı-ayrı siyasi qüvvələrə tabe olan hərbi birləşmələr ləğv edildi, vətəndaş müharibəsi və separatçılığın qarşısı alındı. Bu gün müstəqil Azərbaycan Respublikası, möhkəm özülə söykənən dövlətçiliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru addımlayır”.
O qeyd edib ki, xalqımız, o cümlədən YAP üzvləri ölkəmizin möhtəşəm uğurlarından qürur duyurlar. S.Novruzov gənclərin YAP-a axınını xüsusi vurğulayaraq onların partiya veteranlarının tövsiyələrinə hər zaman əməl etməyi vacib sayıb. YAP İcra katibinin müavini Nərimanov rayon təşkilatının fəaliyyətini də yüksək qiymətləndirərək Bakı şəhəri üzrə partiyanın ilk yerli strukturunun məhz bu rayonda yaradıldığını xatırladıb.
“91-lər” hərəkatının üzvü, profesor Əlişir Musayev isə YAP-ın yaranmasının tarixi hadisə olduğunu bildirib. Partiyanın Ulu öndər Heydər Əliyevin nurlu zəkasının bəhrəsi olduğunu deyən Ə.Musayevin sözlərinə görə, YAP-ın yaranmasında ölkəmizin görkəmli ziyalıları da yaxından iştirak ediblər. YAP-ın 21 il ərzində inkişaf etdiyini deyən natiq, cənab İlham Əliyevin rəhbərliyi ilə partiyanın böyük uğurlar qazandığını vurğulayıb: “YAP-ın xalqımız qarşısında böyük xidmətləri var”.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının 21-ci ildönümü münasibəti ilə, partiya və Nərimanov rayonunun ictimai-siyasi həyatında göstərdiyi xidmətlərinə görə fərqlənmiş şəxslərə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının fəxri fərmanları, həmçinin, Nərimanov rayon İcra Hakimiyyətinin adından rayonun sosial-iqtisadi və mədəni həyatında fəal iştirakına görə fərqlənmiş şəxslərə hədiyyə və mükafatlar təqdim edilib. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş yeni üzvlərə partiyanın vəsiqələri təqdim edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1099 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30