Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Azərbaycan - Misir: Əməkdaşlığın yeni səhifəsi

Azərbaycan - Misir: Əməkdaşlığın yeni səhifəsi

11.06.2024 [10:17]

Son vaxtlar Prezident İlham Əliyevin tez-tez xarici səfərlərə getməsi, ikitərəfli və çoxtərəfli platformalarda mühüm görüşlər keçirməsi, aktual müzakirələr aparması Azərbaycanın xarici siyasətinə xüsusi dinamizm gətirib. Dövlətimizin başçısının bu günlərdə Misir Ərəb Respublikasına rəsmi səfəri də uğurla başa çatıb. Bu səfəri və bütövlükdə Azərbaycan-Misir münasibətlərini müxtəlif baxış bucaqlarından dəyərləndirmək mümkündür.

Ölkəmizin ərəb dövlətləri və İslam coğrafiyası ilə tarixi bağlılığı

Dünya tarixindən bəllidir ki, bir sıra hallarda ayrı-ayrı dövlətlərin hansısa platformada birləşmələri uzunömürlü olmur. Bunun da əsas səbəbi ondan ibarətdir ki, belə platformalar keçici maraqlar əsasında formalaşır. Azərbaycanın ərəb dövlətləri və İslam coğrafiyası ilə əlaqələri isə tarixi köklərə, bir sıra təbii amillərə və əlbəttə ki, perspektivə, siyasi və iqtisadi maraqlara əsaslanır.

Misir-Azərbaycan əlaqələri tarixi köklərə istinad edir və ənənələrə,  milli-mənəvi dəyərlərə həmişə yüksək bağlılıq sərgiləyir. Ölkəmizin ərəb dövlətləri, o cümlədən də daha geniş İslam coğrafiyası ilə münasibətlərinin dərinləşməsinə münbit zəmin yaradan əsas faktorlardan biri məhz tarixi bağlılıq amilidir. Müqəddəs dinimiz, oxşar mənəvi dəyərlərimiz ölkələrimizi və xalqlarımızı birləşdirən çox mühüm amil qismində çıxış edir. Deyə bilərik ki, Azərbaycanın İslam coğrafiyası ilə yaxınlaşmasında ilk növbədə təbii amillər, cəmiyyətlərin istəkləri və əlbəttə ki, dövlətlərin siyasi iradələri müstəsna rol oynayır. Ölkəmiz İslam dövlətləri ilə əməkdaşlığını ikitərəfli qaydada, həmçinin beynəlxalq platformalar üzərindən genişləndirir. Burada İslam Əməkdaşlıq Təşkilatının rolunu xüsusi qeyd edə bilərik. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında ilk olaraq İslam Əməkdaşlıq Təşkilatına üzvlüklə bağlı müraciət ünvanlayıb və 1991-ci il dekabrın 8-də qurumun Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilib. Həmin vaxtdan etibarən Azərbaycanla İƏT əməkdaşlığı uğurla inkişaf edir. Qeyd edək ki, Qambiya Respublikasında İslam Əməkdaşlıq Təşkilatının 15-ci İslam Sammitində 2026-cı ildə İƏT-in 16-cı İslam Sammitinin Azərbaycanda keçirilməsi təsdiqlənib.

Azərbaycan tərkibində çoxlu sayda ərəb dövlətinin də təmsil olunduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv qəbul olunub və ötən illərdə qurumun fəaliyyətində yaxından iştirak edib. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşü böyük uğurla baş tutub və həmin tədbirdə quruma

sədrlik 2019-2022-ci illərdə Azərbaycana keçib. Sonradan üzv dövlətlərin xahişi ilə ölkəmizin QH-na sədrliyi daha bir il uzadılıb. Ölkəmiz Qoşulmama Hərəkatına böyük uğurla sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına,  funksionallığının artmasına, nüfuzunun yüksəlməsinə mühüm töhfələr verib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin noyabrında Əlcəzairdə keçirilən Zirvə toplantısına qatıldığı Ərəb Dövlətləri Liqası (ƏDL) 1945-ci ildə Qahirədə təsis edilib. Siyasi məsələlərə xüsusi diqqət yetirən və Yaxın Şərqdəki sülh prosesində ərəb dövlətlərinin maraqlarını fəal müdafiə edən təşkilat ərəb dünyasında 400 milyondan çox insanı əhatə edir.

2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan ƏDL-də müşahidəçi statusuna malikdir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının qərargahında o zamankı Baş katib Amr Musa ilə görüşüb, Liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış edib. 2022-ci ilin iyun ayında ƏDL-nın Baş katibi, Misirin sabiq xarici işlər naziri Əhməd Əbul Qeyt respublikamızda səfərdə olub və Prezident İlham Əliyev tərəfindən qəbul edilib.

Geniş İslam coğrafiyası və ərəb dünyası ilə münasibətlərin dərinləşməsi ölkəmizə siyasi dividentlər qazandırır. Ərəb dövlətləri, xüsusilə də İslam coğrafiyasında yayımlanan mətbuat ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Ən vacib məsələlərdən biri beynəlxalq təşkilatlarda bəhs olunan dövlətlərin səsini qazanmaqdır. Xatırlayaq ki, tərkibində 120 dövləti birləşdirən Qoşulmama Hərəkatı 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi proseduru zamanı ölkəmizə qətiyyətli dəstək verdi və bu dəstək Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsində mühüm rol oynadı. Qurum ənənəsinə sadiq qalaraq Vətən müharibəsi dövründə də Azərbaycana dəstəyini davam etdirdi. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini həmişə birmənalı şəkildə pisləyib.

Zəngin resurslara malik ərəb dövlətləri ilə əməkdaşlığın iqtisadi perspektivləri də böyükdür. Yaşıl enerji seqmenti üzrə imzalanan sənədlər və respublikamızda reallaşdırılan layihələr bir daha təsdiqləyir ki, ərəb dövlətləri ölkəmiz üçün zəngin investisiya mənbəyi qismində çıxış edə bilərlər. Eyni zamanda, ərəb dövlətləri geniş bazardır. Hazırda dünyada bazarlar uğrunda ciddi rəqabət gedir. Azərbaycanın Körfəz ölkələrinə böyük həcmlərdə ixrac imkanları var.

Azərbaycan - Misir münasibətlərinin tarixinə qısa baxış

Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir. Bu əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Sabiq prezidentlər Heydər Əliyev ilə Hüsnü Mübarək arasında dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradıb. Bu gün bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb.

Qeyd edək ki, hələ 1958-ci ilin mayında keçmiş SSRİ-də rəsmi səfərdə olan Misirin o dövrdəki Prezidenti Camal Əbdülnasir Bakıya gəlib və respublikamızdan çox böyük təəssüratlarla ayrılıb.

Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev iki ölkə arasında münasibətlərin inkişafına daim böyük önəm verirdi. 1994-cü ilin sentyabrında Heydər Əliyev BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirəyə işgüzar səfəri zamanı Misir Prezidenti Hüsnü Mübarəklə görüşüb. Bu görüş Azərbaycan-Misir münasibətlərinin möhkəmləndirilməsində və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edib. İki ölkə arasında münasibətlərin gələcəyinin müəyyənləşdiyi bu səfərdən sonra Azərbaycan ilə Misir arasında müxtəlif sahələri əhatə edən çoxsaylı sənədlər imzalanıb. Heydər Əliyevin əlaqələri inkişaf etdirmək istiqamətində həyata keçirdiyi siyasətin nəticəsi olaraq 2005-ci il noyabrın 6-13-də Misirdə Azərbaycan və 2006-cı il noyabrın 20-28-də Azərbaycanda Misir mədəniyyət günləri keçirilib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib.

Azərbaycan-Misir əlaqələrinin inkişafına təkan verən növbəti səfər isə 2007-ci il mayın 6-8-də reallaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri zamanı Prezident Hüsnü Mübarəklə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, misirli iş adamlarının Azərbaycana sərmayə qoyulmasına cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və müxtəlif sahələri əhatə edən 12 sənəd imzalanıb.

Həmin səfər çərçivəsində Qahirədə Azərbaycan səfirliyinin yeni binasının açılış mərasimi olub. Mayın 7-də isə Azərbaycan Prezidenti İlham Əliyev Misir Parlamenti tərəfindən medal ilə təltif olunub. Qızıldan hazırlanmış bu medal Misir Xalq Məclisinin ali qonaqlarına təqdim edilir.

Əməkdaşlığın mühüm istiqamətləri

Dost ölkələr olan Azərbaycan və Misir həm ikitərəfli, həm də coxtərəffli platformalarda sıx əməkdaşlıq edirlər. İki ölkə beynəlxalq təşkilatlarda - BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında birgə fəaliyyət göstərir və bir-birini dəstəkləyir. Ölkələrimiz arasında ticari-iqtisadi məsələlər də daim gündəmdədir. Buraya əczaçılıq, sənaye sahələri, alüminium sənayesi, energetika, neft sənayesi, o cümlədən bərpaolunan energetika sahəsi və s. daxildir. Bu istiqamətlərdə əməkdaşlıq üçün geniş perspektivlər var.

Hələ 2002-ci ilin oktyabrda Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya yaradılıb ki, bunun da fəaliyyəti nəticəsində əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. Komissiyanın fəaliyyətinin nəticəsi olaraq indiyədək ölkələrimiz arasında 60-dan çox sənəd imzalanıb.

Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələrimiz turizm sahəsində də inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda, Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir.

Perspektiv əməkdaşlıq üçün yeni imkanlar

Prezident İlham Əliyevin bugünlərdə Misirə uğurla baş tutan rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Səfərin gündəliyi kifayət qədər geniş olub. Bir sıra mühüm görüşlər keçirilib. Dövlət başçımızın  Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Azərbaycanda dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafı ilə bağlı mühüm tədbirlərin keçirildiyini, ölkəmizin dinlərarası dialoqa öz töhfəsini verdiyini bildirib, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibi ölkəmizə səfərə dəvət edib. Dövlətimizin başçısı Azərbaycanın Əl-Əzhər ilə birlikdə dini liderlərin növbəti görüşünün COP29 çərçivəsində keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini vurğulayıb.

COP29-a dəvətə görə təşəkkürünü bildirən Əhməd Məhəmməd Əhməd Əl Tayyib bu tədbirdə məmnunluqla iştirak edəcəyini deyib.Əl-Əzhəri Şərifin şeyxi Bakıda dünya dini liderlərinin II Sammitinin keçirildiyini xatırladaraq, Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfəyə görə Prezident İlham Əliyevə şəxsən təşəkkürünü bildirib və Azərbaycanda ərəb dilinin tədrisinə öz dəstəyini verməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin dost ölkəyə son səfəri çərçivəsində daha bir neçə sənəd imzalanıb. Şübhə yoxdur ki, Qahirədə imzalanan yeni sənədlər iki dost ölkə arasında əlaqələrin inkişafına yeni perspektivlər açacaq.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 179 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Xarici siyasət

Xarici siyasət

Xəbər lenti

Siyasət

Gündəm

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30