Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / 32-ci üzv...

32-ci üzv...

29.02.2024 [11:15]

N.BAYRAMLI

Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması haqqında protokolu ratifikasiya edib. Bu barədə ölkənin ali qanunverici orqanının iclasında qərar qəbul olunub. Parlamentin iclasında iştirak edən deputatların 188-i lehinə, 6-sı əleyhinə səs verib. Bununla da Macarıstan İsveçin müraciətini təsdiqləyən sonuncu NATO ölkəsi olub.

Xatırladaq ki, hökumət hələ ötən ilin yayında İsveçin NATO-ya qəbulu ilə bağlı qanun layihəsini parlamentə təqdim etmişdi. Lakin müəyyən səbəblərdən proses uzanırdı. İsveç Rusiya-Ukrayna müharibəsi başlayandan sonra özünün təhlükəsizliyi naminə alyansa qoşulmağa qərar vermişdi. 2022-ci ilin may ayında İspaniyanın paytaxtı Madriddə NATO-ya üzv dövlətlərin başçılarının zirvə toplantısında bu məsələyə baxılmışdı. Lakin Türkiyə İsveç qarşısında müəyyən şərtlər irəli sürmüşdü. Türkiyə İsveçdən rəsmi Ankaranın terrorçu hesab etdiyi təşkilatların üzvlərinin parlamentlərə qəbulunu dayandırmağı, həmçinin İŞİD terror qruplaşması ilə mübarizə adı altında kürd birləşmələrinə maliyyə dəstəyini dayandırmağı tələb etmişdi. Eyni zamanda,  Ankara NATO üzvlüyünə namizəd ölkədən Kürdüstan Fəhlə Partiyasının (PKK) rəhbərliyi ilə təmasdan qaçmağı şərt kimi irəli sürmüşdü. Türkiyə həmin ölkədə qadağan edilmiş təşkilatların axtarışda olan üzvlərinin ekstradisiyası prosedurunun sürətləndirilməsini, eləcə də “Türkiyənin təhlükəsizliyinə qarşı hər hansı hərəkətə” dəstəyi dayandırmağı tələb etmişdi. Bütün bunlara görə, İsveçin alyansa üzvlüyü elə də asan olmadı. Türkiyə ilə İsveç arasında şərtlərin yerinə yetirilməsi ilə bağlı müəyyən gərginlik yaransa da, sonda rəsmi Ankaranın tələbləri qəbul olundu. Öz növbəsində Ankara sözünü tutdu və Türkiyə parlamenti bir neçə ay öncə İsveçin NATO-ya üzvlüyünü təsdiqlədi.

Bundan sonra İsveçin alyansa üzvlüyünü Macarıstanın təsdiqləməsi qalırdı. Macarıstan parlamenti hələ fevralın 5-də növbədənkənar iclas zamanı İsveçin alyansa üzvlüyünə səs verməyi planlaşdırırdı. Lakin hakim “Fides” partiyasının deputatları səsverməni boykot edərək iclasa gəlməyiblər. Qərb mətbuatının yazdığına görə, “Fides” belə bir səsvermənin yalnız qış tətilindən sonra parlament işə qayıtdıqdan və İsveçin Baş naziri Ulf Kristerssonun Budapeştə səfərindən sonra keçirilməsini zəruri sayıb.

Fevralın 23-də isə İsveçin Baş naziri Ulf Kristersson macarıstanlı həmkarı Viktor Orban ilə bir sıra məsələləri müzakirə etmək üçün Budapeştə səfər edib. Orban söhbəti “maraqlı, həyəcanlı və məhsuldar” adlandırıb. O, həmkarı ilə görüşdə fevralın 26-da parlamentin səsvermədə lazımi qərarlar qəbul edəcəyini söyləmişdi. Tərəflər, həmçinin müdafiə sahəsində əməkdaşlıq və Macarıstanın Aİ-yə sədrliyinə hazırlıq məsələlərini müzakirə ediblər.

Məhz bu səfərdən sonra Macarıstanın Baş naziri Viktor Orban deputatları İsveçin NATO-ya üzvlüyünə səs verməyə çağırmışdı. “İsveçlə bağlı məsələ sona çatmaq üzrədir. İsveçin Baş naziri ilə birlikdə etimadın bərpası üçün mühüm addımlar atmışıq. Parlament yaz sessiyasında İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edə bilər. Buna doğru gedirik”, - deyə Orban bildirmişdi. Bunun ardınca, “Fides” partiyasının parlament fraksiyasının lideri Mate Koçsis bildirmişdi ki, fevralın 26-da sessiyanın gündəliyinə İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermə daxildir və “Fides” İsveçin tələbini dəstəkləməyi planlaşdırır. Göründüyü kimi, belə də oldu.

Artıq NATO müttəfiqləri kimi Macarıstanla İsveç hərbi sahədə əməkdaşlığı gücləndirmək üçün ilkin addımları atır. Razılaşmaya əsasən,

Macarıstan İsveçdən 4 ədəd “Gripen” qırıcı təyyarəsi alacaq. Jurnalistlərlə görüşdən əvvəl tərəflər İsveç qırıcılarının Macarıstanda istifadəsi və texniki qulluğu barədə iki saziş imzalayıblar. Hazırda Macarıstan hərbi hava qüvvələrində 14 belə qırıcı var. “Biz Macarıstan müdafiə qüvvələrinin “Gripen” qırıcıları parkına daha 4 təyyarə əlavə edəcək, bununla da hərbi potensialımızı artıracaq və müdafiə qabiliyyətimizi daha da möhkəmləndirəcəyik”, - deyə Orban bildirib. O, Macarıstanın kirayəsində olan “Gripen” qırıcılarının texniki qulluğunu və modernləşdirilməsini davam etdirməyi nəzərdə tutan ikinci sənədin vacibliyini də vurğulayıb. Orbanın sözlərinə görə, əldə olunan razılaşmaya əsasən, tərəflər bu sahədə hərbi-texniki və elmi əməkdaşlığa başlayacaqlar. Baş nazir vurğulayıb ki, bu, Ukraynada davam edən münaqişə və Qərbi Balkan regionunda qeyri-sabit vəziyyət fonunda çox mühümdür.

“JAS 39 Gripen” İsveçin fəxridir, eləcə də bizim sualtı hərbi texnika, radiolokasiya texnologiyası və s. imkanlarla yanaşı NATO-ya aparacağımız aktivlərdən biridir. Şadam ki, tezliklə Avropa hava məkanında daha çox “Gripen”lər uçacaq”. Bu fikirləri isə İsveçin Baş naziri bəyan edib.

Yeri gəlmişkən, NATO Baş katibi Yens Stoltenberq Macarıstan parlamentinin İsveçlə bağlı qərarını alqışlayıb.Bu barədə Baş katib “X” hesabında paylaşım edib. “Mən Macarıstan parlamentinin İsveçin NATO-ya üzvlüyünü ratifikasiyasına səs verməsini alqışlayıram. Artıq bütün müttəfiqlər təsdiq etdikdən sonra İsveç NATO-nun 32-ci müttəfiqi olacaq. İsveçin üzvlüyü hamımızı daha güclü və təhlükəsiz edəcək”, - deyə Stoltenberq vurğulayıb.

İsveç isə NATO üzvü kimi ilk olaraq Fransanın müəyyən təkliflərinə reaksiya verib. Xatırladaq ki, Fransa prezidenti Makron fevralın 26-da Ukrayna dəstək məqsədilə 20 ölkənin rəhbərliyini Parisə dəvət edib. Keçirilən görüşdə Makron lazım olarsa, müttəfiqlərin Ukraynaya qoşun yeritməsini təklif edib. Makronun təklifinə münasibət bildirən İsveçin Baş naziri Kristersson deyib ki, bir ölkə dünyanın istənilən nöqtəsinə ordu göndərirsə, bu NATO-nun ümumi qərarı deyil. Onun sözlərinə görə, İsveçin Ukraynaya qoşun göndərməsi üçün heç də uyğun zaman deyil: “Emmanuel Makron NATO-nun yox, Fransanın Ukraynaya qoşun göndərib-göndərməməsini müzakirə edə bilər. Fransanın ənənəsi İsveç ənənəsi deyil”.

Görünən odur ki, NATO müttəfiqləri arasında fikir ayrılıqları mövcuddur. Çünki bir sıra dövlətlər ilk növbədə öz maraqlarını müdafiə etməyə üstünlük verir.

Paylaş:
Baxılıb: 482 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30