Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ və İsmayıllı rayonlarına səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ və İsmayıllı rayonlarına səfər edib

11.08.2016 [10:06]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Qəbələ rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev abidənin ətrafında, ümumiyyətlə, son illər rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Prezident İlham Əliyev Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib.
Dövlətimizin başçısı uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, binanın inşasına 2014-cü ilin oktyabrında başlanılıb. Tikinti işləri yüksək səviyyədə başa çatdırılıb.
İkimərtəbəli binada Ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Ulu öndərin və partiyanın Sədri, Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotoguşələr yaradılıb.
Müxtəlif iş, xidməti və yardımçı otaqlardan ibarət binada rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyi də fəaliyyət göstərir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün 60 yerlik konfrans zalı da yaradılıb.
Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının 6145 üzvü var. Onların 2525-i qadın, 2343-ü gəncdir.
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlətimizin başçısına məlumat veriblər ki, Qəbələ regional “ASAN xidmət” mərkəzinin dördmərtəbəli binasının tikintisi yüksək standartlara uyğun həyata keçirilib. Mərkəz rayonun Elçin Kərimov küçəsi 79 ünvanında, şəhərin infrastruktur obyektlərinə yaxın ərazidə yerləşir.
Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Mərkəzdə müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan Ümummilli lider Heydər Əliyevin büstü qoyulub.
Prezident İlham Əliyev yeni xidmətin işə başlamasını bildirən düyməni basıb.
Dövlətimizin başçısı binada yaradılan şəraitlə tanış olarkən bildirilib ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətindən Qəbələ də daxil olmaqla, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonları ərazisində qeydiyyatda olan vətəndaşlar, ümumilikdə, 902 min 435 sakin yararlanacaq.
Mərkəzdə Prezident İlham Əliyev yeni layihələrlə də tanış olub.
Sonra rayon ictimaiyyətinin nümayəndələri və mərkəzin kollektivi ilə görüşən Prezident İlham Əliyev deyib: “Bu gün Qəbələ şəhərində Qəbələ “ASAN xidmət” mərkəzi öz işinə başlayır. Bu gözəl əlamətdar hadisə münasibətilə sizi təbrik edirəm. Çox gözəl, yaraşıqlı binadır. Memarlıq baxımından Qəbələ şəhərinə əlavə yaraşıq verəcək. Əlbəttə ki, bu binada ən yüksək standartlar tətbiq olunur.
Bu xidmət sayca 10-cu xidmətdir. Azərbaycanda bu günə qədər 9 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir - 5-i Bakıda, 4-ü digər şəhərlərdə - Gəncə, Sumqayıt, Bərdə və Sabirabadda. Onuncu mərkəz isə bu gün Qəbələ şəhərində açılır və artıq Qəbələdə də vətəndaşlar bu gözəl imkanlardan istifadə edəcəklər.
“ASAN xidmət” Azərbaycan məhsuludur. Üç il yarım ərzində 11 milyona yaxın müraciət olub. Bu, ictimai xidmətlər sektorunda çox ciddi bir irəliləyişdir. Əslində böyük bir inqilabdır. Çünki hamımız yaxşı xatırlayırıq ki, əvvəlki dövrlərdə bəzən hansısa sənədi, arayışı almaq üçün insanlar günlərlə, həftələrlə vaxt itirirdilər, müəyyən çətinliklərlə üzləşirdilər. İndi isə insanlar bütün bu imkanlardan rahat, çox asan formada istifadə edirlər.
“ASAN xidmət”i bəyənmə əmsalı da çox yüksəkdir. Təhlillər aparılır, rəy sorğuları keçirilir və əhalinin 98 faizi mərkəzlərdə göstərilən xidmətlərdən razıdırlar. Çünki burada şəffaflıq təmin edilir, bürokratiya, rüşvətxorluq yoxdur, mədəni xidmət göstərilir. Əslində belə də olmalıdır. “ASAN xidmət” nəinki ictimai xidmətlər sahəsində, ümumiyyətlə, cəmiyyət üçün çox vacib olan bir institusional mərkəzdir.
Müraciət edən vətəndaşlar bütün lazımi sənədləri artıq yeni şəraitdə alıblar. Qeyd etdiyim kimi, vətəndaşların mütləq əksəriyyəti bu xidmətlərdən razıdır. Bununla bərabər, 10 avtobus səyyar xidmət fəaliyyət göstərir. Biz “ASAN xidmət”in funksiyalarını genişləndiririk. Hazırda 200-dən çox xidmət göstərilir. Yaxın gələcəkdə xüsusilə kommunal ödənişlərlə, vizaların verilməsi ilə bağlı yeni xidmətlər də göstəriləcək.
Bu gün biz Azərbaycanda çox böyük turist axınını müşahidə edirik. Ölkəmizin təbii imkanları, şəhərlərimizin gözəlliyi, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, əlbəttə ki, turistləri daha da çox cəlb edir. Eyni zamanda, Bakıda və ölkəmizin digər yerlərində keçirilən mötəbər beynəlxalq tədbirlər, əlbəttə, burada öz rolunu oynayır, Avropa Oyunları, Formula-1 yarışı, onun auditoriyası 500 milyon insandır. Qəbələ şəhərində artıq bu il səkkizinci dəfə beynəlxalq musiqi festivalı keçirilib. Bütün bu tədbirlər, əlbəttə ki, Azərbaycanı turistlər üçün daha da cəlbedici ölkəyə çevirir. “ASAN VİSA” xidmətinin fəaliyyətə başlamasından sonra, - bu da oktyabr ayında nəzərdə tutulur, - əminəm ki, gələnlərin sayı daha da artacaq.
Bu gün mənə verilən məlumata görə, yay aylarında Qəbələnin çoxsaylı otellərində boş yer yoxdur. Ölkə vətəndaşları, xarici vətəndaşlar gəlirlər, istirahət edirlər, Azərbaycan ilə tanış olurlar, Qəbələnin gözəlliyini seyr edirlər.
Turizm hər bir ölkə üçün çox mühüm əhəmiyyət daşıyan bir sahədir. Şadam ki, Azərbaycanda atılan addımlar, ölkəmizin dünyaya təqdimatı turizmin inkişafına da xidmət göstərir.
Bir sözlə, “ASAN xidmət” qısa müddət ərzində, 3 il yarım ərzində cəmiyyətdə çox böyük rəğbət qazanıb, ictimai xidmətlər sektorunda, bir daha demək istəyirəm ki, inqilab yaradıbdır.
Gələcəkdə biz “ASAN xidmət” mərkəzlərinin sayını artıracağıq. Bu mərkəz 10 rayona - Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Oğuz rayonlarına xidmət göstərəcək. Bu rayonlarda 900 mindən çox əhali yaşayır. Növbəti “ASAN xidmət” mərkəzi bu il Masallıda açılacaq və ondan sonra Şəki şəhərində “ASAN xidmət” mərkəzinin yaradılması nəzərdə tutulur. Beləliklə, insanlar üçün bu xidmətdən istifadə etmək daha da asan olacaq.
“ASAN xidmət” mərkəzlərində çalışanların əksəriyyəti gənclərdir, qızlardır. Bu da çox gözəl haldır. Çünki biz qadınları işlə təmin etmək üçün daha da ciddi iş görməliyik, çalışmalıyıq. Ümumiyyətlə, məşğulluğun artırılması Azərbaycanda dövlət proqramıdır. İşsizlik Azərbaycanda aşağı səviyyədədir, ancaq hələ ki var. Ona görə “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması yeni iş yerlərinin açılması deməkdir. Bu mərkəzdə 153 iş yeri açılır və işləyənlərin əksəriyyəti gənclərdir. Gənclər də bu gözəl şəraitdə işləyərkən özlərini gələcəyə hazırlayılar ki, cəmiyyətdə yaxşı və layiqli yer tuta bilsinlər. Mənə verilən məlumata görə, bu mərkəzdə 45 könüllü fəaliyyət göstərəcək, insanlara yardım edəcək.
Əslində Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlanıb. Səkkiz min gənc könüllü olaraq müxtəlif “ASAN xidmət” mərkəzlərində işləyib və hazırda bütün mərkəzlərdə 700 könüllü fəaliyyət göstərir. Bax, bu könüllülər, eyni zamanda, Bakıda keçirilmiş beynəlxalq tədbirlərdə də uğurla iştirak ediblər, xüsusilə, keçən il Avropa Oyunlarında və “Formula-1” yarışmasında könüllülər tədbirlərin keçirilməsində çox mühüm rol oynayıblar. Mən birinci Avropa Oyunlarında çox böyük iş görmüş könüllüləri xüsusilə fərqləndirdim, onlara Prezident diplomu verilibdir. Yəni, bu, çox ciddi ictimai təşəbbüsdür.
Könüllülər hərəkatının genişlənməsi cəmiyyət üçün lazımdır. Könüllü olmaq, ümumiyyətlə, insanların xoş niyyətini göstərir. İnsanlar təmənnasız olaraq kiməsə kömək etmək, ümumi işimizə töhfə vermək üçün öz asudə vaxtlarından istifadə edib bu işləri görürlər. Yəni, bu, doğrudan da çox ciddi, gözəl bir niyyətin təzahürüdür. Şadam ki, Azərbaycanda könüllülər sinfi formalaşıb və onların mütləq əksəriyyəti gənclərdir. Yəni, gənc nəsil bu ab-havada yetişir ki, ümumi işimizə töhfə versin, dövlətimizi möhkəmləndirsin və köməyə ehtiyacı olan insanlara yardım göstərsin. Bax, könüllülük funksiyası və niyyəti bundan ibarətdir.
Beləliklə, 3 il yarım bundan əvvəl qəbul edilmiş qərarın görün nə qədər ciddi, böyük və xoş, çoxşaxəli təsiri var, ilk növbədə, ictimai xidmətlər sahəsində. Digər tərəfdən, “ASAN xidmət” mərkəzlərində bürokratiya, xoşagəlməz hallar yoxdur. Birincisi bu, bir nümunədir, hər bir dövlət orqanı üçün nümunədir. İkincisi, bu, onu göstərir ki, biz cəmiyyətimizin yaralarını aradan qaldıra, sağalda bilərik. Çünki cəmiyyətimizi korrupsiya, rüşvətxorluq qədər sarsıdan ikinci bəla yoxdur. “ASAN xidmət” bu istiqamətdə liderdir. Mən bu barədə rəsmi çıxışlarımda dəfələrlə demişəm. Demişəm ki, hər bir dövlət orqanı belə şəffaf işləməlidir və cəmiyyət də bunu görür, insanlar da bunu görürlər. Ona görə də bu xidmətin fəaliyyətini bəyənirlər.
Bu gündən sonra Qəbələ sakinləri və ətraf rayonlarda yaşayanlar bu xidmətdən istifadə edəcəklər və biz gələcəkdə “ASAN xidmət”in funksiyalarını daha da genişləndirəcəyik. Harada ki vəziyyət hələ bizi qane etmir, harada ki xoşagəlməz hallar var, biz o funksiyaları “ASAN xidmət” vasitəsilə təşkil edəcəyik.
Mən şadam ki, növbəti, 10-cu mərkəz Qəbələ şəhərində açılır. Qəbələ Azərbaycanın gözəl yerlərindən biridir. Qəbələnin çox zəngin tarixi var, tarixi şəhərdir, tarixi diyardır. Eyni zamanda, gözəl təbiəti var. Son illər ərzində Qəbələdə gedən inkişaf bu gözəlliyə, bu tarixə və bu təbii gözəlliyə uyğundur. Bax, siz - burada yaşayan insanlar özünüz görürsünüz ki, Qəbələ son illər necə gözəlləşib. Yeni binalar, turizm obyektləri, ictimai binalar tikilir. Bir neçə il bundan əvvəl mənim göstərişimlə beynəlxalq aeroport tikilib. Bəziləri bu məsələyə şübhə ilə yanaşırdılar. Ancaq bu gün müxtəlif istiqamətlərə uçuşlar təşkil edilir. Gözəl memarlıq abidəsi olan Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, bir çox otellər, Beynəlxalq Atıcılıq Mərkəzi tikilib və bu işlər davam etdirilir. Bax, bu gün burada vəziyyətlə tanış olarkən pəncərədən yeni atıcılıq mərkəzinin tikintisini müşahidə etdim.
Qəbələnin inkişafı göz qabağındadır. Burada yaşayanlar bunu görürlər. Mən də buna çox sevinirəm. Çünki Qəbələ indi Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir və burada bütün işlər zövqlə, səliqə ilə aparılır. Buraya gələn qonaqlar təbii ki, bunu görürlər. Görürlər ki, Azərbaycan necə gözəl ölkədir. Azərbaycanda təkcə paytaxt şəhəri deyil, eyni zamanda, bölgələr də gözəldir, gözəl şərait yaradılıb.
Qəbələnin gələcək inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək, əlavə vəsait ayrılacaq. Burada gündəlikdə dayanan əsas məsələ içməli su layihəsidir. Bu, icra edilir, xarici banklar vasitəsilə təşkil edilir. Ona görə, müəyyən dərəcədə yubanma var. Əgər biz bunu daxili imkanlar hesabına etsəydik, çoxdan başa çatdırardıq. Ancaq yenə də ümid edirəm ki, yaxın gələcəkdə içməli su problemi kanalizasiya xətləri ilə bərabər öz həllini tapacaq.
Qəbələ rayonunda qazlaşdırma 70 faizə yaxındır. Rayonun relyefini nəzərə alsaq, hesab edirəm ki, bu da gözəl göstəricidir. Şəhərdaxili yolların tikintisinə ehtiyac var. Biz bu məsələ ilə məşğul olacağıq və Qəbələ rayonunun gələcək inkişafını təmin edəcəyik.
Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm, Qəbələ sakinlərinə yeni uğurlar arzulayıram. Sağ olun”.
Qəbələ “ASAN xidmət” mərkəzinin əməkdaşı Nuranə Ağabəyli deyib: “Hörmətli cənab Prezident, Qəbələyə xoş gəlmisiniz. Sizi Qəbələ ictimaiyyəti adından salamlayıram.
Azərbaycanın ən gözəl məkanlarından biri olan Qəbələdə “ASAN xidmət”in açılmasına çox sevindik. Biz qəbələlilər bunu çoxdan gözləyirdik. Çünki Sizin yaratdığınız bu xidmət qısa müddət ərzində xalqımızın böyük etimadını və rəğbətini qazanıb. “ASAN xidmət”in müasir standartlara uyğun binası şəhərimizin simasını daha da gözəlləşdirib. Sevindirici haldır ki, mərkəzimizdəki xidmətlərdən ətraf rayonların sakinləri də yararlana biləcəklər. Buna görə də sakinlər adından Sizə təşəkkür edirik.
Cənab Prezident, “ASAN xidmət” həm də gənclər mərkəzidir. Özünüz də qeyd etdiyiniz kimi, burada çalışanların əksəriyyəti gənclərdir. Mən özüm iki ay “ASAN xidmət”in səyyar avtobusunda könüllü olmuşam, təcrübə qazanmışam və indi çox sevinirəm ki, “ASAN xidmət” əməkdaşlarından biriyəm.
Cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan regionun lider dövlətlərindən birinə çevrilib. Bakıda keçirilən Azərbaycan, İran və Rusiya dövlət başçılarının görüşü də bunun bariz nümunəsidir. Bildirmək istəyirəm ki, biz gənclər, eləcə də qəbələlilər Sizi dəstəkləyirik və fədakar fəaliyyətinizdə daim Sizin yanınızdayıq”.
Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev səfər çərçivəsində Qəbələdə icrası davam edən turizm və idman infrastrukturu layihələri ilə tanış olub.
Dövlətimizin başçısı görülən işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Dövlətimizin başçısı həmin gün “Qəbələ” Park-Bulvar Kompleksinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində və Qəbələdə “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında da iştirak edib.
Qəbələyə səfəri çərçivəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev avqustun 10-da Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasında yaradılan xidmət və məişət şəraiti ilə tanış olub.
Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verib ki, Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 52-ci kilometrliyindən ayrılan yerli əhəmiyyətli yoldur.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Qəbələyə səfərini başa çatdıraraq İsmayıllı rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə Ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Prezident İlham Əliyevə Ümummilli liderin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri, həmçinin son dövrdə rayonda görülən işlər və icrası nəzərdə tutulan layihələr barədə məlumat verib.
Prezident İlham Əliyev “İsmayıllı-2” Su Elektrik Stansiyasının açılışında iştirak edib.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verib ki, ümumi layihə gücü 1,6 meqavat olan stansiyanın əsas komponentləri suqəbuledici, hər birinin uzunluğu 2115 metr, diametri 800 millimetr olan üç boru, stansiyanın binası, nəzarət, mühafizə, idarəetmə və uçot sistemləri, ümumi layihə gücü 1,6 meqavatlıq üç hidroturbin və üç hidrogenerator, 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik verilişi xətlərindən ibarətdir.
Prezident İlham Əliyev su elektrik stansiyasını işə salıb.
Dövlətimizin başçısı, həmçinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllıda əsaslı şəkildə yenidən qurulan körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub, uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.
Həmin gün Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Qaraməryəm-İsmayıllı avtomobil yolunun açılışında iştirak edib.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonundakı Olimpiya İdman Kompleksində əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə də tanış olub.
İsmayıllı rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev “İSMA BİKES” velosiped istehsalı zavodunun açılışında iştirak edib.
Prezident İlham Əliyev müəssisəni işə salıb.
Dövlətimizin başçısı zavodun istehsal etdiyi velosipedi sınaqdan keçirib.
Rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşən Prezident İlham Əliyev deyib: “Zavodun açılışı münasibətilə sizi təbrik edirəm. Çox şadam ki, İsmayıllıda belə gözəl müəssisə açılır, istifadəyə verilir. Özüm də bu müəssisənin məhsulunu sınamışam. Görürəm ki, çox yaxşı velosipeddir. Əminəm ki, Azərbaycan vətəndaşları bunu qiymətləndirəcəklər.
Bu istehsal əslində ölkəmizin inkişafını göstərir. Göstərir ki, Azərbaycanda indi müxtəlif istiqamətlər üzrə yerli istehsalat sahələri var və bu istehsalat sahələri ən yüksək səviyyədədir. Mənə verilən məlumata görə, bu zavodun istehsal gücü ildə 30 min ədəd velosiped olacaq. Burada artıq onlarla iş yeri yaradılıbdır, müasir texnologiyalar tətbiq olunur. Əlbəttə ki, bu velosipedlər həm daxili bazarda satılacaq, eyni zamanda, hesab edirəm ki, xaricə də ixrac edilə bilər. Çünki keyfiyyət buna şərait yaradır.
Azərbaycanın uğurlu inkişafı bax, belə müəssisələrdən asılıdır. Çünki bu gün həm sənaye istehsalı, həm də kənd təsərrüfatı istehsalı daha da böyük əhəmiyyət daşıyır. Mən dəfələrlə bunu qeyd etmişəm, bir daha demək istəyirəm ki, ölkəmizin bundan sonrakı uğurlu inkişafı bax, bu iki istiqamətdən asılı olacaq. Baxmayaraq ki, indi dünyada maliyyə-iqtisadi böhran davam edir, şadam ki, bu ilin yeddi ayında Azərbaycanda sənaye istehsalı təxminən bir faiz artıb. Bu, o qədər də böyük göstərici deyil, ancaq indiki şəraiti nəzərə alsaq, hesab edirəm ki, bu, yaxşı göstəricidir.
Qeyri-neft sənayesi isə iki faizdən çox artıb. Belə müəssisələrin gələcəkdə ölkəmizin müxtəlif yerlərində yaradılması imkan verəcək ki, Azərbaycanda həm sənaye istehsalı artsın, həm də neftdən, qazdan asılılıq daha da azalsın. Bu istiqamətdə işlər görülür və ciddi islahatlar aparılır. İslahatlar da öz bəhrəsini verir. Deyə bilərəm ki, Azərbaycan dünyada hökm sürən böhranı nəzərə alaraq, bu vəziyyətdən ən az itkilərlə çıxır. Ölkəmizdə indi maliyyə sahəsində sabitləşmə təmin edilibdir. Bu il on minlərlə yeni iş yeri yaradılıbdır. Bu proses davam edir. Kənd təsərrüfatı istiqamətində çox böyük müsbət nailiyyətlər var. Beləliklə, Azərbaycanın gələcək inkişafı dayanıqlı olacaq. Bizim imkanımız var ki, gələcək inkişafımızı iki vacib istiqamət - kənd təsərrüfatı və sənaye istehsalı üzərində quraq.
Əlbəttə, digər sahələr də böyük əhəmiyyət daşıyır. Gələcəkdə bizə çox valyuta gətirə biləcək sahə nəqliyyatdır. Bizim coğrafi vəziyyətimizi və artıq gördüyümüz işləri nəzərə alsaq, bunu deməyə əsas var. Azərbaycanın iştirakı və bir çox hallarda təşəbbüsü ilə iki transmilli layihə icra edilir. “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması Azərbaycanın iştirakı ilə baş verir. İki gün bundan əvvəl Bakıda İran, Rusiya, Azərbaycan prezidentlərinin ilk zirvə görüşündə bu məsələ çox ciddi müzakirə edildi. Azərbaycan burada öz təşəbbüsünü ortaya qoyur. Bu dəhlizin yaradılması və fəaliyyəti ölkəmizə 100 milyonlarla dollar gəlir gətirəcək.
Əlbəttə, digər sahələr də böyük əhəmiyyət daşıyır - telekommunikasiya, informasiya texnologiyaları, metallurgiya sahələri, kimya sənayesi. Ancaq bütövlükdə sənaye və kənd təsərrüfatı əsas prioritet kimi qalır və qalacaq.
İsmayıllı rayonunun inkişafı da məni sevindirir. Mən Prezident kimi İsmayıllı rayonunda dəfələrlə olmuşam, ümumiyyətlə, prezidentlik dövrümdə bu, mənim beşinci səfərimdir. Şadam ki, İsmayıllı sürətli inkişaf dövrünü yaşayır. Bu gün icra başçısı mənə görüləcək işlər haqqında məlumat verdi, təqdimatlar edildi. Burada həm turizm sektorunun inkişafı, həm də kənd təsərrüfatının, emal sənayesinin inkişafı sürətlə getməlidir. Nəzərə alsaq ki, İsmayıllının çox gözəl təbiəti, tarixi var, rayonda Lahıc, Basqal kimi iki qədim kənd var, əlbəttə ki, burada turizm potensialının maksimum dərəcədə cəlb edilməsi gərək hamımızın işi olsun.
Son vaxtlar Azərbaycana gələn turistlərin sayı böyük dərəcədə artıb. Xüsusilə bu zonaya, şimal-qərb zonasına turistlərin axını müşahidə olunur. Siz də bunu görürsünüz. Mən demişəm, bir daha demək istəyirəm ki, Şamaxıdan Balakənə qədər bütün bu bölgə beynəlxalq turizm zonasına çevrilməlidir və bu istiqamətdə işlər gedir. Əlbəttə ki, ilk növbədə infrastruktur layihələri icra edilməli idi və onların böyük hissəsi icra edildi. Qəbələdə beynəlxalq aeroport tikildi. İndi beynəlxalq uçuşlar həyata keçirilir. Bu beynəlxalq aeroport bütün zona əhalisi üçün böyük əhəmiyyət daşıyır. Zaqatalada aeroport tikildi. Avtomobil yolları tikilir. İndi Bakı-Şamaxı avtomobil yolu dörd zolağa genişləndirilir. Bu gün mən İsmayıllı-Qaraməryəm yolunun açılışını etmişəm. Bu da rayon üçün çox böyük əhəmiyyət daşıyır, təxminən 30 kilometr uzunluğunda 34 yaşayış məntəqəsini birləşdirir. O yaşayış məntəqələrində İsmayıllı rayonu əhalisinin üçdə bir hissəsi qədər - 30 minə yaxın insan yaşayır.
Yol infrastrukturu, müasir mehmanxanaların tikintisi, əlbəttə ki, turizm üçün əsas şərtdir. İsmayıllıda digər infrastruktur layihələri icra edilib. İçməli su layihəsi artıq neçə ildir ki, başa çatıb. İndi şəhər sakinləri təmiz içməli su ilə təmin olunurlar.
Kanalizasiya və təmizləyici qurğuların da quraşdırılması prosesi başa çatır. Mənə verilən məlumata görə, qazlaşdırma 67 faizdir. Dağlıq relyefi nəzərə alsaq, hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Digər infrastruktur layihələri də icra edilib.
Sosial obyektlərin və yeni müəssisələrin istifadəyə verilməsi, əlbəttə ki, iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Bu gün quşçuluq fabrikinin, böyük heyvandarlıq kompleksinin, bir neçə otel və istirahət mərkəzinin təqdimatı oldu. İsmayıllının çox gözəl təbiəti, iqlimi var. Ona görə, kənd təsərrüfatı, bitkiçilik, heyvandarlıq daha da sürətlə inkişaf etməlidir. Bir qarış torpaq boş olmamalıdır. Daxili tələbatı təmin etmək və ixrac potensialını artırmaq üçün məqsədyönlü şəkildə işlər aparılacaq. Bu barədə bütün göstərişlər verildi.
Bu il kənd təsərrüfatı istiqamətində çox önəmli addımlar atılıb. Bizim üçün ənənəvi, ancaq əfsuslar olsun ki, müəyyən dərəcədə tənəzzülə uğramış sahələri bərpa etmişik. İndi mənə deyirlər, bir sıra rayonlarda, o cümlədən İsmayıllı rayonunda ailələr var ki, ay yarım ərzində baramaçılıqdan minlərlə manat pul qazanıb.
Aran zonasında pambıqçılığın inkişafı geniş vüsət alıb. Biz bu il keçən ilə nisbətən pambığın istehsalını üç dəfə artıracağıq, 30 min tondan 100 min tona qaldırılacaq. Gələn il 250-300 min ton olmalıdır. İndi hər bir region üçün xüsusi inkişaf planı hazırlanır. Əlbəttə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında əsas istiqamətlər müəyyən edilib və o proqram bizim üçün əsasdır, bir yol xəritəsidir. Ancaq həyat yerində durmur, dəyişikliklər baş verir. Həm bölgədə, həm dünyada yeni situasiya yaranır. İndi bazarlar uğrunda mübarizə gedir. Məhsulu yetişdirmək hələ məsələnin həlli deyil. Onu daxili bazarda və yaxud da xarici bazarda satmaq lazımdır. Ona görə, fermerlərə kömək göstərmək üçün indi yetişdirilən bu məhsulların tədarükü ilə məşğul olan qurum da yaradılır. Kənd təsərrüfatında işləyənlər bilirlər ki, aqrolizinq vasitəsilə texnika verilir, gübrəyə, yanacağa, yetişdirilən məhsula görə nə qədər böyük subsidiyalar verilir. İndi biz ixracı stimullaşdırmaq üçün təşviq mexanizmini işə salırıq. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Bu, çox ciddi bir proqramdır. Yenə də deyirəm, hər bir rayon üzrə rayonun potensialı maksimum dərəcədə realizə edilməlidir və ediləcək.
İsmayıllıda belə gözəl istehsalat sahələri açılır. Hesab edirəm ki, bu, sahibkarlar üçün də yaxşı bir siqnal olacaq. Çünki burada investisiyalar qorunur. Mən sahibkarları dəstəkləyirəm, onlarla görüşürəm. Son 10 il ərzində sahibkarlara 1 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Həmin pulun hesabına 10 minlərlə, 100 minlərlə iş yeri yaradılıb. Ancaq biz gələcəyə baxmalıyıq. Düzdür, çox iş görülüb, ancaq hələ çox iş görülməlidir.
Bu gün İsmayıllıda ikinci su elektrik stansiyasının açılışını etdik. Bu iki stansiyanın istehsal etdiyi enerji İsmayıllı rayonunun tələbatının 45-50 faizini ödəyir. Bu, artıq gözəl bir göstəricidir. Tələbatın yarısı alternativ, özü də ucuz enerji hesabına təmin edilir. Mənə məlumat verildi ki, yeni su elektrik stansiyasının tikintisi də nəzərdə tutula bilər. O daha böyük həcmdədir - 10 meqavat. İndi mən demişəm ki, texniki-iqtisadi əsaslandırma hazırlansın. Əgər bu məsələ həll olunarsa, onda İsmayıllı rayonu elektrik enerjisini başqa rayonlara - Qəbələyə, Şamaxıya ötürəcək. Bu da enerji təhlükəsizliyimizi təmin edəcək.
Biz işləri planlı şəkildə görürük - ilk mərhələdə infrastruktur layihələri, yol, elektrik stansiyaları, ondan sonra sosial infrastruktur, məktəblər, içməli su, ondan sonra iş yerləri, kreditlər, kənd təsərrüfatı. Mən gələcəyə çox böyük ümidlərlə və nikbinliklə baxıram. Heç bir böhran, dünyada baş verən heç bir hadisə bizə təsir edə bilməz. Azərbaycan sabitlik diyarıdır, inkişaf məkanıdır. Məhz buna görə bu gün milyonlarla xarici turist Azərbaycana gəlir. Təkcə tarixi abidələri seyr etmək üçün gəlmir, o cümlədən ona görə gəlir ki, burada xidmət, təhlükəsizlik yüksək səviyyədədir, insanlarımız qonaqpərvərdir və əlbəttə ki, gözəl şərait var. Bu şəraiti bax biz yaradırıq, siz burada yaradırsınız. Mən Prezident kimi çalışıram ki, Azərbaycanda bütün istiqamətlər üzrə işlər daha da yaxşı getsin.
Biz, əlbəttə ki, əldə edilmiş uğurlarla fəxr edə bilərik. Ancaq biz daim irəliyə baxmalıyıq. Harada qüsurlar, çatışmazlıqlar varsa, biz onları aradan götürməliyik və inkişafımızı təmin etməliyik.
Mən sizi bir daha salamlayıram. Əminəm, bu gün mənə təqdim olunan layihələr reallaşacaq və reallaşdıqca mən yenə də İsmayıllıya gələcəyəm ki, o obyektlərin açılışında sizinlə bərabər iştirak edim.
Sağ olun”.
Zavodun əməkdaşı İsmət Mirzəfərli: Möhtərəm cənab Prezident, belə böyük zavodu bizə bəxş etdiyinizə görə kollektivimiz adından Sizə minnətdarlığımızı bildiririk.
Prezident İlham Əliyev: Sağ ol. Sən burada nə işləyirsən?
İsmət Mirzəfərli: Mexanikəm.
Prezident İlham Əliyev: Buralısan?
İsmət Mirzəfərli: Bəli.
Prezident İlham Əliyev: Bu zavodda işləyənlərin hamısı İsmayıllı rayon sakinləridir? Onlar hansısa kurs, təlim keçiblər?
İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov: Onlar burada müəyyən kurslar keçiblər. İstehsalat prosesini tam öyrənmək üçün isə Sofiyaya gedəcəklər.
Prezident İlham Əliyev: Çox yaxşı. Şəhərdə yaşayırlar?
Mirdaməd Sadıqov: Şəhərdən də var, kənddən də.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva: Möhtərəm cənab Prezident, 2013-cü ildə Siz İsmayıllı tikiş fabrikinin açılışında xeyir-dua vermişdiniz. Bu gün fabrik fəaliyyətini uğurla davam etdirir. Hazırda Sizin göstərişinizlə rayonumuzda daha böyük bir fabrik - İsmayıllı xalça fabriki inşa olunur. Burada 170-ə yaxın işçi çalışacaq. Bütün bunlar Sizin İsmayıllıya diqqətinizin, xüsusi qayğınızın nəticəsidir. Bu diqqətə və qayğıya görə Sizə ismayıllılılar adından ürəkdən təşəkkür edirik. Çox sağ olun, cənab Prezident! Tanrı Sizi bizlər üçün qorusun. Çox sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun. Bu gün “Azərxalça” İstehsalat Birliyinin yeni binasının layihəsinin təqdimatı da keçirildi. Bildiyiniz kimi, bu yaxınlarda mən “Azərxalça” müəssisəsini yaratdım. Bu, qısa müddət ərzində ölkəmizin müxtəlif yerlərində xüsusilə qadınlar üçün minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq. Biz xalçaçılığı gərək nəinki qoruyaq, həm də inkişaf etdirək. Çünki indi Azərbaycanda məşğulluq artır, işsizlik aşağı səviyyədədir. Ancaq araşdırsaq, görərik ki, qadınlar arasında işsizlik nisbətən daha çoxdur. Ona görə də qadınları işlə təmin etmək, eyni zamanda, xalçaçılığı yaşatmaq və ixrac potensialımızı artırmaq üçün belə bir qərar qəbul edildi. İndi bir çox rayonda, o cümlədən İsmayıllıda xalçaçılıq üzrə istehsalat sahələri yaradılır. Çünki İsmayıllıda xalçaçılıq sənəti çox inkişaf edib və qədim tarixə malikdir. İsmayıllının özünəməxsus xalçaçılıq üslubu var.
Bu xalçaçılıq müəssisəsi bütün lazımi avadanlıq, dəzgahlar, iplər, boyalarla təmin ediləcək, ilkin mərhələdə 170 iş yeri yaradılacaq. Biz tezliklə bu işlərə start verəcəyik. Xalça ixrac məhsuludur. Üstünlüyü ondan ibarətdir ki, onun istehsalına gedən vəsait yerli valyuta ilə ölçülür, amma ixrac olunarkən ölkəmizə xarici valyuta gələcək. Eyni zamanda, biz bu gözəl sənəti yaşatmalıyıq. Çünki xalça xalqımızın milli sərvətidir. Bakıda möhtəşəm Xalça Muzeyi tikilib. Təkcə ona görə yox ki, biz Bakını daha da gözəlləşdirək, ona görə ki, bu, bizim milli sənətimizdir. Bükülmüş xalça formasında tikilmiş o möhtəşəm bina əslində bunu bir daha göstərir.
Kiçik, orta sahibkarlığın inkişafı üçün ölkəmizdə hər cür şərait var. Əlbəttə ki, sahibkarlar gərək daha da çox işləsinlər. Biz sahibkarları dəstəkləyirik, onlara həm maliyyə vəsaiti ayrılır, həm siyasi dəstək göstərilir. Misal üçün, kiçik ailə təsərrüfatları yaradılmalıdır. İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatı sahəsində əsas məhsulu ailə təsərrüfatları istehsal edir. Əlbəttə, böyük aqrokomplekslər də lazımdır. Biz indi aqroparklar yaradırıq. Belə aqroparklardan biri Xaçmaz rayonunda, Yalamada, digəri Şəmkir rayonunda yaradılır. Amma kiçik fermer təsərrüfatları, ailə fermer təsərrüfatları da yaradılmalıdır.
İndi özünüməşğulluq proqramı icra edilməyə başlayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə bu il bu işlərə start verilir. Mənim Sərəncamımla Prezidentin ehtiyat fondundan bu məqsədlər üçün 6 milyon manat vəsait ayrılıb. Yerli icra hakimiyyəti orqanları da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təkliflər versinlər. Müxtəlif sahələr - heyvandarlıq, bitkiçilik, arıçılıq sahələri üzrə ailə təsərrüfatlarının yaradılması nəzərdə tutulur. İsmayıllıda arıçılıq inkişaf edib və böyük perspektivləri var.
Mirdaməd Sadıqov: Cənab Prezident, İsmayıllıda ənənəvi sənət növlərindən biri də arıçılıq olub.
Prezident İlham Əliyev: İsmayıllı balı da çox keyfiyyətlidir. Amma biz statistikaya nəzər salsaq görərik ki, fındıq kənd təsərrüfatı məhsulları arasında ən çox valyuta gətirən məhsuldur. Ona görə də kütləvi şəkildə fındıq bağları salınmalıdır. İsmayıllıda bu, o qədər də geniş vüsət almayıb. Burada minlərlə hektar sahədə fındıq əkilməlidir, çünki iqlim də, torpaq da buna imkan verir. Fındıq əkənlər bundan xeyli fayda götürəcək, onlara böyük miqdarda pul gələcək, həm də ixrac edəcəklər. İsmayıllıdan Balakənə qədər olan bütün bu zonanın təbii şəraiti buna imkan verir. Heç bir boş sahə qalmamalıdır.
Rayon icra hakimiyyətinin İvanovka inzibati ərazi vahidi üzrə nümayəndəsi Olqa Jabina: Cənab Prezident, Sizi yenidən İsmayıllıda görməyimizə çox şadıq. Çox təşəkkür edirik.
Prezident İlham Əliyev: Sağ olun. Bütün ivanovkalılara mənim salamımı və xoş arzularımı çatdırın. Mən istəyirəm ki, siz yaxşı yaşayasınız, həmişə necə yaşamısınız elə yaşayasınız.
Rayon sakini Zaur Muradov: Möhtərəm cənab Prezident, bugünkü güclü, qüdrətli Azərbaycan dövlətinə görə Sizə minnətdarıq. İki gün bundan əvvəl keçirilən tədbirlər də bizim dövlətimizin gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. Biz Sizinlə qürur duyuruq.
Prezident İlham Əliyev: Sağ olun. Sizə uğurlar arzulayıram. Biz yenidən görüşəcəyik.
Sonda xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 1090 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31