Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycan Xəzər-Qara dəniz regionunda müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır

Azərbaycan Xəzər-Qara dəniz regionunda müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır

10.10.2020 [08:17]

Ölkəmizin moderatorluğu ilə reallaşdırılan transmilli layihələr iqtisadi fəallığın artmasına və çoxtərəfli münasibətlərin inkişafına müsbət təsir göstərib

(əvvəli ötən sayımızda)

 

Bu gün Bakı-Tbilisi-Ceyhan Azərbaycan neftinin Avropa bazarlarına daşınması üçün əsas nəql marşrutudur. Bakı-Tbilisi-Ceyhanın istifadəyə verilməsi sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdilər. Eyni zamanda, yeni nəql marşrutundan faydalanan Azərbaycan öz ixracını əhəmiyyətli dərəcədə artırmağa nail oldu. Əlamətdar haldır ki, bu gün Bakı-Tbilisi-Ceyhandan Xəzər və Qara dəniz hövzələri regionunda yerləşən digər ölkələr də faydalanırlar.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə tikinti işləri 2005-ci ilin aprelində yekunlaşıb. Həmin il mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirilib. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatıb. İyunun 14-də “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin ilk partiyası Ceyhan dəniz terminalında “British Hawthorn” tankerinə yüklənərək dünya bazarına yola salınıb. 2006-cı il iyulun 13-də isə qardaş Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan boru kəmərinin təntənəli açılış mərasimi keçirilib.

2007-ci ildə Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə daha bir nəql marşrutu - Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara buraxılıb. Bakı-Tbilisi-Ərzurum istifadəyə verilsə də, “Şahdəniz” yatağının zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Yeni, daha böyük həcmli marşrut kimi yenə də qardaş Türkiyədən keçən Cənub Qaz Dəhlizi seçilib. Yaxın perspektivdə ölkəmizin zəngin “Şahdəniz” və digər yataqlarından çıxarılacaq “mavi yanacaq” Türkiyədən keçən Trans-Anadolu boru kəməri - TANAP vasitəsi ilə Avropa ölkələrinə çatdırılacaq. 2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Cənub Qaz Dəhlizinin mühüm seqmenti olan TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Azərbaycan qazı Avropa ölkələrinə TANAP-dan keçməklə Trans-Adriatik təbii qaz boru kəməri - TAP vasitəsilə çatdırılacaq. İndiyədək Cənub Qaz Dəhlizinin bu seqmenti üzrə işlərin 90 faizi icra edilib və onun inşasının 2020-ci ilin sonunadək başa çatdırılması gözlənilir.

O da vurğulanmalıdır ki, Xəzər - Qara dəniz hövzələri regionunda Azərbaycanın geostrateji önəmini artıran faktorlar sırasında ölkəmizin tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqeyə və geniş imkanlara malik olmasını xüsusi qeyd edə bilərik. Azərbaycanın əlverişli coğrafi mövqeyi respublikamızın istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Respublikamız həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır.

Son illərdə qeyri-neft sektorunun inkişafına güclü siyasi iradə və maddi dəstək göstərən Azərbaycan, eyni zamanda, özünün əlverişli coğrafi mövqeyindən bəhrələnərək tranzit imkanlarını daha da genişləndirməyə və bu yolla ölkəmizin əlavə gəlirlər əldə etməsinə nail olmağa çalışır. Bu məqsədlə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində ölkə ərazisində nəqliyyat xidmətləri inkişaf etdirilir, müasir infrastrukturlar qurulur, daşımaların idarə olunması mexanizmi təkmilləşdirilir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiya daha da genişləndirilir. Son 17 ildə ölkəmizdə müasir yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, 2004-cü ildən bu günə qədər Azərbaycanda 16 min kilometrdən çox avtomobil yolu tikilib, 6 beynəlxalq hava limanı istifadəyə verilib. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Azərbaycan Xəzər dənizində ən böyük dəniz donanmasına malikdir - 260 gəmidən ibarət donanma Xəzərdə yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır.

Azərbaycan qədim İpək Yolunun bərpasında, Avropa, Qafqaz və Orta Asiya ölkələrini əlaqələndirən Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılmasında moderator rolunda çıxış edir. Bu dəhliz istər iqtisadi səmərəlilik, istərsə də mükəmməl infrastruktur baxımından olduqca əlverişli marşrutdur. Bu marşrutun potensialından səmərəli istifadə etməklə bəhs olunan geniş coğrafiyada yerləşən ölkələr arasında iqtisadi-ticarət əlaqələrini gücləndirmək, bütövlükdə regionun inkişafına əlavə impuls vermək mümkündür. İndiyədək dəhlizin Azərbaycandan keçən hissəsində böyük iş həcmi görülüb və çoxlu sayda layihələr reallaşdırılıb. Bütövlükdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı layihələrin uğurla reallaşdırılmasında Azərbaycanın regionda qarşılıqlı etimad mühitinin dərinləşməsinə, əməkdaşlığın genişlənməsinə yönələn platformalardan çıxış etməsi mühüm rol oynayır. Bu baxımdan Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin yaradılmasına və onların funksionallığının artırılmasına verdiyi mühüm töhfələr tərəfdaş ölkələr tərəfindən yüksək qiymətləndirilir.

Bakı - Tbilisi - Qars dəmir yolu regionda çox mühüm nəqliyyat bağlantısı funksiyasını yerinə yetirir

Böyük strateji əhəmiyyət daşıyan bir regionda - şimaldan cənuba və şərqdən qərbə doğru uzanan nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın davamlı səyləri sayəsində daha bir mühüm iqtisadi-kommunikasiya layihəsinin reallaşdırılması mümkün olub. Söhbət Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun inşasının tamamlanmasından gedir. 2017-ci il 30 oktyabr tarixində bəhs olunan dəmir yolunun açılış mərasimi keçirilib.

BTQ Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə gedir və beləliklə Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirir. BTQ dəmir yolu xətti layihəsi uzun dövr gündəmdə olsa da, onun reallaşması yalnız Azərbaycan tərəfinin dəstəyi sayəsində mümkün oldu.

BTQ dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 840 kilometrdir. Bunun 500 kilometri Azərbaycan, 260 kilometri Gürcüstan, 80 kilometri isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan-Türkiyə sərhədindəki hissəsində uzunluğu 5 kilometrə yaxın olan tunel inşa edilib.

Həmçinin yeni dəmir yolu layihəsinin reallaşdırılması çərçivəsində respublikamızda böyük iş həcmi yerinə yetirilib. Belə ki, Azərbaycan dəmir yolunun Bakı-Gürcüstan sərhədi istiqamətində 347 kilometri yenidən qurulub, Kür çayı üzərində ikinci yeni Poylu körpüsü inşa edilib və ikiistiqamətli hərəkət təmin olunub.

Yeni dəmir yolu bağlantısı Şərqdən Qərbə yük və sərnişin daşımaları imkanlarını daha da artırır, bu daşımalara sərf olunan vaxtı və maliyyə sərfiyyatını xeyli azaldır. İlkin mərhələdə BTQ-nin buraxılış qabiliyyəti ildə 1 milyon sərnişin və 6,5 milyon ton yükə hesablanıb. Planlaşdırılır ki, daşıma həcmi sonralar 17 milyon ton artacaq və tədricən 50 milyon tona çatdırılacaq. Sərnişin sayı isə 2 milyon nəfər olacaq. Bakıdan Türkiyənin Qars şəhərinə qədər yolun müddəti 16-17 saat təşkil edəcək. Sonra yol Ankara, İstanbula qədər uzanacaq, Avropa üzərindən La-Manş və Londona keçəcək.

Əsas iştirakçıları Azərbaycan, Türkiyə və Gürcüstan olan BTQ Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənir. Regionda və bəhs olunan geniş coğrafiyada yerləşən ölkələr Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərdiklərini ifadə edirlər.

Azərbaycan Xəzərdə ən böyük liman tikməklə tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb

Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi baxımından Ələtdə inşa olunan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti kifayət qədər böyükdür. Bəhs olunan liman Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə birlikdə Şərq-Qərb nəqliyyat dəhlizinin çox mühüm seqmentini təşkil edir. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncama əsasən başlanılıb. 2010-cu ilin noyabrında dövlətimizin başçısının iştirakı ilə yeni liman kompleksinin təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı, 2018-ci ilin yanvarında iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilib. 2018-ci il mayın 14-də isə Prezident İlham Əliyevin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı keçirilib.

Azərbaycanın tranzit imkanlarının genişlənməsi üçün böyük imkanlar açan liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. İkinci Ro-Ro körpüsü və bərə körpüləri hidravlik sistemli asqılı pandusla təchiz olunub ki, bu da suyun səviyyəsinin müəyyən hədlərdə enib-qalxmasından asılı olmayaraq gəmilərin körpüyə təhlükəsiz yan almasını təmin edir. Limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 gəmi yan ala bilər.

Kompleksdə yükləmə-boşaltma əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə Almaniya istehsalı olan 80, 40 və 32 tonluq 6 yeni portal kran quraşdırılıb. Layihə çərçivəsində limanın əməliyyat binası, yük sahələri və anbarlar, sərhəd və gömrük xidməti məntəqələri, bütövlükdə müxtəlif təyinatlı 72 bina və qurğu inşa olunub.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30