Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda aqrar sektorun inkişafı məşğulluğun artırılmasına və regionlarda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir

Azərbaycanda aqrar sektorun inkişafı məşğulluğun artırılmasına və regionlarda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir

31.03.2017 [09:39]

Prezident İlham Əliyev: Bizim uğurlu iqtisadi siyasətimiz, regionların inkişafı və yeni təşəbbüslər, islahatlar, əminəm ki, dayanıqlı inkişafı təmin edəcək
Azərbaycanın davamlı inkişaf strategiyasında respublikanın bütün bölgələrinin tarazlı şəkildə inkişafının təmin edilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Prezident İlham Əliyevin siyasi iradəsi ilə müəyyənləşdirilən bu strateji kursa uyğun olaraq son 13 ildə paytaxt Bakıda və digər iri şəhərlərdə olduğu kimi, ölkənin bütün regionlarında da dinamik inkişafı təmin edən məqsədyönlü tədbirlər həyata keçirilib. Azərbaycanda 2004-cü ildən bəri tarixi əhəmiyyət daşıyan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla həyata keçirilməsi ölkəmizdə yeni reallıqlar yaradıb. Hazırda respublikanın hər bir bölgəsi istər abadlığı, istərsə də zəruri infrastruktur təminatı baxımından kifayət qədər yüksək səviyyəsi ilə diqqəti cəlb edir. Regionlarda davamlı şəkildə insanların məşğulluğu imkanları artırılır, kommunal xidmətlərin keyfiyyət göstəriciləri yaxşılaşdırılır.
Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14 dəfədən çox artıb. Artıq 6 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir. Ümumiyyətlə, son illərdə regionların maliyyə təminatı əhəmiyyətli dərəcədə güclənib. 2004-cü ildən etibarən bəhs olunan Dövlət proqramlarının icrasına bütün mənbələr hesabına 50 milyarddan çox, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib. 2016-cı ildə regionların inkişafına 4 milyard manat vəsait yönəldilib. O cümlədən ayrı-ayrı şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bir sıra mühüm layihələrin icrası ilə bağlı Prezident İlham Əliyevin imzaladığı 67 Sərəncamla 261 milyon manat vəsait ayrılıb.
Faktlardan da göründüyü kimi, ölkənin regionlarında dinamik inkişafın təmin olunması üçün fundamental əsaslar yaradılıb. Ölkəmizin meydana çıxan çağırışlara uyğun yeni inkişaf hədəfləri müəyyənləşdirilərkən məhz güclü daxili potensial, bütün respublika boyu yaradılan müasir infrastruktur, sənayenin və aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsi və bu kimi digər vacib amillər əsas götürülüb. Prezident İlham Əliyev martın 28-də Saatlıda Onun Sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində indiyədək görülən işlərin ölkənin gələcək inkişafını təmin edəcəyinə əminliyini nəzərə çatdıraraq deyib: “Bizim uğurlu iqtisadi siyasətimiz, regionların inkişafı və yeni təşəbbüslər, islahatlar, əminəm ki, dayanıqlı inkişafı təmin edəcək”.
Yeni şəraitdə müəyyənləşdirilən hədəflərdən biri də regionların potensialından daha səmərəli istifadə etməklə ölkənin qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasına nail olmaqdan ibarətdir. Prezident İlham Əliyev bununla bağlı fikirlərini ifadə edərək vurğulayıb: “... Bizim əsas məqsədimiz qeyri-neft ixracımızı artırmaqdır. Bax bunu etmək üçün kənd təsərrüfatının ənənəvi sahələri inkişaf etməlidir. Burada təkcə pambıqçılıqdan söhbət getmir. Biz keçən il tütünçülükdə də, baramaçılıqda da ciddi dönüş yarada bilmişik”.
Ölkənin qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasının əsas məqsəd kimi qarşıya qoyulması isə heç də təsadüfi deyil. Azərbaycanın coğrafi-iqlim xüsusiyyətləri elədir ki, ölkəmiz yaxın və uzaq istehlak bazarlarına böyük həcmlərdə kənd təsərrüfatı məhsulları çıxarmaq imkanına malikdir. İndiki şəraitdə bu imkanlardan səmərəli istifadə etməklə dünya birjalarında neftin kəskin ucuzlaşması fonunda ölkəmizə valyuta daxilolmalarının azalmasını əhəmiyyətli dərəcədə kompensasiya etmək mümkündür. Azərbaycana üstünlük qazandıran vacib məqamlardan biri ondan ibarətdir ki, ölkəmiz bir sıra iri istehlak bazarları ilə əhatə olunub. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, həmin bazarlarda Azərbaycanın regionlarında yetişdirilən kənd təsərrüfatı məhsullarını yaxşı tanıyırlar və yüksək qiymətləndirirlər. Bu da onunla bağlıdır ki, ölkəmizdə geni dəyişdirilmiş məhsullar yetişdirilmir, istehlakçılara ekoloji cəhətdən təmiz meyvə-tərəvəz təklif olunur.
“Made in Azerbaijan” brendi bütün dünyaya yayılıb
Ötən ildən ölkəmizdə beynəlxalq təcrübə əsas götürülməklə ixracın səmərəli təşviq mexanizmi işə salınıb ki, bu da ixracın stimullaşdırılması baxımından böyük önəm daşıyır. İxracın təşviqinin hüquqi bazasının möhkəmləndirilməsini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın dövlət başçısı qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında müvafiq Sərəncam imzalayıb. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmanda isə yerli məhsulların ixracı ilə bağlı bir sıra mühüm məsələlərin geniş spektri öz əksini tapıb. Prezident İlham Əliyevin imzaladığı “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında müvafiq Fərman da həm sənayedə, həm də aqrar sektorda ixrac imkanlarının genişləndirilməsi baxımından böyük aktuallıq kəsb edir.
Respublikamızda ötən il işə salınan səmərəli təşviq mexanizmi praktiki müstəvidə həyata keçirilən zəruri tədbirlərlə dəstəklənir. Dövlət başçısının tapşırığına uyğun olaraq artıq “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, ixrac missiyalarının təşkilinə və digər tədbirlərin icrasına başlanılıb. Bir neçə istiqamət üzrə məhsul istehsalçıları və ixracatçıları assosiasiyaları yaradılıb, mənşə sertifikatının verilməsi sadələşdirilərək müddəti üç gündən bir günə endirilib. Azərbaycanın yüksək rəqabətqabiliyyətli məhsullarının vahid məlumat bazasının yaradılması və bu məhsulların xarici bazarlara çıxışını təmin etmək üçün həmçinin “Azexport.az” portalı fəaliyyətə başlayıb. Eyni zamanda, respublikamızda ixracyönümlü texniki bitkilərin istehsalçılarına subsidiyalar müəyyənləşdirilib. Bu isə regionlarda ixrac tutumu yüksək olan məhsulların yetişdirilməsini daha da stimullaşdırmaq məqsədi daşıyır. Ölkəmizdə ötən ildən işə salınan təşviq mexanizmi, həmçinin praktiki müstəvidə görülən tədbirlər respublikamızdan xarici istehlak bazarlarına ixrac olunan məhsulun həcminin artmasına müsbət təsir göstərir. Ümumilikdə, 2016-cı ildə aqrar sektordan ixracın həcmi əvvəlki illə müqayisədə 73 milyon və ya 20,7 faiz artaraq 426 milyon ABŞ dolları təşkil edib. O cümlədən il ərzində respublikamızdan tərəvəz ixracı 41, meyvə ixracı 11, pambıq iplik ixracı isə 25 faiz artıb.
Hədəf isə ənənəvi bazarlarda daha da möhkəmlənməkdən və yeni bazarlara çıxmaqdan ibarətdir. İndiyədək keçirilmiş üç ixrac missiyası zamanı imzalanmış müqavilələrə əsasən, yeni bazarlar olan Çinə şərab, Birləşmiş Ərəb Əmirliklərinə ərzaq məhsullarının ixracına başlanılıb. Ötən ilin noyabrından etibarən şərab, pambıq ipliyindən məmulatlar, konservlər, su və şirələr, fındıq və digər məhsulların Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və sair ölkələrə ixracı ilə əlaqədar ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib. Yaxın gələcəkdə Rusiyada, Belarusda, Ukraynada, Çində, Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın ticarət missiyaları fəaliyyətə başlayacaq. “Made in Azerbaijan” brendi artıq dünyaya yayılıb. “Made in Azerbaijan” brendinin yaradılması və dünya miqyasında təbliği ölkəmizdə buraxılan müxtəlif növ məhsulların xarici istehlak bazarlarında daha geniş həcmlərdə satılmasına imkan yaradır, eləcə də respublikamıza inamı artırır. Bu istiqamətdə dövlətin nümayiş etdirdiyi siyasi iradəyə sahibkarların, istehsalçıların özləri tərəfindən də dəstək verilməlidir. Prezident İlham Əliyev sahibkarlara müraciət edərək onları xarici bazarlara çıxmaq üçün fəallıq nümayiş etdirməyə çağırıb: “Sahibkarlar özləri də fəal olmalıdırlar, özləri yeni bazarlara çıxmalıdırlar. Onsuz da Azərbaycan dövləti bunu təşkil edir. Biznes-forumlar keçirilir, hökumət nümayəndə heyətlərinin tərkibində artıq iş adamları da həmişə təmsil olunurlar. Onlar da fəal olmalıdırlar, öz məhsullarını təbliğ etməlidirlər, çalışmalıdırlar ki, bu imkandan istifadə edib öz məhsullarını daha çox xarici bazarlara satsınlar. Biz, əlbəttə ki, daxili bazarı da maksimum dərəcədə təmin etməliyik və bunu edirik”.
Azərbaycanda pambıqçılıq artıq bərpa edilib
Ötən ildən etibarən həmçinin respublikamızda yeni ixrac imkanları yarada biləcək texniki bitkilərin becərilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir. Son illərdə respublikanın bölgələrində yaradılan müasir infrastruktur, eləcə də aqrar sektorun zəruri texnika ilə təminatının gücləndirilməsi, yeni suvarma sistemlərinin yaradılması, genişmiqyaslı meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, toxumçuluğun inkişafına göstərilən diqqət gəlirli sahə olan pambıqçılıqda məhsuldarlığın artırılmasına geniş imkanlar açır. Keçən il və bu il Dövlət İnvestisiya Proqramında pambıqçılığın inkişafı ilə bağlı böyük vəsait nəzərdə tutulub, kompleks tədbirlər reallaşdırılıb. Prezident İlham Əliyev pambıqçılığın inkişafının iqtisadi baxımdan böyük önəm daşıdığına diqqət çəkərək bildirib: “Pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var. Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür”.
Ümumiyyətlə, respublikamızda 2016-cı il pambıqçılığın inkişafında dönüş ili olub. Belə ki, ötən il 51 min hektarda pambıq əkilib və 90 min tona yaxın məhsul tədarük edilib. Ötən il 1800 ədəd texnika alınıb, 2017-ci ildə isə 3811 ədəd texnika sifariş edilib. Bu il 22 rayonda pambıq əkiləcək, bu işlərdə minimum 300 min insan çalışacaq. Bütövlükdə, 136 min hektarda pambığın səpini, orta məhsuldarlığın 20 sentner səviyyəsində olması və 270 min ton pambıq tədarükü gözlənilir. Pambıqçılığın inkişafı ölkə miqyasında yüngül sənayenin inkişafına böyük təkan verəcək. 
Regionlarda pambıqçılığın inkişafı məqsədilə görülən tədbirlər sırasında meliorativ tədbirlərin də böyük əhəmiyyəti var. Azərbaycanda meliorasiya işləri uğurla aparılır, dövriyyəyə yeni əkin sahələri əlavə edilir. 2017-ci ildə 150 min hektar suvarılmamış torpaqlara su çəkilişi təmin ediləcək. 
Pambıqçılığın iqtisadi əhəmiyyəti ilə yanaşı, bu sahənin sosial önəmi də böyükdür. Pambıqçılıq kənd təsərrüfatının əmək tutumu kifayət qədər geniş olan sahələrindən biridir. Ötən il respublikanın regionlarında 64 min fəal insan pambıq əkib-becərməklə məşğul olub. Cari ildə isə bu rəqəmin 200 mindən çox olacağı proqnozlaşdırılır. Prezident İlham Əliyev pambıqçılığın inkişafının sosial mahiyyətinə diqqət çəkərək bildirib: “... Pambıqçılığın inkişafı, ilk növbədə, məşğulluğun artırılması və insanların, bu rayonlarda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılır. Ona görə biz neftdən əldə edilən vəsaiti bu sahəyə qoyuruq ki, camaat daha da yaxşı dolansın, işləsin, pul qazansın, halal zəhmətlə dolansın. Biz yaxşı pul qazanmaq üçün imkanlar yaradırıq. Ona görə pambıqçılığın inkişafı Prezident kimi mənim üçün, ilk növbədə, sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir”.
Respublikada peşə hazırlığı geniş vüsət almalıdır
Yeni şəraitdə iqtisadiyyatın, o cümlədən də regionlarda aqrar sektorun yeni yanaşmalar əsasında inkişafı əmək resurslarının idarə olunması və ondan səmərəli istifadə edilməsi kimi vacib məsələni bütün ciddiliyi ilə gündəmə gətirib. Elə etmək lazımdır ki, həm yaranan vakansiyalar ixtisaslı mütəxəssislərlə təmin olunsunlar, həm də ölkədə işsizlik artmasın. 
Məlumdur ki, Azərbaycanda iqtisadiyyat ciddi konseptual əsaslandırmalara uyğun şəkildə inkişaf etdirilir. Ötən il Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə milli iqtisadiyyatın 11 əsas sektoru üzrə strateji yol xəritələri təsdiqlənib. Bəhs olunan strateji yol xəritələrinə əsasən Azərbaycan iqtisadiyyatının prioritet sahələrinin yaxın, orta və uzunmüddətli dövrdə inkişaf hədəfləri müəyyənləşdirilib. Eyni zamanda, ölkənin regionlarının sosial-iqtisadi inkişafı beşillik proqramlar əsasında təmin edilir. Bütün bunlar isə ölkədə kadr hazırlığına konseptual yanaşmağa, bu sahədə prioritetləri düzgün müəyyənləşdirməyə zəmin yaradır. Kadr hazırlığının zəruriliyinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb ki, bu proses iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşmalıdır: “Kadr hazırlığı məsələləri böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, növbəti illərdə peşə hazırlığı Azərbaycanda geniş vüsət almalıdır və buna böyük ehtiyac var. Peşə məktəblərinin yaradılması prosesi gedir, daha da sürətlə getməlidir. Bu proses iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşmalıdır”.
Müşavirədə qeyd edildiyi kimi, ölkəmizdə sənaye, turizm sahələrində ixtisaslaşmış peşə məktəblərinin yaradılmasına böyük ehtiyac var. Çünki bu sahələr bundan sonra da Azərbaycanda sürətlə inkişaf edəcək. Eyni zamanda, respublikanın aqrar sektoru da yüksək səviyyəli kadrlarla təmin edilməlidir. Kənd təsərrüfatı mütəxəssisləri, bu sahə üzrə peşəkar kadrlar hazırlanmalıdır, ələlxüsus da gənclər bu sahəyə cəlb edilməlidirlər.
Valyutanı xaricə xərcləməmək üçün ölkədə yeni zavodlar açılacaq
Qeyd etdiyimiz kimi, Azərbaycanda geniş potensiala malik aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir. Bu məqsədlə həm zəruri struktur islahatları həyata keçirilir, həm də qabaqcıl təcrübədən istifadə etməklə müasir təsərrüfatçılıq metodlarının tətbiqinə yaşıl işıq yandırılır. Son illər ərzində ölkəmizdə 4 böyük su anbarı yaradılıb, bunun nəticəsində on minlərlə hektar yeni torpaq sahələri əkinə cəlb olunub. Taxtakörpü, Şəmkirçay, Tovuzçay kimi nəhəng su anbarlarının yaradılması dövlətimizin gücünü və qüdrətini təsdiqləyir. Eyni zamanda, Azərbaycana dünyada ən müasir və ən səmərəli pivot suvarma sistemləri gətirilib. Artıq regionlarda tətbiqinə başlanan pivot suvarma sistemləri suya qənaətlə yanaşı, sahələrin məhsuldarlığını artırmağa da imkan verir. Gələcəkdə pivot suvarma sistemləri respublikanın özündə istehsal ediləcək. Bununla bağlı ilk təşəbbüslər irəli sürülüb və müvafiq dövlət qurumları tərəfindən belə təşəbbüslərə hər cür dəstək verilir. 
İndiki mərhələdə valyutaya qənaət edilməsi, onun xaricə xərclənməsinin qarşısının alınması da olduqca vacib məsələdir. Hazırda aqrar sektorun tələbatını ödəmək üçün bir sıra pestisidlər, gübrələr xaricdən gətirilir ki, bu da valyuta itkisi deməkdir. Prezident İlham Əliyev vurğulayıb ki, belə təyinatlı müəssisələrin respublikamızda yaradılması zəruridir: “... Ölkəmizdə pestisid istehsalı zavodunun yaradılması da çox vacibdir. Biz pestisidləri xaricdən alırıq. Valyutanı xaricə xərcləməmək üçün biz bunu daxildə təşkil edə bilərik. Bildiyiniz kimi, ölkəmizdə böyük gübrə zavodu tikilir. Gələn il fəaliyyətə başlayacaq və biz özümüzü azot gübrələri ilə tam təmin edəcəyik, eyni zamanda, xaricə də ixrac edəcəyik. Pestisid istehsalı zavodunun yaradılması da zəruridir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 589 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30