Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bütün xarici radiosəslər Heydər Əliyevin sözlərini sitat gətirdilər...

Bütün xarici radiosəslər Heydər Əliyevin sözlərini sitat gətirdilər...

11.02.2023 [10:00]

İran üzrə iş həmişə böyük gərginlik və qüvvə tələb edirdi

Xüsusən də yetmişinci illərdə...

Əvvəli ötən sayımızda…

1979-cu il iyulun 9-da Cəbrayılov ADF MK-nın birinci katibi Əmrəli Lahrudi ilə İXP MK-nın katibi Ənuşirəvan İbrahiminin Moskvada baş tutmuş görüşü haqqında H.Əliyevə təqdimat yazır. Bu yazıya əsasən İranda artıq “ruhanilərin irticaçı təbəqələri və rəsmi hakimiyyətin ayrı-ayrı qərbyönlü nüməyəndələri tərəfindən geniş antikommunist kampaniyasının başlanması əlamətləri görünür...

TUDƏ-dən olan yoldaşlar bunun arxasında irticanın ölkədəki sol qüvvələrə qarşı aktiv hücumunun gizləndiyini istisna etmirlər...”

Bundan başqa İranda İXP-nin yerli üzvləri ilə mühacirətdən qayıdanlar arasında kəskin fikir ayrılığı başlamışdır.

İbrahimi söylədi ki, “İran inqilabının inkişafı zamanı və ondan sonra Azərbaycan əhalisi arasında demokratik və milli təmayüllər kəskin şəkildə artmışdır. Azərbaycan dilində kitab, kitabça, vərəqələr çap olunmağa başlamışdır. Marksist-leninçi ədəbiyyatla yanaşı, açıq satışa Azərbaycan ədəbiyyatının klassikləri Sabir, C.Məmmədquluzadə, N.Nərimanov, S.Vurğun, M.İbrahimovun əsərləri çıxarılmışdır. Bütün keçirilən tədbirlərdə, bütün mitinqlərdə Azərbaycan dili səslənir, ana dilində şeirlər oxunur. Azərbaycanın bir çox şəhərlərində məqsədləri Azərbaycan xalqının milli özünüdərkinin, dilinin və mədəniyyətinin inkişaf etdirilməsi olan, cəmiyyət və təşkilatlar, o cümlədən “Azərbaycan mədəniyyət işçiləri təşkialatı” yaradılmışdır. Təbrizdə ADF-nin orqanı - gündəlik “Azərbaycan” qəzeti çıxır...

Təbrizdə Azərbaycanın Azadlığı Tərəfdarları Partiyası aktiv fəaliyyət göstərir. Onun çap orqanları “Azadlıq” qəzeti və “Yoldaş” jurnalıdır. Bu yaxınlarda jurnalda AATP-nin İran Azərbaycanına muxtariyyət, həmçinin İranda yaşayan bütün xalqlara və milli azlıqlara hüquq bərabərliyi verilməsi tələbini irəli sürən proqramı çap edilimişdir”.

Respublika DTK-sının xarici kəşfiyyat xidmətinin sabiq rəisi İ.Hüseynov Azərbaycan çekistlərinin bu istiqamətdəki fəaliyyətini xatırlayır:

“...İran üzrə iş həmişə böyük gərginlik və qüvvə tələb edirdi. Xüsusən də yetmişinci illərdə.

Daxil olan informasiya təsdiq edirdi ki, İran şahı Məhəmməd Rza Pəhləvinin hakimiyyəti çox güclüdür. Onun ixtiyarında müasir silah növləri ilə təchiz edilmiş güclü ordu və möhtəşəm repressiya aparatı - SAVAK var idi. Nə sovet kəşfiyyatı, nə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ağlına belə gətirməzdi ki, yaxın illərdə İranda şah rejiminə son qoyan inqilab baş verəcək. Ona görə də sovet hökuməti İranla, şahla münasibətləri yaxşılaşdırmağa yönəlmiş tədbirlər görürdü, kəşfiyyatımızın fəaliyyəti isə İranı ABŞ-ın nəzarətindən qopartmaq məqsədilə əsas etibarilə Amerikaya qarşı yönəlmişdi”.

70-ci illərdən başlayaraq SSRİ-yə əhalinin şah rejimindən narazılığının artması və ruhanilərin təsirinin güclənməsi barədə məlumat gəlməyə başladı. 1978-ci ilin sonunda isə inqilabi vəziyyət əsl inqilaba çevrildi. 1979-cu il yanvarın 16-da şah ölkəni tərk etdi. Elə həmin gün müxtəlif şəhərlərdə qoyulmuş şah və onun atasının heykəlləri uçurduldu. Fevralın 12-də inqilab qələbə çaldı, hakimiyyətə ruhanilər gəldilər.

“Biz daim İranda baş verən hadisələri izləyir, Moskvaya məlumat verirdik, - İ.Hüseynov xatırlayır. - Bizim bütün məlumatlardan istifadə olundu və yüksək qiymətləndirildi...

Bəzi tarixçilər hesab edirlər ki, şah əleyhinə hərəkat kortəbii yaranmışdı. Mənim fikrimcə isə İran xalqı bu inqilaba çoxdan, addım-addım gəlirdi. Sol qüvvələr də kənarda qalmamışdı, inqilabda fəal iştirak edirdilər. Belə ki, hələ 1941-ci ildə yaranmış İran Xalq Partiyası (TUDƏ), şah rejimi dövründə amansız repressiyalara məruz qalaraq gizli və mühacirətdə fəaliyyət göstərmişdir. Cənubi Azərbaycanda bu partiyanın işi Azərbaycan Demokrat Firqəsi çərçivəsində həyata keçirilirdi. Xomeyninin antiamerika xəttini dəyərləndirən TUDƏ, onun dəstəklənməsini bəyan etdi. Sovet İttifaqı da İranın daxili işlərinə qarışmayacağı haqda bəyannaməyə baxmayaraq inqilabı dəstəklədi, çünki onun antiamerika yönümü ona sərf edirdi. Buna görə də Sov.İKP MK TUDƏ və ADF-yə həm DTK-nın xaricdəki rezidenturası, həm də bizim vasitəmizlə lazımi köməklik göstərildi. Məsələn, bizim üzərimizə vəzifə qoyulmuşdu: partiya funksionerlərinin qəbul edilməsi və sərhədin Azərbaycan hissəsində o tərəfə keçirilməsi”.

Qeyd etmək lazımdır ki, ADF funksionerlərini divan və repressiyalardan Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev xilas etdi: hiss edəndə ki, Xomeyni kommunistlərlə münasibəti sərtləşdirir, Heydər Əliyev Azərbaycan demokratlarının rəhbərlərini yanına çağırır və məsləhət görür ki, getmək məsələsində əlverişli zaman gələnə qədər gözləsinlər.

Buna baxmayaraq, çox güman ki, o özünü günahkar kimi hiss edirdi və bundan əzab çəkirdi: Moskvanın tapşırığını yerinə yetirərək o, Kiyanuriyə arxalanmışdı. Ancaq “halsız qocanın” məkrli niyyətlərini hiss edən və mənasız qurbanlara getmək istəməyən İsgəndəri doğru çıxmışdı. O çətin illərdə H.Əliyev heç şübhəsiz indiki vəziyyətlə uzaq, 1946 -cı il hadisələri arasında paralellər gətirirdi, o zaman da Moskva proqnozlarında yanılmış və eyni soyuqqanlıqla İran vətənpərvərlərini şah rejiminin pəncəsinə atmışdı. Əlbəttə, 1946-cı və 1979-1980-ci illərin repressiyaları müqayisəyəgəlməzdir. Ancaq Kreml başbilənləri heç olmasa bir qədər uzaqgörən olsaydı, bu repressiyalar olmaya da bilərdi.

Bəlkə elə məhz bu günah və Moskvanın yarımçıq qərarlarına qarşı daxili etiraz hissi, Heydər Əliyevi keçən fəsillərdə Elçinin dilindən qələmə aldığımız görünməmiş addım atmağa vadar etmişdir. 1982-ci ildə xarici diplomatlarla söhbət zamanı H.Əliyev açıq bəyan etmişdi ki, Cənubi və Şimali Azərbaycanda eyni vahid xalq yaşayır və o inanır ki, həqiqət nə vaxtsa zəfər çalacaqdır. Bu, SSRİnin Əfqanıstana müdaxilə etməsini sərt pisləyən İİR rəhbərliyinə ünvanlanmış sözlər idi. Əgər ilk vaxtlar SSRİ- İran inqilabına antiimperialist və xalq inqilabı kimi baxırdısa da, tezliklə o, başqa istiqamət götürdü. Hər halda “Nə Şərq, nə Qərb” şüarı ABŞ və Sovet İttifaqı arasında fərq qoymadı.

1982-ci ilin əvvəlində SSRİ İraqa silah göndərməyi bərpa etdi (bu ölkə o vaxt İranla müharibə aparırdı), ancaq Suriya və Livana da İrana sovet silahı göndərməyə mane olmadı. İranda kommunistlərə və onlara rəğbət bəsləyənlərə qarşı sərt mübarizə başlandı. İran rəhbərliyinin özündə o vaxt Moskva ilə münasibətlər məsələsində birlik yox idi. İran prezidenti Əli Xameneinin tərəfdarları imperialist ölkələri ilə əlaqələri qırıb SSRİ ilə yaxınlaşmağı tələb edirdilər. İslam Məclisinin sədri Əli Əkbər Haşemi-Rəfsancaninin tərəfdarları isə tələb edirdilər ki, Sovet İttifaqına da ABŞ kimi “böyük şeytan” qismində baxılsın.

İranla münasibətlərin mürəkkəbləşməsini nəzərə alan H.Əliyev cənub qonşusuna “barmaq silkələməyi” özünə rəva bildi, başa saldı ki, sovet rəhbərliyi lazım gələrsə Azərbaycan “kartından” istifadə edə bilər. O vaxt o belə hərəkəti edə bilərdi, çünki Şimali Azərbaycan qüdrətli imperiyanın tərkibində idi və İran tərəfdən onun vətəninə heç bir qorxu yox idi. Cəmil Həsənli də belə hesab edir ki, bölünmüş xalq haqqında sözlər emosional hisslərin yox, Heydər Əliyev tərəfindən atılmış düşünülmüş addımın nəticəsi idi. Bu siyasətçi heç bir sözü qarasına demirdi, heç bir işi kor-korana görmürdü. Hər şeyi qabaqcadan ölçüb-biçirdi.

Azərbaycan yazıçılarının 7-ci qurultayında yazıçıları Cənubi Azərbaycan mövzusuna daha çox diqqət yetirməyə çağıranda da, onun təşəbbüsü ilə Yazıçılar İttifaqının ştatı genişlənib, Balaş Azəroğlu Cənubi Azərbaycan üzrə katib olanda, Elmlər Akademiyasında XIX-XX əsr Cənubi Azərbaycan ədəbiyyatını öyrənən xüsusi şöbə yarananda da, o, bu addımları ətraflı düşünüb etmişdi.

Bu, növbəti dəfə arzuların puç olmasına Azərbaycan rəhbərinin reaksiyası idi.

Desək ki, bu cavabı İranda “qiymətləndirdilər”, hesab edin ki, heç nə deməmişik. Praktik olaraq bütün xarici radiosəslər Heydər Əliyevin sözlərini sitat gətirdilər, İranın Moskvadakı səfiri isə izahat üçün təcili olaraq islam respublikasının rəhbərliyinə çağırıldı.

“Bi-Bi-Si” radiostansiyasının həmin gün efirə verdiklərindən:

“Heydər Əliyev Kirilenkonun yerinə Siyasi Büroya seçilib. İran dövləti Azərbaycandakı vəziyyəti və Heydər Əliyevin Azərbaycan haqqında dediyi sözləri diqqətlə izləyir. Onun bu yüksək vəzifəyə seçilməsi İran rəhbərliyinin diqqət mərkəzindədir.

Əliyev - iki Azərbaycanın birləşməsi tərəfdarıdır və bu barədə açıq söyləyir. Diplomatlarla görüşdə o qeyd etmişdir ki, Sovet Azərbaycanının 6 milyon əhalisi vardır. Sosializm şəraitində Sovet Azərbaycanı inkişaf etmiş respublikaya çevrilmişdir. Lakin İrandakı 10-15 milyon azərbaycanlı dözülməz şəraitdə yaşayırlar.

Bu görüşdə Əliyev diplomatlara demişdir ki, iki Azərbaycan birləşməlidir. O qeyd etmişdir ki, bu onun şəxsi fikridir. Bu birləşmə hansı formada baş verəcək, bunu Azərbaycan xalqı özü müəyyən etməlidir.

Əliyevin bu fikirlərini İranın Moskvadakı səfiri İran rəhbərliyinə təfsilatı ilə çatdırmışdır”.

(“Bi-Bi-Si”, 23 noyabr 1982-ci il)

“Heydər Əliyevin bəyanatı, hətta o öz şəxsi fikrini bildirirsə belə, İran rəhbərlərinin xoşuna gələ bilməz. Əgər onun sözlərindən belə nəticə çıxarılsa ki, SSRİ İranın işlərinə qarışır, bunu onunla izah etmək olar ki, İran rəhbərlərinin sovet müsəlmanlarına çağırışları Sovet İttifaqını təngə gətirib”.

(Fars dilində “Bi-Bi-Si”, 24 noyabr 1982-ci il)

Xalq yazıçısı Elmira Axundovanın “Şəxsiyyət və zaman” kitabından

Paylaş:
Baxılıb: 431 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31