/ / Strateji Yol Xəritəsinə əsasən Azərbaycanda infrastruktur təminatında ciddi keyfiyyət dəyişiklikləri baş verəcək
Strateji Yol Xəritəsinə əsasən Azərbaycanda infrastruktur təminatında ciddi keyfiyyət dəyişiklikləri baş verəcək
21.12.2016 [09:51]
Prezident İlham Əliyev: Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir
Bu, bir həqiqətdir ki, indiki dövrdə güclü infrastruktur yaradılmadan inkişafa nail olmaq qeyri-mümkündur. Bu baxımdan ölkəmizin nümunəsi təqdirəlayiqdir. Müstəqil Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, ölkəmizdə istər iqtisadi, istərsə də sosial sektorlara aid yüksək səviyyəli infrastruktur quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir. Bu strateji kursa uyğun olaraq son 13 ildə respublikanın getdikcə artan iqtisadi potensialına əsaslanaraq paytaxt Bakıda və bölgələrdə geniş proqramlar həyata keçirilib, bilavasitə insanların gündəlik həyatı ilə bu və ya digər dərəcədə bağlı olan infrastruktur obyektləri istifadəyə verilib. Hazırda bölgələrin infrastruktur təminatı 13 il bundan qabaqkı vəziyyətlə müqayisədə kəskin şəkildə fərqlənir. Bu da qlobal iqtisadi çətinliklər fonunda ölkənin iqtisadi potensialından daha səmərəli istifadə olunmasında, daxili istehsalın genişləndirilməsində mühüm rol oynayan faktor qismində çıxış etməklə yanaşı, eyni zamanda, insanların sosial təminatının möhkəmlənməsinə, kommunal ehtiyaclarının ödənilməsinə etibarlı zəmin yaradır. Əlamətdar haldır ki, ölkəmizdə dövlət tərəfindən infrastruktur quruculuğuna yeni şəraitdə də güclü siyasi iradə nümayiş etdirilir. Bunun təsdiqi olaraq qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində respublikamızda infrastruktur quruculuğunun davam etdirilməsinin zəruriliyinə xüsusi diqqət çəkərək vurğulayıb: “...O ki qaldı dövlət investisiya layihələrinə, onlar da nəzərdə tutulur və hesab edirəm ki, bu məqsədlər üçün kifayət qədər vəsait təmin edilməlidir. Yenə də qeyd etməliyəm ki, elektrik enerjisi, qazlaşdırma ilə bağlı əsas infrastruktur layihələri artıq icra edilib. Bir çox kənd yolları, içməli su və kanalizasiya layihələri icra edilib və edilir. Əlbəttə ki, biz həmişə olduğu kimi, sosial infrastruktur layihələrinə böyük diqqət göstərməliyik”.
Prezident İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” bu günlərdə imzaladığı müvafiq Fərmana əsasən Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin təsdiqlənməsi də dövlətin bütün ölkə boyu insanların gündəlik həyatı ilə bağlı olan kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsini, elektrik və istilik enerjisi, su və qaz təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsini, bəhs olunan sahələrdə infrastruktur təminatının daha da yaxşılaşdırılmasını bundan sonra da diqqət mərkəzində saxlamaq əzmi nümayiş etdirdiyini təsdiqləyir. Müvafiq Fərmanla milli iqtisadiyyat və onun 11 əsas sektoru üzrə təsdiqlənən strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən konkret sahələr üzrə qarşıya müvafiq strateji məqsədlər qoyulub və hədəflər müəyyənləşdirilib. Şübhə yoxur ki, sənədə əsasən nəzərdə tutulan tədbirlərin mərhələlər üzrə reallaşdırılması ilə paytaxt Bakıda və bölgələrdə əhaliyə kommunal xidmətlər sektorunda, ümumiyyətlə, infrastruktur təminatında əsaslı keyfiyyət dəyişiklikləri baş verəcək. Bunun nəticələri isə perspektivdə həm əhalinin rifah halının yaxşılaşmasında, həm də ölkənin iqtisadi potensialından daha səmərəli istifadə edilməsində öz əksini tapacaq.
Paytaxtda və bölgələrdə genişmiqyaslı su layihələri həyata keçirilir
Bəhs olunan Strateji Yol Xəritəsində ölkədə yaxın, orta və uzunmüddətli perspektivdə su mənbələrindən daha səmərəli istifadə edilməsi və etibarlı su təchizatı sisteminin yaradılması strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilib ki, bu da ilk növbədə meydana çıxan çağırışlarla bağlıdır. Məlum olduğu kimi, müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Verilən məlumatlara görə, hazırda dünyada təxminən 1,5 milyard nəfər içməli su çatışmazlığından əziyyət çəkir. Su çatışmazlığının ayrı-ayrı ölkələrdə yaratdığı ekoloji problemləri, iqtisadi əngəlləri və digər mənfi təzahürləri də əlavə etsək, onda etibarlı su təchizatı qayğısına qalmağın hər bir ölkə üçün həyati əhəmiyyətli məsələ olduğu barədə konkret təsəvvür yaranar.
Azərbaycan da bu cəhətdən istisna deyil. Respublika ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Respublikamızı qidalandıran əsas su mənbələrinin ölkənin hüdudlarından kənarda formalaşması məsələyə daha həssas yanaşmağı tələb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev etibarlı su təchizatına nail olunmasını müstəqil Azərbaycanın strateji hədəfindən biri kimi müəyyənləşdirib. Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev bununla bağlı fikirlərini ifadə edərək deyib: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq son 13 ildə paytaxt Bakı da daxil olmaqla ölkəmizin bütün bölgələrində irimiqyaslı su-kanalizasiya layihələri həyata keçirilib. Bu, sırf sosial proqramdır. Su layihələrinə yönəldilən investisiyalar geri qayıtmasa da, Azərbaycan sosial dövlət olduğunu nümayiş etdirərək bu sahəyə böyük həcmdə sərmayələr yönəldir. Ölkə Prezidenti mütəmadi olaraq dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrı-ayrı şəhərlərin su təchizatının yaxşılaşdırılmasına lazımi qədər vəsait ayırır. Bundan başqa, Dövlət Neft Fondundan da su layihələrinin yerinə yetirilməsinə kifayət qədər irihəcmli maliyyə tranşları yönəldilir. Bakı şəhərinin və onun ətraf qəsəbələrinin, eləcə də regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında su layihələri ilə bağlı konkret müddəalar öz əksini tapıb və sözügedən proqramlar çərçivəsində son 13 ildə ölkəmizin bütün regionlarında müxtəlif həcmli onlarla içməli su layihələri reallaşdırılıb. Belə ki, dövlət investisiyaları və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələrinin icrasına başlanılıb və artıq bir sıra şəhərlərdə bu layihələrin icrası yekunlaşdırılıb. “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının 4 şəhər və rayon mərkəzində, o cümlədən onlara yaxın kəndlərdə etibarlı və davamlı su təchizatı və kanalizasiya xidmətlərinin təmin edilməsi məqsədi ilə 17 avqust 2007-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı arasında Kredit Sazişi imzalanıb və Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 247 s saylı sərəncamı ilə təsdiq edilib. Layihə Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir. Artıq layihə çərçivəsində nəzərdə tutulan bir sıra işlər yekunlaşdırılıb, ayrı-ayrı ünvanlarda isə işlər uğurla davam etdirilir. Hazırda Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutan “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi də böyük müvəffəqiyyətlə reallaşdırılır.
Son illərdə ölkəmizdə reallaşdırılan yeni su layihələrindən biri də Oğuz-Qəbələ-Bakı su kəməridir. Oğuz-Qəbələ-Bakı su kəmərinin icrasına Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 25 avqust 2005-ci il tarixli müvafiq Sərəncamı ilə start verilib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin inşasına 779,6 milyon manat vəsait ayrılıb. Kəmərin rəsmi açılış mərasimi 2010-cu il dekabrın 28-də keçirilib.
Qarşıya qoyulan hədəflər isə daha böyükdür. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bildirib ki, ölkənin bütün şəhərləri 24 saat fasiləsiz keyfiyyətli su ilə təchiz edilməlidir: “İçməli su layihələri bir çox şəhərlərdə artıq icra edilib, 24 saat fasiləsiz təmiz, beynəlxalq standartlara, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Bu layihələr davam edir, davam edəcəkdir. Bütün şəhərlərdə əhaliyə 24 saat fasiləsiz, təmiz içməli su verilməlidir”.
Respublikada qazlaşdırmanın səviyyəsinin 90 faizə çatması böyük nailiyyətdir
Kommunal xidmətlərin inkişafı ilə bağlı Strateji Yol Xəritəsində ölkə ərazisində həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyan qazlaşdırmanın miqyasının daha da genişləndirilməsi, həmçinin “mavi yanacaq” təchizatında keyfiyyətin yaxşılaşdırılması, itkilərin minimuma endirilməsi ilə bağlı konkret müddəalar öz əksini tapıb. Yeni hədəflər müəyyənləşdirilərkən, təbii ki, yaradılan möhkəm baza əsas götürülüb.
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək respublikanın bütün regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib ki, bunun da sayəsində ölkənin bütün şəhərlərinin “mavi yanacaq” təchizatına yüz faiz həcmində nail olunub. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində Azərbaycanda qazlaşmanın səviyyəsindən məmnunluğunu ifadə edərək deyib: “Biz 2007-ci ilə qədər qazı xaricdən alırdıq. Bu gün Azərbaycanda qazlaşdırma 90 faizə yaxınlaşır, bölgələrdə isə bütün şəhərlər 100 faiz qazlaşdırılıb. Hətta sovet dövründə heç vaxt qaz görməyən yerlərə də biz qaz xətləri çəkdik. Bu gün bölgələrdə qazlaşdırma 80 faizə yaxındır”.
Dövlət başçısının ölkənin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində mühüm tədbirlər həyata keçirilir. Belə ki, əhali kateqoriyasına aid istehlakçıların mənzillərindəki istismar müddəti bitən mexaniki sayğaclar “Smart-kart” tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir, təmir-bərpa işləri aparılır. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə bir sıra layihələr reallaşdırılır. Bu proses 2016-cı ilin arxada qalan dövrü ərzində də intensiv şəkildə davam etdirilib. Belə ki, cari ildə bütün respublika üzrə çoxlu sayda yaşayış məntəqəsi qazlaşdırılıb, hətta indiyədək heç vaxt qaz təchizatı olmayan ucqar kəndlərdə belə insanlar evlərində ilk dəfə “mavi yanacaq” alovlanmasının sevincini yaşayıblar.
Məlumdur ki, son illərdə Azərbaycan uğurlu enerji siyasəti sayəsində həm də qaz ixracatçısına çevrilib. Azərbaycanın və tərəfdaş ölkələrin birgə iştirakı ilə işlənməsinə başlanan “Şahdəniz” yatağı qlobal miqyasda yeganə yeni “mavi yanacaq” mənbəyi kimi respublikamızın önəmini əhəmiyyətli dərəcədə artırıb. İndiyədək Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin iki toplantısı baş tutub. Toplantılarda vurğulandığı kimi, zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycan yaxın perspektivdə Avropanın enerji təhlükəsizliyinə daha sanballı töhfələr verəcək. Beləliklə, bir sıra Avropa ölkələrinin rəsmilərinin də etiraf etdikləri kimi, hazırda Azərbaycanın iştirakı ilə “qoca qitə”nin enerji xəritəsi yenilənir və Azərbaycan bu prosesdə mərkəzi rol oynayır.
Bununla belə, ölkə Prezidentinin qətiyyətli siyasi iradəsi ona yönəlib ki, Azərbaycanın zəngin qaz potensialından ilk növbədə ölkə əhalisi bəhrələnməlidir. Prezident İlham Əliyev Cəlilabad rayonuna səfəri çərçivəsində sakinlərlə görüşündə daxili qaz istehlakının təmin olunmasının zəruriliyini bir daha vurğulayaraq bildirib: “Şəbəkələr qurulur, Azərbaycanda qaz istehsalı artır. Biz xaricə də qaz ixrac edirik, amma ilk növbədə Azərbaycan əhalisini təmin etməliyik”.
Elektrik enerjisi ilə təchizat sahəsində Bakı ilə bölgələr arasında fərq aradan qaldırılır
Bəhs olunan Strateji Yol Xəritəsində müəyyənləşdirilən hədəflər, eyni zamanda, ölkədə elektrik enerjisi ilə təchizat sahəsində ciddi keyfiyyət dəyişikliklərinə nail olmağa hesablanıb. Qeyd edək ki, 2004-cü ildən etibarən ardıcıl surətdə həyata keçirilən layihələr sayəsində paytaxt Bakının və bölgələrinin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 25 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Nəticədə 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Hazırda respublikamızda bütövlükdə 34 elektrik stansiyası fəaliyyət göstərir. Respublika ərazisindəki istilik və su elektrik stansiyalarının ümumi layihə gücü 6 231.6 MVt-ya bərabərdir.
Ölkə ərazisindəki bütün enerji güclərinin uğurlu istismarı müvəffəqiyyətlə təmin olunur. Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2006-cı ildəki 3 048 MVA-dan 2016-cı ilə 6 200 MVA-ya qaldırılıb. 2006-cı ildən bəri Bakıda və ətraf qəsəbələrdə mövcud yarımstansiyalar əsaslı şəkildə yenidən qurulub, çoxlu sayda yarımstansiyalar tikilib, müasir texnoloji avadanlıqların tətbiqinə “yaşıl işıq” yandırılıb, bir çox ünvanlarda 110 və 35 kV-luq hava xətləri kabel xətləri ilə, 0,4 kV-luq hava xətləri müasir tipli özünü daşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Bakı şəhərində 110 kV-luq dairəvi elektrik təchizat sistemi yaradılıb. Həyata keçirilən bu və digər tədbirlər nəticəsində texniki itkilər 16,9 faizdən 7,8 faizə endirilib. Beləliklə, abonentlər imkan çatan qədər yox, tələb olunan qədər davamlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar.
Bölgələrdə də elektrik enerjisi infrastrukturunun yaxşılaşdırılması tədbirləri ardıcıl şəkildə davam etdirilir. Qısa müddətdə həyata keçirilən tədbirlər sayəsində “Azərişıq” ASC-nin regional elektrik şəbəkələri üzrə texniki itkilər 2016-cı ilin 6 ayının yekunlarına görə 10,4 faizə endirilib. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq” ASC yarandığı 2015-ci ilin əvvəlinə 9 500 MVA-dan 2016-cı ilin I yarımilliyində 11. 111 MVA-ya qaldırılıb. 2016-cı ilin sonunadək bu göstəricinin 12 561 MVA-ya çatdırılması nəzərdə tutulub.
Ümumiyyətlə, respublikamızda elektrik enerjisi ilə təchizat sahəsində qarşıya paytaxt Bakı ilə regionlar arasındakı fərqin aradan qaldırılmasına nail olmaqla bağlı mühüm vəzifə qoyulub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bununla bağlı fikirlərini ifadə edərək vurğulayıb: “Elə etməliyik ki, bölgələrdə elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun. Ona görə kifayət qədər generasiya güclərimiz yaradılıb. İndi əsas məsələ ondan ibarətdir ki, biz insanlara bu elektrik enerjisini fasiləsiz çatdıra bilək”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21

