Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan həmişə regionda sülhün və sabitliyin hökm sürməsinə tərəfdar olub

Azərbaycan həmişə regionda sülhün və sabitliyin hökm sürməsinə tərəfdar olub

21.05.2010 [09:49]

Elnur Aslanov: ölkəmiz müxtəlif yollarla Ermənistanla dialoq aparmağa, regionda sülhün bərqərar olmasına kömək etməyə çalışır
Dünən Moskvada “Cənubi Qafqaz ölkələrinin sosial-iqtisadi inkişafı: problemlər və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransın nəticələrini və əhəmiyyətini AzərTAc-ın müxbiri ilə söhbətində Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov şərh edib. Elnur Aslanov deyib: “Konfransın əhəmiyyəti bundan ibarətdir ki, Azərbaycan, Rusiya və Qazaxıstan politoloqları birlikdə Cənubi Qafqaz regionunun inkişafının sosial-iqtisadi perspektivləri və gələcək formatı ilə əlaqədar bir sıra problemləri müzakirə etmişlər. Məlum olduğu kimi, Cənubi Qafqazın sabit və səmərəli inkişafının əsas maneələrindən biri ayrı-ayrı qrupların, habelə onlara havadarlıq edən dövlətlərin bu inkişafın qarşısını almaq cəhdləridir. Söhbət hazırda qeyri-konstruktiv mövqe tutan, regionda irrasional siyasət aparan və bununla da sabitliyi pozmağa can atan, regionda sülhün və sabitliyin bərqərar olmasına mane olan Ermənistandan gedir. Konfransın məqsədi Cənubi Qafqaz regionunun səmərəli inkişafına mane olan əsas amilləri üzə çıxarmaq idi. Tədbirdə təkcə problem xarakterli məsələlər deyil, regionun perspektiv inkişaf amilləri müzakirə olunmuşdur”.
Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri daha sonra bildirib ki, bu gün Azərbaycan regionun iqtisadi baxımdan lider ölkəsidir. E.Aslanov deyib: “Azərbaycan nümayəndə heyətinin üzvlərinin dediyi kimi, - nümayəndə heyətinə Azərbaycan parlamentinin təmsilçiləri, müstəqil politoloqlar, Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri daxil idi, - Azərbaycan regionda iqtisadi proseslərin və miqyaslı layihələrin əsas inteqratorudur. Bu cəhəti nəzərə alaraq, ölkəmiz müxtəlif yollarla Ermənistanla dialoq aparmağa, regionda sülhün bərqərar olmasına kömək etməyə çalışır. Biz dəfələrlə dialoqa hazır olduğumuzu bəyan etmiş və bütün səviyyələrdə demişik ki, ölkəmiz sülh danışıqlarını axıradək aparmağa hazırdır. Təbii ki, hər bir prosesin öz limiti, o cümlədən səbir limiti də vardır. İndiki mərhələdə masa üzərinə Madrid prinsiplərinin yeni variantı qoyulmuşdur. Azərbaycan bu prinsipləri bəzi təshihlərlə qəbul edir, Ermənistan isə təəssüf ki, bu məsələ ilə bağlı hələ də cavab verməmişdir. Lakin Azərbaycan Ermənistan rəhbərliyinin, nəhayət, irrasionalizm siyasətindən əl çəkəcəyinə və regionda sülhün və sabitliyin bərqərar olmasında daha fəal iştirak edəcəyinə ümid bəsləyir”.
E.Aslanov vurğulayıb ki, hazırda Azərbaycanda erməni dilində televiziya kanalı, informasiya agentliyi fəaliyyət göstərir. Bu gün Azərbaycan Dağlıq Qarabağ ərazisində yaşayan de-yure vətəndaşlarına ölkənin digər həmsərhəd şəhərlərinin əhalisinin malik olduğu analoji iqtisadi və sosial imtiyazları təqdim etməyə hazırdır. Digər dövlətlərin təcrübəsində görürük ki, birgə yaşamaq təcrid edilmiş məkanda, ac-yalavac, heç bir real perspektiv olmadan, yalnız uydurma müstəqillik xülyası ilə yaşamaqdan siyasi və iqtisadi cəhətdən daha rentabellidir.
Ekspert birliyinin Azərbaycanın ədalətli mövqeyini qəbul edib-etməməsi sualını şərh edən E.Aslanov etiraf edib ki, bəzən bu çox çətin olur, çünki “bizimlə eyni vaxtda digər tərəflər də öz mövqeyini ortaya qoyur”. O, deyib: “Lakin bu cür konfransların başlıca məqsədi məhz Rusiya ekspert birliyinə bu və ya digər məsələlərlə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın xarici və daxili siyasətinin inkişaf istiqamətləri ilə bağlı əsas mövqeləri  çatdırmaqdır. Biz, əlbəttə, ümid edirik ki, bu məsələdə uğur bizim tərəfimizdə olacaqdır və biz nailiyyətlərimizlə kifayətlənmirik. Bu cür görüşlər davam etdiriləcək və Azərbaycan ilə Rusiya arasında, o cümlədən ölkələrimizin ekspert birlikləri arasında münasibətlərin möhkəmlənməsinə xidmət edəcəkdir”.

Paylaş:
Baxılıb: 1093 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30