Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan-Ukrayna münasibətləri mehriban dostluq və müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Ukrayna münasibətləri mehriban dostluq və müttəfiqlik səviyyəsinə yüksəlib

28.11.2015 [11:24]

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dünyanın bir çox ölkələri ilə yanaşı, Ukrayna ilə strateji əməkdaşlığın inkişafına xüsusi diqqət ayırıb. Bu baxımdan 1993-cü ildə 2-ci dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrini bərpa edərək, Azərbaycan-Ukrayna münasibətlərini müttəfiqlik zirvəsinə ucaltmağa müvəffəq olub.
Heç də təsadüfi deyil ki, bu gün Ukraynanın bir çox ictimai, siyasi xadimləri Ulu öndər Heydər Əliyevi Azərbaycanla Ukrayna dostluğunun memarı və qurucusu kimi qiymətləndirirlər. Dahi öndərin SSRİ Nazirlər Kabinetinin sədr müavini işlədiyi dövrlərdə Ukrayna və Ukrayna xalqı qarşısındakı əvəzsiz xidmətləri, o illərdə Ukraynada bir sıra iri sənaye müəssisələrinin, fabrik və zavodların tikintisinə yardımçı olması, Çernobıl Atom Elektrik stansiyasında baş vermiş partlayışın keçmiş sovet rəhbərliyi tərəfindən gizlin saxlandığı bir dönəmdə Heydər Əliyevin həyəcan siqnalı verməsi və faciənin aradan qaldırılmasında göstərdiyi tarixi şücaət Ukrayna xalqı tərəfindən bu gün də böyük minnətdarlıq hissi ilə xatırlanır. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra da Ulu öndər Heydər Əliyev Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında üzərinə düşən tarixi missiyanı böyük ustalıqla yerinə yetirib. Məhz bu gün Azərbaycanla Ukraynanın beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınması Heydər Əliyevin adı ilə bağlıdır. O zaman həyata keçirilən müdrik siyasət nəticəsində ölkələrimiz arasında davamlı və yüksək səviyyədə iqtisadi və siyasi əməkdaşlıq münasibətləri qurulub. Azərbaycan və Ukrayna GUAM regional təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir. 1997-ci ildə Ulu öndər Heydər Əliyevin Ukraynaya ilk rəsmi səfəri ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə əsaslı təkan verib. Səfər çərçivəsində Ümummilli lider Heydər Əliyevlə Ukraynanın keçmiş dövlət başçısı Leonid Kuçma arasında keçirilən tarixi görüş ölkələrimiz arasındakı iqtisadi, siyasi əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoymasında mühüm əhəmiyyət kəsb edib. Görüş zamanı Azərbaycanla Ukrayna arasında neft-qaz sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanması gənc və müstəqil dövlətlərimizin gələcək strateji əməkdaşlığının hüquqi bazasına çevrilib. Səfər çərçivəsində Heydər Əliyevə Ukraynanın ali mükafatı - “Yaroslav Mudrı” ordeninin və Kiyev şəhərinin fəxri vətəndaşı adının verilməsi birmənalı olaraq dahilik və müdrikliyə verilən qiymətin bariz nümunəsi kimi dəyərləndirilir.
Ötən dövr ərzində inkişaf edərək Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycan Respublikası beynəlxalq aləmdəki mövqelərini daha da gücləndirmək, milli dövlətçilik maraqlarını təmin etmək və dünyadakı etibarlı tərəfdaşları ilə əlaqələrini genişləndirmək istiqamətində çox böyük nailiyyətlər əldə edib. Bu mənada inamla demək olar ki, Azərbaycan ilə Ukrayna arasında strateji müttəfiqlik münasibətləri durmadan inkişaf edərək möhkəmlənib. Ölkələrimiz beynəlxalq forum və sammitlərdə eyni mövqedən çıxış edərək, qarşılıqlı maraq doğuran məsələlərdə birgə əməkdaşlığı inkişaf etdirirlər. Hər iki ölkə müstəqilliklərini əldə etdikləri gündən indiyədək beynəlxalq aləmdə mühüm tərəfdaşlar kimi tanınırlar. Fərəhləndirici haldır ki, Azərbaycanla Ukrayna arasındakı mehriban dostluq münasibətləri səmimiyyət üzərində qurulub. Çətin məqamlarda hər iki ölkə bir-birinə dayaq olmaq prinsipini bu gün də böyük əzmlə qoruyub saxlayır. Ukraynanın keçmiş prezidenti Leonid Kuçma dəfələrlə minnətdarlıq hissi ilə qeyd edib ki, bu ənənələrin əsasını Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev qoyub: “Ukraynanın ən ağır illərində Heydər Əliyev ölkəmizə əsl dost və qardaş dəstəyini verib, 1990-cı illərdə məhsul yığımı zamanı Ukrayna yanacaq böhranı ilə üzləşəndə yaxın dost və məsləkdaşımız kimi bizə əsl dost yardımını dahi Heydər Əliyev və Azərbaycan xalqı edib. Biz münasibətlərimizin müxtəlif dövrlərini, ölkələrimizin yaşadığı çətin anları heç zaman unutmuruq. Dostlar həmişə çətin anlarda tanınır. Bu baxımdan Ukraynanın çətin və mürəkkəb vəziyyətlə üzləşdiyi bir zamanda Heydər Əliyev Ukraynaya təmənnasız yardım göstərməklə xalqımıza arxa-dayaq olub. Azərbaycanın müharibə şəraitində olmasına baxmayaraq Ukraynanı məhsul yığımını həyata keçirmək üçün yanacaqla təmin etdi. Bu o zaman Ukraynanın energetikasını və kənd təsərrüfatını xilas etmək demək idi. Bu yaxşılıq, əlbəttə ki, Ukrayna xalqı tərəfindən heç zaman unudulmayacaq”.
Təbii ki, cənab Kuçmanın bu səmimi sözlərini bu gün demək olar ki, Ukraynanın istənilən dövlət və hökumət rəsmilərinin dilindən eşitmək mümkündür. Məhz Ulu öndər Heydər Əliyevin Kiyev şəhərinin mərkəzində abidəsinin ucaldılması, Onun adına istirahət parkının salınması, Ukraynanın ali təhsil ocaqlarından birinə - Beynəlxalq Sosial Elmlər İnstitutuna Heydər Əliyevin adının verilməsi heç də təsadüfi deyil. Bu, dahi bir şəxsiyyətin bir xalqın qəlbində özünə ucaltdığı əbədi sevgi təcəssümüdür.
Onu da qeyd edək ki, iki ölkə arasındakı xeyirxahlıq ənənələri bu gün də davam etdirilir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən düşünülmüş şəkildə prinsipiallıqla davam etdirilən siyasi və iqtisadi strategiya ölkələrimizi bir-birinə daha sıx bağlayır. Bölgədə iri layihələrin reallaşdırılması Azərbaycanın iqtisadi gücünü artırmışdır. Bu da ölkəmizə dünya miqyasında bir sıra qlobal layihələrin həyata keçirilməsinə geniş şərait yaradır. Ukrayna Azərbaycan iqtisadiyyatının stimullaşdırılmasını, müxtəlif texnogen qəzaların nəticələrinin aradan qaldırılmasındakı böyük fəallığını yüksək qiymətləndirir. Ötən illərdə Çernobıl Atom Elektrik Stansiyasında “Örtük” layihəsinin həyata keçirilməsi üçün Çernobıl Fonduna Azərbaycan tərəfindən bir milyon dollar həcmində vəsait köçürülməsi ölkəmizin xeyirxahlıq ənənəsinin, dostluq və əməkdaşlığa sadiqliyinin bariz nümunəsi kimi dəyərləndirilir. Bu, eyni zamanda, Azərbaycan-Ukrayna xalqları arasında qırılmaz dostluq əlaqələrinin daha sıx tellərlə bağlanmasından xəbər verir.
Vaxtı ilə Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi, ticarət, mədəniyyət, elm, təhsil və humanitar sahələrdə normativ-hüquqi bazanın yaradılmasını və əlaqələrin tənzimlənməsini möhkəm əsaslar üzərində qurub. Bu məqsədlə təkcə 1994-1997-ci illərdə ölkələrimiz arasında 30-dək müqavilə, saziş və protokollar imzalanmışdır. Həmin sənədlər müvafiq qaydada təsdiq olunmuş nazirlik, komitə, şirkət, konsern, birlik, mərkəzi idarə və təşkilatlara göndərilmiş, onların müddəalarından irəli gələn tədbirlərin həyata keçirilməsi tapşırılmışdır. Görülmüş işlər nəticəsində Ukrayna ilə əlaqələrin miqyası xeyli genişlənmişdir. Azərbaycan-Ukrayna münasibətlərinin intensiv dinamikası möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Prezident İlham Əliyevin Ukraynaya etdiyi rəsmi və dövlət səfərləri ikitərəfli dostluq münasibətlərinin inkişafinda xüsusi rol oynamışdır. Azərbaycanla Ukrayna arasında energetika sahəsində əməkdaşlığa dair imzalanmış müqavilələr qarşılıqlı münasibətlərin inkişafına öz səmərəli töhfəsini verib.
Hər iki ölkənin beynəlxalq təşkilatlardakı qarşılıqlı dəstəyə əsaslanan fəaliyyəti də kifayət qədər yüksək səviyyədə davam edir. Ukrayna Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Azərbaycan da öz növbəsində Ukraynanın qarşılaşdığı indiki ağır dönəmdə öz mənəvi yardımını əsirgəmir, beynəlxalq arenada dost ölkənin ərazi bütövlüyünə dəstək verir.
Fərəhləndirici haldır ki, bu gün Azərbaycan-Ukrayna əlaqələri bütün sahələrdə inkişaf edir. İki ölkə arasında siyasi baxımdan daha fəal dialoq aparılır. Dövlət başçılarının, habelə digər rəsmi nümayəndələrin qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər, həmçinin digər layihələrin reallaşması ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yüksək səviyyədə olmasından xəbər verir. Təbii ki, ikitərəfli qarşılıqlı əlaqələrin durmadan inkişaf etməsinin kökündə müdrik düşüncənin məntiqi dayanır. O müdrik düşüncə ki, onun memarı və müəllifi dahi Heydər Əliyevdir.
Əfqan Salmanov,
Azərbaycanın Ukraynanın
Xarkov şəhərindəki fəxri konsulu, iqtisadi elmlər üzrə fəlsəfə doktoru

Paylaş:
Baxılıb: 687 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30