Tramp seçiləcəyi təqdirdə...
10.04.2024 [11:20]
Regionda baş verə biləcək hadisələr
İrəvan niyə narahatdır?
Donald Trampın yenidən ABŞ-ın prezidenti seçilməsi Rusiyanın postsovet məkanında ənənəvi gücünü bərpa edəcək. Məhz buna görə də Ermənistan hakimiyyəti bundan ciddi narahatlıq keçirir.
Trampa yaxın dairələr bildirirlər ki, Donald Tramp hakimiyyətə gələcəyi təqdirdə Ermənistana heç bir təhlükəsizlik təminatı verməyəcək. Onların sözlərinə görə, Donald Trampın prezidentlik dövründə Vaşinqton Ermənistana görə Türkiyə, Azərbaycan və Rusiya ilə qarşıdurmaya girməyəcək.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Bayden administrasiyası Ermənistana çox diqqət yetirir. ABŞ-Ermənistan münasibətlərində hazırki proseslərdən belə görünür ki, əvvəlki dövrlərə nisbətən Vaşinqtonun Cənubi Qafqazla bağlı xarici siyasətində Ermənistanın əhəmiyyəti artırılıb. Hazırki administrasiya İrəvanla təmasları daha da intensivləşdirmək niyyətindədir. Aprelin 5-də Brüsseldə ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Ermənistan Baş naziri Nikol Paşinyanla son görüşündə Vaşinqtonun İrəvana maliyyə dəstəyi vəd etməsi də bunu sübut edir. Yaxın zamanda Ağ evdən Ermənistana təhlükəsizlik vədləri veriləcəyi də şübhə doğurmur.
Sakit okean regionu prioritet məsələdir
Sözsüz ki, Bayden administrasiyasının Ermənistan üçün çabalarının arxasında bu ölkə üzərindən Cənubi Qafqazda proseslərə müdaxilə etmək və təsir imkanlarını artırmaq, ən əsası da Rusiyanı regiondan kənarlaşdırmaq planı dayanır. Əlbəttə, Bayden və onun komandası bu xüsusda Azərbaycan və Gürcüstan amilini də nəzərdən qaçırmır. Lakin Donald Trampın hakimiyyətə qayıtması
ABŞ-ın Cənubi Qafqazla bağlı xarici siyasətində hazırki vəziyyəti dəyişə bilər. ABŞ-ın bəzi mənbələrinin məlumatına görə, sərt mühafizəkar baxışları ilə tanınan Donald Trampın xarici siyasət proqramında Sakit okean regionu (C.Koreya, Yaponiya, Avstraliya, İndoneziya, Sinqapur, Filippin),
Arktik bölgəsi (Danimarka, İslandiya, Norveç, İsveç, Finlandiya), Hindistan və Vyetnam, Afrika qitəsi və İsrailin təhlükəsizliyi ilə bağlı məsələlərə daha çox yer verilib. Daha dəqiq desək, sözügedən məsələlər prioritet hesab olunur.
Onu da qeyd edək ki, Trampın proqramında Mərkəzi və Şərqi Avropa, o cümlədən postsovet regionu - Cənubi Qafqaz və Mərkəzi Asiyanın adı keçmir və ya həmin regionlara daha az diqqət ayrılıb. Əgər Donald Tramp bu ilin noyabrında keçiriləcək prezident seçkilərində ABŞ-ın dövlət rəhbəri seçilərsə, o, məhz bu regionlara fokuslanacaq. Yəni Tramp ABŞ-ın Sakit okean regionunda hegemonluğunu möhkəmləndirmək və geostrateji rəqabət qabiliyyətini artırmaqda maraqlı olacaq. Xatırlatmaq yerinə düşər ki, Donald Tramp dörd illik prezidentlik dönəmində ABŞ-ın Sakit okean və Arktik bölgəsində təhlükəsizlik strategiyasını, eləcə də İsrailin təhlükəsizliyini daim diqqətdə saxlayıb.
Prezidentliyə yenidən iddialı olan milyarder son bəyanatında bildirib ki, Rusiya və Çinin Arktikada möhkəmlənməsi ABŞ üçün ciddi problemlər yaradacaq. “Arktikada biz Rusiya və Çinin ekspansiyasını görürük. Buna qədər Amerika liderləri bu istiqamətdə çox passiv davranıblar.
ABŞ-ın gələcək maraqları və hegemonluğu baxımından açıq deyə bilərəm ki, biz Arktikada Çin və Rusiyanın hegemonluğuna imkan verməməliyik”.
Yaxın Şərq ABŞ-ın hegemoniya siyasətinin həlqəsi kimi...
Trampın xarici siyasət proqramında Yaxın Şərqin adı çəkilməsə də, onun bu regionu gündəliyindən çıxarması qeyri-mümkün görünür. Ona görə ki, istər respublikaçıların, istərsə də demokratların hakimiyyəti dövründə Vaşinqton heç bir zaman Yaxın Şərqə diqqəti azaltmayıb. Əksinə, hər iki qrup (respublikaçılar və demokratlar - red.) bu regionu ABŞ-ın qlobal hegemoniyası üçün ilkin prioritet hesab ediblər. Vaşinqton Sakit okean və Arktika bölgəsi kimi Yaxın Şərqə də özünün qlobal hegemoniya siyasətinin həlqəsi kimi baxıb. Həm soyuq müharibə, həm də post-soyuq müharibə dövründə ABŞ Yaxın Şərqdə geostrateji və geosiyasi cəhətdən möhkəmlənməyə çalışıb. Xüsusilə vurğulamaq lazımdır ki, İran, Livan, İsrail və Yəməni çıxmaq şərti ilə ABŞ-ın Yaxın Şərqin bütün ölkələrində hərbi bazaları mövcuddur. ABŞ-ın irimiqyaslı hərbi gəmiləri Fars körfəzində lövbər salıb. Eyni zamanda ABŞ-ın enerji şirkətləri Səudiyyə Ərəbistan, Küveyt, Qətər, Oman və İraqda neft-qaz resurslarının istismarı ilə məşğuldur və bu ölkələrdə mühüm layihələr həyata keçirir.
Bütün bunlarla yanaşı, Yaxın Şərq məsələsində İran Tramp üçün ən həssas məsələ olaraq qalır. “New York Times”ın məlumatına görə, Tramp prezident seçiləcəyi təqdirdə İranla problemli olan, İranla sərhəd olan ölkələrə xüsusi diqqət yetirəcəyini bildirib. Tramp hesab edir ki, bu ölkələrin sərhədləri daha da gücləndirilməlidir. Nəşrin məlumatında, həmçinin qeyd olunur ki, Tramp həmin ölkələrin İrana qarşı daxili təzyiqləri önləyə və onların daxili sabitliklərini qoruya bilmələri üçün əlavə maliyyə dəstəyi verəcək.
Bu reallıqdır ki, postsovet regionuna nisbətən ABŞ-ın Sakit okean və Arktika bölgəsində, habelə Yaxın Şərqdə manevr imkanları daha çoxdur. Donald Trampın digər mühüm çabaları Çinin qlobal güc mərkəzinə çevrilməsinə əngəl yaratmaq olacaq. Tramp Çini ABŞ üçün nəinki rəqib, həmçinin ciddi təhlükə kimi görür. Respublikaçı namizəd ABŞ-ın Çinlə qlobal səviyyədə əməkdaşlığını qəbuledilməz hesab edir. O, dəfələrlə öz çıxışlarında bəyan edib ki, hakimiyyətə gələcəyi təqdirdə ABŞ-ın Sakit okean, Arktika bölgəsi, Afrika və Yaxın Şərqdə geosiyasi manevr imkanlarını artırmaqla Çinə qarşı güclü və şiddətli mübarizə aparacaq.
Paşinyanın müqəddəratı təhlükə altında...
Postsovet regionuna gəlincə, əgər Donald Tramp yenidən ABŞ-ın prezidenti olarsa, Vaşinqtonun Ukrayna, Cənubi Qafqaz və Mərkəzi Asiyaya xüsusi diqqəti əvvəlki kimi olmayacaq. Tramp və onun komandası ilk növbədə Moskva ilə danışıqlar aparıb Ukraynada müharibəni dayandırmağa çalışacaq. Çünki Tramp yaxşı bilir ki, Vaşinqton bu müharibə nəticəsində öz ambisiyalarına nail olub. Tramp administrasiyası postsovet regionunda Rusiya ilə geosiyasi qarşıdurmaya cəlb olunmaq niyyətində olmayacaq. Belə qənaətə gəlmək olar ki, Cənubi Qafqaz və Mərkəzi Asiyada Rusiyanın yeganə güc mərkəzi olduğunu tanıyacaq.
Belə olan halda Bayden administrasiyası tərəfindən dəstəklənən Paşinyan hakimiyyətinin müqədd?ratı təhlükə altında olacaq. Kreml Paşinyanı cəzalandırmaq və özünə bağlı olan revanşist müxalif qüvvələri hakimiyyətə gətizdirmək üçün bütün imkanlarından yararlanacaq. Aİ və Fransa Paşinyan hakimiyyətini təhlükədən xilas edə bilməyəcəklər. Ona görə ki, onların Ermənistanda Rusiya qədər təsir imkanları yoxdur.
Qlobal təhlükəsizliyə önəm verən ölkə...
Nikol Paşinyanın öz hakimiyyətini qorumaq üçün isə yeganə çıxış yolu Azərbaycanla tez bir zamanda sülh sazişi imzalamaqdan keçir. Bu saziş imzalandıqdan sonra Ermənistanın Türkiyə ilə sərhədləri dərhal açılacaq.
Azərbaycana gəlincə isə Tramp postsovet regiona diqqəti azaltsa belə, ABŞ-Azərbaycan münasibətləri eyni səviyyədə qalacaq. Ağ Evdə kimin olmasından asılı olmayaraq, Vaşinqton Azərbaycanı həm iqtisadi-enerji, həm də hərbi-təhlükəsizlik baxımından özünün tərəfdaşı hesab edir. Vaşinqtonda çox yaxşı bilirlər ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir və bu regionda təhlükəsizliyin təmin olunması rəsmi Bakının iqtidarındadır. ABŞ, həmçinin Azərbaycana Avropanın enerji təhlükəsizliyini təmin edən, Avropa ilə Asiyanı birləşdirən və qlobal təhlükəsizliyə önəm verən ölkə kimi baxır. Beləliklə, Trampın yeni hakimiyyəti dönəmində də Azərbaycan-ABŞ münasibətlərinin inkişafı istiqamətində mühüm addımlar atılacağını ümid etmək olar.
Yunis Abdullayev
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09

