Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Krım körpüsü ikinci dəfə partladıldı

Krım körpüsü ikinci dəfə partladıldı

19.07.2023 [10:56]

Murad Köhnəqala

İyulun 17-nə keçən gecə səhər saat 4 radələrində Krım körpüsündə törədilən partlayışın təfərrüatı məlum olub. Hadisə Krasnodar vilayətinin 145-ci dayaq nöqtəsində baş verib. Partlayış nəticəsində bir ailənin iki üzvü (ata və ana) ölüb, onların 14 yaşlı qızı isə ağır yaralanıb. Magistral yolda hərəkət dayandırılıb, dəmir yolu ilə əlaqə kəsilib. Yarımadaya hələ də bərə xidməti yoxdur. Partlayış barədə açıqlama verən Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsi Artyom Dextyarenko bildirib ki, ölkəsinin xüsusi xidmət orqanları Krım körpüsündəki insidentlə bağlı bütün detalları yalnız Ukrayna müharibədə qələbə çalandan sonra açıqlayacaq. Bu barədə “RBC-Ukrayna”ya danışan UTX rəsmisi

“Hələlik biz Putin rejiminin simvollarından birinin hərbi yükə necə tab gətirə bilmədiyini maraqla izləyirik” kimi kinayəli ifadələr işlədib. UTX-nin rəhbəri Vasili Malyukla müsahibələrindən birini xatırladan Dextyarenko bildirib ki, beynəlxalq hüquq normaları, əməliyyat vəziyyətinin təhlili və döyüş ənənələri düşmənin maddi-texniki marşrutlarını kəsməyə imkan verir.

Medianın yazdığına görə, Krım körpüsü Rusiya qoşunlarının əsas təchizat dəhlizlərindən biridir.

“Qara dəniz sazişi” ləğv edildi, taxıl bahalaşdı

Krım körpüsündə növbəti partlayış aktından sonra Rusiya hökuməti Ukrayna və Türkiyə ilə birgə bağladığı “Qara dəniz” taxıl müqaviləsini dayandırdığını açıqlayıb. Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya iyulun 17-dən etibarən taxıl müqaviləsini ləğv edib: “Əslində, hadisə baş verən gündən, yəni, 17 iyuldan “Qara dəniz” sazişi öz qüvvəsini itirir. Təəssüf ki, sazişin Rusiyaya aid hissəsi indiyədək yerinə yetirilmədiyi üçün biz onun fəaliyyətini dayandırmalı olduq. Razılaşmaların Rusiya ilə bağlı şərtlərinə əməl olunan kimi Rusiya tərəfi dərhal bu sazişin icrasına qayıdacaq”.

Rusiya Xarici İşlər Nazirliyi də xəbəri təsdiqləyib və ölkənin Qara dənizdə təhlükəsizliyə verdiyi təminatı geri götürdüyünü, eləcə də Qara dənizin şimal-qərbindəki humanitar dəhlizi məhdudlaşdırdığını açıqlayıb. Nazirlikdən bildirilib ki, dənizin həmin hissəsində “müvəqqəti təhlükəli ərazi” rejimi bərpa olunacaq. İstanbulda taxıl dəhlizinin fəaliyyətinə və yükdaşıyanların yoxlanmasına cavabdeh olan birgə koordinasiya mərkəzi isə ləğv ediləcək.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz növbəsində bildirib ki, Moskva artıq Ukrayna, Türkiyə və BMT-ni “sazişin uzadılmasına etirazı” barədə rəsmən məlumatlandırıb. Rusiya Federasiyasının BMT-dəki missiyasından da bildirilib ki, sazişin ləğvi barədə qərar qətidir, onun yenilənməsi ilə bağlı danışıqlar artıq aparılmır. Bu arada “Qara dəniz” müqaviləsinin dayandırılması ilə Rusiyada taxıl məhsulları 3%-lik artımla bahalaşıb.

Rusiyanın yüksək çinli məmurları “qara siyahı”da

Rusiyanın dövlət telekanalı RT-nin yayım direktoru Anton Krasovskinin adı Böyük Britaniyanın yenilənmiş sanksiyalar siyahısına daxil edilib. Bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb. Krasovski 2022-ci ilin oktyabrında müəllif proqramının efirində ukraynalı uşaqları suda boğmaq və yandırmaq kimi qəddar çağırışlar etməkdə günahlandırılır.

Ukrayna Ali Məhkəməsi antiinsani çıxışlarına görə Krasovskini qiyabi olaraq beş il müddətinə azadlıqdan məhrum edib.

Bundan başqa Böyük Britaniyanın yenilənmiş sanksiyalar siyahısına Rusiyanın təhsil naziri Sergey Kravtsov, mədəniyyət naziri Olqa Lyubimova, Kamçatka qubernatoru Vladimir Solodov, Moskva vilayətinin baş nazirinin müavini Vyaçeslav Duxin, Xarkov vilayətinin hərbi-mülki administrasiyasının Rusiya tərəfindən təyin edilmiş “rəhbərliyi” də salınıb. Yenilənmiş siyahıya, ümumilikdə, 13 yüksək vəzifəli şəxsin adı əlavə olunub. Britaniya hökuməti məcburi ilhaq edilmiş Krım vilayətindəki “Artek” uşaq düşərgəsinə də məhdudiyyətlər qoyub. Düşərgənin siyahıya salınması üçün ukraynalı uşaqların məcburi deportasiyası və onların zorla “yeni təhsil” proqramına cəlb edilməsi kimi əməllər əsas gətirilib.

Xarkov atəş altında

Xarkovun cənubunda yerləşən Osnovyanski rayonuna həftəsonu gün ərzində bir neçə dəfə raket zərbələri endirilib. Bu barədə şəhərin meri İqor Terexov və vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib. Zərbə nəticəsində mülki müəssisənin 1999-cu il təvəllüdlü fəhləsi dünyasını dəyişib, yeddi nəfər yaralanıb, yanğın baş verib. Ümumiyyətlə, Xarkov şəhəri iyulun 16-na keçən gecədən bəri davamlı raket atəşinə məruz qalıb.

Ukrayna tərəfinin məlumatları

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata görə, iyulun 17-nə keçən gecə Rusiya ordusu Ukrayna ərazisinə növbəti dəfə raket və hava hücumu həyata keçirib. Ümumilikdə, son sutka ərzində Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə 11 raket və 49 hava zərbəsi endirilib, habelə çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 48 atəş açılıb. Nəticədə mülki şəxslər zərər çəkib, yaşayış evlərinə, təsərrüfat sahələrinə, inzibati binalara, şəxsi avtomobillərə ziyan dəyib.

Ukrayna tərəfi bildirir ki, Rusiya ordusunun əsas səyləri Kupyanskiyə yönəlib. Rus ordusu Liman, Baxmut, Avdeyev və Maryinski istiqamətləri boyunca hücuma keçib. Gün ərzində 28 toqquşma olub. Baş Qərargahın məlumatına görə, Ukrayna müdafiə qüvvələri Melitopol və Berdyansk istiqamətlərində hücumu davam etdirir, əldə olunan xətlərdə möhkəmlənir.

Rusiya tərəfinin məlumatları

Rusiyanın Müdafiə Nazirliyindən bildirilib ki, Ukrayna Silahlı Qüvvələri Donetsk və Krasnolimansk istiqamətlərində uğursuz hücum cəhdləri edib. Sutka ərzində onların 73 artilleriya bölməsi, eləcə də bir çox istiqamətdə canlı qüvvə və hərbi texnikası məğlubiyyətə uğradılıb. Kramatorskda hərbi texnika üçün yanacaq anbarı dağıdılıb.

Rusiya Hərbi Hava Qüvvələri bir gündə Ukraynanın  üç “Storm Shadov” qanadlı raketini, eləcə də üç “Himars” reaktiv mərmiatanını ələ keçirib, Ukraynaya məxsus 19 pilotsuz uçuş aparatını məhv edib.

Paylaş:
Baxılıb: 576 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30