Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Üçüncü ilin birinci günü...

Üçüncü ilin birinci günü...

24.02.2024 [11:35]

Diplomatik danışıqlar mərhələsi nə vaxt başlayacaq?

Bu gün Rusiya-Ukrayna münaqişəsinin başlamasının iki ili tamam olur. 2022-ci il fevralın 24-də başlayan müharibə region üçün ağır nəticələr verib. Sonu görünməyən müharibə indiyə qədər həm Rusiyaya, həm də Ukraynaya xeyli zərər vurub. Belə ki, Ukraynada minlərlə mülki insan həyatını itirib, hərbçilər həlak olub, xeyli sayda infrastruktur dağıdılıb, milyonlarla insan qaçqın vəziyyətinə düşüb. Bu ölkənin ərazisinin 20 faizə yaxını hazırda Rusiya ordusunun nəzarətindədir. Müharibə Rusiya üçün də ağır nəticələrə səbəb olub. Bu günə qədər Rusiya tərəfinin döyüşlərdə ümumilikdə 400 mindən çox hərbçisinin həlak olduğu barədə məlumatlar yayılıb.

Kiyevin əks-hücum əməliyyatı özünü doğrultmadı

Ötən ilin yazında əks-hücuma keçən Ukrayna ordusu cəbhədə müəyyən dönüş yarada bilmişdi. Xarkov vilayətinin böyük hissəsi, Luqansk, Donetsk vilayətlərində də bəzi yaşayış məntəqələri azad olundu. Ukrayna Ordusu daha çox ölkənin cənubunda uğurlu hərbi əməliyyatlar keçirdi, Xerson şəhəri azad edildi. Lakin Qərbin hərbi yardımları azaltması və rusların cəbhədə güclü müdafiə sistemi qurması  Kiyevin əks-hücum gözləntilərini tam doğrultmadı. Ukrayna ordusu qarşıya qoyulan hədəflərə nail olmadı, yalnız kiçik bir ərazini azad edə bildi. Son zamanlar isə Rusiya ordusunun üstünlüyü nəzərərçarpacaq dərəcədə artıb. Bugünlərdə rus qoşunları Ukraynanın Avdiyevka şəhərini ələ keçirib. Qərb mətbuatı bunu “Rusiyanın Baxmutdan sonra ən böyük uğuru” adlandırır. Rusiya Müdafiə Nazirliyi qoşunların 1000 km uzunluğundakı cəbhə xəttinin həmin hissəsində təxminən 9 km irəlilədiyini bəyan edib.

Rusiyaya qarşı sanksiyalar əks effekt verir?

Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi geosiyasi proseslərə də əhəmiyyətli dərəcədə təsir edib. ABŞ, Avropa İttifaqı Rusiyaya ciddi sanksiyalar tətbiq edir. Avropa İttifaqı tərəfindən artıq on üç sanksiyalar paketi qəbul olunub. Məqsəd Rusiyanın iqtisadiyyatını zəiflətmək, bununla da rəsmi Moskvanı müharibəni dayandırmağa məcbur etməkdir. ABŞ və Avropa İttifaqı, eləcə də NATO Ukraynaya fəal hərbi yardım göstərirlər. Müharibə başlayandan rəsmi Kiyevə milyardlarla dollar hərbi yardım edilib. Amma Rusiya da qarşı tərəfin addımlarını cavabsız qoymur və özünün enerji-qaz siyasəti ilə onları çətin duruma salır. Bu siyasətin nəticəsidir ki, bir sıra Avropa ölkələrində enerjinin və digər məhsulların qiyməti artıb. Yəni, Rusiya tətbiq olunan sanksiyalara ciddi müqavimət göstərər bilir, əvəzində bu sanksiyalardan əziyyət çəkən həm də bir sıra Avropa ölkələridir.

Son vaxtlar Ukrayna ordusunun cəbhədə uğursuzluğu daha bir nüansı - Qərbin “sözünə güvənməməyin lazım gəldiyini” ortaya çıxardı. Maraqlıdır ki, elə Qərb mətbuatı baş verənlərin səbəbini NATO müttəfiqləri tərəfindən  Kiyevə hərbi yardımın  azaldılması ilə əlaqələndirir. Məlumdur ki, ABŞ Konqresində fikir ayrılıqları səbəbindən Ukraynaya hərbi yardım əvvəlki effektivliyində deyil.  Eləcə də, Avropa İttifaqı ölkələri arasında Kiyevə hərbi yardımla bağlı fərqli yanaşmalar var. Qarşıdakı zaman üçün isə yeni yardımlar nəzərdə tutulur. Bugünlərdə keçirilmiş Münhen Təhlükəsizlik Konfransında Aİ-nin bəzi ölkələri,  o cümlədən ABŞ Kiyevə yeni hərbi yardım paketlərini elan ediblər. Məsələn, Kiyevə bu il ərzində 20-dən çox F-16 qırıcıları veriləcəyi bildirilir. Amma bu yardımların reallaşması suallar doğurur. Çünki Qərb verdiyi vədləri yerinə yetirmədiyini dəfələrlə nümayiş etdirib.

Kiyev özü qərar verməlidir?

Bütün bunların fonunda münaqişənin tezliklə diplomatik yolla da həlli real görünmür. Rəsmi Moskva qarşıya qoyduğu hədəfə nail olana qədər,  Kiyev isə ərazi bütövlüyünü tam bərpa etdikdən sonra müharibənin bitəcəyini bəyan edir. Belə bir şəraitdən tərəflərin diplomatik təmasları ilə bağlı ABŞ-dan qəribə yanaşma ortaya qoyulub. Belə ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild jurnalistlərə açıqlamasında deyib ki, Moskva ilə sülh danışıqlarına başlamağın zəruriliyi barədə Kiyev özü qərar verməlidir. Diplomatın sözlərinə görə, Vaşinqton bu məsələdə öz mövqeyini açıq şəkildə ortaya qoyub. Söhbət Amerika rəhbərliyinin onun köməyinə ehtiyacı olduğu müddətdə “Ukraynanın tərəfində olmaq” niyyətindən gedir. “Bizim mövqeyimiz ondan ibarətdir ki, ruslarla danışıqlarla bağlı istənilən qərar Ukraynanın qəbul etməli olduğu qərardır”, - deyə  Tomas-Qrinfild vurğulayıb. Eyni zamanda, ABŞ nümayəndəsi aydınlaşdırıb ki, danışıqlara başlamazdan əvvəl Rusiya Federasiyasının öz qoşunlarını Ukraynadan çıxarmasına ehtiyac duyulur. O, Moskva ilə Kiyev arasında “sülh müqaviləsi”nə çevrilməli olan amilin məhz bu olduğunu bildirib.

Göründüyü kimi, rəsmi Vaşinqton yenə də “ikibaşlı” mövqe sərgiləyir. Bir tərəfdən, Kiyevi masaya oturmağa təşviq edir, digər tərəfdən Rusiyaya “şərt” irəli sürür. Əslində, bütün dünyaya məlumdur ki, bu müharibənin başlamasına “stimul” verən məhz kollekti? Qərbdir. Çünki Ukraynaya müxtəlif vədlər, o cümlədən NATO-ya üzvlüyə söz verən Qərb Kiyevi Moskva ilə açıq qarşıdurmaya sövq etdi. Nəticə isə göz önündədir.

Bu arada Çikaqo Universitetinin professoru Con Mirşaymer “Global Times” qəzetinə müsahibəsində bildirib ki, Rusiya Ukrayna ilə danışıqlara qədər daha çox əraziyə nəzarət edəcək: “Düşünürəm ki, real döyüşlər 2025-ci ilə qədər davam etməyəcək. Ruslar indi nəzarət etdikləri ərazilərdən daha çox əraziyə nəzarət edəcəklər və sonra atəşkəs olacaq”. Alim həmçinin xəbərdarlıq edib ki, hətta münaqişə sülh yolu ilə həll olunsa belə, Qərb Rusiyanı təxribata çəkməkdən və yeni regionlarda sabitliyi pozmaq cəhdlərindən əl çəkməyəcək. Göründüyü kimi, ABŞ ikili oyun oynayır. Bundan əziyyət çəkən isə Ukrayna xalqıdır.

Türkiyənin sülh təşəbbüsləri təqdir olunur

Ümumiyyətlə, Qərbdən fərqli olaraq, Rusiya-Ukrayna müharibəsinin dayandırılması yönündə Türkiyə indiyə kimi böyük fəallıq göstərib. Ankaranın göstərdiyi səylər bütün dünyada yüksək dəyərləndirilir. 2022-ci ilin mart ayında Antaliya Diplomatiya Forumu çərçivəsində ilk dəfə olaraq Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü təşkil edildi. Ankaranın vasitəçiliyi ilə rus qoşunları Kiyevin ətrafındakı ərazilərdən geri çəkildi, bir sıra humanitar xarakterli addımlar atıldı, münaqişə zonalarında dinc əhali üçün humanitar dəhlizlər açıldı. Eləcə də, məlum “taxıl sazişi”nin imzalanması da Türkiyənin təşəbbüsü ilə baş tutdu. Lakin Qərb dövlətlərinin verdiyi vədləri yerinə yetirmədiyinə görə Rusiya sazişin müddətini uzatmaqdan imtina edib.

Beləliklə, Türkiyənin  təşəbbüsləri müharibə aparan ölkələr tərəfindən də təqdir olunur. Rəsmi Ankara bölgədə sabitliyin təmin olunması üçün müntəzəm olaraq həm Kreml, həm də Kiyevlə təmasdadır. Nəzərə alaq ki, ABŞ və Avropa İttifaqı ölkələri, eləcə də Böyük Britaniya Ukraynaya fəal dəstək verir. Bu da Rusiya tərəfindən qəbulolunmaz hesab edilir. Rusiyanı dəstəkləyən ölkələr isə Ukrayna tərəfindən qəbul olunmur. Amma qardaş Türkiyə iki ölkə arasında müharibənin bitməsi üçün heç bir maraq güdmədən, səmimi olaraq çalışır.

Müharibə isə hələ də davam edir. Təəssüf ki, müəyyən beynəlxalq güclər qanlı savaşın davam etməsində maraqlı görünür...

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 491 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30