Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / İtirən kim olacaq?

İtirən kim olacaq?

15.03.2024 [10:56]

Əsrlər boyu dünyanın böyük bir hissəsində müxtəlif xalqların sərvətlərini istismar edən, koloniya siyasəti yürüdən və hələ də öz imperialist siyasətindən əl çəkmək istəməyən Fransa indi Ukrayna və Ermənistanı öz geostrateji maraqlarının qurbanına çevirmək istəyir.

Qeyd edək ki, son zamanlar Fransa Ukraynaya və Ermənistana daha çox diqqət göstərməyə başlayıb. Bunun da əsas səbəbi rəsmi Parisin həmin iki ölkə ilə bağlı ambisiyalarından irəli gəlir. Doğrusunu desək, həm hərbi-siyasi, həm də iqtisadi baxımdan, hər iki ölkə Makron administrasiyasının xarici siyasətində xüsusi əhəmiyyət kəsb edir.

Qərbi-mərkəzi Afrikada öz geostrateji mövqeyini itirən, xüsusilə Şimali Afrika, Şərqi Aralıq dənizi və Yaxın Şərqdə Türkiyə və Rusiya ilə geosiyasi rəqabətdə uduzan Fransanın Ukrayna və Ermənistandan yapışması heç bir halda təsadüfü sayıla bilməz. Prezident Emmanuel Makron bu dəfə Ukrayna və Ermənistanda məkrli planlar qurmağa çalışır.

Xatırladaq ki, Prezident Emmanuel Makron NATO-ya üzv olan ölkələrin rəsmilərinin Parisdə son toplantısında alyans ölkələrini Ukraynaya qoşun göndərməyə çağırıb. Makron bununla demək istəyib ki, Rusiya ordusunun Ukrayna cəbhəsində uğur əldə etməsi Avropanın təhlükəsizliyinə ciddi təhdiddir, buna görə də Rusiyanın Ukraynada qələbə çalmasına imkan vermək olmaz. Fransanın XİN rəhbəri Stefan Sejourne də NATO-nun Ukraynaya hərbi kontigentin göndərməsini zəruri hesab edib.

Polşa və Baltikyanı ölkələr - Litva, Latviya və Estoniyanı çıxmaq şərti ilə alyansın bir sıra üzv ölkələri, xüsusilə Almaniya, Çexiya, Britaniya, İtaliya və Yunanıstan  Makronun təklifinə birmənalı mövqe sərgiləməyib. Onlar bu təklifə etiraz ediblər. Çünki həmin ölkələrin rəsmiləri çox yaxşı anlayırlar ki, NATO-nun Ukraynaya qoşun göndərməsi və cəbhədə rus ordusu ilə qarşı-qarşıya durması münaqişənin həllinə yox, əksinə münaqişənin Rusiya-Ukrayna müharibəsi kontekstindən çıxarıb geniş regiona yayılmasına gətirib çıxaracaq. Əslində onların bu məsələ ilə bağlı mövqeyi tam doğrudur. Ona görə ki, Fransa dövlət başçısının Ukrayna ilə bağlı təşəbbüsü Rusiya və NATO arasında yaşanan eskalasiyanın kulminasiya nöqtəsinə çatmasına xidmət edir. Makronun Moskvaya qarşı açıq-aşkar meydan oxuması heç bir məsələni həll etməyəcək. Siyasi imicə sahib olmayan Emmanuel Makronun ağlasığmaz və irrasional siyasəti ucbatından hərbi toqquşmalar baş verərsə, bu, Şərqi Avropada, o cümlədən Baltik və Qara dənizdə ciddi təlatümlərə yol açacaq.

Ermənistana gəlincə, Fransa bu ölkə üzərindən Cənubi Qafqazdakı proseslərə müdaxilə etmək niyyətindədir. Xüsusilə vurğulayaq ki, Münxen Təhlükəsizlik Konfransından sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya rəsmi səfəri xüsusi diqqət çəkir. Paşinyanın səfər gündəliyində diplomatik-siyasi münasibətləri daha da gücləndirmək, iki ölkə arasında hərbi-müdafiə və hərbi-təhlükəsizlik sahəsində yeni sazişlərin imzalanmasını təmin etmək və Fransa şirkətlərini öz ölkəsinə dəvət etməklə bağlı məsələlər üstünlük təşkil edib. Ən əsası da Paşinyan Ermənistanın təhlükəsizliyinə zamin duracaq alternativ ölkə axtarışındadır. Bu da, təbii ki, Fransadır. Paris səfərindən sonra Paşinyanın Azərbaycana qarşı bəyanatları, xüsusilə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatında (KTMT) iştirakını dondurması(?!) ilə bağlı qərarı bunu sübut edir. Bununla yanaşı, Fransa müdafiə naziri Sebastian Lekornunun İrəvana səfəri və bu səfər çərçivəsində hər iki ölkənin müdafiə nazirləri arasında hərbi əməkdaşlığa dair sənədlər paketinin imzalanması onu deməyə əsas verir ki, rəsmi Paris Ermənistanı müasir silah-sursat və hərbi ləvazimatlar ilə silahlandırmaqla yanaşı, bu ölkədə hərbi-siyasi cəhətdən möhkəmlənməyə çalışacaq. Rəsmi Parisin İrəvanla münasibətlərdə son addımlarından belə görünür ki, Fransa, həqiqətən Ermənistanın təhlükəsizlik zəmanətində Rusiyanı əvəz etmək, Ermənistanın silah arsenalını ələ almaq, ən əsası da yaxın gələcəkdə Ermənistanda hərbi baza qurmaq üçün münasib imkanlar əldə etmək iddiasındadır.

Eyni zamanda nəzərə almaq lazımdır ki, Fransanın Ermənistanı silahlandırması birbaşa regionda sülh və sabitliyin pozulmasına hesablanıb. Şübhəsiz ki, rəsmi Paris regionda münaqişənin yenidən alovlanmasında maraqlıdır.

Heç bir halda inkar oluna bilməz ki, Makronun Ukrayna və Ermənistanla bağlı geostrateji hədəfləri Fransanın həm Şərqi Avropada, həm də Cənubi Qafqazda güc mərkəzinə çevrilməsinə yönəlib.

Ancaq Fransanın Ukrayna və Ermənistanda öz məqsədinə çatıb-çatmaması hələ sual altındadır. Düzünü desək, bu, hələ qeyri-mümkün görünür. Ona görə ki, Rusiyanın Ukraynada müharibəsi davam edir və cəbhədə təşəbbüsü ələ alıb, Ermənistanda isə təsir imkanları kifayət qədər çoxdur. Paşinyan hakimiyyəti anti-Rusiya siyasəti yürütməsinə baxmayaraq, Ermənistan hələ də hərbi-siyasi, iqtisadi və enerji cəhətdən Rusiyadan çox asılıdır. Moskva Ermənistanı öz təsir dairəsində saxlamaq üçün manevr imkanları?? öz əlində saxlayır.

Bu baxımdan Fransa hər iki ölkədə Rusiya ilə geosiyasi rəqabət aparmaq iqtidarında deyil. Onu da qeyd edək ki, Türkiyə və Azərbaycan da Fransanın Cənubi Qafqazda istədiyi kimi hərəkət etməsinə imkan verməz. Makronun İrəvanla bağlı ambisiyaları, sözsüz ki, Ermənistanı Rusiya ilə Qərb arasında geosiyasi mübarizə poliqonuna çevirəcək. Bu da ölkədə ciddi təlatümlərin baş verməsinə münasib şərait yaradacaq. Nəticədə itirən tərəf yalnız Ermənistan olacaq.

Yunis Abdullayev

Paylaş:
Baxılıb: 568 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30