Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Yeni Yaxın Şərq”: “tarixi parçalanma” baş verir?

“Yeni Yaxın Şərq”: “tarixi parçalanma” baş verir?

15.07.2014 [10:06]

İŞİD terror təşkilatının İraqda həyata keçirdiyi hərbi əməliyyatlar regionda zəncirvarı proseslərə təkan verib. Yaxın Şərq boyu bir-birinin ardınca gərginliyi yüksəldən hadisələr müşahidə edilməkdədir. Bir tərəfdən, İraqın ərazi bütövlüyü məsələsi aktuallaşıb, digər tərəfdən də İsrail-Fələstin münaqişəsi yeni miqyas alıb. İŞİD-in üzvləri İsraillə savaşmağa gedə biləcəkləri haqqında informasiyalar yayırlar. Rəsmi Təl-Əviv isə Qəzzəni bombalayır və hətta quru hərəkatı başlayacağını da bəyan edir. Suriyada da vəziyyət gərginləşib. Burada İŞİD-lə kürd qrupları arasında müharibə başlayıb. Eyni zamanda, Suriya ordusunda Bəşər Əsədə qarşı qiyam hazırlandığı haqqında məlumatlar da yayılıb. Yaxın Şərq sözün əsl mənasında qan çanağına dönüb. Bu, nə ilə nəticələnə bilər?
Terror və geosiyasət: “Yeni Yaxın Şərq”in iki bəlası
Dünya siyasətinin dinamikası sürətlə dəyişir. Artıq bir günün belə sakit keçməsinə ümid qalmayıb. Gah bu, gah da digər bölgədə gərginlik yüksəlir. Birində gərginlik səngiyincə, digərində vəziyyət kəskinləşir. Maraqlıdır ki, bu proseslər sanki əvvəlcədən hazırlanmış ssenarilər üzrə baş verir. Çünki daha dərindən nəzər saldıqda, onların baş vermə məntiqinin kökündə duran əlamətlərin oxşar olduğu gözə çarpır.
Şərqi Avropada Ukrayna-Rusiya qarşıdurması bir müddət qlobal geosiyasətin əsas mövzusu oldu. İndi də bu məsələ öz aktuallığını saxlayıb. Lakin belə təəssürat yaranır ki, orada proseslər pik nöqtəsini keçib. Əvəzində, Yaxın Şərqdə bəşəriyyəti narahat edən yeni hadisələr vüsət alıb. İndi mütəxəssislər “Yeni Yaxın Şərq” anlayışından istifadə edirlər. Burada bir haşiyə çıxmağa lüzum görürük.
Cəmi iki il öncə həmin regionda baş qaldıran hadisələrə “Ərəb baharı” adı verilmişdi. İndi məlum olur ki, əslində, bu anlayış “millətlərin taleyində bahardan” çox, qlobal geosiyasətin gizli ziddiyyətlərini ifadə edirmiş. “Bahar” region xalqlarına məzhəb ixtilafları, qan, ölkələrin parçalanma təhlükəsi, vətəndaş savaşı və humanitar fəlakət gətirdi. Deməli, “Ərəb baharı”, əslində, “Yaxın Şərqin yeni faciələri” anlamını verirmiş.
Bəs, görəsən, mütəxəssislərin terminologiyanı dəyişərək “Yeni Yaxın Şərq formalaşır” deməsi reallıqda hansı anlamı verir? Bu suala hələlik mövcud hadisələrin təhlili əsasında cavab vermək olar. Bütöv mənzərə yalnız müəyyən müddət keçdikdən sonra tam mənası ilə aydınlaşacaqdır. Ancaq artıq indidən bir sıra narahatedici məqamları görmək mümkündür.
Hər şeydən əvvəl, ekspertlər “Yeni Yaxın Şərq” anlayışını region ölkələrinin ərazi bütövlüyünün pozulması hesabına yeni dövlətlərin yaranması kontekstində işlədirlər. Həmin sırada Səudiyyə Ərəbistanı, Qətər, İran, İraq, Suriya və Türkiyənin adı daha çox çəkilir. Bu cür informasiyaların fonunda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) tərtib etdiyi xəritələrin yayıldığı vurğulanır (bax: məs., Mehmet Seyfettin Erol. ABD’nin “Yeni Ortadoğu”ya Dönüşü / “Milli Gazete”, 26 iyun 2014).
Nəticədə, aşağıdakı mənzərə alınır. Reallıqda “Yeni Yaxın Şərq” daha çox parçalanmış, daxili ziddiyyətlər içində çapalayan və xarici yardıma ehtiyacı olan məkan kimi təsəvvür edilir. Əgər “Ərəb baharı” bu prosesin birinci mərhələsidirsə, onda bu, əvvəlcədən tərtib edilmiş hansısa planın olmasından xəbər verir. Bu aspektdə regionda “yenilik” böyük geosiyasi güclərin nüfuz uğrunda savaşının növbəti mərhələyə keçməsi anlamına gəlir. Bölgə dövlətlərinin iradəsi burada çox az rol oynayır.
Məsələnin həqiqətən təhlükəli tərəfi də məhz bundadır. İndi mövcudluğu güman edilən planın əsas oyunçularına nəzər salaq. Burada ilk olaraq ağıla gələn “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatıdır. O, artıq İraqı 1050 km sərhəd boyunca üç yerə - şimalda kürd bölgəsi, ortada sünni, digər kəsimdə isə şiə zolağına ayırıb. İndi kürdlər İŞİD-lə öz aralarında 1050 km-lik sərhəd xəndəkləri qazır, şiə Əl-Maliki Şimali İraq kürd regionu rəhbərlərini terrorçulara yardım etməkdə suçlayır, onlar da öz növbəsində baş nazirin istefasını tələb edirlər. Bütün bunlar İraqın gerçəkdən parçalanma ərəfəsində olduğunu göstərir (bax: Mehmet Seyfettin Erol. Yeni Ortadoğu’da “Kürt Kartı”, “Kürdistan Bilmecesi” / “Milli Gazete”, 30 iyun 2014).
Regionun “yeniliyi” bununla məhdudlaşmır. Hazırda İŞİD Suriyada kürdlərin yaşadığı bölgədə (xüsusilə Kabonda) hərbi əməliyyatlar aparır. Buna Məsud Bərzani ilə yanaşı, Abdullah Öcalan da reaksiya verib. Hər ikisi etnik kürdlərin özünü qoruması üçün birləşmədən danışıb. Hətta Öcalan səfərbərlikdən də dəm vurub. Əgər bunlar baş versə, bölgədə çox ciddi qarışıqlıq yarana bilər. Bunların fonunda Maliki-Bərzani ixtilafları yeni səviyyəyə qalxıb. Məsələ etnik ziddiyyətlər xarakterini almaqdadır.
İtirilmiş region: yeni ssenarilərin təhdidləri
Daha düşündürücü bir informasiyanı CNN telekanalı yayıb. İŞİD Mosulda uran ələ keçirib. Mütəxəssislər terrorçuların bu maddədən nüvə silahını istehsal edəcəklərini ehtimal etmirlər. Lakin fakt budur ki, 49 kiloqramlıq nüvə maddəsi nəzarət edilməyən qrupun əlindədir (bax: U.S. officials: Terrorist seizure of nuclear materials in Iraq of minimal concern / CNN, 10 iyul 2014). Qərb mütəxəssisləri unudurlar ki, erməni terrorçuları və “əl-Qaidə” çoxdan qanunsuz nüvə ticarəti ilə məşğuldurlar. Onların İŞİD-lə hansı əlaqəyə girəcəyini proqnozlaşdırmaq çətindir.
Maraqlıdır ki, İraqda vəziyyətin gərginləşməsi ilə İsrail-Fələstin münaqişəsi də yenidən alovlanıb. Təl-Əviv ərazisinə atılan raketlərə cavab olaraq Qəzzəni cəhənnəmə çevirib. İndi orada “Həmas”ı məhv etmək adı ilə yerüstü hərbi əməliyyatların başlaması ehtimalından danışılır (bax: Hamas fires rockets amid Israeli air strikes on Gaza / BBC, 9 iyul 2014).
Bunlar azmış kimi, Livandan İsrail ərazisinə raketlərin atılması haqqında informasiyalar da yayılıb. Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas isə Təl-Əvivi soyqırımında ittiham edib. Bununla da İsrail-Fələstin münaqişəsinin keyfiyyət və miqyasca yeni səviyyəyə qalxdığını deyə bilərik.
Proseslərin bu cür gedişatı fonunda “Yeni Yaxın Şərq” çox qorxulu görünür. Regionun böyük dövlətlərinin tədricən müharibəyə cəlb edildikləri hiss olunur. Faktiki olaraq Yaxın Şərqin bütün ərazisində ixtilaflar mövcuddur. Bir neçə ay əvvəl hadisələrin episentri Suriya idisə, indi İraqdır. Lakin hər ikisini birləşdirən ümumi cəhət məzhəb ayrı-seçkiliyinin siyasi mübarizəyə daha dərindən qatılması və etnik ziddiyyətlərin kəskinləşməsidir. Bu vəziyyət Yaxın Şərqi son dərəcə həssas bir məkana çevirir. Həmin aspektdə mütəxəssislər başqa bir amilə də diqqət çəkirlər.
Söhbət regionun neft və qaz ehtiyatlarından gedir. İŞİD-in hərbi fəaliyyət məkanı enerji ehtiyatları ilə zəngindir. Son zamanlar neftin qiymətində bahalaşma müşahidə edilir. Bu proses davam edəcəkmi? Və Yaxın Şərqin enerji qaynaqlarından Çinin istifadə etməsi hansı istiqamətdə dəyişəcək? (bax: Hasan Selim Özertem. IŞİD, Küresel Petrol Piyasaları ve Irak’ta Değişen Dinamikler / USAK, 20 iyun 2014). Bəzi mütəxəssislərin fikirlərinə görə, Qərbin Yaxın Şərqdə mürəkkəb vəziyyət yaratmasında məhz Çin və Rusiya amili ciddi rol oynayıb. Bununla Vaşinqton regionun enerji mənbələrindən Moskva və Pekinin yararlanmasının qarşısını alır.
Paralel olaraq Yaxın Şərqin böyük dövlətləri arasında ziddiyyətlər artır. Proses münaqişələrə tədricən İranın cəlb edilməsi istiqamətində cərəyan edir. İraqdan sonra daxili ixtilaflar bu ölkədə baş qaldıra bilər. Bu halda Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və başqa dövlətlərin də ixtilaflara qatılması ehtimalı var. Bəzi ekspertlər artıq indidən əsas hədəfin İran və Türkiyə olduğunu vurğulayırlar (bax: məs., Mehmet Seyfettin Erol. ABD’nin “Yeni Ortadoğu”ya Dönüşü / “Milli Gazete”, 26 iyun 2014).
Bunlar həmin regionun olduqca təhlükəli bir vəziyyətə sürükləndiyini göstərir. Orada uzun müddət daxili intriqalar davam edə bilər. Ekspertlər xəbərdarlıq edirlər ki, bütövlükdə Yaxın Şərqin siyasi xəritəsinin dəyişməsi qlobal miqyasda qeyri-müəyyənliyə səbəb ola bilər (George Friedman. The United States Has Unfinished Business in Ukraine and Iraq / Stratfor, 24 iyun 2014). Lakin bütün bunlara baxmayaraq, Yaxın Şərqdə təhlükəli oyunlar davam edir.
Göründüyü kimi, Yaxın Şərq regionunda geosiyasi proseslər özünün yeni mərhələsinə qədəm qoyub. Burada ABŞ-ın Yaxın Şərqə yenidən qayıdışından danışılır. Eyni zamanda, Avropa İttifaqının maraqlarını da unutmaq olmaz. Aİ artıq İraqda baş verənlərə və İsrail-Fələstin münaqişəsinin kəskinləşməsinə münasibətini bildirib. Maraqlıdır, qlobal miqyasda yeni geosiyasi savaşmı meydana gəlir? Həmin aspektdə Yaxın Şərqdən sonra növbədə hansı regiondur?
Newtimes.az

Paylaş:
Baxılıb: 1140 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30