Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir

Regionlarda elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir

19.06.2020 [08:43]

İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması sahəsində görülən işlər davamlı xarakter daşıyır
(əvvəli ötən sayımızda)

“Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib
İyunun 3-də isə 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına elektrik yarımstansiyasının fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırılıb ki, bu yarımstansiya İstehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə əsaslı şəkildə yenidən qurulub. Bu qurğu vasitəsilə Tərtər şəhərində olan sosial-iqtisadi təyinatlı obyektlərin, həmçinin bütün ətraf kənd və qəsəbələrin, cəbhəyanı hərbi hissələrin, meliorasiya və suvarma sistemlərinin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatı təmin olunacaq. Yarımstansiyanın istismara verilməsi ilə 17 min 103-ü əhali, 1290-ı qeyri-əhali olmaqla, ümumilikdə, 18 min 393 abonentin elektrik enerjisinin təchizatı daha da yaxşılaşdırılacaq.
Yarımstansiya 110 kilovoltluq Naftalan və 110 kilovoltluq Bərdə hava xətləri vasitəsilə əlaqələndirilməklə, “Azərbaycan” İstilik Elektrik Stansiyası və 330 kilovoltluq “Gəncə” yarımstansiyası arasında dairəvi elektrik təchizat sxeminə qoşulub. Bundan başqa, həmin yarımstansiya Tərtər və Bərdə rayonlarında, habelə Naftalan şəhərində yerləşən 110 kilovoltluq yarımstansiyalararası 35 kilovoltluq dairəvi elektrik təchizatı sxeminin etibarlılığını və təhlükəsizliyini təmin etməklə, regionda olan bütün istehlakçıların, xüsusən də əhalinin enerji təchizatının dayanıqlılığını daha da artıracaq. Yarımstansiya beynəlxalq standartlara cavab verən müasir tipli elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib, məsafədən idarə olunan SKADA dispetçer sisteminə qoşulub. Burada növbətçi heyət üçün lazımi iş şəraiti yaradılıb, müvafiq xidmət otaqları, o cümlədən mühafizə, texniki xidmət və idarəetmə otaqları inşa edilib.
Ucqar kəndlərdə elektrik enerjisi sistemini yenidən qurulması istiqamətində davamlı işlər görülür
Qeyd edilənlərdən əlavə, “Azərişıq” ASC-nin paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması proqramına əsasən Gədəbəy rayonunun ən ucqar dörd kəndində - Qasımlı (abonent sayı 73), Əyrivəng (abonent sayı 113), Arıqıran (abonent sayı 447), Qərqər kəndlərində (abonent sayı 387) 10 və 0,4 kv-luq şəbəkələrin yenidən qurulmasına başlanılıb. Qasımlı kəndində 10 və 0,4 kv-luq dayaqlar tam olaraq quraşdırılıb. Əyrivəng kəndində isə 0,4 kv-luq dayaqlar quraşdırılıb, işlər davam edir. Arıqıran və Gərgər kəndlərində elektrik şəbəkələrinin yenidən qurulması istiqamətində hazırlıq işləri aparılmaqdadır. Hazırda ümumilikdə 1020 abonentin olduğu sözügedən dörd kənddə işlər davam etdirilir. Transformator məntəqələri, kabellər, dayaqlar, hətta sayğaclar belə yeniləri ilə əvəz olunur. Bir sözlə, yaşayış məntəqələrinin elektrik təsərrüfatı tamamilə yenilənir. Paylayıcı elektrik şəbəkənin yenidən qurulmasında əsas məqsəd istehlakçıları dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir. Xatırladaq ki, “Yeni kəndlər” layihəsi çərçivəsində “Azərişıq” ASC indiyədək ölkə üzrə 500-dən çox kənddə elektrik enerjisi sistemini tamamilə yenidən qurub.
Şamaxının Çuxuryurd kəndində yenidənqurma işlərinə başlanılıb
Eyni zamanda, “Azərişıq” ASC-nin paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması proqramına əsasən, Şamaxı rayonunun Çuxuryurd kəndində yenidənqurma işlərinə başlanılıb. Beş minədək sakini olan Çuxuryurd kəndində ilk dəfə 1966-cı ildə elektrik şəbəkəsi qurulub. Köhnə transformator məntəqələri, yararsız kabellər, çürümüş ağac dayaqlar, hətta sayğaclar belə yeniləri ilə əvəz olunur. Bir sözlə yaşayış məntəqəsinin elektrik təsərrüfatı tamamilə yenilənir. Paylayıcı elektrik şəbəkənin yenidən qurulmasında əsas məqsəd istehlakçıları dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir.
Bərdənin Mehdili kəndində də yenidənqurma işləri aparılır
“Azərişıq” ASC Bərdənin Mehdili kəndində də əsaslı şəkildə yenidənqurma işləri aparır. 320 abonenti olan kənddə yenidənqurma işlərinə başlanılıb. Uzun zaman istismar müddətini keçmiş, köhnə şəbəkənin yenidən qurulması zərurəti yaranmışdı. Kənddə elektrik enerji sistemini yenidən qurmaq məqsədilə dayaqlar, elektrik veriliş xətləri yenilənir, komplekt transformator məntəqələri quraşdırılır. İşlər başa çatdıq sonra istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunacaq, elektrik enerjisi itkilərinin qarşısı alınacaq. Həmçinin 1980-ci ildə istifadəyə verilmiş 35/10 kilovoltluq “Yeni Həyat” yarımstansiyasında da yenidənqurma işləri aparılır. Qeyd edək ki, yarımstansiya Yeni Daşkənd, Şatırli, Kürdborakı, Nazırlı, Qazaxlar, Hacılı kəndlərini və bir hərbi hissəni elektrik enerjisi ilə təchiz edir.
Muxtar respublikanın enerji təhlükəsizliyi təmin olunub
Ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da cəmiyyətin normal fəaliyyətinin və davamlı inkişafının təmin olunmasında dayanıqlı və keyfiyyətli enerji təchizatı mühüm rol oynayır. Son illər bu sahənin inkişafı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib, yeni güclər yaradılıb, infrastruktur yenilənib. Yeni yaradılmış güclər daxili istehlakı tam ödəməklə yanaşı, muxtar respublikanı enerji idxalından enerji ixrac edən regiona çevirib.
Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm mərhələ kimi 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilib, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilib.
Muxtar respublikanın yerləşdiyi ərazi, alternativ və bərpa olunan enerji potensialının mövcudluğu burada yeni enerji növlərinin istehsalına şərait yaradıb, ötən dövr ərzində Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları, Babək rayonunda 22 meqavat gücündə və Kəngərli rayonunda 2 meqavat gücündə Günəş Elektrik stansiyaları istifadəyə verilib.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, əvvəlki illərdə muxtar respublikada 1 elektrik enerjisi istehsal edən stansiya fəaliyyət göstərirdisə, 2019-cu ilin sonuna bu göstərici 9-a çatdırılıb. Ümumi stansiyaların 7-də alternativ və bərpa olunan enerji istehsal edilir ki, bu da iqtisadi cəhətdən daha rentabelli olmaqla yanaşı, ətraf mühitin çirklənməsinin qarşısının alınmasında da mühüm rol oynayır.
İstehlakçıların elektrik enerjisi ilə təchizatını daha da yaxşılaşdırmaq istiqamətində təkcə 2014-2019-cu illər ərzində muxtar respublikada 362,4 kilometr yeni elektrik xətləri çəkilib, 427,4 kilometr elektrik xətləri əsaslı təmir olunub. Bu dövr ərzində 196 yeni transformator quraşdırılıb, 701 transformator isə əsaslı təmir olunub.
2019-cu ildə muxtar respublikada 418 milyon 385 min 251 kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bunun da 186 milyon 695 min 982 kilovat-saatı və ya 44,6 faizi istilik elektrik stansiyalarında, 194 milyon 216 min 469 kilovat-saatı və ya 46,4 faizi su elektrik stansiyalarında, 37 milyon 472 min 800 kilovat-saatı və ya 9 faizi isə Günəş elektrik stansiyalarında istehsal edilib. Alternativ və bərpa olunan elektrik enerjisi istehsalı ümumi istehsalın 55,4 faizini təşkil edib.
2019-cu ildə ölkə üzrə Günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 88,7 faizi muxtar respublikanın payına düşüb. Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı İlham Əliyev deyib: “Elektrik enerjisi ilə problem yoxdur. Hesab edirəm, gün gələcək ki, Naxçıvan bütün enerji tələbatını bərpa olunan enerji növləri hesabına təmin edəcək”.
Muxtar respublikada alternativ enerji istehsalı sahələrinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq 2020-ci ilin yanvar-may aylarında Kəngərli rayonunda 3 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikintisi başa çatdırılıb, Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilib. Bu ilin yanvar-may aylarında istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təmin olunması və infrastrukturun yenilənməsi istiqamətində Şərur rayonunda 35/10 kilovoltluq “Çomaxtur” yarımstansiyası istifadəyə verilib, muxtar respublikada 29,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq, 3,6 kilometr uzunluğunda 35 kilovoltluq yeni elektrik xətləri çəkilib, 16 müxtəlifgərginlikli transformator quraşdırılıb.
Naxçıvan şəhərində transformator binasının və Şərur şəhərində yüksəkgərginlikli elektrik xətti üçün tunelin tikintisi, Naxçıvan və Şərur şəhərlərində, həmçinin Babək qəsəbəsində smartkart tipli elektrik sayğaclarının quraşdırılması işləri hazırda davam etdirilir.
Muxtar respublikada enerji sahəsində görülən işlərin əhəmiyyətini qeyd edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Bu gün dayanıqlı elektrik enerjisi təminatı yaratmadan iqtisadiyyatın inkişafını təmin etmək mümkün deyil. Ona görə də muxtar respublikada elektrik enerjisi təminatı sahəsində mühüm işlər görülür, yeni günəş və su elektrik stansiyaları tikilir, yarımstansiyalar qurulur, elektrik xətləri çəkilir. Elektrik enerjisi istehsalı ilə yanaşı, onun əhaliyə dayanıqlı çatdırılması da əsas şərtdir”.
Bütövlükdə, respublikamızın enerji təchizatının möhkəmləndirilməsi və bu sahədə dayanıqlılığın təmin edilməsi məqsədilə həyata keçirilən işlər kompleks səciyyə daşıyır və layihələr bir-birini tamamlayır.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 656 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30