Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycan-Türkiyə müttəfiqliyi regionda sabitliyin, təhlükəsizliyin və inkişafın təmin olunmasında mühüm rol oynayır

Azərbaycan-Türkiyə müttəfiqliyi regionda sabitliyin, təhlükəsizliyin və inkişafın təmin olunmasında mühüm rol oynayır

01.10.2020 [09:10]

Qardaş ölkənin işğalçı Ermənistanın son təxribatlarını qətiyyətlə pisləməsi, bütün beynəlxalq platformalarda respublikamızın ərazi bütövlüyünü, suverenliyini dəstəkləməsi Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz dostluğa əsaslandığını göstərən bariz nümunələrdəndir
(əvvəli ötən sayımızda)

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşa edilməsi haqqında ilk Bəyannaməni Azərbaycan, Türkiyə və Gürcüstanın prezidentləri 1998-ci il oktyabrın 29-da Ankarada imzalayıblar. 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbulda keçirilən sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı Bəyannamə imzalanıb. Ulu Öndər Heydər Əliyev 1999-cu il dekabrın 29-da “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi və istismara verilməsi tədbirləri haqqında” Sərəncam imzalayıb və layihənin həyata keçirilməsi üzrə komissiya təşkil edilib. Beləliklə də, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradılıb. 2002-ci il sentyabrın 18-də Bakıda - Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin təməli qoyulub və tikintisinə start verilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə tikinti işləri 2005-ci ilin aprelində yekunlaşıb. Həmin il mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirilib. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatıb. İyunun 14-də “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin ilk partiyası Ceyhan dəniz terminalında “British Hawthorn” tankerinə yüklənərək dünya bazarına yola salınıb. 2006-cı il iyulun 13-də isə qardaş Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan boru kəmərinin təntənəli açılış mərasimi keçirilib.
2007-ci ildə Azərbaycan və Türkiyənin iştirakı ilə daha bir nəql marşrutu - Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara buraxılıb. Bakı-Tbilisi-Ərzurum istifadəyə verilsə də, “Şahdəniz” yatağının zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Yeni, daha böyük həcmli marşrut kimi yenə də qardaş Türkiyədən keçən Cənub Qaz Dəhlizi seçilib. Yaxın perspektivdə ölkəmizin zəngin “Şahdəniz” və digər yataqlarından çıxarılacaq “mavi yanacaq” Türkiyədən keçən Trans-Anadolu boru kəməri - TANAP vasitəsi ilə Avropa ölkələrinə çatdırılacaq. 2019-cu il noyabrın 30-da iki qardaş ölkə prezidentlərinin iştirakı ilə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Cənub Qaz Dəhlizinin mühüm seqmenti olan TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. TANAP Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayaraq qardaş ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Azərbaycan qazı Avropa ölkələrinə TANAP-dan keçməklə Trans-Adriatik təbii qaz boru kəməri - TAP vasitəsilə çatdırılacaq. İndiyədək Cənub Qaz Dəhlizinin bu seqmenti üzrə işlərin 90 faizi icra edilib və onun inşasının 2020-ci ilin sonunadək başa çatdırılması gözlənilir.
Bu məqamda vurğulamaq yerinə düşər ki, TANAP kimi önəmli layihənin icrasına heç də asanlıqla nail olunmayıb. Qardaş ölkələr - Azərbaycan və Türkiyə bütün məsuliyyəti öz üzərlərinə götürərək həlledici qərarlar verdilər. Beləliklə, TANAP layihəsi ilə bağlı Azərbaycan ilə Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqləndi. Layihə üzrə yekun investisiya qərarı isə 2013-cü il dekabrın 17-də qəbul edildi. 2015-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra boru kəmərinin inşasına başlanıldı və bütün işlər nəzərdə tutulan vaxtda uğurla yekunlaşdı.
Azərbaycan və Türkiyənin birgə səyləri ilə ərsəyə gələn Bakı-Tbilisi-Qars dəmiryolu Avropa ilə Asiya arasında ən qısa yoldur
Azərbaycanın təşəbbüsü və liderliyi ilə inşa olunaraq 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiya regionunun tranzit imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Əvvəla, bu yol Azərbaycanla qardaş Türkiyə arasında dəmir yolu bağlantısı yaradıb. Digər tərəfdən, BTQ Avropa ilə Asiya arasında ən qısa və səmərəli yoldur. Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi ilə respublikamız nəinki Şərq istiqamətindən, eyni zamanda, Cənub və Şimal istiqamətlərindən də bu yola yükləri cəlb edə bilib. Mütəxəssislər çox doğru olaraq BTC-ni Çin-Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə yolu kimi səciyyələndirirlər. Eyni zamanda, Türkmənistandan da BTC vasitəsilə yüklərin daşınmasına başlanıb. Əlamətdar haldır ki, artıq Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa dəmir yolu xətləri birləşib. Eyni zamanda, Rusiyadan da Azərbaycan üzərindən Türkiyəyə yüklərin daşınmasına start verilib. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə 2020-ci ilin ilk altı ayında daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə artıb.
İki qardaş ölkənin münasibətlərində hərbi-texniki sahədə əməkdaşlıq mühüm yer tutur
Qardaş ölkələr olan Azərbaycanla Türkiyə arasındakı çoxşaxəli münasibətlərdə hərbi-texniki sahədə əməkdaşlıq mühüm yer tutur. Türkiyə dünyanın ən güclü ordularından birinə və inkişaf etmiş hərbi-sənaye kompleksinə malik olan ölkələrindən biridir. Prezident İlham Əliyev qardaş ölkənin hərbi nümayəndə heyətini qəbul edərkən “Bizim bütün sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də işbirliyimiz, əməkdaşlığımız sürətlə inkişaf edir. Sirr deyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı vardır və biz də bu potensialdan faydalanırıq. Biz çox sevinirik ki, Türkiyə bu gün ən müasir silahlar, hərbi texnika istehsal edir. Biz əlbəttə ki, bu günə qədər olduğu kimi, bundan sonra da bu imkanlardan faydalanmaq istəyirik. Əminəm ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaqdır”, - deyə vurğulayıb.
Azərbaycanla Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığın əhatə dairəsi kifayət qədər genişdir. İki ölkə arasında hərbi çərçivə müqavilələri imzalanıb, hərbi təhsil sahəsində əməkdaşlığa dair razılaşmalar əldə olunub, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq uğurla inkişaf edir. 2010-cu ildə “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə imzalanıb və təsdiqlənib. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 fevral 2019-cu il tarixində imzaladığı müvafiq Fərmanla Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi tibb sahəsində təhsil və əməkdaşlıq haqqında Protokol təsdiqlənib.
Qeyd olunan sənədlər iki ölkə arasında hərbi sahədə əməkdaşlığı inkişaf etdirmək üçün geniş hüquqi əsaslar yaradıb. O cümlədən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən hər iki ölkənin silahlı qüvvələrinin birgə təlimlər keçirməsi artıq ənənə halını alıb. Bəhs olunan qəbulda da bildirildiyi kimi, illik plana uyğun olaraq respublikamızda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə keçirilən birgə növbəti genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin birinci mərhələsi başa çatıb. Müdafiə Nazirliyinin məlumatına əsasən, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Təəssüf doğuran haldır ki, bəhs olunan təlimlər bəzi ölkələrdə narahatlıqla qarşılanıb. Halbuki belə narahatçılığa heç bir əsas yoxdur. Azərbaycanla Türkiyənin birgə hərbi təlimlər keçirməsi artıq ənənə halını alıb. Qeyd edək ki, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Birgə hərbi təlimlərin keçirilməsi Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür.
Yuxarıda vurğuladığımız kimi, qardaş Türkiyə Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində daim ədalətli yanaşma ortaya qoyur və ölkəmizin mövqeyini bütün platformalarda dəstəkləyir. Qardaş ölkə, həmçinin işğalçı Ermənistanın son vaxtlarda qoşunların təmas xəttində ardıcıl şəkildə təxribatlara əl atmasını qətiyyətlə pisləyir. Qeyd edək ki, cari ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində, həmçinin sentyabrın 27-də bütün cəbhə boyunca düşmən ölkənin silahlı qüvvələrinin törətdiyi təxribat cəhdlərini ən çox pisləyən və respublikamızın gördüyü cavab tədbirlərinə ilk və ən güclü dəstək verən ölkə məhz Türkiyə oldu. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də bu ölkənin ayrı-ayrı rəsmiləri çoxsaylı açıqlamalar verərək Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bildiriblər. Bunlar Azərbaycan-Türkiyə münasibətlərinin dostluq və qardaşlığa əsaslandığını göstərən bariz nümunələrdir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 695 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30