Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda məktəb tikintisi istiqamətində işlər uğurla davam etdirilir

Regionlarda məktəb tikintisi istiqamətində işlər uğurla davam etdirilir

09.02.2021 [09:13]

Bu ilin əvvəlindən bölgələrimizdə bir sıra yeni təhsil müəssisələri istifadəyə verilib
Bütün sahələrdə uğurlar əldə edən Azərbaycan hazırda özünün yüksək inkişaf mərhələsini yaşayır. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən sosial-iqtisadi siyasət respublikamızın hərtərəfli inkişafını təmin edib. Təbii ki, bu inkişafda, xüsusilə son 17 ildə bütün sahələrdə əldə edilən uğurlarda 2004-cü ildən etibarən reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının xüsusi payı var. Məlum olduğu kimi, indiyə qədər üçünün icrasının tamamlandığı, dördüncüsünün icrasının isə uğurla davam etdiyi sözügedən Dövlət proqramları çərçivəsində regionlarda reallaşdırılan ən vacib işlərdən biri də müxtəlif sahələr üzrə müasir infrastrukturun yaradılması, infrastruktur layihələrinin icra edilməsidir. Regionlarda həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri isə öz növbəsində bölgələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayır və davamlı xarakter daşıyır. Bir sözlə, əksər ekspertlərin də vurğuladıqları kimi respublikamızda vaxtında atılan məqsədyönlü addımlar nəticəsində əldə edilən uğurlar bu gün bir daha öz sözünü deyir.
Bu məqamda, xüsusi olaraq vurğulamaq yerinə düşər ki, 44 günlük Vətən müharibəsi torpaqlarımızın işğaldan azad edilməsi, düşmən ölkənin sarsıdıcı məğlubiyyəti və kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Ekspertlərin vurğuladıqları kimi, bu müharibənin ortaya çıxardığı daha bir reallıq isə Azərbaycan iqtisadiyyatının gücü ilə bağlıdır. Belə ki, hətta ölkəmizin müharibə apardığı dövrdə belə regionlarda bütün sosial layihələr, o cümlədən tikinti-quruculuq və abadlıq işləri bir an olsun dayanmadı. Hazırda da bu istiqamətdə işlər davam etdirilir. Digər tərəfdən, dünyanı cənginə alan koronavirus pandemiyası bütün ölkələrin inkişafına müəyyən qədər təsir edib. Bu baxımdan, pandemiya amili Azərbaycana da təsirsiz ötüşməyib. Bununla belə dövlətimiz sosial layihələri heç zaman təxirə salmayıb. Bu sırada sosial infrastruktur layihələri çərçivəsində məktəb tikintisinin davam etdirilməsi xüsusi qeyd olunmalıdır. Regionlarda hazırda da davam etdirilən məktəb tikintisi, ümumiyyətlə, təhsil infrastrukturunun yenilənməsi istiqamətində işlərlə bağlı bir qədər geniş məlumat verəcəyik. Hələlik isə bildirək ki, təhsil sahəsi hər zaman dövlətin diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bəyan etdiyi kimi son illərdə bu sahədə çox böyük işlər görülüb. Ölkəmizdə təhsilin inkişafından danışarkən heç şübhəsiz təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan davamlı addımları da vurğulamaq lazımdır. Bəhs olunan qəbulda bu məqama da toxunan Prezident İlham Əliyev deyib ki, son illər ərzində təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib: “Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb. Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb. Ancaq həllini gözləyən məsələlər də həyatda öz həllini tapmalıdır və burada vaxt itirmək olmaz. Xüsusilə, dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi də yaxın iki il ərzində başa çatmalıdır. İndi bir çox ucqar kəndlərdə bu layihə icra edilir. Kənd sakinləri də, uşaqlar da bundan çox razıdırlar. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir və ona görə yenə də deyirəm, bunun tamamlanması 2021-2022-ci ildə başa çatmalıdır”.
Onu da qeyd edək ki, pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin yumşaldılması çərçivəsində fevraln 1-dən orta təhsil müəssisələrində əyani tədrisə başlanılıb. Beləliklə, bu faktın fonunda təhsil infrastrukturu quruculuğuna bir daha diqqət yetirmək məqsədəuyğun olardı. Yuxarıda vurğuladığımız kimi hazırda da regionlarda məktəblərin tikintisi uğurla davam etməkdədir. Məsələn, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılan vəsait hesabına Qobustan rayonunun ən iri yaşayış məntəqələrindən olan Sündü kəndində Ş.Şikarov adına tam orta məktəb üçün yeni bina inşa edilir. Verilən məlumata əsasən, tədris ocağı üçün tikilən yeni bina ikimərtəbəli, 360 şagird yerlikdir. Müasir arxitektura üslubunda inşa edilən məktəb binasında tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait olacaq. Artıq binada hörgü işləri başa çatıb.
Bu proses Ağsu rayonunda da plan üzrə davam edir. Bununla bağlı məlumatda qeyd olunur ki, rayonun iri yaşayış məntəqələrindən olan Ərəbuşağı kəndində tam orta məktəb üçün yeni bina inşa olunur. Kənd məktəbi üçün yeni tədris ocağı Təhsil Nazirliyinin sifarişi ilə tikilir. Bina 360 şagird yerlikdir, ikimərtəbəli və zirzəmili olacaq. Burada təhsilin müasir tələblər səviyyəsində təşkili üçün bütün lazımi şərait yaradılacaq. İstilik sistemi ilə təchiz ediləcək tədris ocağında 30-dək sinif otağı, xüsusi avadanlıqlarla təmin edilən laboratoriyalar, qış idman zalı fəaliyyət göstərəcək. Həyətyanı sahədə futbol, voleybol meydançaları, habelə müxtəlif idman avadanlıqlarından ibarət meydança qurulacaq. 3996 kvadratmetr ərazisi olan tədris ocağının tikintiyə və idman meydançasına aid olmayan sahəsində park salınacaq. Bu da ərazinin, demək olar ki, yarısını əhatə edəcək. Parkın su təchizatı üçün artezian quyusunun qazılması da nəzərdə tutulub. Hazırda işlər sürətlə davam etdirilir. Tədris ocağının cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
İsmayıllı rayonunda da məktəb tikintisi diqqət mərkəzindədir. Belə ki, Təhsil Nazirliyinin sifarişi ilə İsmayıllı rayonunun Sumağallı kəndində tam orta məktəb üçün yeni bina inşa olunur. Tədris ocağı üçün təzə bina 1970-ci ildə tikilən, artıq istismar müddətini başa çatdıran və şagird sıxlığı olan köhnə məktəbin əvəzinə inşa edilir. Müasir arxitektura üslubunda tikilən yeni tədris ocağında təhsilin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait yaradılacaq. 264 şagird yerlik ikimərtəbəli binada 14 sinif otağı, fənn kabinetləri, kompüter otağı, laboratoriyalar, akt və idman zalları, yeməkxana olacaq. Habelə, idmanın müxtəlif növləri üzrə açıq meydançalar qurulacaq. Kənd məktəbi üçün təzə binanın inşasına ötən ilin noyabr ayından başlanılıb. Binanın bu ilin sentyabr ayında başa çatdırılması nəzərdə tutulur.
Eyni zamanda, ölkənin cənub regionunda yerləşən Lənkəran rayonunun ucqar dağlıq ərazisində yerləşən Gəgiran kənd tam orta məktəbi üçün tikilmiş 264 yerlik yeni tədris binası istifadəyə verilib. Xüsusi karantin rejimi qaydalarına riayət edilməklə keçirilən açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbər işçiləri, şəhər Təhsil Şöbəsinin müdiri, yerli icra strukturlarının nümayəndələri, ictimaiyyət nümayəndələri, kənd sakinləri, ağsaqqallar, məktəbin müəllim və şagird kollektivləri iştirak edib. Məktəbin açılışını bildirən lent kəsildikdən sonra ümumtəhsil müəssisəsində yaradılmış şəraitlə tanışlıq olub.
Bu məqamda qeyd edək ki, son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Yuxarıda da vurğuladığımız kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu məsələyə də xüsusi toxunulub. Dövlət başçısı bildirib ki, xüsusilə dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi yaxın iki il ərzində başa çatmalıdır.
Beləliklə, dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq regionlarda modul tipli məktəblərin qurulması bu il ərzində də davam etdirilir. Məsələn, ölkəmizin şimal regionunda yerləşən Quba rayonunun Kunxırt kəndində 20 şagird yerlik yeni modul tipli məktəb qurulub. Dörd sinif, bir müəllimlər otağı və yeməkxanadan ibarət olan məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub. Yeni məktəbdə ibtidai siniflər təhsil alacaq. Məktəbin direktoru Məhəmməd Gülbalayev bildirib ki, köhnə məktəb binası 1968-ci ildən istifadədə olduğundan müasir tələblərə cavab vermirdi. Ümumilikdə, Qubada 24 modul tipli məktəb var ki, bunlardan 8-i 2020-ci ildə qurulub.
Rayonun Birinci Nügədi kəndində isə 792 şagird yerlik məktəb binası tam hazırdır, Zərdabi qəsəbəsində isə 850 yerlik təhsil ocağının inşası davam etdirilir. Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev deyib ki, Qubada təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Yaxın günlərdə rayonun Digah kəndində 350 şagird yerlik yeni məktəb binasının inşasına başlanılacaq.
Bir neçə gün əvvəl isə Bərdə rayon Məşədiibişli kənd ibtidai məktəbi üçün yeni modul tipli bina quraşdırılıb. Bununla bağlı verilən məlumatda bildirilir ki, binanın tikinti-quraşdırma işləri Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” 2020-ci il 8 avqust tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilib. 20 şagird yerlik məktəb binası 5 sinif otağı, müəllimlər otağı və sanitar qovşaqdan ibarətdir. Məktəbin həyətində abadlıq işləri aparılıb, yerə asfalt döşənib. Məktəbin inventar və avadanlıqları da gətirilib. Binanın istiliklə təminatı da həll olunduqdan sonra müəllim və şagirdlərin istifadəsinə veriləcək.
Məlumat üçün bildirək ki, modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən, yerli istehsal məhsullarından istifadə edilir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 913 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30