Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Yunanıstan: strateji tərəfdaşlığın iki aspekti

Azərbaycan-Yunanıstan: strateji tərəfdaşlığın iki aspekti

09.07.2014 [10:43]

Prezident İlham Əliyev çox fəal xarici siyasət yürüdür. Dövlət başçısı bir-birinin ardınca səmərəli nəticələr verən səfərlər edir. Son səfərlərdən biri Yunanıstana olub. Afinada yunan liderləri ilə aparılan danışıqlarda müxtəlif sahələr üzrə əməkdaşlığı genişləndirməklə bağlı razılıq əldə olunub. Tərəflər əlaqələrə müasir geosiyasi reallıqlar kontekstində məzmun verməyi qərara alıblar. Enerji təhlükəsizliyi, elm, təhsil, ticarət və başqa sahələrdə qarşılıqlı-faydalı əməkdaşlığı gücləndirən sənədlər imzalayıblar. Avropa İttifaqı məsələləri üzrə də birgə çalışmaqla bağlı razılıq əldə ediblər. Bu aspektdə Aİ-Azərbaycan münasibətlərinin inkişaf dinamikası cəlbedici görünür.
Əməkdaşlığın iki səviyyəsi: Afina razılaşması
Azərbaycanla Yunanıstan arasındakı əlaqələrin tarixi qədimdir. Müasir mərhələdə isə bu, praqmatik xarakter daşıyır. İki ölkə bir çox sahələrdə əməkdaşlıq edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstana səfərləri bu prosesdə ciddi rol oynayıb. Yunanıstanın dövlət başçısı da ölkəmizə rəsmi səfər edib. Qarşılıqlı fayda verə bilən razılıqlar əldə olunub.
Ölkə rəhbəri İlham Əliyevin Afinaya son səfəri əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsi aspektində böyük əhəmiyyət kəsb edir. Burada məsələyə iki səviyyədə yanaşmaq lazımdır. Birincisi, Azərbaycanla Yunanıstan ikitərəfli əlaqələri inkişaf etdirir. İkincisi, iki ölkə arasındakı əməkdaşlıq Avropa İttifaqının proqramları kontekstində yeni məzmun kəsb edir.
Bu aspektlərin hər biri vacibdir. Əslində, onların reallaşdırılması tərəflər arasındakı əlaqələri sistemli və ardıcıl olaraq sağlam əsasda inkişaf etdirməyə imkan yaradır. Həmin bağlılıqda Prezident İlham Əliyevin məhz Yunanıstana səfər etməsi dəqiq düşünülmüş siyasətin nəticəsidir. Məsələnin mahiyyəti son zamanlar Aİ-nin postsovet məkanı ölkələri ilə əməkdaşlıq modelində ziddiyyətlərin özünü göstərməsinə bağlıdır. Ukraynada yaşanan böhran bunun əyani misalıdır. Hazırda bu ölkə sözün həqiqi mənasında Aİ ilə Rusiya arasında sıxılır. Assosiativ üzvlüklə bağlı sənədin imzalanmasına baxmayaraq, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi məlum deyil.
Azərbaycan isə Aİ ilə münasibətlərini həm təşkilatın konkret proqramları, həm də onun üzvləri ilə ikitərəfli əməkdaşlığın dəqiq maddələri üzrə inkişaf etdirir. Bu cür yanaşma gözlənilən səmərəni verməklə yanaşı, geosiyasi ziddiyyət yaratmır. Afina ilə münasibətlərin təkamülü bu aspektdə gözəl nümunələrdən biridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin son səfəri zamanı imzalanan sənədlərdən biri belə adlanır: “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Yunanıstan Respublikası Xarici İşlər Nazirliyi arasında Avropa İttifaqı məsələləri üzrə əməkdaşlıq haqqında Memorandum”.
Bu sənəd Azərbaycanın Aİ ilə strateji tərəfdaşlıq proqramının artıq konkret məzmun aldığını ifadə edir. Afina ilə Bakı Avropa İttifaqı kontekstində əməkdaşlığın yeni müddəalarını müəyyənləşdiriblər. Onlar iqtisadi, enerji, siyasi, elm, təhsil, kənd təsərrüfatı, gənclərlə iş sahələrini əhatə edirlər. Prezident İlham Əliyev iki ölkə arasındakı əməkdaşlığın əsas məzmununu aşağıdakı kimi xarakterizə edib: “Əlaqələrimizin mühüm hissəsi enerji təhlükəsizliyi ilə bağlıdır. Burada Yunanıstan-Azərbaycan əlaqələri strateji əhəmiyyət daşıyır. TAP layihəsi nəinki enerji təhlükəsizliyi layihəsidir, eyni zamanda, iki ölkə arasındakı dostluq əlaqələrini daha da yüksək pilləyə qaldıracaqdır. Azərbaycanın təşəbbüsü ilə icra edilən “Şahdəniz”, TANAP və TAP hazırda Avropanın ən böyük infrastruktur layihələridir. Bu layihələrin icrası nəticəsində bundan sonra onilliklər ərzində Azərbaycan Avropa bazarına öz təbii qazını ixrac edəcəkdir. Bu gün, eyni zamanda, qarşılıqlı investisiya qoyuluşu məsələləri də müzakirə edildi, mədəniyyət sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Bir sözlə, bizim əlaqələrimiz çox geniş xarakter daşıyır və əminəm ki, gələcəkdə daha da sürətlə inkişaf edəcəkdir”.
Enerji təhlükəsizliyi və mədəniyyət: strateji aspektdə uzlaşma sahələri
Azərbaycan-Yunanıstan əlaqələrində enerji təhlükəsizliyinin strateji xarakter daşıması tam başa düşüləndir. Çünki hazırda qlobal miqyasda enerji ehtiyatları uğrunda gərgin mübarizə gedir. Bir sıra Qərb siyasətçiləri “Cənub axını” layihəsindən imtina etmək lazım gəldiyini bəyan edirlər. Artıq Rumıniya və Bolqarıstan bu layihədə iştiraklarını dayandırıblar. Bunun fonunda TANAP və TAP-ın Avropa üçün vacibliyi daha da artır. Azərbaycan bu layihələr vasitəsi ilə Avropa ilə Asiyanı enerji məsələsində birləşdirmiş olur. Bakı, obrazlı desək, körpü rolunu oynayır.
Suverenlik baxımından isə Bakı iki mühüm dividend götürür. Əvvəla, Aİ ilə qarşılıqlı əlaqələri sıxlaşdırır, onunla strateji tərəfdaşlığı konkret çərçivədə inkişaf etdirir. İkincisi, ölkənin təhlükəsizliyini qorumaq üçün beynəlxalq təminat alır. Məlumdur ki, bu aspektlər hazırda bütün postsovet məkanı ölkələri üçün aktualdır.
Buradan Azərbaycanın nəyə görə Yunanıstanla əlaqələrə xüsusi əhəmiyyət verdiyi aydın görünür. Məhz bu ölkənin ərazisindən keçəcək enerji marşrutu perspektivli və təhlükəsizdir. Bununla yanaşı, Azərbaycanın strateji tərəfdaşları olan Gürcüstan və Türkiyənin də enerji təhlükəsizliyi təminat altına alınır. Tbilisinin Aİ ilə assosiativ üzvlüyə dair sazişi imzalamasına baxmayaraq, Gürcüstan Moskvadan zərbə alacağını düşünür. Avropa və Avro-Atlantika məkanına inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili həmin kontekstdə deyib: “Biz hesab edirik ki, Rusiya tərəfdən iqtisadi xarakterli problemlər yaradıla bilər”.
Göründüyü kimi, Bakı ilə Afinanın enerji sahəsindəki əməkdaşlığı faktiki olaraq regional və qlobal geosiyasətdə yaranmış problemlərin həllinə xidmət edir. Bu bağlılıqda Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda iki məqamı vurğulaması diqqəti çəkir. Dövlət başçısı ayrıca qeyd edib ki, “Biz Prezident Papulyas ilə regional təhlükəsizlik məsələlərini də geniş şəkildə müzakirə etdik. Regional təhlükəsizlik üçün ən böyük təhdid Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizini işğal altında saxlayır. Münaqişənin tezliklə həlli bölgəyə sülh, əməkdaşlıq gətirəcəkdir”.
Bununla Yunanıstan və Azərbaycan regional miqyasda münaqişələrin ədalətli həll edilməsi prosesində əməkdaşlıq etməyi nəzərdə tuturlar. Eyni məntiqlə də qlobal səviyyədə enerji təhlükəsizliyi sisteminin yaradılmasında birgə fəaliyyət göstərirlər. Maraqlıdır ki, bu kimi konkret addımlar Azərbaycan-Aİ münasibətlərinin strateji xarakter alması istiqamətində mühüm faktor kimi qəbul edilir. Həmin dinamika ilə tərəflər arasındakı əlaqələri real və faydalı əməkdaşlıq müstəvisinə gətirmək mümkün ola bilər. Bununla Azərbaycanın Avropa dəyərlərinə inteqrasiyası da orijinal bir model üzrə baş verər.
Afina ilə Bakının əlaqələrində elmlə təhsilin xüsusi yer tutması ayrıca vurğulanmalıdır. Məsələ ondan ibarətdir ki, Azərbaycanda yunan mədəniyyəti və fəlsəfəsinə maraq böyükdür. Hətta IX əsrdə tarixi Azərbaycan ərazisində Yunanıstandakı akademiyalara oxşar elm məbədləri formalaşmışdı. İndi gənclərin qədim yunan dilini öyrənməsi intellektual inkişafa müsbət təsir edə bilər. Bununla yanaşı, yunanlar Azərbaycan mədəniyyətinin inciləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bu o deməkdir ki, Yunanıstanla Azərbaycan arasında strateji tərəfdaşlıqda mədəniyyət amilinin xüsusi yeri vardır.
Bütün bunlar Yunanıstan Prezidenti Karolos Papulyasın aşağıdakı fikri ilə razılaşmağa əsas yaradır. O, mətbuata verdiyi bəyanatda vurğulayıb: “Bugünkü səfər Yunanıstan ilə Azərbaycan arasında gözəl münasibətlərin yeni bir işarəsidir, əməkdaşlığımız üçün yeni yollar, yeni üfüqlər açır”.
Şübhə yoxdur ki, Azərbaycan həmişə olduğu kimi, bu yolda da sədaqətli dost və etibarlı tərəfdaş olacaqdır. Azərbaycan dövləti indi çox güclənib və ehtiyacı olana kömək əlini uzadır. Bu “əlin” Dağlıq Qarabağda da ədaləti bərpa edəcəyi gün uzaqda deyil.
Newtimes.az

Paylaş:
Baxılıb: 741 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31