Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda sənayenin yeni regional strukturu formalaşdırılır

Azərbaycanda sənayenin yeni regional strukturu formalaşdırılır

10.01.2017 [10:14]

Sənaye məhəllələri yaradılarkən, bir qayda olaraq, bölgələrin ənənələri və mövcud iqtisadi potensialı əsas götürülür
Azərbaycan üçün yeni şəraitdə məlum səbəblərdən ölkəyə valyuta daxilolmalarının azalmasını kompensasiya etməyin mühüm istiqamətlərindən biri qeyri-neft sənayesinin üstün inkişafı hesabına ixrac imkanlarının artırılması ola bilər. Hazırda qarşıya qoyulan bu strateji hədəfə çatmaq üçün respublika miqyasında zəruri tədbirlər görülür, o cümlədən hüquqi baza möhkəmləndirilir, investisiya cəlbediciliyi artırılır, ixrac məqsədyönlü şəkildə stimullaşdırılır.
Qeyd etmək yerinə düşər ki, ölkəmizdə yeni iqtisadi şəraitdə qeyri-neft sənayesinin gələcək inkişafın prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi təsadüfi deyil. Azərbaycanın iqtisadi potensialı elədir ki, burada həm ənənəvi neftçıxarma və neft emalı sənayesini yeni texnologiyalar əsasında daha da inkişaf etdirmək, eyni zamanda, yeni qlobal çağırışlara uyğun olaraq müasir sənaye sahələri yaratmaq mümkündür. Müstəqil Azərbaycanın sənaye quruculuğu siyasəti də məhz ənənələri saxlamaqla yanaşı, dünyanın müasir trendlərini özündə ehtiva edən yeni sənaye sahələrinin və istehsalatların yaradılmasına istiqamətlənib. Ölkəmizdə son 13 ildə qeyri-neft sənayesinin inkişafına göstərilən diqqət artıq öz bəhrəsini verir. Bəhs olunan dövrdə ölkə üzrə çoxlu sayda müəssisənin fəaliyyətə başlaması və sənaye istehsalının 2,7 dəfə artması Azərbaycanın müasir mənzərəsini səciyyələndirir. Əlamətdar haldır ki, qeyri-neft sənayesi üzrə artım dinamikası ildən-ilə daha yüksək olur. Bir sıra çətinliklərlə müşayiət olunan 2016-cı ildə də iqtisadiyyatın ayrı-ayrı sektorları ilə müqayisədə ən yüksək artım 5 faiz olmaqla məhz qeyri-neft sənayesində qeydə alınıb.
Regionlarda müasir istehsalatların yaradılması ilə ölkənin sənaye quruculuğunda yeni mərhələ başlayıb
Azərbaycan paytaxt Bakı və digər iri şəhərlərlə yanaşı, regionlarda da güclü sənaye potensialı olan ölkədir. Bu baxımdan yeni sənayeləşmə siyasətində sənayenin regional strukturunun formalaşdırılmasının mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi böyük önəm daşıyır. Prezident İlham Əliyevin yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri məhz ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və hər rayonda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Prezident İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimindən sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında bu məqama toxunaraq deyib: “Ölkəmizin hər bir yerində, hər bir rayonda sənaye zonaları yaradılmalıdır və artıq bu istiqamətdə işlər gedir”.
Qeyd edək ki, son illərdə ölkəmizdə dövlət başçısının nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq sənayenin inkişafının və onun yeni regional strukturunun formalaşdırılmasının hüquqi bazasını təmin etmək üçün əməli addımlar atılıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Ölkəmizdə “Xüsusi iqtisadi zonalar haqqında” ayrıca qanun qəbul edilib. Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib. Eyni zamanda, Prezident İlham Əliyev 2014-cü il 8 oktyabr tarixində ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb.
Regional sənaye quruculuğuna göstərilən yüksək siyasi iradəyə uyğun olaraq hazırda respublikanın ayrı-ayrı bölgələrində sənaye məhəllələrinin yaradılması istiqamətində intensiv iş aparılır. Deyə bilərik ki, regionlarda müasir istehsalatların yaradılması ilə ölkənin sənaye quruculuğunda yeni mərhələ başlayıb. Sənaye məhəllələri yaradılarkən, bir qayda olaraq, bölgələrin ənənələri və mövcud iqtisadi potensialı əsas götürülür. Şübhə yoxdur ki, Azərbaycanın sənayeləşmə tarixində yeni təşəbbüs olan regional sənaye quruculuğu indiki şəraitdə ölkənin istehsal və ixrac imkanlarının genişlənməsində mühüm rol oynayacaq.
Bölgələrdə yeni sənaye məhəllələrinin yaradılması regional inkişafa sanballı dəstəkdir
Məlumdur ki, respublikamızda 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları böyük uğurla həyata keçirilir. Eyni zamanda, bölgələrdə yeni sənaye məhəllələrinin yaradılması regional inkişafa sanballı dəstəkdir. Azərbaycanın regional sənaye quruculuğu ilə bağlı strateji hədəflərinə uyğun olaraq respublikamızda 4 sənaye mərkəzi formalaşdırılacaq. Bakı Cənubi Qafqazın sənaye mərkəzi kimi özünü çoxdan təsdiqləyib. Sumqayıt şəhəri də regionun iri sənaye mərkəzlərindən biridir. Perspektivdə isə Gəncə və Mingəçevir şəhərlərinin sənaye potensialını daha da artırmaq qarşıya mühüm vəzifə kimi qoyulub.
Respublikamızda sənayenin regional strukturunun formalaşdırılması, sənaye quruculuğunda regionların potensialından səmərəli istifadə edilməsi baxımından Prezident İlham Əliyevin 2015-ci il 2 fevral tarixində imzaladığı “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncamı mühüm əhəmiyyət daşıyır. Ötən ilin ikinci yarısında Neftçala Sənaye Məhəlləsinin inşasına start verilib. Sənaye məhəlləsində 8 modullaşdırılmış istehsal binası olacaq. Artıq Neftçalada yaradılan sənaye məhəlləsinin birinci mərhələsi çərçivəsində bir sıra işlər uğurla tamamlanıb.
Müasir tələblərə cavab verən daha bir sənaye məhəlləsi “Karvan-L” şirkəti tərəfindən Ağstafada yaradılır. Prezident İlham Əliyev 2016-cı ilin oktyabr ayında “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib. Ümumi dəyəri 12,5 milyon manat olan “Karvan-L Eko” sənaye parkında müasir texnologiyalara əsaslanan bir sıra modern müəssisələr fəaliyyət göstərəcək.
Növbəti sənaye məhəlləsi isə Masallıda yaradılacaq. Prezident İlham Əliyev 2016-cı il 13 iyun tarixində “Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, kiçik və orta sahibkarların sənaye sahəsində fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Masallı rayonunda Masallı Sənaye Məhəlləsinin yaradılması qərara alınıb.
Mingəçevir sənaye parkı ölkədə aqrar sektorun inkişafına yeni stimul yaradacaq
Qeyd etdiyimiz kimi, yeni sənaye müəssisələri yaradılarkən regionların mövcud iqtisadi potensialı mütləq nəzərə alınır. Məsələn, Prezident İlham Əliyevin müvafiq Fərmanı və sərəncamları əsasında yaradılan Mingəçevir Sənaye Parkında qurulacaq müəssisələr əsasən yerli xammal hesabına fəaliyyət göstərəcək. Dövlət başçısının iştirakı ilə 2016-cı ilin sentyabrında təməli qoyulan Mingəçevir Sənaye Parkının texniki göstəriciləri kifayət qədər yüksəkdir. Yeni istehsalat 120 min kvadratmetr ərazidə təşkil ediləcək. Pambıq ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə ildə 10 min ton, növbəti mərhələdə isə 20 min ton iplik istehsalı nəzərdə tutulub. Azərbaycanda böyük tələbat olan akril ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə il ərzində 3 min ton məhsul hazırlanacaq. Bu, idxaldan asılılığı qismən aradan qaldıracaq. Yun ipliyi istehsalı müəssisəsində ildə 3 min ton məhsul istehsal ediləcək. Corab istehsalı müəssisəsinin tikintisi ilə ilkin mərhələdə Azərbaycanın corab məhsullarına tələbatının 50 faiz ödənilməsi, illik 35 milyon, növbəti mərhələdə isə 70 milyon cüt corabın istehsalı nəzərdə tutulub. Ayaqqabı istehsalı müəssisəsində illik 1,5 milyon cüt dəri ayaqqabı istehsal ediləcək.
Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, əsasən yerli xammalla işləyəcək Mingəçevir Sənaye Parkı regionlarda iqtisadi aktivliyin təmin olunmasına, aqrar sektorda pambıqçılıq, baramaçılıq kimi strateji əhəmiyyətli sahələrin inkişafına güclü stimul yaradacaq. Məlum olduğu kimi, 2016-cı ilin əvvəlindən etibarən respublikamızda yeni ixrac imkanları yarada biləcək texniki bitkilərin becərilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Ölkənin ayrı-ayrı bölgələrində ənənələr dirçəldilərək pambıqçılığın, tütünçülüyün, baramaçılığın şöhrəti geri qaytarılır. Mingəçevir Sənaye Parkında bu məhsullardan xammal kimi istifadə olunması regionlarda texniki bitkilərin becərilməsinə marağı əhəmiyyətli dərəcədə artıracaq. Prezident İlham Əliyev Mingəçevir Sənaye Parkında görüləcək işlərin həm kənd təsərrüfatı, həm də sənaye sahələrini birləşdirməsini vacib məqam kimi dəyərləndirərək deyib: “Sevindirici hal ondan ibarətdir ki, Mingəçevir Sənaye Parkının xammal bazasının əsas hissəsi Azərbaycanda yaradılacaq. Beləliklə, bu fabriklərin fəaliyyəti kənd təsərrüfatına da çox güclü dəstək olacaq”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 581 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30