Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Gələcəkdə peşəkar cərrah olmaq və insanlara layiqli xidmət etmək istəyirəm”

“Gələcəkdə peşəkar cərrah olmaq və insanlara layiqli xidmət etmək istəyirəm”

31.08.2017 [10:30]

Yeni dərs ilinə artıq sayılı günlər qalıb. 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə öz bilik səviyyəsini sınaqdan keçirmiş və müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər səbirsizliklə ilk dərs gününü gözləyirlər.
Yeri gəlmişkən xatırladaq ki, bu dəfə imtahanda I ixtisas qrupu üzrə 7, II ixtisas qrupu üzrə 2, III ixtisas qrupu üzrə 3, IV ixtisas qrupu üzrə isə 3 nəfər olmaqla, ümumilikdə 15 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. Ənənəyə sadiq qalaraq, bu il də 700 bal toplayan abituriyentləri sizinlə tanış edirik.
Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Ziya Müslümov da həmin rekordçulardan biridir. IV ixtisas qrupu üzrə maksimum nəticə əldə edən Ziya redaksiyamızın qonağı olub və oxucularımızla öz təəssüratlarını bölüşüb: “Mayın 7-də keçirilən imtahanda 675 bal topladım. Məhz diqqətsizlik ucbatından bildiyim sualları yanlış cavablandırmışdım. Bu nəticə ilə kifayətlənməyib iyulun 22-də baş tutan imtahanda yenidən iştirak edib biliyimi sınamaq istədim. Bir saat ərzində bütün sualları cavabladım. Məqsədim 700 bal toplamaq deyil, səhvlərimi düzəltmək idi”.
Həkim ailəsində dünyaya gələn həmsöhbətim ali təhsilini Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində davam etdirəcəyini deyir: “Atam cərrah, anam isə göz həkimidir. Bacılarım da ötən illərdə yüksək bal toplayaraq Tibb Universitetinə daxil olublar. Mən də bu peşəni layiqincə davam etdirməyə çalışacağam. Əslində, valideynlərim məni başqa sənətə yönəltməyə çalışırdılar. Onlara həkim olmaq istədiyimi və özümü ancaq bu peşədə gördüyümü deyəndə seçimimə hörmətlə yanaşdılar. Gələcəkdə peşəkar cərrah olmaq və insanlara layiqli xidmət etmək istəyirəm”.
Rekordçumuz gələcəkdə təhsilini xaricdə davam etdirmək istədiyini söyləyir: “Atam Almaniyada tibb üzrə çalışdığı üçün ildə bir dəfə gedib-gəlirəm. Bu dəfə imtahan stresini atmaq və oradakı təhsil sistemi ilə yaxından tanış olmaq üçün Almaniyaya yollandım. Oradakı tədris proqramında təcrübəyə daha çox önəm verilir. Onu da bildirim ki, qohumlarım arasında ilk dəfə 700 balı 4 il bundan əvvəl əmim oğlu Osman Müslümov toplamışdı. Hazırda Almaniyada tibb üzrə təhsil alır. Mən də gələcəkdə təhsilimi Almaniyada davam etdirməyi düşünürəm. Alman dilində sərbəst danışa bilsəm də, bu dili daha da inkişaf etdirməyə çalışıram”.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 549 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31