Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / “Ramştayn” görüşündə razılıq...

“Ramştayn” görüşündə razılıq...

27.05.2023 [11:34]

Nardar BAYRAMLI

Rusiya-Ukrayna müharibəsi geosiyasi proseslərə əhəmiyyətli dərəcədə təsir edib. ABŞ, Avropa İttifaqı Rusiyaya ciddi sanksiyalar tətbiq edir. Avropa İttifaqı tərəfindən sayca 11-ci sanksiyalar paketi qəbul olunub. Məqsəd Rusiyanın iqtisadiyyatını zəiflətmək, bununla da rəsmi Moskvanı müharibəni dayandırmağa məcbur etməkdir. ABŞ və Avropa İttifaqı, eləcə də NATO Ukraynaya özünü müdafiə etmək üçün fəal hərbi yardım da göstərirlər. Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu - “Ramştayn” formatı vaxtaşırı bu məqsədlə toplaşır. Qrupun mayın 25-də keçirilən iclasında da rəsmi Kiyevə hərbi dəstək məsələsi müzakirə olunub. Bu görüşdə əsasən  Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, döyüş sursatları ilə təmin olunması, həmçinin F-16 qırıcılarının təhvil verilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Ukraynaya daha 65 mlrd. dollar yardım

Toplantının nəticəsi ilə bağlı bəyanatla çıxış edən ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, Ukraynanın müttəfiqləri və tərəfdaşları F-16 da daxil olmaqla dördüncü nəsil təyyarələrdə ukraynalı pilotlara təlim keçmək planlarını açıqlayıblar. Növbəti həftələrdə müvafiq təlim infrastrukturu hazırlanacaq. “Bu toplantıda  müttəfiqlər və tərəfdaşlar olaraq F-16 da daxil olmaqla dördüncü nəsil təyyarələrdə ukraynalı pilotlara təlim keçmək planlarımızı ifadə etdik. Bu təlimlər təmas qrupunun koordinasiyası üçün vacibdir”, - deyən Ostin ukraynalı pilotların hazırlanması sahəsində koalisiyaya rəhbərlik edən Danimarka və Niderlanda xüsusi təşəkkür edib. O vurğulayıb ki, önümüzdəki həftələrdə Danimarka, Niderland bu layihəyə qoşulmağa razılıq verən Norveç, Polşa, Belçika, Portuqaliya kimi digər tərəfdaşlarla əməkdaşlıq edəcək. “Biz başqalarının da bu mühüm missiyaya qoşulmasını səbirsizliklə gözləyirik. İndi bu pilot təliminin başlanması Ukraynaya dəstək verməyə sədaqətin mühüm nümunəsidir. Yaxın həftələrdə təlim infrastrukturu inkişaf etdiriləcək”, - deyə ABŞ müdafiə naziri əlavə edib.

Pentaqonun rəhbəri Lloyd Ostin onu da qeyd edib ki, Ukrayna ABŞ və müttəfiqlərindən daha 65 milyard dollar yardım alacaq: “Putin ümid edirdi ki, bizim qətiyyətimiz yox olacaq və o, bizim birliyimizin parçalanacağına mərc edirdi. Amma biz birliyimizi davam etdiririk”.

Dəstək davamlı olacaqmı?

Ümumiyyətlə, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan ABŞ və onun avropalı müttəfiqləri rəsmi Kiyevə milyardlarla dollar həcmində hərbi və digər yardımlar vəd etmişdi. Ötən dövr ərzində bu ölkə davamlı olaraq hərbi yardımla təmin olunur. Bu da Ukraynanın Rusiya ordusuna qarşı güclü müqavimət göstərməsində mühüm rol oynayır. Ancaq gələcəklə bağlı ortaya suallar da çıxır: Qərb Ukraynanın müdafiəsini uzunmüddətli perspektivdə necə davam etdirəcək? Bununla bağlı Ukrayna vəziyyətdən çıxış yolu kimi NATO-ya qoşulub öz təhlükəsizliyinə qızıl zəmanət qazanmaq istəyir. Xatırladaq ki, Ukraynaya 2008-ci ildə ABŞ-ın təkidi ilə NATO-ya üzvlük vədi verilib. Sonrakı dövrlərdə bu vəd dəfələrlə təkrarlanıb. 2023-cü ilin aprelində Kiyevə səfəri zamanı NATO-nun baş katibi Yens Stoltenberq də vədi yada salıb. Alyansın bəzi üzvləri, xüsusilə Şərqi Avropa ölkələri NATO-nun iyulda keçiriləcək illik sammitində vədin yerinə yetirilməsi istiqamətində konkret addımların atılmasını istəyir. Ancaq hələ ki, bu vədin gerçəkləşməsi inandırıcı deyil. Birləşmiş Ştatlar daxil olmaqla NATO-nun bir neçə əsas üzvü Ukraynanın alyansa qəbulu mexanizmini işə salacaq addımları - Kiyevə fəaliyyət planı təqdim edilməsini, üzvlük mərhələlərini müəyyənləşdirəcək qrafikin tutulmasını bloklayır. Onlar bunu hazırda  müharibənin davam etməsi ilə izah edirlər. 2014-cü ildə Krım yarımadasını ilhaq etmiş Rusiyanın hazırda Ukraynanın başqa ərazilərini də işğal etməkdə olduğu bir zamanda NATO-nun kollektiv təhlükəsizlik zəmanətinin Kiyevə şamil olunması nüvə arsenalına malik iki böyük qüvvə - NATO ilə Rusiya arasında müharibəyə gətirə bilər.

Sonu görünməyən müharibə

İllik sammit ərəfəsində NATO-nun Brüsseldəki qərargahında  qızğın danışıqlar, müzakirələr aparılır. Məqsəd Kiyevlə NATO arasında əlaqələri gücləndirəcək, gələcəkdə Rusiyanın Ukraynaya qarşı yenidən savaşa qalxmasına imkan verməyəcək uzunmüddətli tədbirlər planı hazırlamaqdır. Bütün bunların fonunda hazırda əsas diqqət Ukraynaya hərbi dəstəyin artırılmasıdır. “Ramştayn” formatı da  bu məqsədə xidmət edir. Təmas Qrupunun əvvəlki görüşündə Ukraynaya Almaniya istehsalı olan “Leopard” tanklarının verilməsi ilə bağlı razılıq əldə edilmişdi. Rəsmi Kiyev müxtəlif ölkələrdən çoxlu sayda bu növ tank əldə edə bildi. Bundan sonra da həmin tankların verilməsi davam etdiriləcək. Eləcə də, həmin toplantıda Ukrayna ordusunun müasir hava hücumundan müdafiə sistemləri ilə təmin edilməsi də diqqət mərkəzində olmuşdu. ABŞ və müttəfiqləri bu öhdəliyi də yerinə yetirməkdədirlər.

Beləliklə, Rusiya-Ukrayna müharibəsinin sonu hələ də görünmür. Rusiya ordusunun hücumlarına qarşı Ukraynanın davam gətirməsi üçün Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun rəsmi Kiyevə hərbi dəstəyi artmaqdadır.

Paylaş:
Baxılıb: 953 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30