Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Dünyanın yeni nizamı: “Bir kəmər, bir yol”dan gözləntilər

Dünyanın yeni nizamı: “Bir kəmər, bir yol”dan gözləntilər

25.10.2023 [10:50]

Çinin paytaxtı Pekində 140-dan çox ölkə və 4 mindən çox insanın iştirak etdiyi üçüncü “Bir kəmər, bir yol” Beynəlxalq Forumu keçirilib. Forumda dünyanın indiki siyasi vəziyyəti, hərbi münaqişələr, iqtisadi böhran və digər beynəlxalq problemlər barədə müzakirələr aparılıb. Tədbir iştirakçıları Qəzzadakı vəziyyətlə də bağlı öz fikirlərini bölüşüblər.

Qərbin mövqeyi yox, mövqesizliyi var

Forumda Rusiya prezidenti Vladimir Putin münaqişənin İsrail və Fələstin xalqının birgə yaşaması prinsipi əsasında həllini nəzərdə tutan danışıqların bərpasına tərəfdar olduğunu bildirib. Putin bu barədə İsrail, Fələstin, Misir, İran liderləri ilə müzakirələr apardığını deyib.

Xəbər verdiyimiz kimi, oktyabrın 21-də Misirin paytaxtı Qahirədə 34 ölkənin iştirakı ilə İsrail və HƏMAS qruplaşması arasında münaqişənin həllinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Konfransın nəticələrinə əsasən demək olar ki, ərəb ölkələrinin başçıları bölgədəki gərginliyə görə HƏMAS-ın məsuliyyət daşıması ilə bağlı Qərbin mövqeyi ilə razılaşmayıblar. Məsələn, Misir ?rezidenti Əbdülfəttah əs-Sisi forumdakı çıxışında Qərbin mövqeyini tənqid edərək bildirib ki, Qəzzadakı vəziyyət beynəlxalq ictimaiyyətin bu cür münaqişələrdə ədalətli həll yolu tapmaqda “qabiliyyətsizliyini” ortaya qoyub. Sisi bunu da deyib ki, dünya liderləri “müvəqqəti həll variantları və hətta ən çətin həll yollarını təklif etməklə münaqişəni birdəfəlik bitirmək əvəzinə, dondurmağa çalışırlar”.

“Bir kəmər, bir yol” fəlsəfəsi

Üçüncü “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunun açılış mərasimində çıxış edən Çin lideri Si Cinpin isə dünyanı qütbləşmədən əl çəkməyə, tolerantlıq və birgə inkişaf naminə bloklaşmadan, ideoloji qarşıdurmadan imtinaya, fərqli sivilizasiya, mədəniyyət və sosial sistemlər arasında dostluq və dözümlülük prinsiplərinə əsaslanan münasibətləri bərpa etməyə çağırıb.

Dünyanın bir sıra bölgələrində imperializmin hələ də müxtəlif adlarla hökm sürməsi, beynəlxalq hüququn “oyun qaydaları” ilə əvəz olunması, Şərqlə Qərb arasında qütbləşmənin dərinləşməsi, Avropanın demokratiyadan geriyə - neofaşizmə qayıdış meyilləri fonunda Çin prezidentinin forumdakı çıxışı həm nəzəri, həm də praktiki məzmunuyla maraq doğurur. Si Cinpin dünyada uzunmüddətli beynəlxalq əlaqələrin qurulması metodologiyasına dair bir sıra maraqlı fikirlər söyləyib. Çin liderinin təkliflərinə keçməzdən öncə onu vurğulayaq ki, bu ölkənin ticarət və iqtisadi əlaqələrinin qlobal əhatə dairəsi onun xarici ölkələrə təsirinin əhatə dairəsi ilə düz mütənasibdir. Yəni, dünyanın Şərq yarımkürəsində Çinin nüfuzu həlledici rola malikdir, eyni zamanda Çin Qərbə də xeyli dərəcədə təsir göstərmək imkanlarına sahibdir.

Coğrafi baxımdan BRI (“Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Layihəsi) bütün Avrasiya boyunca, Afrika və Latın Amerikasına qədər uzanır. Azərbaycan da daxil olmaqla 150-dən çox ölkə və 30 beynəlxalq təşkilat BRI çərçivəsində əməkdaşlığa dair sənədlər imzalayıb.

Bu əməkdaşlıq layihəsinin həyata keçirildiyi 10 il ərzində dəmir yolları, avtomobil yolları, hava və dəniz limanları, boru kəmərləri əsasında nəqliyyat və informasiya dəhlizlərindən ibarət qlobal qarşılıqlı əlaqə şəbəkəsini formalaşdırmaq mümkün olmuşdur. Bu şəbəkə quru, dəniz, hava yollarını və internet məkanını əhatə edir. Bu qlobal əməkdaşlıq layihəsi çərçivəsində ticari mübadilənin, kapitalın, texnologiyanın və mədəni əlaqələrin geniş miqyasda qarşılıqlı münasibəti təmin olunur.

Si Cinpinin tezislərinin ana prinsipi dünyanın müxtəlif sivilizasiya, mədəniyyət, sosial sistem və inkişaf səviyyəsi prizmalarından ayırıcı xətt çəkməkdən imtina edərək, dövlətlərarası kommunikasiyanın inkişafı üçün tamamilə yeni yol açmaqdan ibarətdir. Analitiklər bu proqramı “ümumi inkişaf naminə bütün bəşəriyyətin səylərini maksimum dərəcədə birləşdirməyə imkan verən beynəlxalq əməkdaşlıq arxitekturası” adlandırırlar.

Səkkiz tezis və ya Qərbə sərt mesajlar

Si Cinpin forumdakı çıxışında Çin xalqının taleyinin bütün bəşəriyyətin taleyi ilə ortaq olduğunu qeyd edib: “Biz dərindən anlayırıq ki, bəşəriyyətin taleyi bütövlükdə bütün insanların taleyinin birləşməsidir. Bu, o deməkdir ki, dünyada hər şey yaxşı olanda Çində də hər şey yaxşı olur. “Bir kəmər, bir yol” əməkdaşlığı sayəsində Çinin “açıq qapıları” dünyaya daha da geniş açılır. Çin 140-dan çox ölkənin ən böyük ticarət tərəfdaşıdır və Çin tərəfindən investisiya qoyuluşu getdikcə dünyanın daha çox hissəsini əhatə edir. “Cəlbedici” və ya “xarici” statusunun olub-olmamasından asılı olmayaraq, istənilən investisiya əməkdaşlığı dostluq, inam və ümid rəmzidir”.

Çin prezidenti “Bir kəmər, bir yol” layihəsinin “sülh, əməkdaşlıq, liberallıq, tolerantlıq, qarşılıqlı nizamlama kimi prinsiplərə əsaslandığını obrazlı şəkildə ifadə edib:  “Bu əməkdaşlıq xəritəsi İpək Yolunun ruhu kimidir. Burada bloklara, ideoloji qarşıdurmaya və geosiyasi oyunlara yer yoxdur, burada birtərəfli sanksiyalar, iqtisadi şantajlar və əlaqələri kəsmək kimi hərəkətlər qəbul olunmur”. 

Çin prezidenti “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Layihəsinin səkkiz əsas prinsipini də açıqlayıb:

1. “Bir kəmər, bir yol” əməkdaşlıq məkanında ölkələrin  bir-biri ilə əlaqəli nəqliyyat şəbəkəsini formalaşdırmaq;

2. Açıq dünya iqtisadiyyatının inkişafını dəstəkləmək;

3. Praktiki əməkdaşlığı inkişaf etdirmək;

4. Yaşıl inkişafı dəstəkləmək;

5. Texnoloji innovasiyaları stimullaşdırmaq;

6. Mədəni və humanitar əlaqələr yaratmaq;

7. “Dürüst yol” qurmaq;

8. Beynəlxalq əməkdaşlıq mexanizmini təkmilləşdirmək.

Si Cinpinin proqram təşəbbüsləri yeni reallıqlarda dövlətlərin dinc yanaşı yaşaması prinsiplərinin məntiqi izahı kimi görünür. Proqramda ölkələr arasında sivilizasiya, ideoloji və formasiya fərqləri baxımından ayrı-seçkilik edilməsindən imtina xüsusilə diqqətəlayiqdir.

Çin liderinin sözlərindən belə çıxır ki, Çinin və bütün dünyanın maraqlarına uyğun olan praqmatizm, rasionallıq “bəşəriyyət üçün ortaq taleyi olan birlik ruhunda” əsas yoldur. Ekspertlərin fikrincə, yerli-yersiz izolyasiya siyasəti tətbiq etməyi sevən Qərb dövlətlərinin Çin liderinin bu aydın mesajına məhəl qoymaması onlar üçün son dərəcə ağır nəticələr verə bilər. İqtisadi asılılığı nəzərə alsaq, Qərbin Çinlə ehtiyatlı davranmaqdan başqa yolu yoxdur. 

Azərbaycan “Bir kəmər, bir yol”da

Qeyd edək ki, Çinin xüsusən Avrasiya regionundakı ölkələrlə ikitərəfli və çoxtərəfli iqtisadi-ticari əməkdaşlığının genişlənməsinə dəstək məqsədi daşıyan “Bir kəmər, bir yol” təşəbbüsü 2013-cü ildə elan edilib. Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir. Prezident İlham Əliyev 2015-ci ilin dekabrında Çində dövlət səfərində olarkən, iki ölkə arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. “Bir kəmər, bir yol” təşəbbüsü üzrə ilk Beynəlxalq Əməkdaşlıq Forumu 2017-ci ildə keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ildə 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib.

Azərbaycan nümayəndə heyəti 3-cü “Bir kəmər, bir yol” Əməkdaşlıq Forumunda energetika naziri Pərviz Şahbazovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Pərviz Şahbazov forumdakı çıxışında “Bir kəmər, bir yol” layihəsinin alternativ nəqliyyat dəhlizləri və enerji resurslarının dünya bazarlarına çatdırılmasını şaxələndirən marşrutlar təqdim etməklə böyük bir coğrafiyada inkişafa, təhlükəsizliyə və sabitliyə xidmət etdiyini deyib: “Azərbaycan Prezidentinin Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliklə bağlı siyasəti işğaldan azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturlarının, perspektivdə Zəngəzur enerji-nəqliyyat dəhlizinin yaradılması ilə Orta Dəhlizin yeni qollarla inkişafına yol açır. Bütün bunlar həm də Azərbaycanın 6 neft-qaz kəməri kimi qitələri, dənizləri birləşdirən enerji bağlantıları Çinin meqa layihəsinin milli təşəbbüslərimizlə birləşməsinin real örnəkləridir”.

Forumda qəbul olunan “Bağlantılar üzrə Əməkdaşlığın Dərinləşdirilməsi üzrə Pekin Təşəbbüsü”nə Azərbaycan da qoşulub.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 716 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30