Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / 44 günlük müharibə ərəfəsində 30-a yaxın müsahibə...

44 günlük müharibə ərəfəsində 30-a yaxın müsahibə...

31.10.2024 [09:06]

İkinci Qarabağ müharibəsinin gərgin günlərində Prezident İlham Əliyevin xarici KİV-lərə verdiyi müsahibələr informasiya cəbhəsində haqq mübarizəmizin dünya ictimaiyyətinə çatdırılması üçün müstəsna rol oynamışdı. Ölkə başçısı müharibə zamanı birmənalı olaraq Azərbaycan xalqının düşünən beyni və danışan dili olmuşdu. Bu mənada Prezidentin xarici KİV nümayəndələrinə verdiyi 30-a yaxın müsahibənin, eləcə də xalq qarşısında etdiyi çıxışların milli yaddaşımızı yaşatmaq baxımından müstəsna tarixi əhəmiyyəti qeyd edilməlidir.

Həmin müsahibələr İlham Əliyevin yüksək intellektini, dərin politoloji biliyini, mükəmməl diplomatik məharətini nümayiş etdirirdi. Onun türk, rus və ingilis dillərində verdiyi müsahibələr Azərbaycan gerçəkliyi, Qarabağ probleminin mahiyyəti, Ermənistanı və onu himayə edən şər qüvvələrin bütün dünyanın gözü qarşısında ifşası üçün mühüm əhəmiyyət kəsb edirdi. Ölkə başçısı həmin müsahibələrdə həmçinin erməni tərəfinin Qarabağ problemi ətrafına çəkdiyi yalanlar “sədd”ini dağıtmışdı. Prezidentin xarici mediaya müsahibələri onun bütün cəbhələrdə apardığı döyüşə hazırlıq səviyyəsini dünyaya nümayiş etdirdi. Bu müsahibələrdə bəyan edildi ki, işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin davam etdiyi illərdə torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyona yaxın soydaşımız doğma yurd-yuvasından didərgin salınıb.

Ermənistanın 2020-ci ilin iyul ayında Tovuz rayonu ərazisində dövlət sərhəddini pozması, ardınca ölkəmizə təxribat qrupları göndərməsi Azərbaycanın səbir kasasını daşırmışdı. Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı təcavüzündən sonra ordumuz əks-hücum əməliyyatı keçirməyə məcbur oldu. Döyüşlər Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Vətən müharibəsinə çevrildi. Bütün bu həqiqətlər Prezidentin bəhs olunan müsahibələrinin özəyini təşkil edirdi.

4 il öncə, 2020-ci ilin 28 oktyabrında Prezidentin Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibəni xüsusilə xatırlatmaq yerinə düşər. 44 gün müddətində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı ölkə Prezidenti ARD kanalına döyüş əməliyyatları dövründə beynəlxalq aləmi düşündürən, narahat edən zəruri və obyektiv məsələlərə toxunmuşdu. Prezident bu müsahibəsi ilə qərəzli, bədxah suallara son qoydu. ARD-yə verilən müsahibədə həmçinin münaqişənin mahiyyətini açıb göstərən, bu vaxtadək erməni yalan və böhtanları ilə pərdələnmiş həqiqətlərə işıq salan mötəbər, əhatəli və tarixi önəm daşıyan cavablar öz əksini tapmışdı.

Prezident jurnalistin “kim birinci atəş açdı?” sualını belə cavablamışdı: “Atəşi ilk açan Ermənistandır və bizim sübutlarımız var. Çünki mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Bu, bizə qarşı ardıcıl surətdə üçüncü hərbi təxribat idi. Birinci, iyul ayında törədildi. O zaman onlar Ermənistan-Azərbaycan sərhədinə hücum etdilər. Bizim mülki şəxslər və hərbi qulluqçular arasında itkilərimiz olmuşdu. İkinci cəhd avqust ayında baş vermişdi. Ermənistan diversiya qrupu göndərmişdi, onun başçısı tərəfimizdən saxlanılmışdı və o, ifadə vermişdi ki, mülki şəxslərə hücum etmək üçün göndərilmişdi. Üçüncü dəfə sentyabrın 27-də onlar təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutdular. Biz cavab verdik və bu, belə başlamışdı”.

Ölkə başçısı müsahibəsində həmçinin qeyd etmişdi ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalıb: “Bu, onu göstərir ki, vasitəçilik səmərəli olmayıb. Lakin, eyni zamanda, biz daha güclü ola biləcək bəzi başqa ölkələr barədə düşünməyə bilmərik. Ona görə də, müharibəni dayandırmağın yeganə yolu ondan ibarətdir ki, Ermənistan dayansın, öz məğlubiyyətini qəbul etsin, bizim qələbəmizi qəbul etsin və sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürsün. Biz istənilən halda onları azad edəcəyik. Biz əks-hücuma başlayanda onlar inanmırdılar. Biz dedik - biz azad edəcəyik, bunu indi dayandırın. Onlar hətta biz Füzulini geri qaytarandan sonra da dayana bilərdilər. Amma dayanmadılar...”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır.

Paylaş:
Baxılıb: 323 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30