Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda arıçılıq təsərrüfatlarının genişləndirilməsi üçün məqsədyönlü tədbirlər görülür

Regionlarda arıçılıq təsərrüfatlarının genişləndirilməsi üçün məqsədyönlü tədbirlər görülür

17.02.2021 [08:54]

Azərbaycanda heyvandarlıq sektorunun perspektivli fəaliyyət sahələrindən hesab edilən arıçılığın inkişaf etdirilməsi daim dövlətin diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 17 ildə aparılan islahatlar ölkə iqtisadiyyatının bütün sahələrində ciddi uğurların əldə olunmasına gətirib çıxarıb. Onu da qeyd edək ki, ötən müddət ərzində Azərbaycanda kənd təsərrüfatının inkişafında da mühüm nailiyyətlər əldə olunub. Yeri gəlmişkən, mütəxəssislərin gəldiyi ümumi qənaətə görə, dövlətin kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli diqqət və qayğı həmin sektorun inkişafına öz müsbət təsirini göstərir.
Bu məqamda xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycanda heyvandarlıq sektorunun perspektivli fəaliyyət sahələrindən biri də arıçılıqdır. Təsadüfi deyil ki, arıçılığı inkişaf etdirmək məqsədilə son illərdə ölkəmizdə genişmiqyaslı tədbirlər həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzinin yaradılmasını, Azərbaycan Arıçılar Assosiasiyasının təsis olunmasını bu tədbirlərin tərkib hissəsi hesab etmək olar. Eyni zamanda, arıçılığın inkişafına nail olmaq üçün arı ailələrinin sayının və məhsuldarlığının artırılması, arıçılığın yem bazasının gücləndirilməsi, damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi yönündə mühüm addımlar atılmaqdadır. Bu tədbirlərin nəticəsi olaraq, son illərdə Azərbaycanda bal və digər arıçılıq məhsullarının istehsalında, habelə bal ixracında ciddi artım müşahidə edilir.
Qeyd etmək yerinə düşər ki, arıçılığın inkişaf etdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Belə ki, bu sektorda fəaliyyət göstərən təsərrüfatların dövlət tərəfindən subsidiyalaşdırılması və məhsulların bazara çıxarılmasının təmin edilməsi istiqamətində məqsədyönlü addımlar atılır. Məsələn, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli müvafiq Sərəncamına uyğun olaraq arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına 5 il müddətində ildə 10 manat məbləğində subsidiyanın verilməsi müəyyən olunub. Bu Sərəncamın icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2018-ci il 18 sentyabr tarixli qərarı ilə “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası” təsdiq edilib. Onu da qeyd edək ki, sözügedən Sərəncama və qərara müvafiq olaraq bu il də regionlarda arıçılıq təsərrüfatlarında olan arı ailələri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyata alınır və mərhələli şəkildə arıçılara subsidiyalar ödənilir.
Dövlətin hər arı pətəyinə görə subsidiya ayırması regionlarda bu sahəyə marağı daha da artırıb
Qeyd edək ki, dövlətin arıçılıq sahəsinə göstərdiyi dəstək, o cümlədən hər arı pətəyinə görə subsidiya ayırması arıçılığa marağı daha da artırıb. Eyni zamanda, arıçılıq gəlirli sahə olduğundan regionlarda bu sahə ilə məşğul olan fermerlərin də sayı hər il artmaqdadır.
Məsələn, Füzuli rayonunda kənd təsərrüfatının digər sahələri kimi, arıçılıq da inkişaf etdirilir. Belə ki, rayonda arıçılıqla məşğul olanların və arı ailələrinin sayı ilbəil artır. Füzuli Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, hazırda rayonda 140 arıçılıq təsərrüfatı var. Arıçılığın inkişafına dövlət dəstəyinin nəticəsidir ki, 2020-ci ildə rayonda arıçılıq təsərrüfatlarının sayı əvvəlki illə müqayisədə 29 təsərrüfat, arı ailələrinin sayı isə 709 ailə artıb.
Digər məlumata görə, Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, Füzuli rayonunda arıçılıqla məşğul olan 140 arıçıya saxladıqları 2209 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 22 min 90 manat subsidiya ödənilib.
Yeri gəlmişkən, qeyd edək ki, cənub bölgəsində yerləşən Masallı rayonunda məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi sayəsində, kənd təsərrüfatının digər ənənəvi təsərrüfat sahələri kimi, arıçılıq da inkişaf edir. Belə ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Masallı rayonunda da arıçılıqla məşğul olanlara dövlət büdcəsinin vəsaiti hesabına subsidiya ödənilir.
Onu da qeyd edək ki, hər arı pətəyinə görə subsidiyanın verilməsi rayondakı məhsul istehsalçılarının bu sahəyə marağını daha da artırıb. Masallı Rayon Statistika İdarəsindən bildirilib ki, rayonda arıçılıq təsərrüfatlarının sayı 23 təsərrüfat artaraq 642-yə, arı ailələrinin sayı isə 264 ailə artaraq 9711-ə çatdırılıb.
Arıçılığın inkişafına dövlət dəstəyi nəticəsində ölkənin şimal-qərb rayonlarında yüksək məhsuldarlıq əldə edilir
Qeyd edək ki, arıçılıq ölkənin şimal-qərb rayonlarında əhalinin müəyyən qisminin məşğul olduğu ənənəvi təsərrüfat sahələrindəndir. Eyni zamanda, arıçılığın inkişafına dövlət dəstəyi nəticəsində sözügedən rayonlarda arı ailələrinin sayı da ildən-ilə artır.
Məsələn, hazırda bölgənin Qax rayonunda 897 təsərrüfatçı arıçılıqla məşğul olur. Ötən il Qax rayonu üzrə EKTİS-də 26 min 863 arı ailəsi qeydiyyata alınaraq təsdiq edilib və rayonun arıçılarına dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 268 min 630 manat subsidiya verilib.
Qax Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nurlan Həsənov bildirib ki, arıçılığın inkişafına dövlət dəstəyi nəticəsində 2020-ci ildə rayonda arıçılıq təsərrüfatlarının sayı əvvəlki illə müqayisədə 100 təsərrüfat, arı ailələrinin sayı isə 5179 ailə artıb. Arıçılardan Məhərrəm Cəmilov arı pətəklərinin sayını son bir ildə 107 ailə artıraraq 482 pətəyə, Adıgözəl Cəmilov isə 58 ailə artıraraq 372 pətəyə çatdırıb. Digər təsərrüfatlarda da arı ailələrinin sayı ildən-ilə artır.
Şimal-qərb bölgəsinin digər rayonu Zaqatalada isə 2020-ci ildə arıçılıqla məşğul olan təsərrüfatçılara dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə ümumilikdə 320 min 170 manat subsidiya ödənilib.
Zaqatala Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Rəsul Razaqov bildirib ki, ötən il Zaqatala rayonu üzrə EKTİS-də 32 min 17 arı ailəsi qeydiyyata alınaraq təsdiq edilib: “Hazırda rayonda 1445 təsərrüfatçı arıçılıqla məşğul olur. Arıçılığın inkişafına dövlət dəstəyinin nəticəsidir ki, 2020-ci ildə rayonda arıçılıq təsərrüfatlarının sayı əvvəlki illə müqayisədə 195 təsərrüfat, arı ailələrinin sayı isə 3192 ailə artıb”.
Sektor müdirinin sözlərinə görə, rayonun arıçılıq təsərrüfatlarında il ərzində 300 tonadək bal, 40 ton mum, 500 kiloqram çiçək tozu, 200 kiloqram vərəmum, 15 kiloqramadək arı südü və digər məhsullar istehsal olunur. Qeyd edək ki, ölkənin şimal-qərb bölgələrinin təbii iqlim şəraiti Balakən, Oğuz, Şəki və Qəbələ kimi digər rayonlarında da bal və digər arıçılıq məhsulları istehsalının artırılmasına, həmçinin yüksək məhsuldarlıq əldə edilməsinə imkan verir.
Aran rayonlarında da arıçılıqla məşğul olan fermerlərin sayı artmaqdadır
Qeyd edək ki, Azərbaycanın şimal, şimal-qərb və cənub rayonları kimi, dağlıq və dağətəyi ərazilərə malik olmasa da, son illərdə ölkəmizin aran rayonlarında da arıçılığın inkişafının şahidi oluruq. Arıçılıq gəlirli sahə olduğundan aran rayonlarında bu sektora maraq göstərən fermerlərin sayı artmaqdadır.
Bu baxımdan Hacıqabulda arıçılığın inkişafına xüsusi diqqət yetirildiyindən rayonda arı ailələrinin sayı ilbəil artır. Hacıqabul Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, dövlətin arıçılığın inkişafına göstərdiyi hərtərəfli dəstək və hər arı ailəsinə görə verilən 10 manat əlavə subsidiya rayonda arı ailəsinin artırılmasına və məhsul istehsalının çoxalmasına müsbət təsir göstərir. Belə ki, hazırda rayonun ayrı-ayrı arıçılıq təsərrüfatlarında 994 arı ailəsi saxlanılır. Ötən il bu arı ailələrinin hər birindən 15-18 kiloqram olmaqla, 15 ton 904 kiloqram məhsul əldə edilib.
Digər aran rayonu Saatlıda da təsərrüfatın başqa sahələri ilə yanaşı, arıçılığın inkişafına xüsusi diqqət yetirilir. Dövlətin hər arı ailəsinə görə subsidiya verməsi rayonda bu sahə ilə məşğul olan təsərrüfat sahiblərinin artmasına səbəb olub. Saatlı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda Saatlıda 105 arıçılıq təsərrüfatında 1684 arı ailəsi saxlanılır. Ötən il 21 ton 892 kiloqram məhsul əldə olunub. Saxlanılan arı ailəsinə görə arıçılara 16 min 840 manat subsidiya ödənilib.
Arıçılar arasında ən yüksək nəticə isə Saatlı şəhər sakini Ehtiram Məmmədova məxsusdur. O, bəslədiyi 173 arı ailəsinin hər birindən 15 kiloqram bal olmaqla, 2 ton 595 kiloqram məhsul əldə edib.
Aran rayonlarından olan İmişlidə də arıçılığın inkişafına xüsusi diqqət yetirildiyindən bölgədə arı ailələrinin sayı və məhsuldarlıq artır. İmişli Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, dövlətin arıçılığın inkişafına göstərdiyi hərtərəfli dəstək arı ailəsinin artırılmasına və məhsul istehsalının çoxalmasına müsbət təsir göstərir. Hazırda rayonda mövcud olan 108 arıçılıq təsərrüfatında 2 min 35 arı ailəsi saxlanılır. Ötən il bu arı ailələrinin hər birindən 15 kiloqram olmaqla, 30 ton 525 kiloqram bal götürülüb. Saxlanılan arı ailəsinə görə arıçılara 20 min 350 manat subsidiya ödənilib.
Yuxarıda qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olar ki, regionlarda arıçılıq təsərrüfatlarının genişləndirilməsi üçün məqsədyönlü tədbirlər görülür. Arıçılığın inkişafına dövlət dəstəyi, o cümlədən bu işlə məşğul olan fermerlərə subsidiya verilməsi onu göstərir ki, Azərbaycanda heyvandarlıq sektorunun perspektivli fəaliyyət sahəsi olan arıçılığın inkişaf etdirilməsi daim dövlətin diqqət mərkəzindədir.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 743 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30