Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycançılıq ideologiyasının təbliği milli ədəbiyyatımızın aktual mövzularındandır

Azərbaycançılıq ideologiyasının təbliği milli ədəbiyyatımızın aktual mövzularındandır

02.03.2021 [09:06]

Milli ənənələri özündə əks etdirən ədəbi nümunələrin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm payı var
Bu, bir həqiqətdir ki, azərbaycançılıq ideologiyasının mühüm elementlərindən sayılan vətənpərvərlik milli ruhun formalaşmasında, milli kimliyin identikləşməsində əsaslı rol oynayır. Bu mənada, milli ruhun yüksəldilməsi, vətənpərvərliyin təbliği birmənalı şəkildə ölkəmizdə milli birliyin və həmrəyliyin daha da güclənməsinə, gənc nəslin öz torpağına, vətəninə bağlılığına yol açır. Təbii ki, bu məsələdə ən böyük vəzifələrdən biri ədəbiyyatımızın üzərinə düşür. Belə ki, milli ənənələri özündə əks etdirən ədəbi nümunələr xalqın milli ruhda yetişməsinin təməlini təşkil edir.
Bu məqamda vurğulamaq lazımdır ki, 44 günlük Vətən müharibəsi və onun nəticələri azərbaycançılıq ideologiyasından güc alan ölkə gəncliyinin öz dövlətinə, torpağına bağlılığını növbəti dəfə sübuta yetirdi. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib və bu Qələbədə əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Belə vətənpərvər gənc nəslin yetişməsində isə milli keçmişimizi, tariximizi özündə əks etdirən ədəbi nümunələrimizin payı olduqca böyükdür. Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin, bu zəfərə aparan yolun və onu təmin edən qəhrəmanların təbliği, tanınması da müəyyən mənada ədəbiyyatımızın ən aktual mövzusuna çevrilməkdədir. Çünki gələcək nəsillər bu qəhrəmanlıqları məhz indi yaranan ədəbi nümunələr vasitəsilə oxuyub əxz edəcəklər.
Mövzu ilə bağlı fikirlərini bölüşən Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı milli kimliyimizin formalaşmasında, milli ideologiyamızın inkişafında ədəbiyyatımızın mühüm rol oynadığını diqqətə çatdırıb. S.Rüstəmxanlı bildirib ki, milli ədəbiyyatımız yüz illərdir, hələ “Kitabi Dədə Qorqud” dastanından başlanan genetik kodları və rəmzləri özündə qoruyur və gələcəyə daşıyır. Xalqımızın öz varlığını hər zaman qılınca və sözə borclu olduğunu önə çəkən S.Rüstəmxanlı vurğulayıb ki, Azərbaycan xalqını, dövlətini qoruyan, dövlətin təməl daşlarını quran başlıca rəmzlər məhz söz və qılıncdır: “Qədim dastanlarımıza baxsaq, bunun şahidi olarıq. Məsələn, “Koroğlu” dastanında da saz, yəni dolayısı ilə söz və qılınc rəmzi xarakter daşıyır. Heç bir zaman unutmamalıyıq ki, milli varlığımızı həm də öz Ana dilimizə, bu dildə yaranan əsərlərə borcluyuq. Milli ədəbiyyatımız uzun əsrlərboyu millətimizin tarixini, milli ideyasını, yaşam mücadiləsinin hədəflərini özündə qoruyub. Qədim zamanlarda millətimizin dili başqa dildə danışılanda, siyasəti saraylarda başqa dillərdə yazılanda milli ruhu, milli tarixi, təfəkkürü, idealları ədəbiyyatında yaşayıb. Bu baxımdan birmənalı şəkildə, demək olar ki, bizim milli dövlətimiz və millətimiz ədəbiyyatımızdan doğulub, güc alıb. O cümlədən milli-mənəvi düşüncələrimizin sərhədlərini də ədəbiyyatımız cızıb. Diqqət yetirsək “Kitabi Dədə Qorqud” dastanında Azərbaycanın dövlət xəritəsi var. Bizim hansı sərhədlərdə yaşadığımızı bu dastan aşkar şəkildə ortaya qoyur”.
Millət vəkili vurğulayıb ki, milli ədəbiyyatımız milli simvollarımızın və atributlarımızın müasir dövrə qədər yaşamasında da önəmli rola malikdir. Hətta 1918-ci ildə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi üçrəngli bayrağımızın rəngləri də ədəbiyyatımızın tarixindən keçir. “Ədəbiyyatımız tariximizin, milli ənənələrin, milli kimliyin yaşamasına zəmin yaradıb. Nizami Gəncəvi, İmadəddin Nəsimi kimi klassiklər ədəbiyyatımızın nə qədər böyük insan sevgisi və humanizmlə biçimləndiyini, vətənpərvərlik, insanı yüksəldən, onu öz torpağına, yurduna bağlayan ruhla aşılandığını ortaya qoyublar. Sonrakı dövrlərdə Füzuli bu sərhədləri daha da genişləndirdi. 200 il öncə Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatında xalqımızın düşüncə, mənəvi konturlarını daha aydın cızdı. Bəlkə də, Mirzə Fətəli Axundzadə olmasaydı, müasir Azərbaycan düşüncəsi də hazırkı səviyyədə olmazdı”, - deyən S.Rüstəmxanlı əlavə edib ki, XX əsrin ikinci onilliyinin başlanğıcında Azərbaycan Türk dünyasının, Türk dilinin bir parçası olsa da, eyni zamanda, azərbaycançılıq düşüncəsi, Azərbaycan varlığı ön plana çıxdı. İlk müstəqil respublikamızın qurulması öncəsi Mirzə Cəlil, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Məhəmməd Hadi, Məhəmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Üzeyir Hacıbəyli kimi şəxsiyyətlər milli məfkurəmizin inkişafı yolunda müstəsna xidmətlər göstərdilər: “Bizim milli məfkurəmiz belə bir yol gəlib. Hətta sovet dönəmində, repressiya illərində belə Səməd Vurğun məşhur “Azərbaycan” şeirini, “Yandırılan kitablar”ı, Süleyman Rüstəm Cənub şeirlərini, Məmməd Səid Ordubadi “Dumanlı Təbriz”i, “Qılınc və Qələm”i yazmışdı. Həmin şəraitdə belə şairlərimiz, yazıçılarımız ehtiyatla olsa da Azərbaycan varlığı, bütövlüyü və dövlət müstəqilliyinin bərpası ideyasını qoruyurdular. 1960-80-ci illərdə öz intibah dövrünü yaşayan Azərbaycan ədəbiyyatında da milli vətənpərvərlik nümunələri, xüsusilə ön plana çıxdı. Bəxtiyar Vahabzadə, Balaş Azəroğlu, Xəlil Rza, Söhrab Tahir, Məmməd Araz və digər görkəmli şairlərimiz istiqlal ideyasını tərənnüm edirdilər, arzulayırdılar. Nəticədə, 1988-ci illərdə həmin şair və yazıçıların sözlə apardığı bu mübarizə meydanlara daşındı və orada da ədəbiyyat adamları ön planda oldular. Bugünkü müasir gəncliyimiz də məhz o təməllər üzərində, azərbaycançılıq, milli birlik ideyaları əsasında formalaşmış gənclikdir. Sirr deyil ki, Vətən müharibəsinin ən böyük yükü məhz gənclərimizin çiyninə düşdü. Həmin döyüş günlərində bir nəfər də olsun Azərbaycan gənci fərarilik etmədi, ordudan yayınmadı. Bu nəyin təzahürü idi? Məhz milli ideyalarla böyüyən, milli ədəbiyyatın işığında formalaşan gənclik öz torpağı, dövləti uğrunda bütün çətinliklərə sinə gərdi. Xatırlayıram, hələ 1990-cı illərin əvvəlində meydanlara gələn gənclərimiz əllərində istiqlalı, milli düşüncəni, vətənpərvərliyi tərənnüm edən yazıçılarımızın, şairlərimizin kitablarını gəzdirirdilər. Sevinirəm ki, gənclərin milli şüurunun formalaşmasında mənim də kitablarımın - “Gəncə qapısı”, “Sağ ol Ana dilim”, “Qan yaddaşı”, “Ömür kitabı”nın da rolu olub. Sonrakı illərdə bəzən gənclərdən narazılıq edirdilər, gənclərin milli ruhdan kənar düşdükləri iddia olunurdu. Unutmamalıyıq ki, vətənpərvərlik qan yaddaşıdır və bu, 44 günlük Vətən müharibəsində bir daha özünü göstərdi”.
Azərbaycançılıq ideologiyasının təbliği və inkişafında ədəbiyyatımızın da önəmli rol oynadığını bildirən “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə deyib ki, istər müstəqilliyimizin bərpasından əvvəlki, istərsə də sonrakı Azərbaycan ədəbiyyatı gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsində müstəsna rol oynayıb. Ədəbiyyatın bu istiqamətdə formalaşmasının və milli şüurun təşəkkül tapmasının siyasi liderlərlə bağlı olduğunu diqqətə çatdıran E.Mirzəbəyli vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəlişinin ardından Azərbaycan ədəbiyyatının inkişafı istiqamətində mühüm addımlar atıldı. Məhz Ümummilli Liderin səyi və qayğısı nəticəsində 80-ci illərdə Azərbaycan ədəbiyyatına bütöv, kompleks şəkildə yanaşıldı: “Həmin dövrdən başlayaraq ədəbiyyatımız sovet Azərbaycanının sərhədlərindən kənara çıxdı və bütövlükdə dünya azərbaycanlılarının ərsəyə gətirdiyi ədəbiyyat nümunələri əsas götürüldü. Azərbaycan ilk olaraq ədəbiyyat məkanında bütövləşdirildi. Bu çox mühüm faktor idi. Azərbaycan Yazıçılar İttifaqında Güney şöbəsinin açılması, eyni zamanda, Milli Elmlər Akademiyasında Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı müvafiq şöbələrin yaradılması da həmin vaxtlara təsadüf edirdi. Eyni zamanda, həmin dövrdə yaradılan ədəbi nümunələrin əksəriyyəti əsasən, Azərbaycanın dövlətçilik tarixinə yönəlik ədəbi əsərlər idi”.
“Müasir dövrdə də milli vətənpərvərliyin təbliği məsələsinin Azərbaycan ədəbiyyatının əsas istiqamətlərindən biri olması müasir gəncliyin tərbiyəsində əsaslı rol oynayıb. 44 günlük Vətən müharibəsində qazanılan qələbə isə əbədiyyatımızın inkişafında yeni mərhələnin başlanğıcıdır”, - deyə E.Mirzəbəyli əlavə edib.
Onun sözlərinə görə, müasir dövrdə Azərbaycan ədəbiyyatının üzərinə mühüm məsuliyyət düşür: “Biz artıq qalib xalqın ədəbiyyatını yaradırıq, cəmiyyətə yeni düşüncə, hədəflər, strategiya bəxş edirik. Təbii ki, ideoloji amillər insanların genetik yaddaşında illərlə, bəlkə də on illərlə yer alan bir məsələdir. Bu gün yazılanlar həmin an bütövlükdə cəmiyyət tərəfindən qəbul edilmir və gənc nəsil də bir şeirlə, bir romanla formalaşmır. Bunun üçün isə indiyə qədər aparılan kütləvi və uzunmüddətli proses davam etdirilməlidir. Məhz indiyə qədər aparılan uğurlu prosesin nəticəsində yetişmiş nəsil Qarabağda rəşadət göstərdi və tarixə 44 günlük müharibənin zəfərini yazdı. Bu aspektdən daha böyük hədəflər üçün real qəhrəmanlıq nümunələrimizi yazmağın, gələcək nəsillərə çatdırmağın zamanıdır”.
Vətən müharibəsi ilə bağlı ciddi poetik nümunələrin yaradılmasını vacib sayan E.Mirzəbəyli bildirib ki, məhz belə əsərlər gələcək nəslin milli şüurunun formalaşmasında təsirli rol oynaya bilər. Baş redaktorun fikrincə, millətin ideoloji prinsiplərinin müəyyənləşməsinə xidmət edən əsərlər ciddi ədəbiyyat adamlarının, musiqiçilərin əlindən çıxmalıdır: “Bu gün ölkəmizdə ən ideal milli birliyi təmin etmişik və bunu gələcəyə daşımalıyıq. Ədəbiyyat adamları anlamalıdır ki, yaradıcı insan həm də milli birliyin və həmrəyliyin prinsiplərinin təbliğatçısı olmalıdır. Çünki ədəbiyyat adamı cəmiyyətin bir parçasıdır, ziyalıdır və öz missiyasını yerinə yetirərək Azərbaycan cəmiyyətinin birliyinin daha da möhkəmlənməsinə çalışmalıdır”.
Bir sözlə, deyilənlərdən belə bir yekun qənaətə gəlmək olar ki, ölkəmizdə vətənpərvər gənc nəslin yetişməsində milli keçmişimizi, tariximizi özündə əks etdirən ədəbi nümunələrimizin payı olduqca böyükdür. 44 günlük Vətən müharibəsində əldə edilən qələbənin ədəbiyyatda lazımi şəkildə öz əksini tapması isə ziyalıların qarşısında duran əsas vəzifələrdən biridir.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 656 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30