Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən mütərəqqi dəyərlər sistemidir

Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən mütərəqqi dəyərlər sistemidir

11.03.2021 [09:01]

Xalqımızın zəngin dövlətçilik ənənələrinin möhkəmləndirilməsində vahid milli məfkurə olan azərbaycançılıq ideologiyasının müstəsna rolu var
Məlum olduğu kimi, hər bir xalqın tarixdə öz layiqli yerini tutmasında və malik olduğu ənənələri, dəyərləri qoruyub saxlamasında, zənginləşdirməsində milli ideologiyanın mühüm rolu və payı var. Bu baxımdan, çoxəsrlik dövlətçilik tarixinə malik və zəngin milli-mənəvi dəyərlərin daşıyıcısı olan Azərbaycan xalqı istisna deyil. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, azərbaycançılıq milli dövlət ideologiyası kimi Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, ölkəmizin müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən mütərəqqi dəyərlər sistemidir. Azərbaycançılığın əsasında dünya azərbaycanlılarının həmrəyliyi və vahid amal uğrunda sıx birləşməsi dayanır. Təbii ki, zaman-zaman azərbaycançılıq ideologiyası haqqında konseptual fikirlər irəli sürülüb, məqalələr yazılıb, araşdırmalar aparılıb. Bütün bunların fonunda Azərbaycanın dövlət müstəqilliyini qazandığı, müasir dünya ilə çoxşaxəli əlaqələrini qurub inkişaf etdirdiyi dövrdə azərbaycançılıq ideologiyasının mədəni, sosioloji və politoloji aspektləri diqqəti daha çox cəlb edir. Bu məqamda vurğulamaq yerinə düşər ki, azərbaycançılığın milli ideologiya olaraq daha bir prinsipi bir sıra imkanlardan istifadə etməklə xalqımız və ölkəmiz haqqında geniş elmi təsəvvür yaratmaq və milli dəyərlərin təbliğini həyata keçirməkdir. Bu istiqamətdə Ulu Öndərimiz Heydər Əliyevin apardığı məqsədyönlü, uzaqgörən siyasət tariximizin silinməz şanlı səhifələrinə çevrilib.
Məlumdur ki, milli ideologiyamız olan azərbaycançılıq ideologiyası soydaşlarımızı vahid amal uğrunda və milli dəyərlər əsasında sıx birləşdirir. Sağlam təməllərə söykənərək, birləşdirici, barışdırıcı, həmrəylik missiyasını özündə ifadə edir. Ona görə də azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bu dəyərlər sistemi dövlətçilik ideologiyası kimi toplumun və dövlətin inkişafına, ölkənin gücünün artmasına xidmət edir. Ona görə də ekspertlərin qeyd etdikləri kimi, azərbaycançılıq ideologiyasının daha yaxşı mənimsənilməsindən ötrü genişmiqyaslı tədbirlər ardıcıl olaraq davam etdirilməlidir.
Bu da bir həqiqətdir ki, dövlətçiliyin möhkəmlənməsi və dayanıqlı əsaslara söykənərək inkişaf etməsi həm də onun milli ideologiyası, daha dəqiq desək, ideoloji bazası əsasında baş verir. Ən əsası isə odur ki, Azərbaycanın milli ideologiyası birləşdirici funksiyanı özündə ehtiva etdiyi üçün kənar neqativ təsirlərin qarşısını müvəffəqiyyətlə alır. Məhz buna görə ideologiya həm də birləşdirici amil hesab olunur. İstisnasız demək olar ki, azərbaycançılığın ən mühüm amillərindən biri vətənə, torpağa bağlılıqdır. Azərbaycançılıq deyəndə onun bir üzündə vətənpərvərlik, milli birlik, digər üzündə isə milli şüur və əqidə bütövlüyü dayanır. Bunlar azərbaycançılığın əsas komponentlərindən sayılır. Mütəxəssislər qeyd edirlər ki, hər hansı bir sosial sistemdə ideya konkret olmayanda müəyyən fəsadlara gətirib çıxarır. Ona görə də inkişaf üçün hökmən ideyanın aydın olması vacibdir. Bu səbəbdən bütün məqamlar nəzərə alınmaqla, qeyd etdiyimiz kimi, azərbaycançılıq müfəssəl şəkildə təbliğ olunmalıdır. İstər ali məktəblərdə, istərsə də orta ümumtəhsil məktəblərində, ümumi şəkildə də olsa, azərbaycançılıq haqqında söhbətlər edilməsi, zəruri biliklərin çatdırılması olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, elmi seminarlarda, mühazirələrdə, hətta ekskursiyalarda belə azərbaycançılığın əhəmiyyətini daim diqqətə çatdırmaq lazımdır. Ailədən başlayaraq təhsilin son pilləsinə qədər ümumi olaraq azərbaycançılıq mövqeyi aşılanmalıdır.
Ekspertlər hesab edirlər ki, azərbaycançılıq ideologiyasının təbliği iki istiqamətdə, yəni həm ölkə daxilində, həm də xaricdə aparılmalıdır. Çünki yalnız milli ideya bütün dünya azərbaycanlılarını bir bayraq altında birləşdirə bilər. Azərbaycançılıq ideologiyası, onun kökləri və təbliği barədə danışan millət vəkili, akademik Nizami Cəfərov bildirib ki, sovet imperiyası çökəndən sonra bir neçə respublika qanlar bahasına öz müstəqilliyini əldə edib: “İmperiya ilə yanaşı, onun əsaslandığı totalitar ideologiya - marksizm və leninizm iflasa uğrayıb. Həmin andan etibarən postsovet respublikalarında milli ideologiyalara əsaslanma meyilləri ortaya çıxıb. Azərbaycançılığın əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Bu ideologiya həm də demokratiyaya keçid dövrünün nəzəriyyəsi, milli özgürlüyümüzün təlimidir. Bu, eyni zamanda, istiqlal ideologiyasıdır. Azərbaycançılığın bir sıra şərtləri var: maarifçilik yolu ilə inandırma, tarixi əsaslandırma, təşkilatlandırma, istiqamətləndirmə və yenini yaratma”.
Akademikin fikrincə, azərbaycançılıq ideologiyasının kökləri XX əsrin əvvəllərinə gedib çıxır: “İdeologiya cəmiyyətdə milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah və təsdiq etmək üçün yaradılır. O, xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindəndir, xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir. Dil, ərazi, din və ideoloji birlik millətin və dövlətin tarixi varlığının əsas atributlarıdır. Ona görə də bu ideologiyanın təbliğinə böyük önəm vermək lazımdır”.
O qeyd edib ki, cəmiyyətin ideologiyasızlaşdırılması onun milli-mənəvi dəyərlərinin, o cümlədən dilinin, tarixinin, ədəbiyyatının, mədəniyyətinin itirilməsinə, xalqın assimilyasiya olunmasına aparıb çıxarır. Belə ki, heç bir mütərəqqi ideologiyanın hökm sürmədiyi cəmiyyətdə millilik tamamilə aradan qalxır və onun yerini kosmopolitizm - “dünya vətəndaşlığı” ideyası tutur. Bu zaman cəmiyyətin tarixi, ədəbiyyatı, mədəniyyəti bir növ ayrı-ayrı xalqların, dinlərin və kültürlərin mexaniki cəmindən başqa bir şey olmur.
Akademikin sözlərinə görə, Azərbaycan xalqının milli ideologiyası azərbaycançılıqdır: “Ötən illər ərzində cəmiyyətdə milli ideologiyamız daha da möhkəmlənib. Bu da onu göstərir ki, artıq azərbaycanlılar mövcud olan ideyaları şüurlu şəkildə saf-çürük edərək güclü və əsaslı bir ideyaya tapınmaq, bununla da milli birliyi gücləndirmək əzmindədirlər”.
Milli Məclisin deputatı Ramin Məmmədov isə xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşdiklərini bildirib. Onun sözlərinə görə, milli ideologiya dünya azərbaycanlılarını bir araya gətirən, ümummilli mənafelər uğruna səfərbər edən vahid bir ideoloji konsepsiya, milli məfkurə kimi qəbul olunur: “Prezident İlham Əliyev bu məfkurənin daha geniş coğrafiyada yayılmasına, diaspor quruculuğu işinin keyfiyyətcə yeni müstəviyə çıxarılmasına, soydaşlarımızın daha sıx birləşməsinə xidmət edən bir çox tarixi əhəmiyyətli qərarlar qəbul edib. Bu qərarlar Azərbaycan diasporunun daha da güclənməsinə, inkişafına stimul yaradıb. Hazırda dünyanın bir çox ölkəsində yüzlərlə diaspor təşkilatı fəaliyyət göstərir. Bu gün diasporumuz əvvəlkindən daha güclü və mütəşəkkildir”.
Onun fikrincə, Azərbaycan cəmiyyətində tarixboyu yaranan və insanların şüurunda formalaşan ictimai dəyərlərin məcmusu azərbaycançılıq ideyasıdır. Deputat söyləyib ki, cəmiyyəti birləşdirən, onun inkişafına zəmanət verən dəyərlər sistemi Əsas Qanun adlandırılan konstitusiyada əks etdirilməklə yanaşı, insanların şüurunda, düşüncələrində və qəlblərində də olmalıdır: “Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib. Xalqın adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası bu gün də mövcuddur. Bu ideya ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir. Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, demokratik inkişafını təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sisteminin formalaşmasıdır”.
Deputat onu da qeyd edib ki, azərbaycançılıq ölkə ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya Azərbaycanın müstəqilliyini, onun güclənməsini istəyən bütün insanları birləşdirir. “Beləliklə, azərbaycançılıq xalqın kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideya birliyi azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq, ölkəmizin müstəqilliyini, birliyini və demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır”, - deyə millət vəkili əlavə edib.
Göründüyü kimi, azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən, milli həmrəyliyin möhkəmlənməsinə xidmət edən mütərəqqi dəyərlər sistemidir. Ona görə də xalqımızın zəngin dövlətçilik ənənələrinin möhkəmləndirilməsində vahid milli məfkurə olan azərbaycançılıq ideologiyasının müstəsna rolu var.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 776 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30