Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycançılıq ideologiyası qloballaşma şəraitində xalqımızın milli kimliyinin qorunmasında mühüm rol oynayır

Azərbaycançılıq ideologiyası qloballaşma şəraitində xalqımızın milli kimliyinin qorunmasında mühüm rol oynayır

19.03.2021 [09:13]

Zəngin mədəniyyətimiz və dilimiz bizi tarixdən gələn ənənələrimizə bağlayan, dünya azərbaycanlılarını vahid amal uğrunda birləşdirən dəyərlərdir
Qısa müstəqillik tarixində ölkəmizin uğurlu inkişafını şərtləndirən bir sıra fundamental amillər sadalamaq mümkündür ki, onların içərisində dövlətimizin ideoloji əsasını təşkil edən azərbaycançılıq ideologiyası xüsusi önəm daşıyır. Ötən dövrdə zaman qarşıya müxtəlif çağırışlar çıxarıb və ölkəmizin inkişafı müxtəlif mərhələlərdən keçib. Bu müddət ərzində Azərbaycan cəmiyyətinin dövlətlə yüksək həmrəylik nümayiş etdirməsi sayəsində ölkəmiz qarşıya çıxan çətinlikləri dəf edib və inkişafa nail olub, strateji hədəflərə çata bilib. Təbii ki, özündə mütərəqqi dəyərləri ehtiva edən azərbaycançılıq ideologiyası bu nailiyyətlərin qazanılmasında mühüm rola malik olub.
Ümumiyyətlə, müasir dövrdə qloballaşma milli identikliyin qorunması, xalqların öz ənənələrini və dəyərlərini yaşatması ilə bağlı yeni çağırışlar meydana çıxarıb. Reallıqlar göstərir ki, xalqımız azərbaycançılıq ideologiyasının timsalında bu kontekstdə güclü qoruyucu çətirə malikdir. Bu ideologiya qloballaşma şəraitində cəmiyyətimizin yad təsirlərə məruz qalmamasında, xalqımızın özünün milli kimliyini qoruyub saxlamasında əhəmiyyətli rol oynayır.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, həm ölkə vətəndaşlarını, həm də respublika hüdudlarından kənarda yaşayan bütün azərbaycanlıları vahid amal uğrunda birləşdirən azərbaycançılıq ideologiyasının əsasını xalqımızın Ümummilli Lideri Heydər Əliyev qoyub. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörən siyasəti sayəsində ölkəmiz xaosdan, hərc-mərclikdən qurtularaq sabitliyə qovuşdu və inkişafa istiqamətləndi. Böyük dövlət xadimi Heydər Əliyev apardığı siyasətdə, ilk növbədə, cəmiyyətin bütün sosial və müxtəlif dini-etnik mənsubiyyətə malik təbəqələrini birləşdirən dəyərlərə istinad edirdi. Onun mövqeyi belə idi ki, bizim hamımızın vahid bir Vətəni var, Azərbaycan adlanan bu Vətəni hər birimiz ürəkdən sevməli və onun qorunmasına, inkişafına öz töhfələrimizi verməliyik.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın inkişaf konsepsiyasında ölkəmizin xarici dövlətlərlə əlaqələrinin möhkəmlənməsinə, beynəlxalq təşkilatlarda geniş təmsilçiliyə malik olmasına, qlobal inteqrasiya proseslərində fəal iştirak etməsinə böyük önəm verirdi. Onun qənaətinə görə, müstəqil respublikamız özünütəcrid şəraitində əsla inkişaf edə bilməzdi. Ulu Öndər, eyni zamanda, qloballaşma şəraitində qarşıda duran vəzifələri də düzgün müəyyənləşdirirdi.
Məlumdur ki, hazırda informasiya-kommunikasiya texnologiyalarının inkişafı, sosial şəbəkələrin, demək olar ki, hər kəsin gündəlik həyatına daxil olması dünya miqyasında qloballaşma proseslərini daha da sürətləndirib. Bu proses dünya üzrə inkişaf üçün yeni imkanlar təqdim etməklə yanaşı, kiçik dövlətlərin milli cəhətləri, milli-mədəni müxtəliflik üçün müəyyən təhdidlər də yaradır. Müxtəlif sivilizasiyaları bir araya gətirərək bəşəriyyəti keyfiyyətcə yeni inkişaf mərhələsinə daşıyan qloballaşma, eyni zamanda, milli identikliyin qorunması ilə bağlı çağırışların aktuallığını artırıb. Çox doğru olaraq vurğulanır ki, dünyada gedən qloballaşma proseslərində milli-dini rəngarəngliyin “əriməsi”, ümumi bir həyat tərzinin, vahid mədəniyyətin formalaşması xalqlar üçün yaxşı perspektiv vəd etmir. Ulu Öndər Heydər Əliyev bu kimi məsələlərə xüsusi diqqət yetirirdi. Onun azərbaycanlı olmasına görə qürur duyduğu barədə dediyi sözlər dillər əzbəridir. Təsadüfi deyildir ki, Azərbaycanın inteqrasiya proseslərində fəal iştirakını yüksək dəyərləndirən Ulu Öndər ölkəmizin səciyyəvi milli cəhətlərinin qorunmasına böyük önəm verirdi. Ümummilli Liderimiz Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində “Dünya inkişafının indiki mərhələsinin başlıca meyilləri mədəni inteqrasiya və qloballaşmadır. Əgər bəşəriyyət XX əsri elmi inkişafın nailiyyətlərinin yaratdığı xoş ümidlərlə qarşılamışdısa, qloballaşma prosesi çox vaxt heç də nikbinlik doğurmur. Bu mürəkkəb və birmənalı qiymətləndirilməyən prosesin perspektivləri hamımızı düşündürür. Qloballaşma dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin stabilliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir. Sözsüz ki, beynəlxalq hüquq prinsipləri və normalarının aliliyi, dəyişikliklərin təkamül xarakteri, qarşılıqlı etimad və ümumbəşəri dəyərlərə sədaqətlə yanaşı, hər bir ölkənin səciyyəvi milli cəhətlərinin də nəzərə alınması bu prosesin müəyyənedici istiqamətləri olmalıdır. Təbii ki, qloballaşmanın bir çox ölkələr üçün yaratdığı problemlər bizi də düşündürür”, - deyə vurğulayıb.
Məlumata görə, dünyada təxminən 5 min millət və xalq var, ancaq onlardan yalnız 200-ə yaxını öz müstəqil dövlətini yarada bilib. Bu böyük xoşbəxtlik həmçinin Azərbaycan xalqına da nəsib olub. Üçrəngli bayrağımızın BMT-nin və digər beynəlxalq təşkilatların iqamətgahları önündə dalğalanması son dərəcə qürurverici haldır. Ancaq əlbəttə ki, müstəqil dövlətə sahib olmağımız bizim üçün həm də böyük məsuliyyət deməkdir. Ümummilli Liderimiz Heydər Əliyev vurğulayırdı: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”.
Bu gün respublikamızın müstəqilliyi real səciyyə daşıyır. Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqildir. Biz yuxarıda ölkəmizin dünya birliyinə sıx inteqrasiyasından bəhs etdik. Əlamətdar haldır ki, regional və qlobal miqyasda inteqrasiya proseslərində fəal iştirak edən Azərbaycan milli maraqlarının təmin olunmasını xüsusi diqqət mərkəzində saxlayır. Çoxsaylı enerji, nəqliyyat və digər layihələrdə Azərbaycanın tərəfdaşları dünyanın bir sıra aparıcı ölkələri, Avropa İttifaqı, transmilli şirkətlər olsalar da, respublikamız həmişə öz mövqeyini qoruyub, milli maraqların qorunmasına nail olub.
Azərbaycan dövlətinin belə məqsədyönlü siyasət aparmasını şərtləndirən amillər sırasında cəmiyyətin dəstəyinin, xalq-iqtidar birliyinin önəmini ayrıca qeyd etmək lazımdır. Ulu Öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası ötən üç onillik ərzində xalqımızda müstəqillik ideyalarına bağlılıq hissini gücləndirib. Sirr deyil ki, hazırda dünyada bir sıra hallarda milli dövlətlərə qarşı açıq təzyiq siyasəti həyata keçirilir. O cümlədən Azərbaycanın öz siyasətində daim milli maraqların prioritetliyini təmin etməsi anti-Azərbaycan mərkəzlərin, erməni lobbisinə bağlı olan dairələrin xoşuna gəlmir və onlar hansı yollarlasa müstəqilliyimizə xələl gətirməyə çalışırlar. Son üç onillik ərzində biz bir neçə dəfə xaricdəki bəlli dairələrin daxildəki “sapı özümüzdən olan baltalar”ın əli ilə müstəqilliyimizə qarşı təxribat əməlləri törətməyə cəhd göstərmələrinin şahidi olmuşuq. Ancaq hər dəfə Azərbaycan cəmiyyətinin həmrəyliyi və vətənpərvərliyi sayəsində belə cəhdlərin qarşısı alınıb və müstəqilliyimizə xələl gəlməsinə imkan verilməyib. Bütün bunlar ona dəlalət edir ki, dövlətimizin təməl prinsipləri, ideoloji əsasları kifayət qədər möhkəmdir və hansısa vədlərlə, təzyiq cəhdləri ilə bu əsasları sarsıtmaq əsla mümkün deyil. Yeri gəlmişkən, bütün dünya ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan cəmiyyətinin monolitliyinin və vətənpərvərliyinin bir daha şahidi oldu. Cəmiyyətin bütün təbəqələrinin Prezidentə, Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəyi Vətən müharibəsində şanlı qələbəmizin əldə olunmasında mühüm rol oynadı.
Sadalanan məsələlərlə yanaşı, ölkə vətəndaşlarını və xaricdə yaşayan soydaşlarımızı vahid amal uğrunda birləşdirən azərbaycançılıq ideologiyasının təməlində dayanan prinsiplər sırasında zəngin mədəni irsimizin və dilimizin qorunması xüsusi yer tutur. Milli mədəniyyətimiz və dilimiz hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir. Prezident İlham Əliyevin Anar Kərimovu Mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirdiyi kimi, uzun illər ərzində Azərbaycan müstəqillikdən məhrum idi, xalqımız başqa dövlətlərin tərkibində yaşayırdı. Buna baxmayaraq xalqımızın iradəsi, milli köklərə bağlılığı imkan vermədi ki, xalqımız assimilyasiyaya uğrasın. Bizim mədəniyyətimiz milli mənsubiyyətimizi qorumaq üçün başlıca rol oynayıbdır.
Milli mədəniyyətimiz, o cümlədən musiqimiz, muğamlarımız, ədəbiyyatımız, memarlıq abidələrimiz, xalçaçılıq sənəti, dilimiz bu gün də ənənələri davam etdirən, güclü təsir gücünə malik olan və dünya azərbaycanlılarını birləşdirən dəyərlər qismində çıxış edir. Bu dəyərlər qloballaşma şəraitində bir xalq kimi bizim milli identlikliyimizin təmin olunmasını şərtləndirir. Yüksək sənətkarlıqla yaradılan mədəniyyət nümunələrində xalqımızın həyat fəlsəfəsi, o cümlədən də vətənə bağlılığı tərənnüm olunur. Təkcə son vaxtlarda torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlığını əks etdirən çoxlu sayda mahnılar, şeirlər, nəsr, təsviri sənət nümunələri yaradılıb və şübhə yoxdur ki, gələcəkdə də yaradılacaq. Deyilənlər baxımından qloballaşma şəraitində milli mədəniyyətimizin və dilimizin yad təsirlərdən qorunması böyük aktuallıq daşıyır. Azərbaycan dövlətinin son illərdə mədəniyyətimizin inkişafı, dilimizin saflığının qorunması üçün gördüyü artdıcıl tədbirlər də məhz bu məqsədə xidmət edir. Əlamətdar haldır ki, dövlətin, şəxsən Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı çağırışları cəmiyyətimizdə birmənalı şəkildə müsbət qarşılanır. Azərbaycan gəncləri qloballaşma şəraitində müxtəlif təsir vasitələrinin artmasına baxmayaraq, milli mədəniyyətimizə, dilimizə yüksək bağlılıq nümayiş etdirirlər. Bu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının müasir dövrdə də xalqımızın milli kimliyinin, həmçinin milli-mənəvi dəyərlərin qorunması, o cümlədən milli həmrəyliyin gücləndirilməsi istiqamətində hədəflərin reallaşdırılmasında müstəsna rol oynadığını göstərir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 731 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30